Bloq | Obstetrik zorakılıq nədir və niyə qanunlarda əks olunmalıdır?

Obstetrik zorakılıq hamiləlik, doğuş və sonrakı mərhələdə qadınlara qarşı fiziki və ya psixoloji zərər verən davranış, laqeydlik və alçaltma xarakterli davranışları özündə əks etdirir.[1] Azərbaycanda uzun illərdir müzakirə olunan və hələ də qəbul olunmayan “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin əhatə edə biləcəyi mövzu olmasına baxmayaraq, qanunun 2008-ci ildən bəri davam edən müzakirələrində bu mövzuya toxunulmayıb. Bu yazının məqsədi mövzunu müzakirəyə çıxarmaq və adı keçən qanunun qəbul olunacağı təqdirdə, bu anlayışın da həmin qanunda əks olunmasına çalışmaqdır.

 

Obstetrik zorakılıq daha çox tibb personalı tərəfindən qadınlara qarşı hamiləlik periodundan başlayaraq doğum sonrasına qədər olan münasibətdə baş verə bilir. Bu zorakılığın elementlərinə danlama, lağ etmə, istehza, təhqir, hədələmə, informasiya ilə manipulyasiya, vaxtında effektiv və təxirəsalınmaz tibbi yardımın göstərilməməsi və ya gecikdirilməməsi, müraciətlərə və ya şikayətlərə biganəlik, qadınların doğuş prosesində qəbul edilən qərarlar barədə məlumatlandırılmaması, qadın ləyaqətinə hörmət edilməməsi, qadının razılığı olmadan ağrıların aradan qaldırılması, ana-körpə əlaqəsinin gecikdirilməsi, ana südü ilə qidalanmanın qarşısını almaq kimi qəsdən zərər verən hərəkətlər daxildir.

 

Bu mövzu ilə əlaqədar xüsusilə Latın Amerikası ölkələrində tədqiqatlar aparılıb və qanunlar qəbul edilib. Məsələn, Braziliyada aparılan araşdırmanın nəticələrinə görə obstetrik zorakılığın qadınların həyatına uzun və qısa müddətli müxtəlif təsirləri mövcuddur. Önə çıxan əsas məqamlardan biri isə doğuş sonrası ilk günlərdə anaya tətbiq olunan zorakılıq nəticəsində ananın uşağını südlə qidalandıra bilməməsidir. Oxşar nəticə həm də partnyor zorakılığı görən analarda da özünü göstərir. Tibb personalının vurduğu zərərin intim partnyor zorakılığı ilə müqayisəsi və nəticələrdəki oxşarlıq – əslində nə qədər diqqətdən kənarda qalan mövzu olsa da – qadınların analıq mərhələsində nə qədər ciddi təsir etdiyini göstərir.[2]

 

Eyni zamanda, cəmiyyətdə mövcud olan sosial normaların, qadınlara qarşı diskriminasiyanın, gender bərabərliyinin də müxtəlif ölkələrdə bu problemlərə təsiri fərqli ola bilir. Azərbaycan reproduksiya ilə bağlı utandırılmanın normal hesab olunduğu ölkədir. Cəmiyyətdə doğuş prosesi ilə bağlı ifadələr işlədilərkən “üzr” istənilir. Bunları nəzərə alaraq, həm də xəstəxanalarda həkim və tibb personalının sahib olduğu güc səbəbindən, bu tip zorakılıq hallarının çox olması ehtimalı güclüdür.

 

Obstetrik zorakılıq anlayışının Azərbaycanda müzakirə olunmaması səbəbindən, qeyd olunan periodda baş verən bu zorakılıq növünün müəyyənləşdirilməsi və cəza mexanizminin yaradılması da mümkün olmayıb.

