Azərbaycanda şagirdlərin PISA göstəriciləri orta məktəb təhsili ilə bağlı nə deyir?

Beynəlxalq Şagird Qiymətləndirmə Proqramının (PISA – Programme for International Student Assessment) 2022-ci ildə keçirilən növbəti qiymətləndirməsinin nəticələri açıqlanıb. PISA ölkələrin orta təhsil göstəricilərinin qiymətləndirilməsi və müqayisəsi baxımından dünyada ən mötəbər mənbələrdən biri sayılır. Üç ildən bir həyata keçirilən PISA qiymətləndirməsində 15 yaşlı şagirdlər iştirak edir və qiymətləndirmə üç istiqamətdə – riyaziyyat, oxu bacarıqları və təbiət elmləri üzrə aparılır. PISA-nın əsas məqsədi şagirdlərin məktəbdə öyrəndikləri bilik və bacarıqları gündəlik həyatda istifadə etmək qabiliyyətlərini ölçməkdir. PISA qiymətləndirməsinin məqsədlərinə, həmçinin, gənclərin  öyrənmək istəklərini, dərslərdəki performanslarını və öyrənmə mühiti ilə bağlı vəziyyəti öyrənmək də daxildir.  

 

Bu qiymətləndirmə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD – Organization for Economic Cooperation and Development) tərəfindən həyata keçirilir. PISA 2022-ci ildə Bakıda keçirdiyi qiymətləndirmədə Bakının 178 məktəbində təhsil alan toplam 7912 şagird iştirak edib. Buraya həm Azərbaycan, həm də rus bölməsində təhsil alan şagirdlər daxildir. İştirakçıların 47 faizi qız, 53 faizi oğlan olub. İmtaha qatılanların 95 faizi doqquzuncu və onuncu sinif şagirdi olub. 2022-ci ildəki qiymətləndirmədə Azərbaycanı digər ölkələrdən fərqləndirən bir məqam xüsusi diqqət çəkir. Beləki, PISA-ya qatılan 81 ölkədən sadəcə Çin və Azərbaycanda qiymətləndirməyə sadəcə bir şəhərdə yaşayan şagirdlər iştirak edib. Dövlət İmtahan Mərkəzinin açıqladığı imtahan nəticələrinə görə əksər regionlarda imtahan nəticələrinin Bakıdan aşağı olmasına əsaslanaraq qeyd etmək olar ki, PISA qiymətləndirməsinin bütün ölkə ərazisində keçirilməsi Azərbaycanın qiymətləndirmədəki mövqeyinin bir qədər də aşağı olmasına yol açacaqdı.

 

2022-ci ildəki qiymətləndirmə Azərbaycanın sayca bu PISA-da dördüncü iştirakı idi. Bundan öncə Azərbaycan PISA qiymətləndirməsində 2006 və 2009-cu illərdə iştirak etmiş, daha sonra ölkənin PISA-da iştirakında böyük fasilə yaranmışdı. Həmin dövrdə Təhsil Naziri vəzifəsini yerinə yetirən Misir Mərdənov azərbaycanlı şagirdlərin PISA-da zəif göstəricilərini Azərbaycana qarşı “ikili standartlar”ın olması ilə əlaqələndirmiş və Azərbaycanın artıq PISA qiymətləndirməsinə qatılmayacağını açıqlamışdı.

 

9 illik fasilədən sonra Azərbaycan 2018-ci ildə PISA qiymətləndirməsinə yenidən qatıldı. 2021-ci keçirilməli olan qiymətləndirmə pandemiya ilə əlaqədar təxirə düşdüyündən növbəti qiymətləndirmə 2022-ci ildə həyata keçirildi. Azərbaycanın ilk dəfə PISA-ya qatılmasından bəri 16 il zaman ötsə də, bu müddət ərzində Azərbaycanın qiymətləndirməyə qatılan ölkələrin sıralamasındakı mövqeyində əhəmiyyətli artım qeydə alınmayıb.

