Cənubi Qafqaz regionunda gənclərin Avropa İttifaqı və Rusiyaya münasibəti: müqayisəli təhlil

Cənubi Qafqazda müstəqilliyin qazanılmasından sonra Azərbaycan, Gürcüstan və Ermənistan hər biri müxtəlif xarici siyasət xətti yeritməyə başladı. Bölgədə strateji güc olan Rusiyanın təsiri qalsa da, dövlətlər həm də qərb institutlarına inteqrasiya etdi. Bəs müstəqillikdən üç onillik sonra ölkə əhalisinin vacib seqmenti olan gənclərin xarici aktorlara münasibəti necədir? Bu yazıda Azərbaycan, Gürcüstan və Ermənistan Respublikalarında gənclərin xarici siyasətə münasibətləri kontekstində Avropa İttifaqı və Rusiyaya olan yanaşmaları müqayisə ediləcək.

 

Almaniyanın Fridrix Ebert Fondu Cənubi Qafqaz ölkələrində 14-29 yaşlı gənclər arasında keçirilmiş kəmiyyət əsaslı sorğuların nəticələrini dərc edib. Burada gənclərin sosial-iqtisadi vəziyyəti, təhsil və iş həyatı, siyasətə və demokratiyaya münasibətləri öyrənilib. Sorğular 2022-ci ilin may-iyul aylarında Azərbaycanda 1605, Gürcüstanda 1205, Ermənistanda isə 1200 gəncin iştirakı ilə reprezentativ seçmə üsulu əsasında keçirilib.

 

Azərbaycanda gənclərin Avropa İttifaqına münasibət necədir?

 

Azərbaycanın müstəqilliyinin ilk illərindən müxtəlif sahələrdə Avropa İttifaqı ilə əlaqələrinin qurulmasına baxmayaraq, 2000-ci illərdən bəri, bu əlaqələr əsasən enerji və tranzit layihələrinə fokuslandı. 2009-cu ildən etibarən isə Azərbaycan Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı (ŞT) proqramı çərçivəsində əməkdaşlıq edir. Neft ixracının həcminin genişliyinə görə, Azərbaycanın xarici ticarət dövriyyəsində Avropa İttifaqı ilk yeri tutur. Lakin, sorğu nəticələri deməyə imkan verir ki, Azərbaycan cəmiyyətində  Avropa və qərb institutları ilə bağlı fikirlər çoxşaxəlidir.

 

Gənclərin əksəriyyəti Avropanı ən zəngin və çiçəklənən (35%), demokratiya və qanunun aliliyinin mövcud olduğu (45%) və mədəni və elmi nailiyyətləri (40%) olan bir region olduğunu düşünür. Gənclərə Azərbaycanı Avropa ölkəsi hesab edib-etmədiklərini soruşulduqda, təxminən hər dörd gəncdən biri (26%) müsbət cavab verdiyi halda, respondentlərin yarısına yaxını (47%) Azərbaycanı Avropa ölkəsi hesab etməyib. Digər tərəfdən, gənclərin 27 faizi bu məsələ ilə bağlı konkret cavab verə bilməyib. Azərbaycanın Avropa ölkəsi olması ilə razılaşmayanların sayı paytaxtla (29%) müqayisədə digər şəhər (49%) və ya kənd yerlərində (54%) daha çoxdur. Bunun əsas səbəblərindən biri Avropa İttifaqı proqramlarının bir çoxunun sadəcə paytaxtda keçirilməsi ola bilər. Həmçinin, sosial-iqtisadi səbəblərdən, paytaxt gənclərinin Avropa ilə bağlı məlumatlılığı (səfər, təhsil və digər imkanlara görə) daha böyükdür.

 

Şərq Tərəfdaşlığının digər ölkələri olan Gürcüstan, Moldova və Ukrayna Avropa İttifaqı ilə Asossasiya Sazişi imzalayıb iqtisadi əməkdaşlığı genişləndirib və vətəndaşlar üçün Şengen ərazisinə vizasız səfər etmək imlanları əldə edib. Azərbaycan hökuməti Avropa İttifaqına münasibətdə sadəcə enerji tərəfdaşı kimi yanaşır və digər məsələlərdə (insan haqları, hüququn aliliyi, demokratiyanın inkişafı) əməkdaşlıq etməkdə maraqlı deyil. Bu isə gənclər arasında Aİ ilə bağlı təsəvvürlərin formalaşmasında rol oynayır.

