Xəzər dənizinin çoxillik səviyyə tərəddüdləri: yaranma səbəbləri və ətraf ərazilərə təsiri

Dövrümüzdə dənizlərin səviyyəsinin tərəddüdü hesabına ətraf ərazilərin zərər görməsi halı artmaqdadır. Hazırda Xəzər dənizinin səviyyə tərəddüdləri sahil ərazilərdə yerləşən ölkələr üçün ciddi problemlər doğurur. Bu, həmin ölkələrin ekologiyasına, iqtisadiyyatına və digər sahələrinə ziyan vurur. Belə ki, dənizin səviyyə dəyişmələri sahil ərazilərdə yerləşən yaşayış obyektlərinə, sənaye, kurort-rekreasiya, kənd təsərrüfatı, neft emalı, balıqçılıq, su və quru nəqliyyatı sahələrinə, limanların fəaliyyətinə və digər sahələrə, infrastrukturlara təsir göstərir. Bu zaman ətraf ərazilər çirklənməyə məruz qalır və ekoloji cəhətdən böhran vəziyyətdə düşə bilir.

 

Xəzər dənizinin səviyyəsinin dəyişməsinə təsir göstərən amillər

 

Xəzər dənizinin səviyyəsinin dəyişməsinə təsir göstərən amillərə dənizdə su balansı elementlərinin dəyişməsini, atmosfer təzyiqinin dəyişməsini, tektonik prosesləri, qabarma əmələgətirən qüvvələri qeyd etmək olar. İqlim və geoloji amillər burada önəmli rol oynayır. İqlim amilləri su balansı elementlərinin formalaşmasına təsir göstərir. Su balansı gəlir (dənizə çay axın, atmosfer yağıntıları, dənizə yeraltı axın) və çıxar (buxarlanma, Qaraboğazqol körfəzinə axın) hissələrindən ibarətdir.

 

Xəzər dənizinin su balansının 4/5 hissəsini çay axıntıları təşkil edir. Xəzər dənizinə 130-dan çox sayda çay axır və onların 9-nun mənsəbi delta xarakterlidir. Bu çaylara misal olaraq Astraçay, Viləşçay, Volqa, Qaraçay, Kür, Samur, Ural və digərlərini göstərmək olar. Volqa çayı Xəzərə axan ən böyük çay olmaqla su balansının dənizə səth  axınının  ümumi  həсminin  82%-i təşkil edir. Ümumilikdə, Xəzər dənizə çay axımının orta illik miqdarı 300 km3 əks müşahidə olunur.

 

Xəzər dənizinin səthinə düşən yağıntılar da su balansının gəlir hissəsi hesab olunur. Xəzər dənizində atmosfer yağıntıları il ərzində 90-100 mm-dən Lənkəran sahilində 1700 mm-ə qədər olmaqla qeyri-bərabər paylanmışdı. Açıq dənizdə yağıntının miqdarı il ərzində 200 mm müşahidə olunur. Şimali Xəzərdə yağıntıların orta illik miqdarı 120 mm ilə 200 mm intervalında müşahidə olunur.  Orta Xəzərdə yağıntı də qeyri-bərabər paylanır: 75 mm ilə 450 mm arasında. Şərq sahillərdə orta aylıq yağıntının miqdarının dəyişmə intervalı 2 mm ilə 15 mm təşkil edir. Qərb sahillərdə yağıntı əsasən sentyabr-dekabr aylarında müşahidə olunur və yağıntının dəyişmə intervalı 5 mm ilə 50 mm arasında olur. Cənubi Xəzərdə yağıntı rejimi qeyri-bərabər paylanmışdı və şimal-şərqdə 100 mm, cənub-şərqdə idə 1700 mm təşkil edir.

 

Yeraltı axınların su balansının gəlir hissəsində rolu və dənizin səviyyəsinə də təsiri daha zəifdir. Yeraltı axınlar su balansının gəlir hissəsini təşkil edir və digər su balans elementləri arasında ən az dəqiqliklə ölçülür. Bir çox alimlərin tədqiqatlarına əsasən onların miqdarı 3 – 5 km3 təşkil edir və səviyyənin dəyişməsinə əhəmiyyətli dərəcədə təsir göstərmir.

 

Xəzər dənizi hövzəsində buxarlanmanı tədqiq etməyin çox böyük əhəmiyyəti var. Belə ki, buxarlanma su  balansının əsas çıxar hissəsini təşkil edir. Xəzər dənizi səthindən buxarlanmanın həcmi il ərzində 1000 mm-ə yaxın olur, buxarlanmanın nisbətən böyük qiymətləri Abşeron yarımadası və Cənubi Xəzərin şərq hissəsində ildə 1400 mm müşahidə olunur.