 

Cədvəl 1: Azərbaycanın PISA qiymətləndirməsində tutduğu yerlər (Qiymətləndirməyə qayılan ölkə sayına nisbətdə)

İl Riyaziyyat Oxu bacarıqları Təbiət elmləri
2006 33/57 54/57 55/57
2009 45/65 64/65 63/65
2018 57/79 69/79 69/79
2022 56/81 69/81 68/81

Cədvəl 1-dən göründüyü kimi, 2022-ci ildəki qiymətləndirmə zamanı qiymətləndirməyə qatılan 81 ölkədən riyaziyyat üzrə 68%-i, oxu bacarıqları və təbiət elmləri üzrə isə 84 faizi Azərbaycandan daha yaxşı nəticə göstərib.

 

Riyaziyyat

 

Qiymətləndirmə nəticələri göstərir ki, Azərbaycan qatıldığı bütün PISA qiymətləndirmələrində ən yaxşı nəticəni riyaziyyat üzrə göstərib. Buna baxmaraq, 2022-ci ildəki qiymətləndirmədə azərbaycanlı şagirdlərin riyaziyyat üzrə topladığı bal 2018-ci ildəki nəticə ilə müqayisədə daha aşağı olub. 4 il öncə ilə müqayisədə azərbaycanlı şagirdlərin riyaziyyat üzrə orta balı 420-dən 397-yə enib. Yəni, 23 bal və ya 5.5% azalıb. Onu da bildirək ki, orta ballarda azalma əksər ölkələr üzrə baş verib. Qiymətləndirmənin müəllifləri bu azalmanın əsas səbəbi olaraq Covid-19 pandemiyası ilə əlaqədar təhsil sistemlərinin qarşılaşdıqları çağırışları görür. Ancaq, Azərbaycandan olan şagirdlərin nəticələrində olan azalma ortalama azalma göstəricilərindən daha yüksəkdir. Beləki, bütün ölkələr üzrə riyaziyyatdan toplanan ortalama bal 11 bal azaldığı halda, Azərbaycan üzrə bu göstərici 23-ə bərabər olub. Bu göstərici ilə Azərbaycan 2018-ci illə müqayisədə riyaziyyat üzrə orta göstəricisi ən çox azalan 15 ölkədən biridir.

 

PISA qiymətləndirməsində hər bir fənn üzrə ölkələrin nəticələri altı kateqoriya üzrə qiymətləndirilir. (Birinci kateqoriya özü daxilində 4 qrupa bölünür) 6-cı kateqoriya ən yüksək hesab edilir. Azərbaycanla bağlı açıqlanan rəsmi göstəricilərdən məlum olur ki, Azərbaycandan qiymətləndirməyə qatılan şagirdlərin cəmi 1%-i riyaziyyat üzrə ən yüksək kateqoriyaya (5-ci və 6-cı kateqoriyalar) uyğun nəticə göstərə bilib. OECD ölkələri üzrə bu göstərici ortalama 9%-ə bərabərdir. Qiymətləndirmədə ən yaxşı nəticəni göstərən Sinqapurda bu göstərici 41%-ə bərabərdir. Bu səviyyə uyğun nəticə göstərən şagirdlər mürəkkəb situasiyaları riyazi şəkildə modelləşdirə, müvafiq problem həlli strategiyalarını seçə, müqayisə edə və qiymətləndirə bilərlər.

 

Azərbaycandan qiymətləndirməyə qatılan şagirdlərin 38%-i ən azı ikinci kateqoriyaya uyğun nəticə göstərib. OECD ölkələri üzrə oxşar göstərici 69%-dir. Bu kateqoriyalara uyğun nəticə göstərən şagirdlər ən azı, birbaşa göstərişlər olmadan sadə vəziyyətin riyazi şəkildə necə əks oluna biləcəyini şərh edə və tanıya bilərlər (məsələn, iki alternativ marşrut üzrə ümumi məsafəni müqayisə etmək və ya qiymətləri fərqli valyutaya çevirmək). Beləliklə, azərbaycanlı şagirdlərin riyaziyyat üzrə nəticələrindən aydın olur ki, Azərbaycanın göstərdiyi nəticələrin digər ölkələrlə müqayisədə aşağı olması ilə yanaşı, azərbaycanlı şagirdlərin özlərinin nəticələri arasında da kəskin fərqlər var və şagirdlərin yarıdan çoxu – 61%-i ən aşağı – birinci kateqoriyaya uyğun nəticələr göstərib.