 

Digər tərəfdən, İkinci Qarabağ müharibəsi dövründə bəzi Avropa İttifaqı ölkələrinin Azərbaycan tərəfinə dəstəklə bağlı konkret mövqe göstərməməsi və Ermənistanla yaxın münasibətləri də müxtəlif qrup gənclər arasında anti-Avropa sentimentlərini gücləndirib.

 

Gürcüstanda Avropa İttifaqına münasibət necədir?

 

Gürcüstan müstəqillik əldə etdikdən sonra bütün dövrlər ərzində xarici siyasətinin əsas istiqamətini Aİ və ABŞ ilə yaxın əlaqələr qurmaq təşkil edib. 2013-cü il noyabr ayında Avropa İttifaqı ilə Gürcüstan Respublikası arasında siyasi və iqtisadi inteqrasiya məqsədi daşıyan Asossasiya Sazişi imzalanıb. Təsadüfü deyil ki, üç Cənubi Qafqaz ölkəsindən Avropa İttifaqına üzv olmaq üçün ilk müraciət edən ölkə də Gürcüstan olub. Hazırkı mərhələdə Gürcüstan Avropa İttifaqı bazarına məhdudiyyətsiz çıxışa sahib olan, vətəndaşlarının Avropa İttifaqının Şengen zonası ölkələrinə vizasız gediş-gəlişdən yararlana bildiyi Cənubi Qafqaz ölkəsidir. Bütün bunların nəticəsidir ki, Gürcüstan gəncləri digər iki ölkəyə nisbətdə Avropa İttifaqı ölkələri haqqında daha məlumatlı və ümumilikdə müsbət fikirdədirlər. Sorğu nəticələri də bu faktı təsdiqləyir.

 

Araşdırmada iştirak edən gənclərin üçdə ikisi (62%) öz dəyərlərinə, düşüncə və gündəlik yaşam tərzlərinə uyğun olaraq özlərini avropalı hiss etdiklərini və Gürcüstanı Avropanın bir hissəsi hesab etdiklərini bildirib. Həmçinin, onların mütləq çoxluğu 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında baş verən müharibədə Avropa ölkələrinin Gürcüstanın yanında olduğunu, insan hüquq və azadlıqlarının Avropa İttifaqı çərçivəsində daha yaxşı qorunduğu fikirlərini səsləndirərək Gürcüstanın Avropa İttifaqına üzv olmağını dəstəklədiklərini bildiriblər. Bundan əvvəlki illərdə keçirilən sorğulara nəzər saldıqda da ölkədə Aİ üzvlüyünə dəstək meyillərinin hər il artdığını görürük. Məsələn, Milli Demokratiya İnstitutunun (NDI) 2021-ci ildə keçirdiyi rəy sorğusuna əsasən, gürcülərin 80 faizi Gürcüstanın Aİ-yə üzvlüyünü dəstəkləyib (2020-ci ildə bu rəqəm 76 faiz idi).

 

Respondentlərin 36 faizi isə gürcü mədəniyyəti ilə Avropa mədəniyyəti arasında müxtəlifliklər olduğunu iddia edərək Gürcüstanı Avropanın bir hissəsi kimi qəbul etmir. Ümumilikdə bu tendensiya hər üç ölkə üçün də keçərlidir: Avropa inteqrasiyasına qarşı çıxan gənclər adətən milli mentalitetə zərər gəlməsi, mənəvi tənəzzül, ənənəvi dəyərlərin itirilməsi və.s kimi arqumentlər irəli sürür.

Ermənistan və Avropa İttifaqına münasibətdə ziddiyyətlər

 

Digər bir Cənubi Qafqaz ölkəsi Ermənistan 2018-ci ildə baş verən “Məxməri İnqilab”-dan sonra Avropa İttifaqı ilə əlaqələrini genişləndirdi. Ermənistanla Avropa İttifaqı arasında insan haqları üzrə keçirilən illik siyasi dialoq nəticəsində ölkədə insan hüquqları kompleks şəkildə həll edilir, qanunvericiliyə yenidən baxış, prosedurların və təcrübələrin təkmilləşdirilməsi həyata keçirilir. Bununla yanaşı, Aİ-nin Azərbaycanla sərhəddə mülki missiyası genişləndirilib. 2022-ci ilin noyabrında Ermənistan KTMT-nin sərhəd bölgələrinə missiya göndərmək təklifini qəbul etməyib və əvəzində Aİ-yə müraciət etməyi üstün tutub. Hökumətin bu fəaliyyətlərinə baxmayaraq gənclər arasında Avropaya qarşı pozitiv münasibət Gürcüstanla müqayisədə aşağı səviyyədədir. Məsələn, gənclərə Ermənistanı Avropa ölkəsi hesab edib-etmədiklərini soruşduqda ümumi respondentlərin sadəcə 29.8 faizi bu suala müsbət cavab verib. Bunun bir neçə səbəbi var:

 

Ermənistanda gənclərin bir çoxunun xarici siyasətə münasibətini formalaşdıran əsas faktorlar sırasında milli təhlükəsizlik və sərhəd məsələsi yer alır. Belə ki, sorğu nəticələrinə əsasən, respondentlərin 16.5 faizi növbəti beş il ərzində Qarabağ müharibəsinin yenidən başlama riskini nəzərə alaraq Rusiya ilə yaxın dostluq əlaqələri qurmağın tərəfindədir. 13.6 faiz gənc isə belə bir riskin olmadığını və qərb dövlətləri yaxınlaşmaq lazım olduğunu ifadə edib. Bu göstərici deməyə əsas verir ki, hərbi və sərhəd təhlükəsizliyi mövzusunda erməni xalqı hələ də Rusiyanı bölgədə lider kimi qəbul edir. Bunun başlıca səbəbləri kimi Rusiyanın illərdir bölgədə hökm sürən siyasi və hərbi üstünlüyünü, Qarabağ müharibəsində tərəflər arasında mediatorluq etməsini və s. qeyd etmək olar.

 

Nəticələr göstərir ki, ali təhsilli respondentlər ibtidai və natamam və ya tam orta təhsillilərə nisbətən Aİ ölkələri ilə əməkdaşlığın insan hüquqlarının müdafiəsinə (35,6%) və Ermənistanda iqtisadi artıma (29,1%) töhfə verəcəyinə daha çox inanırlar. Bu tendensiya həmin gənclərin ya Avropa ölkələrində təhsil alması, ya da ali təhsil müəssisələrində Avropa İttifaqı ilə bağlı düzgün məlumatlanmalarının nəticəsi ola bilər.

 

Yaş nisbətində isə 18-24 yaş qrupunda olan gənclər Avropa İttifaqı ilə əlaqələrin insan hüquq və azadlıqlarına daha çox töhvə verəcəyini düşünür. Xüsusilə bu yaş qrupundan olan gənclər Ermənistanın Avropa İttifaqına üzv olmasını dəstəkləməsinə baxmayaraq, bu mövzuda pessimist mövqedə dayanırlar. Onlar düşünür ki, Ermənistan Avropa İttifaqına qoşulmaq üçün kifayət qədər inkişaf etməyib və regionda Ermənistanın strateji müttəfiqi olan Rusiya bu prosesdə maneə yarada bilər.

 

Rusiyaya münasibətdə regionda müxtəlifliklər

 

Cənubi Qafqaz regionunda əsas regional güc və siyasi aktor olan Rusiya bölgədə birbaşa anti-demokratiya və anti-qərb siyasəti həyata keçirir. Rusiya bölgədəki münaqişələrin, xüsusilə Qarabağ münaqişəsinin həllinin “3+3” ( üç Cənubi Qafqaz ölkəsi (Ermənistan, Gürcüstan və Azərbaycan)) və üç regional güc (Rusiya, İran, Türkiyə) formatını dəstəkləməsinin arxasındakı səbəb də Avropa və ABŞ-n regiondakı təsir gücünün zəiflətməkdir. Rusiya heç bir formada post sovet məkanında, xüsusilə Cənubi Qafqazda demokratiyanın olmağını istəmir. 2008-ci il Rusiya-Gürcüstan müharibəsi, 2022-ci il Rusiya-Ukrayna müharibəsi bunun bariz nümunələridir.

 

Hər üç ölkədə respondentlərə “Hansı ölkə ilə əməkdaşlığın insan hüquq və azadlıqlarına töhvə verəcəyini düşünürsünüz?” sualına Ermənistanda gənclərin 32 faizi, Azərbaycanda 27 faizi, Gürcüstanda isə sadəcə 2 faizi Rusiyanın adını çəkib.  Müqayisə üçün eyni suala Gürcüstanda 60 faiz, Azərbaycanda 32 faiz, Ermənistanda 23 faiz respondent Avropa İttifaqı ölkələri cavabını verib.

 

Cədvəl 1: İnsan hüquqlarının müdafiəsi üzrə tərəfdaş görülən ölkələr (faizlə)

Rusiya Avropa İttifaqı
Azərbaycan 27 32
Ermənistan 32 23
Gürcüstan 2 60

Bu göstəricilər gözləniləndir, çünki, Rusiya hər zaman regionda Avropa İttifaqının əksinə insan haqlarını, hüququn aliliyini və demokratiyanı təmin edən tərəf kimi yox, daha çox hərbi güc kimi görülür.