 

Qaraboğazqol körfəzi Xəzər dənizinin su balansının çıxar hissəsini təşkil edir və dənizin səviyyəsinin dəyişməsinə təsir göstərir. Bu körfəz Xəzər dənizinə 10 km uzunluğunda olan dar boğaz ilə birləşir. Maraqlısı odur ki, körfəzin səviyyəsi Xəzər dənizinin səviyyəsindən 4,5 m aşağıdır. Xəzər dənizindən daxil olan su körfəzdə şəlalə yaradır. Qaraboğazqolda duzlu su buxarlanır və çox miqdarda duz qalır. Körfəzin duzluluğu Xəzər dənizinin duzluluğundan 30 dəfə çoxdur.

 

Bir çox alimlər qərara gəlmişdilər ki, atmosfer sirkulyasiyasının qlobal dəyişməsinə və onunla əlaqədar olaraq dəniz səviyyəsinin dəyişməsinə səbəb günəş aktivliyinin dövrü dəyişkənliyidir. Bu dövr stabil formada ardıcıllığa malik deyil. Günəş aktivliyinin atmosfer sirkulyasiyasına təsirinin fiziki mexanizmi kifayət qədər məlum deyildir. Xəzər dənizinin çoxillik səviyyə tərəddüdü və günəş aktivliyinin dəyişməsi qrafiklərinin analizi nəticəsində müəyyən olunmuşdur ki, dənizin səviyyə tərəddüdləri günəş aktivliyindən asılıdır.

 

Günəş aktivliyi su hövzələrində siklon və antisiklonların hərəkət istiqamətinə təsir göstərir. Bu da öz növbəsində su hövzəsinin səviyyəsinin dəyişməsinə təsir edir. Geoloji amillərə tektonik proseslər aiddir. Seysmik amillər Xəzər dənizində səviyyənin dəyişməsinə əhəmiyyətli dərəcədə təsir göstərmir. Seysmik proseslər yalnız episentrdə hiss olunur və oradan uzaqlaşdıqca təsir azalır. Seysmik proseslər nadir hallarda baş verir.

 

Xəzər dənizinin hövzəsinin böyük hissəsi aktiv tektonik zonada yerləşir və tektonik proseslərdə səviyyənin tərəddüdünə səbəb olur. Məsələn, Xəzər dənizinin sahil hissələri daxil olmaqla hövzənin şimal-şərq hissəsində son 30-50 il ərzində 2 mm/il qalxma müşahidə edilmişdir.

 

Antropogen amillərin Xəzər dənizi səviyyəsinin dəyişməsinə təsiri iqlim amilləri qədər xüsusi əhəmiyyət daşımır. Antropogen amillərin təsiri öncə dənizə axan çayların axıntılarının azaldılması ilə, su anbarlarının fəaliyyəti ilə və digər təsərrüfat fəaliyyətləri ilə əlaqədardır. Bütün bunlar çay axınlarının Xəzərə azaldılmasına və səviyyənin düşməsinə səbəb olur.

 

Cədvəl 1. Təsərrüfat fəaliyyəti altında Xəzər dənizinə axan çayların axının dəyişməsinin artımı və su istehlakının həcmi

Çay Xarakteristikalar: 1981-1985: 1986-1990: 1992-1995: 1996-2000: 2001-2005: 2006-2009:
Ural Su qəbulu: 3,019 4,87 2,529 2,264 1,965 2,014
Drenaj: 0,637 2,330 2,997 1,932 1,633 1,843
Fərq: 2,382 2,357 0,532 0,332 0,332 0,171
Axının dəyişməsi: 2,374 2,331 0,385 0,442 0,195 0,100
Volqa Su qəbulu: 36,694 34,774 32,054 26,631 23,523 22,311
Drenaj: 23,530 23,621 22,545 20,692 19,067 18,096
Fərq: 13,164 11,153 9,509 5,939 4,456 4,215
Axının dəyişməsi: 15,290 18,116 9,823 9,744 4,454 7,815
Terek Su qəbulu: 9,007 7,928 6,199 5,471 5,610 5,287
Drenaj: 1,768 1,099 0,779 0,474 0,406 0,399
Fərq: 7,239 6,829 5,420 4,997 5,204 4,888
Axının dəyişməsi: 6,952 6,606 5,149 4,692 5,064 4,752
Sulak Su qəbulu: 1,478 1,698 1,499 1,338 1,205 1,260
Drenaj: 0,231 0,418 0,135 0,132 0,038 0,051
Fərq: 1,247 1,280 1,364 1,206 1,167 1,209
Axının dəyişməsi: 1,237 1,277 1,357 1,196 1,160 1,205
Kür Su qəbulu: 20,330 20,541 18,690 14,514
Drenaj: 3,724 5,003
Fərq: 16,606 15,538
Axının dəyişməsi: 15,392 15,039