 

Cədvəl 2: PISA 2022 qiymətləndirməsində azərbaycanlı şagirdlərin riyaziyyat üzrə müxtəlif istiqamətlərdə topladığı orta bal: 

İstiqamət Orta bal
Əsaslandırmaq (Reasoning) 403
Formullaşdırmaq (Formulating) 399
İstifadə etmək (Employing) 399
Çoxluq (Quantity) 396
Dəyişiklik və münasibətlər (change and relationship) 395
Məkan və forma (space and shape) 393
Qeyri-müəyyənlik və data (uncertainty and data) 393
Şərh etmək (İnterpreting) 386
Riyaziyyat üzrə orta göstərici 397

 

Cədvəl 2-dən göründüyü kimi, azərbaycanlı məktəblilər riyaziyyat bilikləri üzrə “əsaslandırmaq” üzrə ən yüksək, “şərh etmək” üzrə isə ən aşağı nəticə göstərib. Uyğun metodologiyaya görə, əsaslandırmaq (riyazi düşüncə) dedikdə real həyatda qarşılaşılan problemləri və vəziyyətləri konseptuallaşdırmaq və onları həll etmək üçün riyazi anlayışları, vasitələri və məntiqi istifadə etmək nəzərdə tutulur. Azərbaycanlı şagirdlərin ən zəif nəticə göstərdiyi şərh etmə istiqaməti isə riyazi üsullarla əldə edilən nəticənin ağlabatan olub-olmamasını, qoyulan problem kontekstində hər hansı bir məna ifadə edib-etməməsini anlamağı nəzərdə tutur.

 

Oxu bacarıqları

 

Oxu bacarıqları üzrə də Azərbaycanın nəticəsi 2018-ci illə müqayisədə aşağı düşüb. Azərbaycanlı məktəblilər 2018-ci ildə 389 bal topladıqları halda, 2022-ci ildə eyni göstərici 365 bal olub. Yəni, dörd il ərzində 24 bal (6%) azalıb. Müqayisə üçün, bütün ölkələrin ortalaması eyni dövr ərzində cəmi 9 bal aşağı düşüb – yəni, Azərbaycanla müqayisədə təxminən üç dəfə daha az. Riyaziyyatla bağlı olduğu kimi, oxu bacarıqları üzrə də Azərbaycan son dörd ildə nəticələri ən çox aşağı düşən ölkələrdən biridir. Bu nəticə ilə Azərbaycan oxu bacarıqları üzrə 81 ölkə arasında 2018-lə müqayisədə göstəriciləri ən çox aşağı düşən ilk 10 ölkədən biridir.

 

Azərbaycandan olan şagirdlərin nəticələrdində digər narahatedici məqam şagirdlərin 69%-nin ana dilində oxu bacarıqlarında minimum tələb olunan səviyyədən aşağı nəticə göstərməsidir. Yəni, qiymətləndirməyə qatılan azərbaycanlı şagirdlərin 69%-i ana dilində oxuduğunu tam anlamır. Şagirdlərin cəmi 31%-i minimum tələb olunan həddən yuxarı nəticə göstərib. Müqayisə üçün bildirək ki, OECD ölkələrində minimum tələb olunan həddən yuxarı nəticə göstərənlərin xüsusi çəkisi 74%-ə bərabərdir. Qiymətləndirməyə qatılan 81 ölkə üzrə orta göstərici isə 59%-dir. Yəni, Azərbaycanla müqayisədə təxminən iki dəfə daha yüksək.

