Analiz | Azərbaycanda məişət zorakılığı zərərçəkənləri üçün sığınacaqlar

Qadınlara qarşı zorakılıq sosial, siyasi, ictimai sağlamlıq məsələsi olmaqla yanaşı, həm də kobud insan haqları pozuntusudur. Qadınlara qarşı zorakılığı individual problem kimi dəyərləndirmək problemin əsaslı həllinə mane olur. Bu, yalnış ər və ya sevgili seçimindən qaynaqlanan problem deyil, struktural problemdir. Yəni, qadınlar öz seçimləri ilə yox, sosial mexanizmlər vasitəsilə zərərçəkənə çevrilirlər. Ona görə də, zorakılıqla mübarizənin yolu təkcə fərdlərdən asılı deyil. Zorakılıqla mübarizə struktural yanaşma tələb edir.

 

Zorakılıqla mübarizə ilə bağlı əksər beynəlxalq və regional sənədlərdə üç əsas element qeyd olunur. Bura zorakılığın qarşısının alınması (prevention), zorakılıqdan müdafiə (protection) və effektiv araşdırma (prosecure) aid edilir. Bu üç elementə bəzi sənədlərdə əməkdaşlıq və koordinasiyalı siyasətin formalaşdırılması kimi elementlər də əlavə edilib.

 

Bu yazıda isə əsasən zorakılıqdan müdafiə elementinə nəzər yetiriləcək. Daha konkret isə müdafiə elementinin ən əhəmiyyətli hissəsi olan qadın sığınacaqlarından bəhs ediləcək. Yazıda sığınacaqlarla bağlı Avropa Şurasının standartlarına uyğun say məsələsi müzakirə olunacaq. Sığınacaqların keyfiyyəti, sığınacaq tərkibindəki göstərilməli olan digər xidmətlərlə bağlı isə müzakirə bu yazıda əks olunmayıb.

 

Sığınacaqlar zorakılığa məruz qalanlar üçün ən təməl müdafiə mexanizmi rolunu oynayır. Ümumdünya Səhiyyə təşkilatının məlumatına əsasən dünyada hər üç qadından biri zorakılığa məruz qalır və əksər hallarda zorakı tərəf qadınların birinci dərəcəli yaxınları, birgəyaşayışda olduğu şəxslər olur. Buna görə də, zorakılığa məruz qalan şəxsin ilk atacağı addım zorakı ilə birgə olduğu mühitdən uzaqlaşmaq və təhlükəsiz yaşayış yeri axtarmaq olur. Əksər ölkələrdə bu təhlükəsiz yer qadın sığınacaqlarıdır. Bəs bu qədər böyük sayda zorakılıq zərərçəkəni üçün nə qədər sığınacaq yaradılmalıdır? Bununla bağlı hansısa standart müəyyənləşdirilibmi? Bu yazı daha çox Azərbaycan konteksində müqayisə aparacağı üçün, Avropa Şurasının sığınacaqlarla bağlı qeyd etdiyi standartlara əsaslanacaq.

 

Azərbaycan Avropa Şurasına üzv dövlət olduğu üçün, İstanbul Konvensiyasını imzalamasa da, qadınlara qarşı zorakılığın azaldılması üçün müxtəlif öhdəliklər götürüb. Bu öhdəliklərə əsasən yerli qanunvericilik tənzimlənir və qanunlara uyğun fəaliyyət planları müəyyənləşdirilir. Azərbaycanda sığınacaqlarla bağlı yaradılma, akkreditasiya, fəaliyyəti qanunlar və Nazirlər Kabinetinin qərarları ilə müəyyənləşdirilir.

 

Sığınacaqların yaradılması

 

Məişət zorakılığının qarşısının alınması haqqında qanunun 15-ci maddəsinin 15.0.6-cı bəndində zərərçəkmiş şəxslər üçün yardım mərkəzlərinin yaradılması nəzərdə tutulur. Yardım mərkəzləri həm sığınacaq kimi, həm də sadəcə günərzi mərkəzlər kimi fəaliyyət göstərə bilərlər. Bəs bu qanuna əsasən kimlər sığınacaq yarada bilər?

