Elmi-tədqiqat | Dövlətin diskursiv strukturları: Azərbaycanda anti-feminist diskurslar

Bu xülasə Tbilisi Dövlət Universitetinin “Məkan, cəmiyyət, siyasət” başlıqlı X Beynəlxalq Elmi Konfransına təqdim olunmuş məqalə əsasında hazırlanıb.

 

Keçmiş SSRİ respublikalarından biri olan Azərbaycan milliyyətçilik, dini məsələlər, siyasi və digər müxtəlif qlobal ideologiyaların, o cümlədən kimlik problemlərinin təsiri altında müxtəlif transformasiyalarla üzləşmişdir. Azərbaycanda müstəqilliyin ilk 25 ili keçid dövrü kimi qiymətləndirilmiş, bu dəyişim və transformasiya dövrlərində cəmiyyətin sürətli liberallaşma və modernləşmə səylərinin əlamətləri ön plana çıxmışdır. Azadlıq və müasirliklə yanaşı, Azərbaycan cəmiyyəti üçün yeni sayıla biləcək bəzi mühafizəkar ideoloji cərəyanlar da yaranmağa başlamış və son 30 ildə cəmiyyətin bəzi təbəqələrinə təsiri daha qabarıq şəkildə üzə çıxmışdır. Paralel olaraq, mühafizəkar idarəçiliyin, digər bir ifadə ilə diskursiv rejimin* təsiri altında anti-feminist gender siyasətlərinin yüksəlişini nəzərə alaraq, bu araşdırma Azərbaycanda diskursiv rejimin birbaşa təsiri altında olan parlament üzvlərinin feminizmi, gender siyasətini və gender əsaslı identifikasiyanı necə şərh etdiyindən bəhs edir.

 

Bu məqsədlə, administrasiyanın və siyasi xadimlərin gender siyasətləri, daha sonra gender məsələlərinə dair parlament çıxışlarına əsaslanan anti-feminist ritorikalar Mişel Fukonun tənqidi diskurs təhlili metodu ilə araşdırılmışdır. Bu baxımdan, bu tədqiqat dövlətin spesifik diskursiv strukturları vasitəsilə anti-feminist diskurs qurmaq məsələsini araşdıraraq feminizm ilə bağlı ədəbiyyata akademik töhfə verməyi hədəfləyir.

 

İlk növbədə, anti-feminist diskursun ümumi strukturu bir anlayış olaraq müzakirə edilmiş, Azərbaycanda anti-feminist diskursun qabarıq mövzularını ortaya çıxarmaq üçün SSRİ-nin dağılmasından bu yana bütün ölkə üzrə QHT-lərin və feminist hərəkatların gender bərabərliyi mübarizəsi hərtərəfli təhlil edilmişdir. Keçid dövrü kimi qəbul edilən zaman çərçivəsində Azərbaycanda mühafizəkar diskursiv rejimin daha da güc qazanmasına baxmayaraq, əksinə, vətəndaş cəmiyyətində, xüsusilə gender və qadın məsələlərində həm akademik, həm də ictimai-siyasi zəmində diqqət yetərincə olmamışdır.

 

Sonradan, keçid dövrünün başa çatması ilə bir sıra insan hüquqları və demokratikləşmə proseslərində fəallıq göstərən QHT-lər (o cümlədən qadın hüquqları və müvafiq qanunlar ilə bağlı maarifləndirmə hərəkatına başlayan QHT-lər) gündəmə gəlməyə müvəffəq oldular. Eyni zamanda, sözü gedən QHT və müstəqil şəkildə fəaliyyət göstərən ictimai fəallar ölkə gündəmini geniş miqyasda ələ almağa, ictimaiyyətə güclü bir şəkildə təsir göstərməyə və ən azından sözü gedən problemlər ilə bağlı ictimai müzakirələrin başlamadılmasına müvəffəq oldular.

