Azərbaycanda yeni məzun olanlar ən çox harda iş tapır? – İqtisad Universitetinin (UNEC) nümunəsində

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) bakalavr tələbə sayına görə ölkədə ən böyük üçüncü universitetdir. Dövlət Statistika Komitəsinin açıqladığı son rəqəmlərə görə, 2022-2023-cü təhsil ilində UNEC-də 13 min 611 bakalavr tələbəsi təhsil alıb. Lakin yeni məzun olan gənclərin iş tapmaqla bağlı çətinlikləri tez-tez qeyd olunur.  Bəs rəsmi rəqəmlər yeni məzunların işlə təminatı ilə bağlı nə göstərir?

 

Dövlət Məşğulluq Agentliyinin hazırladığı “Məzunların məşğulluq reytinqi” platformasında ölkənin 11 universitetindən məzun olan şəxslərin məzun olduqdan sonra rəsmi əmək müqaviləsi ilə işə qəbul olmaları ilə bağlı rəqəmlər yer alır. 2018-2021-ci illərdə həmin 11 universitetdən məzun olmuş və məlumatları sistemlə daxil edilmiş 45 min 649 nəfərin 56.8 faizinin rəsmi əmək müqaviləsi mövcuddur. Hesablama şəxslərin məzun olduqdan sonra iki il ərzində əmək müqaviləsi bağlayıb-bağlamadığı əsasında aparılıb.

 

İqtisad Universitetində tədris edilən ixtisaslar iqtisadiyyatın müxtəlif sahələri ilə birbaşa bağlı olduğundan, bu universitetin göstəriciləri müəyyən mənada ölkə iqtisadiyyatı və əmək bazarı haqqında da təsəvvürlər yaradır. Rəqəmlərə baxarkən nəzərə almaq lazımdır ki, əmək müqaviləsi olmayanların heç də hamısı işsiz deyil və onlar arasında qeyri-rəsmi çalışanlar, eləcə də sahibkarlıq fəaliyyətli ilə məşğul olanlar və ya ölkə xaricində olanlar ola bilər. Lakin, açıqlanan rəqəmlər hansı ixtisaslardan məzun olanların rəsmi əmək müqaviləsi ilə iş tapmaq imkanının nisbətən daha çox olduğunu göstərir.

 

Cədvəl 1: 2018-2021-ci illərdə UNEC-dən məzun olanlar arasında rəsmi əmək müqaviləsi ilə çalışanların sayı

2018 2019 2020 2021
Məzun sayı 2 737 2 716 2 960 2 993
İşlə təmin olunanların sayı 1 587 1 612 1 841 1 986
İşlə təmin olunma faizi 58% 59.4% 62.2% 66.4%

 

Cədvəl 1-dən göründüyü kimi, 2018-2021-ci illərdə UNEC-dən məzun olanların cəmi 61.5 faizinin əmək müqaviləsi mövcuddur. Son 4 il ərzində işlə təmin olunanların xüsusi çəkisində nisbi artım müşahidə edilir. Bu müddət ərzində işə qəbul olan 7026 nəfər ümumilikdə 3242 işəgötürən tərəfindən işə qəbul edilib. Məzun olduqdan sonra rəsmi əmək müqaviləsi ilə işləməyə başlayanların 87 faizi özəl sektorda, 13 faizi dövlət sektorunda çalışmaqdadır. 2018-2021-ci illərdə UNEC-dən məzun olan kişilər arasında işlə təmin olunma göstəricisi 59.6 faizə, qadınlar arasında isə 64.7 faizə bərabər olub.

 

Cədvəl 2: Məzun sayına görə UNEC-dəki Top-10 ixtisas üzrə işlə təmin olunma göstəricisi

 

İxtisas İşlə təmin olunan məzunların xüsusi çəkisi
Kommersiya 67.8%
Sənayenin təşkili və idarə olunması 67.1%
Mühasibat uçotu və audit 65.3%
Menecment 63.0%
İstehlak mallarının ekspertizası və marketinqi 62.8%
Maliyyə 61.3%
Qida məhsulları mühəndisliyi 61.0%
İqtisadiyyat 59.7%
Biznesin idarə edilməsi 58.6%
Dünya İqtisadiyyatı 57.8%

 

Rəqəmlərdən görünür ki, məzun sayına görə TOP-10 ixtisas arasında 2018-2021-ci illərdə ən çox kommersiya ixtisasına yiyələnənlər əmək müqaviləsi ilə işə qəbul olub. Ən aşağı göstərici Dünya iqtisadiyyatı ixtisası üzrə qeydə alınıb.

 

Cədvəl 3: UNEC məzunlarını ən çox işə qəbul edən işəgötürənlər:

İşəgötürən İşçi sayı (nəfər)
Kapital Bank 232
Unibank 136
Araz Supermarket 103
Azərbaycan Beynəlxalq Bankı 101
ABC-Telekom (Kontakt Home) 79
Express Bank 66
Yelo Bank 65
Dost İş Mərkəzi 58
Accessbank 58
Bravo Market 58

 

Cədvəl 3-dən göründüyü kimi, 2018-2021-ci illərdə UNEC-dən məzunları ən çox işə götürən ilk 10 şirkətin (qurumun) altısı banklardır. Ancaq, ilk onluqda 2 ərzaq və 1 elektronika mağazasının olması xüsusi diqqət çəkir. Bu şirkətlərin işəgötürənlər arasında ön sıralarda olması o deməkdir ki, məzunların heç də hamısı yüksək ixtisaslaşma tələb edən işlərdə çalışmır və ölkədə ali təhsilli satıcıların sayı kifayət qədər çoxdur. Bankların siyahıda çox yer tutması isə ölkədə maliyyə sektorundan kənar böyük şirkətlərin sayının məhdudluğunun göstəricisi hesab edilə bilər.

 

Cədvəl 4: 2018-2021-ci illərdə məzun olub əmək müqaviləsi ilə iş tapan UNEC məzunlarının əmək haqqı bölgüsü:

Kişi Qadın
500 manatadək 81.1% 81.4%
500-950 manat 15.6% 15.1%
951-1550 manat 2.3% 2.7%
1550 manatdan çox 1.0% 0.8%

 

Açıqlanan rəqəmlərdən aydın olur ki, iş tapan məzunların böyük hissəsi minimum əmək haqqı səviyyəsində gəlir əldə edir. Əmək müqaviləsi ilə çalışan UNEC məzunlarının 81 faizinin rəsmi əmək haqqısı 500 manatadəkdir. Rəsmi iş tapan 7026 nəfər məzundan cəmi 54 nəfərin rəsmi gross əmək haqqısı 1550 manatdan çoxdur. Bu göstərici həm də ölkədə yüksək gəlir imkanı olan iş yerlərinin sayının məhdudluğunun göstəricisidir.

Müəllif
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv müxtəlif sahələrdə fəaliyyət göstərən tədqiqatçılar və ekspertlər tərəfindən 2022-ci ildə qurulmuş müstəqil beyin mərkəzidir.

Paylaş