Analiz | Qadınlara qarşı iqtisadi zorakılığın ölkədə sosial-iqtisadi rifaha təsirləri

Azərbaycanda qadınlara qarşı zorakılıq halları müzakirə edilərkən bu məsələlərə daha çox fərdi faciələr konteksində yanaşılır. Ancaq, nəzərə almaq lazımdır ki, bu tip zorakılıq hallarının sayının çoxaldığı bir şəraitdə artıq məsələ fərdi hal olmaqdan çıxır və bütün cəmiyyətin sosial-iqtisadi rifahına təsir edir. “Qadın, Sülh və Təhlükəsizlik üzrə Məşvərət Şurası” tərəfindən həyata keçirilən “Məcburi köçkünlərin Qarabağa qayıdışı: Prosesə Gender baxışı” adlı araşdırma çərçivəsində aparılan sorğunun nəticələri də bu fikri təsdiqləyir. 

 

Adı çəkilən sorğu ölkənin müxtəlif ərazilərində yaşayan və müxtəlif sosial-demoqrafik qruplara daxil olan 705 məcburi köçkün qadın arasında keçirilib. Sorğu çərçivəsində qadınlardan soruşulan suallardan biri kişi ailə üzvlərinin onların işləməsinə münasibəti ilə bağlı olub. “Ailə üzvləriniz çalışmağınıza etiraz edirmi?” sualına respodentlərin cavablarının sorğu iştirakçılarının sosial vəziyyəti üzrə bölgüsü zamanı maraqlı fərqlər üzə çıxır. 

 

Sorğuya qatılan respodentlər sosial durumlarına görə iki qrupa bölünüb: Ünvanlı dövlət sosial yardımı (ÜDSY) alanlar və almayanlar. Qeyd edək ki, ünvanlı dövlət sosial yardımı aztəminatlı (yoxsul) ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Bu baxımdan ÜDSY alan respodentlər aztəminatlı əhali qrupu kimi nəzərdən keçirilib. Sorğuya qatılan toplam 705 respondetin 174 nəfəri (25%) ÜDSY alan qadınlardan ibarət olub.

 

Cədvəl 1: Ünvanlı dövlət sosial yardımı alan və almayan ailələrdə yaşayan qadınların “kişi ailə üzvləriniz çalışmağınıza etiraz edirmi?” sualına cavabları:

  Kişi ailə üzvləriniz işləməyinizə etiraz edirmi?
      Bəli     Xeyr
ÜDSY alan ailələrdə yaşayan qadınlar       41%       59%
ÜDSY almayan ailələrdə yaşayan qadınlar       21%       79%

 

Cədvəldən göründüyü kimi, sorğunun nəticələrinə görə, ÜDSY alan aztəminatlı ailələrdə yaşayan qadınlar arasında kişi ailə üzvləri tərəfindən çalışmaqla bağlı qadağalarla üzləşən qadınların payı (41%), ÜDSY almayan ailələrdə eyni problemi yaşayan qadınlarla müqayisədə (21%) təxminən iki dəfə daha yüksəkdir. Bəlli olur ki, aztəminatlı ailələrdəki ən azı hər beş qadından ikisi, digər ailələrdə isə hər beş qadından ən azı biri ailə üzvləri tərəfindən çalışmaqla bağlı məhdudiyyət və qadağalarla üzləşir. 

 

Onu da iddia etməyə əsas var ki, ailələrin aztəminatlı olmasının əsas səbəblərindən biri elə qadınların iqtisadi fəaliyyətinə imkan verilməməsi ilə bağlıdır. Çünki, həmin ailələrdəki qadınlar da ailəyə gəlir gətirəcəyi təqdirdə aztəminatlı ailələrin aylıq gəliri daha yüksək ola bilərdi. Bu da həmin ailələrin sayını azaltmağa kömək edə bilər. Bu baxımdan, qadınların əmək bazarına çıxış imkanları ilə bağlı çətinliklərin aradan qaldırılması, dolayı olaraq, yoxsulluqla mübarizə tədbiri kimi nəzərdən keçirilməlidir. Qadınların əmək bazarındakı və iqtisadi fəaliyyətdəki rolunun kişilərə nəzərən aşağı olmasının əsas səbəblərini iki əsas başlıq altında toplamaq olar: İqtisadi zorakılıq və uyğun iş yerlərinin sayının azlığı.