Su istehlakının və təsərrüfatların təsiri nəticəsində Xəzərə axan çayların axınının miqdarının dəyişməsi və su istehlakının həcmi Cədvəl 1 və 2-də verilmişdir. XX əsrin 80-ci illərində dənizin hövzəsi çaylarının su istehlakı çox həcmdə artmışdır (70-72 km3/il). 1980-ci illərin sonunda antropogen amillərin təsiri nəticəsində dənizə çay axını təxmini 13% azalmışdır. 1990-cı illərin əvvələrində vəziyyət qəflətən dəyişmişdir. Artıq 1992-ci ildə Volqa bölgəsində suvarılan torpaqların 20-40%-i suvarılmırdı. Su istehlakı böyük miqdarda azalmışdı. Analoji vəziyyət kənd təsərrüfatında daha sürətlə müşahidə olunurdu. Bu səbəbdən daha istifadə edilməyəcək suların miqdarı 1980-ci illərdə 11 km3-dən 13 km3-ə qədər artmışdır.

 

Cədvəl 2. Xəzər dənizi hövzəsi çaylarının illik axınlarının təsərrüfat fəaliyyəti təsiri nəticəsində azalması

Çay hövzəsi: Mənbədə təbii axın, km3/il: Mənbədə axının azalması, km3/il:
1936-1940: 1946-1950: 1956-1960: 1966-1970: 1976-1980: 1986-1990: 1998-2000:
Volqa: 245 4,8 6,3 26,0 13,0 21,0 25,0 12,0
Ural: 9,3 0,3 0,6 1,2 1,5 2,3 2,9 2,0
Terek və Sulak: 13,4 0,4 0,9 2,2 3,4 3,7 4,0 3,0

Xəzər dənizində neft hasilatı, emalı, nəqliyyatı və digər amillərin təsiri nəticəsində dəniz səthi neft təbəqəsi ilə örtülür. Dənizin səthinin neft təbəqəsi ilə örtülməsi buxarlanmanın qiymətini azaldır və nəticədə dənizin səviyyə tərəddüdlərinə təsir göstərir. Xəzər dənizinin səthinin neft təbəqəsi ilə örtülməsi dəniz suyunun temperaturunun artmasına da təsir göstərə bilir. Lakin Xəzərdə yaranan neft təbəqəsi dənizin səviyyəsinə təsiri çox kiçikdir.

 

Xəzər dənizinin səthini neft təbəqəsinin qalınlığı 0,5 mm-ə çatdıqda dənizin suyunun temperaturu maksimum 100S-ə çatır, buxarlanmanın miqdarı isə 70 dəfəyə qədər artır. Coğrafiya İnstitutunun arxivində olan Xəzər dənizinin səthinin aerofotoşəkillərinin təhlili göstərir ki, dənizdə maksimum çirklənən ərazinin sahəsi 1500 km2 olmuşdur, bəzi hallarda çirklənmiş sahə azalır və 4 km2 təşkil edir. Dənizin ümumi sahəsini nəzərə alsaq bu qiymət ümumi sahənin 0,1%-i təşkil edir. Bu səbəbdən də dənizin neft ilə çirklənməsi səviyyənin dəyişməsinə əhəmiyyətli dərəcədə təsir göstərmir.

 

Ümumiyyətlə, Xəzər dənizinin səviyyəsinin dəyişməsində antropogen amillərin rolu 3-5% intervalındadır. Lakin antropogen amillər Xəzər dənizinin səviyyəsinə və Volqa çayının deltasına təsiri göstərir. Bu səbəbdən də antropogen amillərin öyrənilməsinin böyük əhəmiyyəti vardır.