 

“Məişət zorakılığından zərər çəkmiş şəxslərə yardım mərkəzlərinin fəaliyyəti Qaydası”nın və “Məişət zorakılığından zərər çəkmiş şəxslərə qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyası Qaydaları”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin qərarına əsasən, Dövlət yardım mərkəzlərinin yaradılması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təşkil olunur. Dövlət yardım mərkəzlərinin maddi-texniki təchizatı dövlət büdcəsi və qanunvericilikdə nəzərdə tutulmuş digər mənbələr hesabına həyata keçirilir. Bundan əlavə isə yerli özünüidarə orqanları, qeyri-hökumət təşkilatları, digər qurumlar və şəxslər yardım mərkəzləri yarada bilərlər.

 

Yəni, Azərbaycanda dövlət və qeyri-dövlət yardım mərkəzləri olaraq təsnifatlandıra biləcəyimiz iki tip sığınacaq yaradılması mümkündür. Onların maliyyələşmə məsələləri, akkreditasiya qaydaları da bu qərar vasitəsilə tənzimlənir.

 

Azərbaycanda qeyri-dövlət yardım mərkəzlərinə aid edə biləcəyimiz bir neçə sığınacaq fəaliyyət göstərir. Adətən qeyri-hökümət təşkilatlarının nəzdində fəaliyyən göstərən bu tip sığınacaqların yaradılması üçün Ədliyyə nazirliyindən qeydiyyat, qeydiyyat zamanı isə nizamnamədə sığınacağın nə cür fəaliyyət göstərəciyinin nəzərdə tutulmasını qeyd etmək tələb olunur.

 

Azərbaycandakı sığınacaqların tutumu

 

Bəs hal-hazırda Azərbaycandakı sığınacaqlarda nə qədər qadın yerləşdirmək mümkündür və bu say standartlara nə qədər cavab verir?

 

Dövlət sığınacaqlarına nəzər salsaq, 2021-ci ilin yayından etibarən  həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində “Məişət zorakılığından zərər çəkənlər üçün sosial reabilitasiya” şöbəsi də fəaliyyət göstərir. Otuz nəfər üçün nəzərdə tutulan şöbədə məişət zorakılığından zərər çəkmiş şəxslərə sığınacaqla təmin olunmaqla bərabər, onlara psixo-sosial dəstək və məsləhət yardımı xidməti göstərilir.

 

Qeyri-dövlət mərkəzlərinin isə siyahısı sosial müdafiə fondunun rəsmi səhifəsində paylaşılıb. Həmin siyahıya görə, ölkədə səkkiz qeyri-dövlət mərkəzi məişət zorakılığı zərərçəkənləri üçün yardım mərkəzi kimi akkreditasiyadan keçib. Lakin bunlardan sadəcə üçü birbaşa məişət zorakılığından zərərçəkən qadınlara sığınacaq təmin edirlər. Həm dövlət, həm də qeyri-dövlət mərkəzlərini nəzərə alsaq, məlum olur ki, ölkənin ən böyük şəhəri paytaxt Bakıda bir dövlət, iki qeyri-dövlət adlandıra biləcəyimiz sığınacaq fəaliyyət göstərir.

 

Məişət zorakılığından zərər çəkmiş şəxslərə yardım göstərilməsi üçün akkreditasiya olunmuş qeyri-dövlət mərkəzləri haqqında müəllif tərədindən toplanmış məlumat:

 

 

Təşkilatın adı Tutumu      Yer
1.     “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi

 

60 nəfər Bakı

 

2.     Azərbaycan Uşaqları İctimai Birliyi

 

Uşaqlar üçün nəzərdə tutulub. Bakı
3.     “Ümid Yeri Xeyriyyə Cəmiyyəti” İctimai Birliyi

 

70 nəfər Bakı
4.     Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi

 

Günərzi mərkəz. Bakı
5.     “XXI Əsrin Qadınları” İctimai Birliyi

 

10-15 nəfər, daha çox insan alveri zərərçəkənləri üçün Bakı
6.     “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi

 

Sığınacaq kimi fəaliyyət göstərmir Bakı
7.     “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyi

 

 

Sığınacaq kimi fəaliyyət göstərmir Sumqayıt
8.     “Təmas” Regional İnkişaf İctimai Birliyi

 

 

25  nəfər Gəncə

 

 

Yuxarıdakı cədvəldən aydın olur ki, mərkəzlərdən sadəcə üçü məişət zorakılığı zərərçəkənləri üçün sığınacaq kimi fəaliyyət göstərir. Onlardan ikisi Bakıda, biri isə Gəncədə fəaliyyət göstərir.  Bakıdakı dövlət və qeyri dövlət sığınacaqların birlikdə maksimum tutumu 150 nəfərə yaxındır.