 

Beləliklə, feministlər və feminizm eyni vaxtda ölkə daxilində aktual mövzuya çevrildiyi halda, diskursiv rejim və həmçinin cəmiyyət tərəfindən yadlaşdırılmağa başladı. Çünki, yerli hakimiyyətin diskursiv təsiri altında olan müəyyən strukturlar feministləri marjinal kimi qələmə verərək, onları ictimaiyyətin nifrət hədəfinə çevirmişdir. Bu kontekstdə, feminist diskurs, hətta gender və qadın hüquqları ilə bağlı fəal iş görən hər kəs, o cümlədən, müstəqil hesab edilən akademik kütlə və müxalifət nümayəndələri də daxil olmaqla cəmiyyətin demək olar ki, bütün fəal təbəqələrindən tənqidə məruz qalmışdır.

 

Tədqiqatın ikinci hissəsində, diskursiv rejimin iş mexanizmləri, dövlətin anti-feminist diskursiv strukturları və onun həm təsir etdiyi spesifik strukturlar, həm də cəmiyyət üzərində həyata keçirdiyi diskursiv proseslər araşdırılıb.  Beləliklə, aydın müşahidə olunur ki, diskursiv rejim ictimai sferanın təkcə bir aspektinə təsir etmir, birdən çox diskursiv sahəni əhatə edir. Həqiqətən də, diskursiv rejim sosial qrupların kimliklərini, maraqlarını və ehtiyaclarını siyasi liderlər, media, akademiklərin fikirləri və hətta cəmiyyətin qəbul etdiyi və müqəddəsləşdirdiyi ənənələr vasitəsilə idarə etmək üçün əks diskurslar yaratmaqdadır. Bu kontekstdə, diskursiv rejimin təsir səyləri sayəsində insanların düşüncələri diskriminativ və anti-feminist mühakimələrlə yönləndirilməkdədir.

 

Nəticə etibarı ilə, hakimiyyət – yəni diskursiv rejim tərəfindən həyata keçirilən bu proses, həm qadın hüquqları və gender problemləri ilə bağlı mövcud fəallığa, həm də qadın yürüşləri və onları əhatə edən diskurslar kontekstində ümumi siyasi mühitə böyük təsir göstərmişdir. Həqiqətən də, əgər əvvəllər qadın problemlərinə dair diskurs gender ekspertləri və sosial feminist çevrələr ətrafında nisbətən təhlükəsiz mövzu kimi müzakirəyə açılırdısa, siyasi feministlərin fəaliyyəti nəticəsində qadın problemləri siyasiləşməyə, yəni siyasi təhlükəli gender sahəsinə keçməyə başladı. Bu mənada, qadın və ümumi olaraq gender problemləri ilə bağlı illərdir diqqətdən kənarda qalan məsələlər parlamentin gündəliyinə gətirildiyindən, yəqin ki, gələcəkdə daha çox maraq toqquşmalarının şahidi olacağıq. Bundan əlavə, proses ictimai-siyasi aktorları “siyasi həqiqət” arxasınca getməyə məcbur edən onsuz da mövcud olan hakimiyyətin anti-feminist strukturunu genişləndirmiş və diskursiv rejim patriarxal mövqeyini qoruyub saxlamaqla müxtəlif yanaşmalar tətbiq edərək feminist fəallığın əleyhinə getməyə başladı.

 

Üçüncü hissədə, 2010-cu ildən 2020-ci ilə qədər olan dövr, yəni yerli QHT-lərin və feminist hərəkatların siyasi arenada fəal iştirak etməyə başladığı dövr, patriarxal dövlət sisteminin və mühafizəkar diskursiv rejimin Azərbaycanda təsirlərini müəyyən etmək üçün parlamentdə millət vəkillərinin nitqlərinin** analizlərinə yer verilmişdir. Bununla əlaqədar olaraq, gender, qadın hüquqları, məişət zorakılığı halları və parlament gündəliklərindəki bütün müvafiq mövzular müəyyən edilərək kodlaşdırılıb, yeni mövzular və ya anlayışlar ortaya çıxana qədər, yəni, tədqiqat suallarına əhatəli cavablar alınana qədər məlumatlar sistemləşdirilmişdir. Bu kontekstdə, 2010-2020-ci illər arasında konkret dövrlərdə diskursiv rejimin dəqiq təsir sahələri, bu sahələrə təsir səviyyəsi, cəmiyyətə təsir etmə metodlarının dəyişdirilməsi təhlil edilmişdir.