 

Milli təhlükəsizliyin təmin olunmasında tərəfdaş görülən ölkələr içərisində Avropa İttifaqı ilə Rusiya arasında ciddi fərqlər özünü göstərir.

 

Cədvəl 2: Milli təhlükəsizliyin təmin olunması üzrə tərəfdaş görülən ölkələr (faizlə)

Rusiya Avropa İttifaqı
Azərbaycan 17 11
Ermənistan 49 10
Gürcüstan 3 59

Cədvəldən görüldüyü kimi, Azərbaycan və Ermənistanda milli təhlükəsizliyi təmin edəcək qüvvə kimi Rusiya cavabı daha çox səsləndirilib. Xüsusilə, Ermənistanda iki seçim arasında kəskin fərq müşahidə edilir. Buradakı əsas səbəblər təbii ki, Qarabağ münaqişəsində Rusiyanın üçüncü tərəf kimi çıxış etməsi, 10 noyabr bəyanatından sonra rus hərbi kontingentinin sərhəddə yerləşdirilməsidir. Hansı ki bu faktlar gənclərdə Rusiyanın bölgə haqqında daha məlumatlı olduğunu, hər hansı təhlükə vəziyyətində həlledici rol oynaya biləcəyi düşüncəsini yarada bilər.

 

Bununla yanaşı, Rusiyanın Gürcüstanla müqayisədə təsir gücünün daha kəskin olduğu Azərbaycan və Ermənistanda yaratdığı demokratiya-təhlükəsizlik dilemması da təsiredici faktordur. Demokratiya milli təhlükəsizliyə əngəl, özünü müdafiə instinkti olmayan idarəçilik forması olaraq göstərilir və bu uzun illərdir davam edən bir prosesdir. Yaxın gələcəkdə Rusiyanın bu propaqandasını Rusiya-Ukrayna müharibəsində Ukraynanın qalibiyyəti sonlandıra bilər. Belə bir şəraitdə Ukrayna bir növ həm demokratiyanı, həm də təhlükəsizliyi təmin etmiş olacaq. Bu amil Cənubi Qafqazda gənclərin düşüncələrinə də əhəmiyyətli təsir göstərə bilər.

 

Digər iki ölkə ilə müqayisədə Gürcüstanda Rusiyaya qarşı münasibət olduqca neqativdir. Gənclər Rusiyanı Gürcüstanın dövlətçiliyinə (84%), milli təhlükəsizliyinə (78%), iqtisadi sisteminə (74%) və milli dəyərlərə (72%) ən mühüm təhlükə olaraq görürlər. Qeyd edək ki, etnik gürcülər arasında bu fikirlər daha yayğındır.

 

Rusiya-Gürcüstan müharibəsindən sonra stabilləşməyən vəziyyət, Gürcüstan hökumətinin yeritdiyi Avropaya inteqrasiya siyasəti Rusiyaya qarşı mənfi rəyin formalaşmasını açıqlayan başlıca səbəblərdir. Lakin, sorğunun Rusiya-Ukrayna müharibəsinin başlamağından bir neçə ay sonra keçirildiyini nəzərə alsaq, bu amilin də respondent seçimlərinə kifayət qədər təsir etdiyini söyləyə bilərik. Belə ki, respondentlərə hansı ölkəni Gürcüstanın yaxın dostu hesab etdiklərini soruşduqda onlar ən çox (28%) Ukraynanın adını çəkib. Ukrayna müharibəsi bir növ 2008-ci ildə Rusiyanın təcavüzünə məruz qalmış Gürcüstanda keçmiş illərin travmalarını oyatdı. Bununla yanaşı, müharibə nəticəsində Rusiyadan Gürcüstana miqrant axının başlaması gənclərdə miqrant problemi, işsizliyin artması kimi narahatlıqlar yaradır.

 

Ümumilikdə sorğu nəticələrinin analizi göstərdi ki, hər üç Cənubi Qafzqaz ölkəsində müəyyən müxtəlifliklər nəzərə alınmaqla, gənclərin xarici siyasətə münasibətləri hökumətlərin yeritdiyi siyasətdən əhəmiyyətli dərəcədə asılıdır. Eyni zamanda regionda baş verən dəyişikliklər, münaqişələr, xarici aktorların bölgədəki fəaliyyəti gənclər arasında xarici siyasətə rəy formalaşdırmaqda mühüm rol oynayır.

Müəllif
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv müxtəlif sahələrdə fəaliyyət göstərən tədqiqatçılar və ekspertlər tərəfindən 2022-ci ildə qurulmuş müstəqil beyin mərkəzidir.

Paylaş