 

İqtisadi zorakılıq

 

İqtisadi zorakılıq qadınlara qarşı zorakılıq formalarından biridir. İqtisadi zorakılığın ən geniş yayılmış formalarından biri qadınların işləməsinə, işə düzəlməsinə qadağa qoymaqdır. Qadının maaşının əlindən alınması, iş saatlarının məhdudlaşdırılması, pul xərcləmələrinə nəzarət etmək, etdiyi alış-verişləri əsaslandırmağı tələb etmək, qadınları borc götürməyə məcbur etmək də bu tip zorakılığın nümunələridir. Ancaq, bu yazı çərçivəsində biz iqtisadi zorakılığın sadəcə qadınların çalışmasına qadağa qoyulması formasınına diqqət yetirilir.

 

Qadınların çalışmasına qadağaların qoyulmasının əsas səbəblərindən biri cəmiyyətdə oturuşmuş tipik gender rolları ilə bağlıdır. Tipik gender rolları dedikdə ev işləri kimi əvəzsiz işlərin qadınlar tərəfindən həyata keçirilməsi nəzərdə tutulur. Yazının əvvəlində bəhs edilmiş tədqiqat çərçivəsində həyata keçirilən dərinləşdirilmiş müsahibələrdə də, qadınlar bildirib ki, ailə üzvləri tərəfindən çalışmalarına qadağa qoyulması həm də onunla bağlıdır ki, bəzi hallarda ailənin kişi üzvləri hesab edir ki, qadınlar işləyəcəyi təqdirdə ev işlərinin yerinə yetirilməsi axsaya bilər. 

 

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı qurumunun (FAO) Azərbaycanla bağlı hazırladığı “Kənd təsərrufatı və kənd yerlərində gender aspektlərinin qiymətləndirilməsi” hesabatında bildirilir ki, tipik gender rolları ilə bağlı yaranan problemlər sadəcə əmək bazarında iştirakla bağlı deyil, qadınların səhiyyə və təhsil xidmətlərinə çıxış və digər bu kimi sahələrdə də çətinliklərlə üzləşmələrinə səbəb olur. Hesabata görə, tipik gender rolları səbəbindən kommunal xidmət infrastrukturu ilə bağlı baş verən çətinliklər qadınların həyatını çətinləşdirir. Məsələn, qab-qacağın və paltarların yuyulması, uşaqları yuyundurmaq kimi məsuliyyətlər qadınların üzərinə düşdüyünə görə, hazır isti su ehtiyatı olmadıqda onların ev işləri ilə bağlı yükü artır. Məişətdə istifadə etmək üçün lazım olan suyu toplamaq qadınların işi kimi qəbul edilir. Ailənin bütün üzvləri məhdud su təchizatının təsirini hiss etsələr də, qadınlar suyun toplanması, saxlanması və tənzimlənməsi kimi işləri gördüklərindən daha kəskin təsirə məruz qalırlar. Ancaq, iqlim dəyişikliyi səbəbi ilə şirin su ehtiyatları azalmaqdadır. Bu isə öz növbəsində qadınların su əldə etmək üçün daha uzun məsafələr qət etməsini tələb edir. Məişət qayğılarına sərf edilən vaxtın artması isə qadınların sosial həyatlarının məhdudlaşmasına, əmək bazarından kənarda qalmalarına və bunların ortaya çıxardığı digər problemlərin yaranmasına səbəb olur.

 

Bütün bunları nəzərə alaraq, hökümətin tipik gender rolları səbəbi ilə əmək bazarına çıxışı məhdudlaşdırılan qadınlarla bağlı addımlar atmasına ehtiyac var. Bu addımlara maarifləndirici tədbirlərin həyata keçirilməsi, KİV-lərin, icma liderlərinin, vətəndaşlar cəmiyyətinin prosesə daxil edilməsi aid edilə bilər. Lakin, təəssüf ki, indiyədək hökümətin bu istiqamətdə əsaslı addımlar atdığını demək çətindir. Problemin həllini çətinləşdirən digər bir hal da Azərbaycanda vətəndaş cəmiyyətinin fəaliyyəti üçün imkanların məhdud olması ilə bağlıdır. Bunu aradan qaldırmaq üçün, qadın hüquqları və gender bərabərliyi sahəsində əhəmiyyətli irəliləyişə imkan verən maarifləndirmə, monitorinq, ictimai nəzarət və ictimai vəkillik kimi istiqamətlərdə çalışmaq potensialı olan vətəndaş cəmiyyəti qurumlarının fəaliyyətinə qanunverici və digər məhdudiyyətlər götürülməlidir. Həm hökümətin iqtisadi zorakılıqla bağlı effektiv siyasət mexanizmləri hazırlaması, həm də müstəqil vətəndaş cəmiyyətinə, beynəlxalq təşkilatlara bu sahədə fəaliyyət göstərmək üçün imkan yaradılması iqtisadi zorakılığın səbəb olduğu çətinliklərin aradan qalxması baxımından əsaslı dönüş yarada bilər. 