 

Antropogen amillərin Xəzər dənizinin səviyyəsinin tərəddüd etməsinə təsirini minimallaşdırmaq üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi labüddür:

 

  1. Xəzər dənizi hövzəsi çayları üzərində tikinti işlərinin, su anbarlarının və hidrotexniki qurğuların tikintisinin dayandırılması, mövcud hidrotexniki qurğuların təsirinin minimallaşdırılması;
  2. Süni göllərin (nohurların) tikintisinin dayandırılması və yaxud mövcud süni göllərin tədricən istifadə edilməyərək fəaliyyətlərinin sonlandırılması;
  3. Xəzər dənizi hövzəsi çaylarından təsərrüfat fəaliyyəti üçün su istehlakının minimallaşdırılması, torpaqların suvarılması zamanı su itkisinin qarşısı alınması üçün mövcud suvarma sistemlərinin yenidən qurulması;
  4. Xəzər dənizi hövzəsində və yaxud onun sahil ərazilərində neft hasilatı, emalı proseslərinin minimallaşdırılması;
  5. Xəzər dənizinin səviyyəsi üzərində periodik olaraq müşahidələrin aparılması, mövcud müşahidə məlumatlarının və səviyyəyə təsir edən amillərin təsir dərəcəsinin dəyişməsinin təhlil edilməsi, mövcud metodlar əsasında dənizin səviyyəsi üzrə proqnozların verilməsi.

Uzun müddətli səviyyə tərəddüdləri ekosistemin dəyişilməsində özünü göstərmişdir.

 

Cədvəl 3. Xəzər dənizinin 1997-2016-cı illər ərzində orta aylıq səviyyə tərəddüdləri

1 2 3 4 5 6 7 8 9 10 11 12
1997 -26.98 -27.02 -26.97 -26.92 -26.90 -26.83 -26.79 -26.85 -27.02 -26.96 -27.09 -27.00
1998 -27.11 -27.16 -27.13 -27.23 -27.16 -27.02 -27.15 -27.25 -27.04 -26.99 -26.96 -27.01
1999 -27.04 -27.03 -26.99 -26.95 -26.88 -26.75 -26.76 -26.77 -26.90 -27.00 -27.01 -27.11
2000 -27.08 -26.97 -26.96 -26.93 -26.87 -26.78 -26.77 -26.79 -26.89 -27.02 -27.02 -27.03
2001 -27.05 -27.06 -27.06 -27.00 -26.93 -26.84 -26.78 -26.89 -27.01 -27.13 -27.15 -27.15
2002 -27.15 -27.10 -27.05 -27.04 -26.93 -26.84 -26.81 -26.88 -27.01 -27.04 -27.13 -27.14
2003 -27.22 -27.21 -27.18 -27.10 -27.01 -26.91 -26.87 -26.95 -26.94 -27.09 -27.12 -27.08
2004 -27.11 -27.02 -27.07 -27.04 -26.86 -26.84 -26.80 -26.81 -26.88 -27.04 -27.08 -27.01
2005 -27.00 -27.02 -26.94 -26.95 -26.86 -26.71 -26.63 -26.57 -26.63 -26.72 -26.76 -26.74
2006 -26.76 -26.81 -26.82 -26.75 -26.60 -26.59 -26.56 -26.59 -26.62 -26.81 -26.88 -27.02
2007 -26.98 -26.90 -26.85 -26.64 -26.55 -26.46 -26.48 -26.50 -26.64 -26.75 -26.75 -26.82
2008 -26.88 -26.85 -26.83 -26.78 -26.72 -26.64 -26.64 -26.70 -26.81 -26.86 -26.96 -26.94
2009 -26.96 -26.91 -26.73 -26.85 -26.78 -26.71 -26.78 -26.76 -26.86 -26.88 -26.97 -26.96
2010 -27 -27.01 -27.01 -26.95 -26.87 -26.78 -26.78 -26.88 -27.02 -27.1 -27.15 -27.2
2011 -27.2 -27.2 -27.23 -27.21 -27.13 -27.05 -27.04 -27.09 -27.24 -27.3 -27.28 -27.33
2012 -27.34 -27.29 -27.29 -27.27 -27.19 -27.11 -27.07 -27.12 -27.26 -27.31 -27.39 -27.36
2013 -27.41 -27.38 -27.38 -27.32 -27.25 -27.11 -27.08 -27.1 -27.24 -27.31 -27.42 -27.4
2014 -27.43 -27.43 -27.44 -27.38 -27.32 -27.25 -27.25 -27.38 -27.47 -27.57 -27.57 -27.67
2015 -27.61 -27.67 -27.67 -27.58 -27.56 -27.5 -27.42 -27.58 -27.69 -27.84 -27.91 -27.88
2016 -27.86 -27.91 -27.79 -27.69 -27.63 -27.51 -27.43 -27.49 -27.57 -27.68 -27.71 -27.75