 

Regionlarda isə sadəcə Gəncədə fəaliyyət göstərən sığınacaq mövcuddur. Orada isə 25 nəfərə yaxın şəxs yerləşdirilə bilər. Digər regionlarda isə ümumiyyətlə hansısa dövlət və ya qeyri-dövlət sığıanacağının fəaliyyət göstərdiyinə dair məlumat yoxdur.

 

Bəs minimum standartlar necədir?

 

Avropa Şurasının sığınacaqlarla bağlı minimum standartlarına əsasən, əhalinin hər 10 000 nəfərinə bir ailə yeri (buraya 1 qadın və uşaqları aid edilir) ayrılacaq qədər sığınacaq olmalıdır.

 

Rəsmi statistik göstəricilərə görə, Azərbaycanda təkcə Bakıda 2 301 800 nəfər rəsmi qeydiyyatı olan şəxs var. Deməli, Bakı üçün minimum standart ən az 230 nəfərlik yeri olan sığınacaq olmalıdır. Yuxarıda qeyd olunanlardan isə aydındır ki, Bakıdakı say minimum tələbi qarşılamır. Onu da nəzərə almaq lazımdır ki, Bakının rəsmi əhalisi 2 milyon 300 min nəfərə yaxın olsa da, alternativ hesablamalar göstərir ki, şəhərdə real olaraq 3 milyon nəfərdən daha çox insan yaşayır. Bu baxımdan, hazırda paytaxt Bakıda mövcud olan qadınlar üçün sığınacaq yerlərinin sayı belə, Avropa Şurasının minimum standartlarından iki dəfə az olaraq geri qalır. Onu da nəzərə almaq lazımdır ki, Avropa Şurasının minimum tələblərində tək qadınlar üçün yox, həm də onların övladları üçün sığınacaq yerinin olması tələb olunur. Bu baxımdan, Bakıda sadəcə 130 nəfər üçün sığınacaq təmin edilməsi əhali sayına niabətdə minimum tələbdən bir neçə dəfə az sığınacaq yerimin təmin edilməsi deməkdir.

 

Regionlarla bağlı isə qeyd olunduğu kimi sadəcə Gəncədə fəaliyyət göstərən sığınacaq mövcuddur, bu sığınacağın isə tutumu 25 nəfərdir. Gəncə şəhərinin əhalisi isə rəsmi rəqəmlərdə 335 800-dür. Yəni Gəncə üçün minimal rəqəm 36 olmalıdır.

 

Rəsmi olaraq 8 milyon əhalinin məskunlaşdığı ölkənin digər bölgələrində isə sığınacaq olduğuna dair məlumat yoxdur.

 

Azərbaycanın məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət planında beynəlxalq standartlara cavab verən sığınacaqların təşkili ilə bağlı müddəa nəzərdə tutulsa da, yuxarıda qeyd olunanlara əsasən digər standartlar müqayisə olunmadan say ilə bağlı minimum standarta cavab verilmədiyi qənaətinə gəlmək mümkündür. Bu baxımdan, Azərbaycanda məişət zorakılığına qarşı mübarizə çərçivəsində atılmalı olan ən vacib addımlardan biri zərərçəkənlər üçün sığınacaq yerlərinin sayının artırılması və bu sığınacaqlarda effektiv idarəetmə yaradılması olmalıdır.

Müəllif
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv müxtəlif sahələrdə fəaliyyət göstərən tədqiqatçılar və ekspertlər tərəfindən 2022-ci ildə qurulmuş müstəqil beyin mərkəzidir.

Paylaş