 

Son illərdə Azərbaycanda ictimai müzakirələrin əsas istiqamətlərindən biri məişət zorakılığıdır. Gender məsələləri ilə bağlı aktivizmlər nəticəsində bu problem ən azı vətəndaş cəmiyyətində daha çox danışılmağa başlayıb. Lakin, Azərbaycanda qadınlar sadəcə məişət zorakılığından deyil, zorakılığın digər növlərindən də əziyyət çəkir. Bunu nəzərə alaraq, qadın haqları sahəsində çalışan şəxslərin və təşəbbüslərin məişət zorakılığı ilə yanaşı, iqtisadi zorakılıq və bunun fəsadları ilə bağlı məsələləri də gündəmə gətirməsi, bu istiqamətdə addımların atılması da vacibdir. 

 

Onu da qeyd edək ki, Azərbaycanda əvəzsiz işlərin əsasən qadınlar tərəfindən icra edilməsi və tipik gender rollarının təsirləri sadəcə əmək bazarından kənarda qalan qadınlara deyil, işləyən qadınlara da, təsir edir. Dövlət Statistika Komitəsinin sonuncu açıqlamasına görə, ölkədə muzdla çalışan qadınların 52%-i, yəni, əmək müqaviləsi ilə çalışan hər iki qadından biri ya təhsil (36%) ya da səhiyyə (16%) sektorunda çalışmaqdadır. DSK-nın digər bir hesabatına görə isə, ölkədə iqtisadi fəaliyyət növləri üzrə ən aşağı orta aylıq iş saatı məhz təhsil sektorundadır. Ölkə üzrə məşğul əhaliyə düşən orta aylıq iş saatı 149 saata bərabər olsa da, təhsil sektorunda bu göstərici cəmi 110 saatdır. Bu baxımdan, iş saatlarının nisbətən azlığı ev işlərini yerinə yetirməyə daha çox imkan yaratdığı üçün, bu sektora qadınların yönəlməsi daha yüksək səviyyədədir. Lakin bu trend başqa bir nəticəni də ortaya çıxır. Qadınlar orta aylıq əmək haqqının nisbətən daha aşağı olduğu sahələrə yönəldiyi üçün, qadın və kişilərin orta aylıq əmək haqları arasında da, kəskin fərqər yaranır. Dövlət Statistika Komitəsinin sonuncu məlumatına görə, ölkədə kişilərin orta aylıq əmək haqqı (852 manat), qadınlara nəzərən (552 manat) 55% daha yüksəkdir.

 

Rəsmi rəqəmlər göstərir ki, qadınlar arasında təhsil və səhiyyə sektoruna maraq hələ də yüksək olaraq qalmaqdadır. Hazırda ali təhsil müəsissələrində təhsil almaqda olan qadın tələbələrin 36.1%-i təhsil, 9.5%-i isə, səhiyyə ixtisasları üzrə təhsil almaqdadır.  

 

Bağça çatışmazlığı

 

Azərbaycanda uşaqlara qayğı göstərilməsi də əsasən qadınlar tərəfindən həyata keçirilir. Ölkədə məktəbəqədər təhsil müəssiələrinə çıxış imkanlarının məhdud olması da qadınların əmək bazarına çıxışını əngəlləyən amillər arasındadır. Rəsmi rəqəmlərə görə, Azərbaycanda 1-5 yaşlı uşaqların cəmi 35%-i bağçalara gedir. Müqayisə üçün, OECD ölkələri üzrə müvafiq göstərici ortalama 80%-ə yaxındır. Ölkədə uşaq bağçaları ilə bağlı tələbin tam qarşılanmaması əsasən üç səbəblə bağlıdır. Bunlardan birincisi həmin müəssisələrin, xüsusilə dövlət məktəbəqədər təhsil məüssisələrinin sayının yetəri qədər olmamasıdır. Başqa bir problem isə bəzi hallarda dövlət məktəbəqədər təhsil müəssiələrinin malik olduğu infrastrukturun və tədrisin keyfiyyətinin valideynləri qane etməməsidir. Digər tərəfdən, tədrisin keyfiyyətinin daha yüksək olduğu özəl uşaq bağçalarının isə, təklif etdiyi qiymətlər əhalinin mütləq əksəriyyəti üçün əlçatan deyil. 