 

Cədvəl 3-də 1997-ci ildən 2016-cı ilə qədər orta aylıq səviyyə məlumatları verilmişdir. Bu məlumatlara əsasən müxtəlif illərdə müxtəlif aylarda səviyyə tərəddüdlərinin orta qiyməti görmək mümkündür. Belə ki, dənizin səviyyənin ildaxili dəyişməsinin ən yüksək qiymətləri iyun-iyul, ən aşağı qiymətləri isə fevral-mart aylarında müşahidə edilir. Dəyişmənin nisbətən böyük qiymətləri Volqa çay kənarı hissələrində 1 m müşahidə edilir və dənizin açıq hissələrinə nisbətən bu qiymət 30-40 sm-ə qədər azalır. Cədvəli təhlil edərək nəticəyə gəlmək mümkündür ki, Xəzər dənizinin orta aylıq səviyyə tərəddüdləri 20 il ərzində əhəmiyyətli dərəcədə dəyişikliyə məruz qalmamışdır. Müəyyən olunan müşahidə məlumatlarına əsasən gələcək illərdə dənizin səviyyəsinin dəyişməsi nəticəsində yarana biləcək böhran vəziyyətinin qarşısını almaq üçün ehtimal olunan səviyyənin proqnozu işlənib hazırlana bilər.

 

Bakı məntəqəsində il ərzində səviyyənin qalxması mart ayında başlayır və iyula qədər davam edir. Dənizdə səviyyənin ildaxili dəyişməsinin şərq və qərb hissələrdə fərqli olduğu görsənir. Onlar arasında maksimal fərq 25-30 sm təşkil edir. Bu əsasən sahillərdən gələn çay axınlarından, Korilis qüvvəsindən asılıdı.

 

Cədvəl 4. Xəzər dənizinin 1961-2023-cü illər ərzində çoxillik səviyyə tərəddüdləri

İllər: Orta illik: İllər: Orta illik: İllər: Orta illik: İllər: Orta illik: İllər: Orta illik: İllər: Orta illik:  

İllər:

Orta illik:
1961 -28.35 1970 -28.23 1979 -28.50 1988 -27.48 1997 -26.93 2006 -26.72 2015 -27.66
1962 -28.45 1971 -28.30 1980 -28.40 1989 -27.50 1998 -27.09 2007 -26.63 2016 -27.61
1963 -28.30 1972 -28.38 1981 -28.09 1990 -27.36 1999 -26.91 2008 -26.79 2017 -27.71
1964 -28.26 1973 -28.44 1982 -28.04 1991 -27.02 2000 -26.90 2009 -26.84 2018 -27.73
1965 -28.31 1974 -28.44 1983 -27.97 1992 -26.86 2001 -26.99 2010 -26.97 2019 -27.18
1966 -28.11 1975 -28.59 1984 -27.92 1993 -26.78 2002 -26.98 2011 -27.19 2020 -28.00
1967 -28.23 1976 -28.82 1985 -27.84 1994 -26.59 2003 -27.01 2012 -27.23 2021 -28,00
1968 -28.34 1977 -28.91 1986 -27.78 1995 -26.53 2004 -26.93 2013 -27.25 2022 -28,42
1969 -28.35 1978 -28.82 1987 -27.67 1996 -26.76 2005 -26.74 2014 -27.43 2023 -29,03

 

Cədvəl 4.-nın 1961-ci ildən 2023-cü ilə qədər Xəzər dənizinin səviyyə tərəddüdləri məlumatlarına əsasən aşağıda göstərilən şəkil 1.-də Xəzərin səviyyə tərəddüdlərinin qrafiki təsvir edilmişdir. Bu qrafikdə də aydın şəkildə müəyyən etmək olar ki, Xəzər dənizinin səviyyəsi 1977-ci ildə minimum -29,00 m qiymət almışdır və 1978-ci ildən başlayaraq dənizin səviyyəsi qalxmağa başlamışdı və 1995-ci ildə dənizin səviyyəsi yüksək -26.53 m qiymət almışdır.

 

Cədvəl 5. Xəzər dənizinin 1961-2023-cü illər ərzində çoxillik səviyyə tərəddüdləri qrafiki

Son illərdə Xəzər dənizinin səviyyəsi düşməyə davam edir. Xəzər dənizinin səviyyə son dəfə 1982-ci ildə -28 m ətrafında olmuşdur. Şəkil 2.-də Xəzər dənizinin 2021-ci il yanvar ayında Bakı bulvarında şəklidir və görünür ki, dənizin səviyyəsi aşağı düşmüşdür.

