Azərbaycanda beynəlxalq şagird qiymətləndirməsi: bullinq, aidlik və kadr çatışmazlığı göstəriciləri

2023-cü ilin dekabrında Beynəlxalq Şagird Qiymətləndirmə Proqramının (PISA – Programme for International Student Assessment) 2022-ci ildə keçirilən növbəti qiymətləndirməsinin nəticələri açıqlanmışdı.  Azərbaycanlı məktəblilərin riyaziyyat, oxu bacarıqları və təbiət elmləri üzrə nəticələri ilə bağlı yazılar dərc olundu. Lakin nəzərə almaq lazımdır ki, PISA qiymətləndirməsi şagirdlərin akademik göstəricilərini ölçməklə yanaşı, sosial, iqtisadi, mədəni və təhlükəsizliklə bağlı amillərin şagirdlərin performansına təsirini də araşdırır. Son PİSA hesabatı Azərbaycanda akademik göstəricilərdən əlavə, qeyd olunan aspektlərdə də ölkənin nəticəsinin ürəkaçan olmadığını göstərir.

 

PISA 2022-ci ildə Bakıda keçirdiyi qiymətləndirmədə Bakının 178 məktəbində təhsil alan toplam 7912 şagird iştirak edib. Buraya həm Azərbaycan, həm də rus bölməsində təhsil alan şagirdlər daxildir. İştirakçıların 47 faizi qız, 53 faizi oğlan olub. İmtaha qatılanların 95 faizi doqquzuncu və onuncu sinif şagirdi olub. 2022-ci ildəki qiymətləndirmədə Azərbaycanı digər ölkələrdən fərqləndirən bir məqam xüsusi diqqət çəkir. Beləki, PISA-ya qatılan 81 ölkədən sadəcə Çin və Azərbaycanda qiymətləndirməyə ancaq bir şəhərdə yaşayan şagirdlər iştirak edib.

 

Təhlükəsizlik və bullinq

 

Sorğuda iştirak edən azərbaycanlı şagirdlərin 23 faizi bildirib ki, onlar məktəbə gedərkən yolda özlərini təhlükəsiz hiss etmirlər. Müqayisə üçün bildirək ki, OECD (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) ölkələri üzrə eyni göstərici cəmi 8 faizdir. Yəni, Azərbaycanda qeydə alınan göstərici OECD ölkələri ilə müqayisədə təxminən üç dəfə yüksəkdir.

 

Azərbaycanla bağlı diqqət çəkən məqamlardan biri də şagirdlərin hətta sinif otağında belə özlərini təhlükəsiz hiss etməmə göstəricisinin yüksək olması ilə bağlıdır. Azərbaycandan sorğuya qatılan şagirdlərin 20 faizi sinif otaqlarında özlərini təhlükəsiz hiss etmədiyini bildirib. Bu göstərici ilə üzrə sorğuya qatılan ölkələr arasında ən yüksək nəticə Azərbaycanda qeydə alınıb.  Sinifdə özünü təhlükəsiz hiss etməyənlərin göstəricisi OECD ölkələri üzrə ortalama 7 faizdir.

 

PISA nəticələri Azərbaycan məktəblərində bullinqin də kifayət qədər geniş yayıldığını göstərir. Sorğuda iştirak edən həm oğlan, həm də qız şagirdlərin 21 faizi, yəni təxminən hər beş şagirddən biri ayda bir neçə dəfə bullinqə məruz qaldığını bildirib. Bullinqə məruz qaldığını bildirən şagirdlərlə bağlı Azərbaycanda qeydə alınan göstərici OECD ölkələri ilə oxşarlıq təşkil edir.

 

Həyatdan məmnunluq və aidlik hissi

 

Sorğuda iştirak edən azərbaycanlı şagirdlərin 75 faizi məktəbdə özünə asanlıqla dost tapa bildiyini deyib. Eyni qədər şagird isə özünü məktəbinə aid hiss edir. Bu göstəricilər OECD ölkələri üzrə də eyni səviyyədədir. Ancaq, azərbaycanlı şagirdlər arasında məktəbdə özünü yalnız hiss edənlərin göstəricisi (25%) OECD ölkələri ilə müqayisədə (16%) daha yüksəkdir.

 

Sorğuda iştirak edən azərbaycanlı şagirdlərin 22 faizi həyatlarının onları qane etmədiyini bildirib. Onlar həyatlarından nə qədər razı olduqlarını 0-10 bal arası qiymətləndirmədə 0-4 bal aralığında qiymətləndiriblər. Qeyd edək ki, 2018-ci ildəki qiymətləndirmədə azərbaycanlı şagirdlərin 19 faizinin həyatlarından razı olmadıqları bəlli olmuşdu. Yəni, bu göstərici üzrə üç faiz bəndi artım qeydə alınıb. OECD ölkələri üzrə qeydə alınan orta göstərici 18 faizə bərabər olub.