 

Qeyd edilən problemin həlli üçün dövlət büdcəsindən dövlət məktəbəqədər təhsil müəssiələrinin sayının artırılması və mövcud uşaq bağçalarının infrastrukturunun yaxşılaşdırılması istiqamətində daha çox vəsaitin ayrılmasına ehtiyac var. Eyni zamanda, hökümət özəl məktəbəqədər təhsil müəssisəsi açmaq istəyən şəxsləri stimullaşdırılmalıdır. Həmin şəxslərə güzəştli maliyyə resurslarının ayrılması, eləcə də, həmin sahədə vergi güzəştlərinin tətbiqi nəzərdən keçirilə bilər. Bunlarla yanaşı, hökümət məktəbəqədər təhsil müəssisələrində tədrisin keyfiyyətinin artırılması, kurikulumların və tədris materiallarını yaxşılaşdırılması, eləcə də, tədris həyata keçirən kadrların bilik və bacarıqlarının artırılması istiqamətində layihələr həyata keçirməlidir. Ölkədə məktəbəqədər təhsil müəssiələrinin əhatə dairəsinin və tədris keyfiyyətinin artması qadınların əmək bazarında iştirakçılığının artırılması ilə yanaşı, uşaqların inkişafı baxımından da əhəmiyyətlidir. 

 

Ölkə iqtisadiyyatı ilə bağlı problemlər

 

Azərbaycanda qadınların əmək bazarında iştirakına əngəl törədən amillərdən biri də ölkə iqtisadiyyatının strukturu ilə bağlıdır. Hazırda ölkədə iqtisadi fəal əhalinin sayı təxminən 5 milyon 300 min nəfərə yaxındır. Ancaq onların təxminən 30 faizi – 1 milyon 700 min şəxs muzdlu işçidir. Yəni, əmək müqaviləsi və aylıq ödəniş əsasında çalışır. Halbuki, Avropa Birliyi ölkələrində muzdlu işçilərin məşğul əhali içərisindəki payı 85%-ə bərabərdir. Bu göstərici region ölkələrinin bir çoxunda 60 faizin üzərindədir. Aydın olur ki, əslində Azərbaycanda işləməklə bağlı məhdudiyyət problemi ilə yanaşı, həmçinin, iş yerlərinin azlığı problemləri də var. Bunun əsas səbəbi isə ölkə iqtisadiyyatının enerji sektorunda asılılığı, emal sənayesinin zəif inkişafı ilə yanaşı, həm də, Azərbaycanda biznes mühiti, təşəbbüs bərabərliyi, rəqabət və maliyyə resurslarına çıxış imkanlarının məhdudluğu, enerji sektoru istisna olmaqla digər sahələrin xarici investisiyalar üçün qapalılığı kimi Azərbaycan iqtisadiyyatı üçün xarakterik sayılan problemlərdir. Hökümətin iqtisadi aktivliyin artmasına əngəl törədən həmin problemlərin həlli ilə bağlı effektiv addımlar artması sosial həssas qruplar arasında olan qadınların iqtisadi iştirakçılığının artması baxımından da, dayanıqlı iqtisadi inkişafı dəstəkləyə bilər. 

 

Hazırda Azərbaycanın əksər regionlarında qadınların mütləq əksəriyyəti üçün iş imkanı sadəcə ağır əl əməyinə əsaslanan kənd təsərrüfatı sahəsi ilə bağlıdır. Bu baxımdan, regionlar arası sosial-iqtisadi fərqlərin aradan qaldırılması da, qadınların iqtisadi aktivliyini artıra bilər.