 

2021-ci il yanvar ayında Xəzər dənizinin Bakı bulvarında fotoşəkilləri

 

 

 

Xəzər dənizinin səviyyəsinin proqnozu onun su balans elementlərinin hesablanmasına əsaslanır və hal-hazırda belə proqnoz tipinin özünün doğrulması 90-95% təşkil edir. Beləliklə, Xəzər dənizinin uzun müddətli proqnozu, məsələn dənizin 5-10 illik səviyyə tərəddüdü proqnozu çox mürəkkəbdir. Səbəbi odur ki, dənizin səviyyə tərəddüdləri iqlim elementləri ilə əlaqədardır. Müasir dövrdə dənizin səviyyə proqnozunun ömrü 6 aydan çox deyildir.

 

Bununla belə, Xəzər dənizinin səviyyəsinin öyrənilməsinin ən maraqlı tərəflərindən biri arxeoloji, coğrafi və tarixi dəlillərə əsasən toplanan əsrlər boyu davamlı səviyyə tərəddüdlərinin müşahidə edilməsidir.

 

Xəzər dənizinin səviyyə dəyişikliyinin ətraf mühitə təsirləri

 

Tədqiqatçıların fikirlərinə əsasən Xəzər dənizinə illik çay axınındakı artım 2030-cu ilə qədər 5%-dən 10%-ə qədər olacaq. Dəniz səthinə düşən yağıntıların və dənizdən buxarlanmanın miqdarının 5-10% artacağını gözləmək mümkündür.

 

Xəzər dənizinin səviyyəsinin qalxması nəticəsində sahildə yerləşən neft mədənlərinin, kanalizasiya  xətlərinin, komunikasiyaların, sənaye obyektlərin su altında qalması çirklənməyə də səbəb ola bilir. Xəzər dənizi səviyyəsinin tərəddüdü nəinki sahil ərazilərdə geomorfoloji proseslərə təsir edir, hətta sahil ərazilərin bütün sosial-təsərrüfat strukturuna, həm sahil, həm də dəniz mühitinin ekoloji vəziyyətinə təsir göstərir.

 

Xəzər dənizinin səviyyəsinin qalxması dənizin sahəsinin artmasına səbəb olur. Dəniz limanları nəinki böyük gəmilərin, hətta kiçik balıqçı gəmilərin də qəbul olunması üçün əlverişsizləşib. Dənizin səviyyəsinin qalxması sahil ərazilərdə kommunal sahələrinə ciddi zərər törətmişdir.

 

Dənizin səviyyəsinin yuxarı qalxması və ya enməsi təhlükəli hadisələrə – su nəqliyyatının zərər görməsinə, balıqların məhvinə, gəmilərin hərəkətinin pozulmasına, yaşayış məntəqələrinin, sahildə yerləşən tikililərin, təsərrüfat və sənaye obyektlərinin su altında qalmasına səbəb olur.

 

Aydındır ki, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi və iqtisadi cəhətdən bir çox ərazilərdə çox xoşagəlməz faktordur. Son zamanlar Xəzər dənizinin səviyyə tərəddüdləri problemi beynəlxalq təşkilatlar tərəfindən maraqla qarşılanır. Bu onunla əlaqədardır ki, Xəzər dənizi səviyyə tərəddüdlərinin öyrənilməsi dünyanın aparıcı ölkələri üçün iqlim dəyişmələri şəraitində səviyyə tərəddüdləri proqnoz metodlarının öyrənilməsi üçün həm təcrübə, həm də ərazinin ehtiyatlarında istifadə cəhətdən əlverişlidir.

 

Xəzər dənizinin səviyyəsinin qalxması sahil boyu ərazilərin landşaftlarına iki formada təsir göstərir:

 

  1. Qurunun su altında qalması, ərazilərin su basması nəticəsində müasir landşaft köklü formada dəyişir və nəticədə dəniz kənarı ərazilər sualtı landşaftlara çevrilir.
  2. Dənizin səviyyəsinin qalxması sahil boyu ərazilərdə qrunt sularının səviyyəsinə qalxmasına, torpaq və süxurların fiziki-kimyəvi tərkibinin dəyişilməsinə, bitki örtüyünə və mikroiqlim şəraitinə təsir göstərir. Nəticədə efemerli-şorakətli yarımsəhra və çala-çəmən komplekslərinin strukturu deqradasiyaya məruz qalır və ərazidə ilkin bitki örtüyü bataqlıq və bataqlıq-çəmən kompleksləri ilə əvəz olunur.