 

PISA qiymətləndirməsində Azərbaycanla bağlı üzə çıxan digər bir təəssüfləndirici məqam məktəblilərin qidalanması ilə bağlıdır. Beləki, sorğu nəticələrinə görə, qiymətləndirməyə qatılan azərbaycanlı şagirdlərin üçdə birindən çoxu bildirib ki, ən azı həftədə bir dəfə pul çatışmazlığına görə, qidalana bilmir. Azərbaycan qiymətləndirməyə qatılan 81 ölkə arasında bu rəqəmin ən yüksək olduğu dördüncü ölkədir. Bu göstərici üzrə Azərbaycandan daha yüksək nəticənin qeydə alındığı ölkələr Yamayka, Fİlippin və Kambocadır.

 

Dərsdə iştirak və insan resursları, məktəbə qədər təhsil

 

Son iki həftədə ən azı bir dərsə girməyən və ya tam gün məktəbə getməyən şagirdlərlə bağlı göstəricidə də lider ölkələrdən biridir. Azərbaycanlı məktəblilərin təxminən 62 faizi son iki həftədə ən azı bir dərsi buraxdığını bildirib. Bu göstərici üzrə Azərbaycan qiymətləndirməyə qatılan ölkələr arasında səkkizinci yeri tutub. OECD ölkələrində oxşar göstərici Azərbaycanla müqayisədə təxminən iki dəfə aşağıdır.

 

PISA qiymətləndirməsi çərçivəsində həmçinin, məktəb direktorları arasında sorğu keçirilərək məktəblərdə müəllim əskikliyi ilə bağlı indeks formalaşdırılıb. Bu indeks həm keyfiyyət, həm də kəmiyyət baxımından kadr məhdudiyyətini ölçməyə imkan verir. Çünki, direktorlardan həm sayca, həm də bilik cəhətdən müəllimlərin yetərli olub-olmadığı soruşulub və əldə edilən cavablar əsasında indeks formalaşdırılıb. Qiymətləndirməyə qatılan ölkələr arasında Azərbaycan kadr çatışmazlığının ən yüksək olduğu 10-cu ölkə olub (0.5 bal). Azərbaycanda qeydə alınan göstərici OECD ölkələri ilə müqayisədə təxminən üç dəfə yüksəkdir.

 

Azərbaycan qiymətləndirməyə qatılan ölkələr arasında xüsusi yer tutduğu istiqamətlərdən biri də məktəbə qədər təhsillə bağlıdır. Beləki, qiymətləndirmədə iştirak edən 81 ölkə arasında şagirdlərin ən azı üç il məktəbəqədər təhsilə qatılmasına görə sonuncu yeri Azərbaycan tutur.

 

Azərbaycanlı şagirdlərin siyahıda ən pis yeri tutduğu digər bir göstərici dərs çalışmağa vaxt tapmaqla bağlıdır. Belə ki, qiymətləndirmənin nəticələrinə görə, dərs vəsaitlərinə və elektron cihazlara malik olma, eləcə də, evdə məsul olduqları digər işlər səbəbi ilə dərs çalışmağa vaxt ayırmaq baxımından ən çox problem yaşanan ölkə Azərbaycan olub.

 

Nəticələrə söz ardı

 

PISA qiymətləndirməsinin nəticələri göstərir ki, Azərbaycan təhsilində təkcə akademik göstəricilərlə bağlı deyil, məktəbdaxili digər göstəricilərlə bağlı da vəziyyət ürək açan deyil. Özəlliklə şagirdlərin sinif otağında özünü təhlükəsiz hiss etməsinə görə ən pis nəticələrdən birinin Azərbaycanda qeydə alınması, eləcə də, hər beş şagirddən birinin bullinqə məruz qaldığını bildirməsi məktəb daxili münasibətlər baxımından ciddi çağırışların olduğunun göstəricisidir. Bu problemlərin aradan qaldırılması baxımından məktəblərdə sosial işçilərin fəaliyyətinin genişləndirilməsi və məktəb psixoloqu çatışmazlığının aradan qaldırılması çox vacibdir.\

 

Maddi problem səbəbi ilə qidalanmada çatışmazlıq, dərs çalışmağa ayrılan vaxtın azlığı kimi göstəricilərdən aydın olur ki, sosial-iqtisadi vəziyyət də azərbaycanlı şagirdlərin akademik göstəricilərinə təsirsiz ötüşmür. Bu baxımdan xüsusi diqqət çəkən məqam PİSA nəticələri ilə hökumətin açıqladığı rəsmi yoxsulluq rəqəmləri arasındakı ziddiyətlə bağlıdır. Bu baxımdan, Azərbaycanda dayanıqlı sosial-iqtisadi siyasət mexanizmlərinin aparılması üçün ilk növbədə mövcud sosial-iqtisadi vəziyyəti real əks etdirən qiymətləndirmələrin aparılması və mövcud problemlərin həllinə yönəlik proqramların hazırlanmasına ehtiyac var.

Müəllif
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv müxtəlif sahələrdə fəaliyyət göstərən tədqiqatçılar və ekspertlər tərəfindən 2022-ci ildə qurulmuş müstəqil beyin mərkəzidir.

Paylaş