 

Təbiət elmləri

 

Riyaziyyat və oxu bacarıqları ilə yanaşı, təbiət elmləri istiqaməti üzrə də, azərbaycanlı şagirdlərin orta balı 2018-ci illə müqayisədə aşağı düşüb. Əgər 2018-ci ildə azərbaycanlı şagirdlər təbiət elmləri üzrə 398 ballıq nəticə göstərmişdisə, 2022-ci ildə bu nəticə 380 bala bərabər olub. Yəni, biröncəki qiymətləndirmə ilə müqayisədə təbiət elmləri üzrə orta bal 18 bal 5% azalıb. Müqayisə üçün bildirək ki, qiymətləndirməyə qatılan 81 ölkənin təbiət elmləri üzrə orta balı 447-dir –  Azərbaycanla müqayisədə 15% daha yüksək.

 

Təbiət elmləri üzrə də Azərbaycan nəticələri 2018-ci illə müqayisədə ən çox azalan ölkələr sırasındadır. Beləki, 2018-ci illə müqayisədə təbiət elmləri üzrə nəticəsi ən çox azalan beşinci ölkə məhz Azərbaycandır.

 

Qiymətləndirmənin metodologiyasına görə, təbiət elmləri üzrə ən azı ikinci kateqoriyaya uyğun bal toplana şagirdlər bu istiqamət üzrə minimum bilik səviyyəsinə malik hesab edilir. Təbiət elmləri üzrə imtahan nəticələri göstərir ki, azərbaycanlı şagirdlərin cəmi 34%-i minimum tələblərə uyğun nəticə göstərir. Qiymətləndirmədə azərbaycanlı şagirdlərin nəticələri üzrə xüsusilə qeyd edilir ki, demək olar ki, heç bir azərbaycanlı şagird təbiət elmləri üzrə ən yüksək kateqoriyaya (5-ci və 6-cı) uyğun nəticə göstərməyib. Azərbaycandan olan iştirakçıların üçdə ikisi (66%) isə minimum tələb olunan göstəricidən aşağı nəticə göstərib. Müqayisə üçün bildirək ki, azərbaycanlı şagirdlərin cəmi 34%-i minimum tələblərdən yüksək nəticə göstərdiyi halda, OECD ölkələri üzrə bu göstərici 76%-ə, qiymətləndirməyə qatılan bütün ölkələr üzrə isə 61%-ə bərabər olub.

 

Oxşar ölkələrin nəticələri necədir?

 

Azərbaycanın nəticələri yaxın keçmişədək eyni təhsil sisteminin parçası olduğu keçmiş sovet respublikaları ilə müqayisədə də aşağıdır. PISA 2022 qiymətləndirməsinə 9 keçmiş sovet respublikası qatılıb.

 

Cədvəl 3: Keçmiş sovet respublikalarının PISA 2022 nəticələri (bal)

Ölkə Oxu bacarıqları Təbiət elmləri Riyaziyyat
Estoniya 511 526 510
Latviya 475 494 483
Litva 472 484 475
Ukrayna 428 450 441
Moldova 411 423 425
Qazaxıstan 386 417 414
Gürcüstan 374 384 390
Azərbaycan 365 380 397
Özbəkistan 336 355 364

 

Keçmiş sovet respublikalarının müqayisəsi göstərir ki, Azərbaycan oxu bacarıqları və təbiət elmləri üzrə qiymətləndirməyə qatılan 9 ölkədən sadəcə Özbəkistanı, riyaziyyat üzrə isə sadəcə Gürcüstan və Özbəkistanı qabaqlaya bilib.

Müəllif
Fərid Mehralızadə
Fərid Mehralızadə
Agora - Analitik Kollektivin həmtəsisçisidir. Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə üzrə bakalavr, İstanbul Universitetində isə İqtisadi Siyasət üzrə magistr təhsili alıb. İqtisadi siyasət mexanizmləri, dayanıqlı inkişaf, sosial siyasət, regional və gəlir bərabərsizliyi onun əsas araşdırma istiqamətləridir.

Paylaş