Cədvəl 6. Xəzər dənizinin səviyyə tərəddüdlərinin müxtəlif qiymətlərində dənizin sahəsi və həcmi.

Dənizin səviyyəsi, m ilə: Dənizin sahəsi, min km2: Dənizin həcmi, km3:
Şimali Xəzər: Orta Xəzər: Cənubi Xəzər: Ümumi dəniz: Şimali Xəzər: Orta Xəzər: Cənubi Xəzər: Ümumi dəniz:
-24,0 141,0 139,1 153,8 433,9 856 27170 51857 79883
-24,5 134,5 139,0 153,2 426,7 787 27100 51780 79667
-25,0 128,0 138,9 152,6 419,5 722 27031 51704 79457
-25,5 121,6 138,8 152,0 412,4 600 26962 51628 79250
-26,0 115,2 138,6 151,3 405,1 601 26892 51552 79045
-26,5 109,6 138,4 150,6 398,6 545 26823 51477 78845
-27,0 104,6 138,2 149,8 392,6 492 26754 51402 78648
-27,5 99,4 137,9 149,1 386,4 442 26685 51327 78454
-28,0 90,1 137,7 148,5 376,3 397 26439 51245 78081
-29,0 71,9 137,4 146,9 356,2 318 26301 51078 77697

 

Cədvəl 6-da Xəzər dənizində səviyyənin müxtəlif qiymətlərinə uyğun olan dənizin sahəsi və həcmi göstərilmişdir. Cədvəldə göründüyü kimi dənizin səviyyəsi qalxdıqca dənizin sahəsi və həcmi artır, dənizin səviyyəsi endikcə dənizin sahəsi və həcmi isə azalır.

 

Sahil ərazilərində yerləşən yaşayış məntəqələrinin, limanların, hidrotexniki qurğuların, obyektlərinin tikintisi və planlaması zamanı obyektlərin su altında qalmaması üçün aşağıdakıları bilmək vacibdir:

 

  1. Ərazidə mövcud olan maksimal səviyyə;
  2. Dənizin səviyyəsinin davamlılıq vəziyyəti;
  3. Dənizin səviyyəsinin qalxması zamanı ərazilərin subasma vəziyyətində qalma müddəti.

 

Xəzər dənizinin səviyyəsinin böyük qiymətli tərəddüdü ilə əlaqədar olan aşağıdakı əlverişsiz şəraitləri qeyd edə bilərik:

 

  • Dənizin hidroloji rejiminin pozulması;
  • Çayların mənsəbində hidroloji rejimin pozulması;
  • Sahil ərazilərin su basması və bataqlaşması nəticəsində təbii və sosial – iqtisadi şəraitin, tibbi-ekolojin şəraitin pozulması;
  • Dəniz suyunun ağır metallarla, neft məhsulları ilə və digər zərərli maddələr ilə çirklənməsi.

 

Xəzər dənizinin səviyyəsinin qalxması ilə bağlı olan problemə iki mərhələli konsepsiyada baxılır:

 

  1. Birinci mərhələ – dənizin səviyyəsi -25 m-ə qədər qalxarsa su basmaya məruz qalan əraziləri qorumaq üçün sahil bərkitmə işlərinin aparılması.
  2. İkinci mərhələ – dənizin səviyyəsinin qalxması -25 m-dən artıq olarsa Xəzərətrafı ölkələrin birgə iştirakı və razılığı ilə Xəzər dənizinin səviyyəsinin tənzimlənməsi.

 

Gələcək 30-40 illər ərzində səviyyənin qalxması ehtimalı nəticəsində su basmaya məruz qalan ərazinin sahəsinin ildə 2100-2400 ha və ümumi vəziyyətdə 130-160 min ha olması ehtimalı vardır. Aydındır ki, səviyyənin bu formada qalxması xoşagəlməz ekoloji şərait yaradacaqdır. Bu zaman Kür və Samur çaylarının deltalarında hidroloji və hidrogeoloji rejimlərində kəskin fərqlər də proqnozlaşdırılır. Bu zaman müasir deltaların strukturlarının dağılması, qrunt sularının səviyyəsinin qalxması gözlənilir. Bu hadisələrdə ekosistemin deqradasiyasına və torpaqların şoranlığına səbəb ola bilər.