 

Ölkədə iş yerlərinin sayının artırılması ilə yanaşı, layəqətli əmək haqlarının təmin edilməsi də çox vacibdir. 2022-ci ildə edilən rəsmi açıqlamada bildirilirdi ki, ölkədə median əmək haqqı 410 manata bərabərdir. Yəni, həmin vaxt ölkədəki 1 milyon 700 min muzdlu işçinin 850 min nəfərinin maaşı 410 manatdan az olub. Azərbaycanda qadınların orta aylıq əmək haqlarının kişilərə nəzrən 50 faizə yaxın daha aşağı olmasını nəzərə alsaq, məlum olur ki, çalışan qadınların yarısından çoxu minimum əmək haqqı səviyyəsində aylıq gəlir əldə edir. Həmin gəlir isə qadınların nəinki şəxsi ehtiyaclarının, heç övladlarının baxım xərcləri ilə bağlı yaranacaq xərcləri belə bəs edəcək səviyyədə deyil. Bu baxımdan Azərbaycanda qadınların iqtisadi aktivliyinə təsir edən amillərdən biri də əmək bazarındakı orta aylıq gəlir imkanlarının əhalinin orta aylıq xərclərinə adekvat olmaması ilə bağlıdır. Ölkədə tətbiq edilən minumum hədlərin, özəliklə də minimum əmək haqlarının əhalinin real minimum tələblərinə uyğun müəyyənləşdirilməməsi bu problemləri bir qədər də artırı.

 

Nəticə

 

Dayanıqlı iqtisadi inkişafın ən vacib şərtlərindən biri inkluzivlikdir. İnkluziv inkişafın əsas şərti isə cəmiyyətin fərqli sosial qruplarının iqtisadi iştirakçılığının təmin edilməsidir. Azərbaycanda isə hələ də qadınların əmək bazarında iştirakçılığı ilə bağlı ciddi problemlər qalır.

 

Qadınların əmək bazarında iştirakçılığının artmasına əngəl olan problemlərin sayının birdən çox olması problemi daha da kəskinləşdirir. Bu problemlərdən ilki ənənəvi gender rolları və bundan doğan iqtisadi zorakılıqla bağlıdır. Bunun aradan qalxması üçün həm hökümətin müvafiq qurumları effektiv mexanizm hazırlamalı, həm də vətəndaş cəmiyyətinin bu sahədəki fəaliyyətinə imkan yaratmalıdır. Uşaq bağçalarının kəmiyyətinin və keyfiyyətinin artırılması, özəlliklə əyalətlərdə kommunal xidmətlərə çıxış imkanlarının yaxşılaşdırılması da məsələyə müsbət töfhə verə bilər.

 

Digər tərəfdən, ölkə iqtisadiyyatının strukturu ilə bağlı çağırışlara da adekvat reaksiya verilməlidir. Rəqabət mühitinin yaxşılaşdırılması, xüsusilə, kiçik və orta sahibkarlığın inkişafına dəstək göstərilməsi, kredit resurslarına çıxış imkanlarının yaxşılaşdırılması, xarici investisiyanın ölkəyə daha rahat daxil olmasına imkan yaradılması, qanunun aliliyi ilə bağlı vəziyyətin yaxşılaşdırılması ölkədə biznes mühitinin inkişafına və dolayı olaraq məşğulluq imkanlarının artmasına kömək edə bilər.

 

Rəsmi rəqəmlərə görə, hazırda Azərbaycanda 700 minə yaxın evdar qadın var. Ancaq, hökümətin bir çox strateji inkişaf sənədlərində bildirilir ki, ölkədə çox sahədə ixtisaslı kadr çatışmazlığı mövcuddur. Bu şəraitdə yüzminlərlə qadının əmək bazarından kənarda qalması yalnız həmin qadınlar üçün deyil, bütün cəmiyyət üçün itkilərlə nəticələnir. Çünki, cəmiyyət həmin şəxslərin potensial olaraq yarada biləcəyi əlavə dəyərdən məhrum olur. Bu baxımdan, hökümətin qadınların iqtisadi aktivliyinin artırılması istiqamətində daha çox addım atmasına və tətbiq etdiyi mexanizmləri gözdən keçirməsinə ehtiyac var.

Müəllif
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv müxtəlif sahələrdə fəaliyyət göstərən tədqiqatçılar və ekspertlər tərəfindən 2022-ci ildə qurulmuş müstəqil beyin mərkəzidir.

Paylaş