 

Beynəlxalq sənədlərdə isə bu mövzu aşağıdakı kimi əksini tapmaqdadır:

 

  • Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Konvensiyada (CEDAW) qeyd olunur: “Bu konvensiya qadınların ayrı-seçkilik olmadan müvafiq səhiyyə xidmətləri, o cümlədən, analıq qayğısı almaq hüququna malik olduğunu qəbul edir. Konvensiya, həmçinin, qadınların reproduktiv sağlamlığı da daxil olmaqla həyatın bütün sahələrində tam inkişafını və irəliləyişini təmin etmək üçün tədbirlər görməyə çağırır.”
  • Ümumdünya İnsan Hüquqları Bəyannaməsində qeyd olunur: “Bu bəyannamə hər kəsin yaşamaq, azadlıq və şəxsi təhlükəsizlik hüququna malik olduğunu bildirir. Buraya ayrı-seçkilik və zorakılıq olmadan tibbi xidmətlər almaq hüququ daxildir.”
  • İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Beynəlxalq Paktda qeyd olunur: “Bu pakt hər kəsin əldə edilə bilən ən yüksək fiziki və psixi sağlamlıq standartına malik olmaq hüququnu tanıyır. O, həmçinin uşaq ölümlərinin azaldılması və anaların sağlamlığının yaxşılaşdırılması üçün tədbirlər görülməsinə çağırır.”

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə daha konkret obstetrik zorakılığı (mamalıq zorakılığını) insan hüquqlarının pozulması kimi tanıyıb. ÜST 2014-cü ildə yaydığı bəyanatda bütün qadınların hamiləlik və doğuş zamanı hörmətli və ləyaqətli qayğı hüququna malik olduğunu bildirib.

 

Azərbaycanda isə ailə planlaşdırması və reproduktiv hüquqlar “Əhalinin sağlamlığının qorunması haqqında” qanunda öz əksini tapıb. Qanunun sadəcə 5-ci fəslində qeyd olunan bu hissədə isə bəzi spesifik məsələlərə (sterilizasiya, hamiləliyin sonlandırılması, süni mayalanma, qeysəriyyə kəsiyi) toxunulsa da, obstetrik zorakılıqla bağlı məlumat qeyd olunmayıb.

 

Qadınların bu xüsusi növ zorakılıqdan qorunması üçün öncə tibbi xidmət alanların məlumatlandırması, müvafiq qanunun obstetrik zorakılıq anlayışı da daxil edilərək qəbul edilməsi, tibb işçilərinin bu haqda məlumatlandırılmasına ehtiyac mövcuddur.

 

Bu ehtiyaca yönəlik tövsiyə olunan addımlar aşağıdakılardır:

 

  • Reproduktiv sağlamlıq haqqında qanuna obstetrik zorakılıq anlayışı da daxil edilərək, qanunun təxirə salınmadan qəbul edilməsi;
  • Səhiyyə İşçilərinin qadın haqüqları və genderə həssas qayğı ilə bağlı təlimatlandırılması;
  • Cəmiyyətin ümumilikdə obstetrik zorakılıq, bu zorakılığın təsirləri haqda geniş məlumatlandırılması;
  • Səhiyyədə hesabatlılığın gücləndirilməsi, şikayətə baxılma mexanizmlərinin artırılması, monitorinq sistemlərinin yaradılması;
  • Obstetrik zorakılığın hansı bölgələrdə, hansı xəstəxanalrada daha çox baş verdiyinin, risk qrupu qadınların müəyyənləşdirilməsi və buna müvafiq staretgiyalar hazırlanması;
  • Obstetrik zorakılığın əsas səbəbi olan gender bərabərsizliyinin, cəmiyyətdə mövcud mədəni və sosial normların aradan qadırılması.

 

İstinadlar

 

[1] Kilci, Ş., Bozkurt, Ö. D., & Saruhan, A. (2020). Bir Kadın Hakkı İhlali: Obstetrik Şiddet. Arşiv Kaynak Tarama Dergisi29(2), 122-128.

[2] Leite, T. H., Marques, E. S., Mesenburg, M. A., da Silveira, M. F., & do Carmo Leal, M. (2023). The effect of obstetric violence during childbirth on breastfeeding: findings from a perinatal cohort “Birth in Brazil”. The Lancet Regional Health–Americas19.

Müəllif
Nərgiz Muxtarova
Nərgiz Muxtarova
Nərgiz Muxtarova Bakı Dövlət Universitetində politologiya üzrə bakalavr, Macarıstanda yerləşən Mərkəzi Avropa universitetində isə insan hüquqları üzrə magistr təhsili alıb. Hal-hazırda qadın hüquqları, femisid mövzularında tədqiqatlar aparır.

Paylaş