 

Beləliklə, gender məsələlərinin ictimai müstəvidə və dövlət səviyyəsində müzakirə olunmasını diskursiv rejimin metodunun dəyişməsi, eyni zamanda feminist qrupların hərəkətlərinə həm meydanlarda, həm də akademik olaraq sərt müdaxilələrin yumşaldılması kimi də izah etmək olar. Hər iki halda, qadın yürüşləri və yeni yaranan feminist hərəkat Azərbaycanda vətəndaş cəmiyyətinin və gender problemləri ilə bağlı dövlət siyasətinin yenidən qurulmasına təşviq edən yeni siyasi məkan açdı. 

 

Müvafiq olaraq, patriarxiyadan güc alan anti-feminist diskurs qadınların iş həyatında faəl iştirakına tolerant yanaşsa da, ailə-məişət zəminində ənənəvi gender rollarının qabarıq şəkildə tətbiq olunması, qadınların üzərində ailə qayğıları və iş həyatı olmaqla ikiqat məsuliyyət yaratmaqdadır. Bu modeldə, qadınların neoliberal iqtisadi çərçivədə subordinasiyası mütləq onların əmək bazarından kənarda qalması ilə nəticələnmir, lakin qadınların məşğulluq şəraiti onları əmək bazarında istismar üçün daha da həssas edir. Bu kontekstdə, qadınların iş faəliyyətinin onların ailə-məişət həyatındakı rollarından asılı olduğu müəyyən edilməkdədir. Belə ki, mühafizəkar və anti-feminist yanaşmaların qadınların ailə-məişət həyatındakı ana və arvad (“həyat yoldaşı”) rolları üzərindəki təsirləri birbaşa və dolayı yollarla qadınların iş həyatındakı rolları və ya nüfuzları üzərində gizli təzyiq alətinə çevirilir.

 

Nəticə etibarilə, bu məqalə anti-feminizm və feminizm ilə bağlı anlayışları izah etməkdən yayınır. Belə ki, bu məqalə feminist diskursun yüksəlişindən sonra ilk dəfə 2020-ci ilin dekabrında müasir Azərbaycan Milli Məclisində parlament üzvlərinin gender problemlərinə dair çıxışları ilə bağlı keyfiyyətli araşdırmanın nəticələrini təqdim edir. Ona görə də, bu araşdırmada müzakirə olunan deputatların çıxışları diskursiv sahəni səciyyələndirən siyasi-ictimai məkanda feminist dirçəliş, gender və qadın hüquqları kontekstində və feminist qrupların öz mübarizələrində tutduqları mövqe baxımından oxunduqda daha yaxşı başa düşülə bilər. 

 

* Diskursiv rejim: diskursu fəaliyyətə gətirib kütləni və kütləni idarə edən administrasiyanı təsir altında saxlayan güc-hakimiyyət.

** Bu yazı genişləndirlimiş xülasədir. Deputatların nitqləri və onların analizi original məqalədədir.

 

Mətnin original versiyasına keçid: http://es.tsu.ge/index.php/es/article/view/62?fbclid=IwAR2MsDjK5sWcq04LqOSdPvhxKo9ZIqRtlGtsqZufZcFLRzpbMmJ2BI7X6WI 

Müəllif
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv müxtəlif sahələrdə fəaliyyət göstərən tədqiqatçılar və ekspertlər tərəfindən 2022-ci ildə qurulmuş müstəqil beyin mərkəzidir.

Paylaş