 

Xəzər dənizinin səviyyəsi tərəddüdlərinin təsirinə məruz qalan 11 inzibati rayonu olan Bakı şəhəri və Sumqayıt şəhərini qeyd edə bilərik. Bu ərazilərdə ümumi respublika ərazisinin 18%-i təşkil edir və bu ərazilərdə 3 milyondan çox əhali yaşayır. 

 

Respublikanın Xəzər dənizinin sahilində yerləşən ərazilərində yaşayan əhalinin həyat şəraiti və məşğul olduqları təsərrüfat sahələri Azərbaycanın digər ərazilərindən fərqlənir. Xəzər sahili ərazilərdən maşınqayırma, metallurgiya, kimya sənayesi güclü inkişaf etmişdir. Azərbaycanın ümumi sənaye məhsulu istehsalının 2/3 hissəsi dənizin sahilində yerləşən ərazilərin payına düşür.

 

Dəniz sahili əraziləri boyunca respublika daxili və beynəlxalq əhəmiyyətli avtomobil və dəmir yolları yerləşmişdir. Bu ərazilərdə kənd təsərrüfatı da inkişaf etmişdir. Sahil ərazilər digər ərazilərdən kurort-rekreasiya resurslarına görə fərqlənirlər. Xəzər dənizinin ən böyük ticarət limanı və bərə keçidi Bakı şəhərində yerləşir. Xəzər sahili digər ölkələr ilə müqayisədə Azərbaycan Respublikasının sosial-iqtisadi həyatı Xəzər dənizindən daha çox asılıdır. Ölkənin iqtisadi inkişafı və ekoloji vəziyyəti Xəzər dənizinin səviyyəsindən asılıdır.

 

Cədvəl 7. Azərbaycanın dörd rayonlarında 1995-ci ildə müşahidə edilən su basan ərazilərin və 2030-2040-cı illərdə proqnozlaşdırılan su basacaq ərazilərin sahəsi.

Rayon: Sahil ərazilərin uzunluğu, km: 1995-ci ildə dənizin -26,5 m səviyyə qiymətində su altında qalan ərazilərin sahəsi, ha: 2030-2040-ci illərdə dənizin proqnozlaşdırılan -25,0 m səviyyə qiymətində su altında qalacaq ərazilərin sahəsi, ha:
Şimali sahil düzənliyi (Samur çayının mənsəbindən Abşeron yarımadasına qədər) 152 4230 12400
Abşeron yarımadası 290 3820 6010
Kür çayının deltası və Qızılağac körfəzi 208 37230 111800
Lənkəran-Astara zonası 87,7 3170 5980
Bütün Azərbaycan üzrə 738 48450 136190

 

Cədvəl 7-də Azərbaycanın 4 müxtəlif rayonlarında 1995-ci ildən dənizin -26,5 m səviyyə qiymətində su basan ərazilərin sahələri və 2030-2040-cı illərdə dənizin gözlənilən -25 m səviyyə qiymətində su basacaq ərazilərin sahəsi göstərilmişdir.

 

Xəzər dənizi səviyyəsinin -25 m qiymətinə qalxması sahil ərazilərində neft  və qaz hasilatı sahələrin su altında qalma ehtimalı vardır. Səviyyənin qalxması zamanı ciddi problemlər ilk növbədə Abşeron yarımadası sahillərində, Kür çayının mənsəbində, Abşeron arxipelağı adlarında, Neft Daşları kompleksində proqnozlaşdırılır. Alimlərin tədqiqatlarına əsasən Xəzər dənizinin səviyyəsi 2030-cu ilə 2040-ci illər arasında ən pis vəziyyətdə dənizin səviyyəsi -26 m və -25 m olması proqnozlaşdırılır. Dəniz səviyyəsi 150 sm qalxarsa respublika ərazisinin sahilində su altında qalan sahələr 136,2 min ha təşkil edəcək və bu vəziyyətdə ərazidə məskunlaşmaya və istirahət obyektlərinə ekoloji problemlər yarana bilər. Bu vəziyyətdə ərazilərdə Samur və Kür çaylarının deltasında hidroloji dəyişikliklər, qrunt sularının səviyyəsində qalxmalar və qrunt sularının minerallıqlarında artmalar və sahil ərazilərdə ekoloji pozuntular yarana bilər.

Müəllif
Sara Rəhimova
Sara Rəhimova
Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin Hidrometeorologiya ixtisası üzrə bakalavr və magistratura pillələrində təhsil alıb. Hazırda ətraf mühitin mühafizə edilməsi və işçi hüquqları qorunması sahəsində ictimai fəaliyyətini davam etdirir.

Paylaş