Elmi-tədqiqat | Rusiyaya qarşı sanksiyalar nəticəsində yaranan beynəlxalq sosial çağırışlar: Azərbaycan nümunəsi

Bu xülasə 21-23 oktyabr 2022-ci ildə Türkiyənin Antalya şəhərində Dil və Sosial Elmlər üzrə Avrasiya Konfransları tərəfindən təşkil olunmuş “İqtisadiyyat və Sosial Elmlər üzrə 8-ci Beynəlxalq Konfrans”-da təqdim edilmiş və müzakirə olunmuş original məqalə əsasında hazırlanıb.

 

2022-ci ilin fevralından etibarən Rusiyannın Ukraynaya hücumu ilə münaqişənin yeni hərbi mərhələsi, yəni müharibə başlayıb. Müharibənin yenidən başlaması ilə həm də Qərb ölkələri Rusiyaya çoxsaylı sanksiyalar tətbiq ediblər. Odur ki, mövcud vəziyyətin Rusiya və Ukrayna üçün birbaşa nəticələrindən başqa, bütün postsovet ölkələri üçün də təsirlərini görmək mümkündür. Çünki Qərbin Rusiyaya qarşı sanksiyaları postsovet regionunun iqtisadi inkişafını və əməkdaşlıq perspektivlərini əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Faktiki olaraq insan itkisi, fiziki infrastruktur dağıntısı və resursların yenidən, əsasən hərbi məqsədlər üçün bölüşdürülməsi baş verir. Bütün bunların fövqündə, Qərbin Rusiyaya tətbiq etdiyi silsilə sanksiya paketləri də Rusiya və ona qonşu olan ölkələr üçün yeni çağırışlar yaradır, çünki həm Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) idarəçiliyi dövründə, həm də müstəqillik qazandıqdan sonra bu ölkələr bir-biriləri ilə çox əhəmiyyətli dərəcədə iqtisadi-sosial inteqrasiya ediblər.

 

Azərbaycan Rusiyanın ən mühüm ticarət tərəfdaşlarından biri və qonşu ölkədir. Mütəmadi olaraq çox sayda azərbaycanlı iş tapmaq, təhsil almaq və ya digər işgüzar əlaqələr qurmaq üçün Rusiyanın müxtəlif şəhərlərinə gedir. Odur ki, müharibənin yenidən alovlanmasından sonra sanksiyaların Azərbaycanın sosial-iqtisadi həyatına mənfi təsir göstərə biləcəyi ilə bağlı ciddi narahatlıqlar var. Bunun əsas səbəbi Rusiyada yerli istehsalın azalması, kənd təsərrüfatı məhsullarının ixracının məhdudlaşdırılması, ticarət və nəqliyyat yollarının pozulmasıdır. Bütün bu amillərin fonunda vəziyyətin sosial təsiri də olduqca mühüm görünür. Məhz buna görə, sosial şəbəkələrdə və mediada yerli və xarici ekspertlər Azərbaycanı bundan sonra nələrin gözlədiyi haqda öz fikirlərini bölüşməyə başladılar. Hətta bu proses müharibənin hələ rəsmi olaraq başlamasından daha öncə, 2022-ci ilin fevral ayının ilk günlərindən etibarən özünü göstərirdi. 

 

Mövcud mütəxəssis fikirlərinin sistematik təhlili sanksiyaların Azərbaycan iqtisadiyyatına necə təsir etməsi baxımından olduqca dəyərli məlumat bazası təqdim edir. Həmin fikirləri keyfiyyət metodlarından biri olan tematik təhlil (TT) vasitəsi ilə təhlil etmək və müəyyən nəticələrə gəlmək mümkündür. Bunun üçün “International spillovers of social challenges as a result of sanctions against Russia: An evaluation of the Azerbaijani case (Rusiyaya qarşı sanksiyalar nəticəsində sosial problemlərin beynəlxalq yayılması: Azərbaycan nümunəsinin qiymətləndirilməsi)” başlıqlı tədqiqatda sosial-iqtisadi çağırşlara fokuslanaraq, 2022-ci ilin fevral və iyul ayları arasında sosial şəbəkələr (Facebook, Linkedn, YouTube) və media resurslarından toplanan 134 mütəxəssis rəyi TT vasitəsi ilə analiz olunub. 

 

Tematik təhlil keyfiyyət göstəriciləri, yaxud da məlumatları (ingilis dilində qualitative data) daxilində qanunauyğunluqları və ya mövzuları müəyyən etməklə məlumatların təhlili üsuludur. Əsasən psixologiya sahəsində çox müraciət olunan yanaşmadır və tez-tez müsahibə transkriptlərini, fokus qrup müzakirələrini və digər keyfiyyət məlumatlarını təhlil etmək üçün istifadə olunur. Bununla belə, TT digər sosial elm tədqiqatçıları, o cümlədən, artıq iqtisadçılar arasında da tez-tez müraciət olunan tədqiqat metoduna çevrilmişdir, çünki o keyfiyyət məlumatlarının təhlili üçün çevik və geniş tətbiq oluna bilir. Bu, tədqiqatçılara, verilənlər daxilində mövzu və ya mövzu qruplarını müəyyən etməyə və həmin mövzular kontekstində məlumatları şərh etməyə və anlamağa imkan verir. TT keyfiyyət tədqiqat metodlarına yeni başlayan və ya kiçik miqyaslı tədqiqat layihəsi üzərində işləyən tədqiqatçılar üçün yaxşı seçimdir. Azərbaycan iqtisadiyyatı ilə əlaqədar TT indiyə kimi bir o qədər də tətbiq olunmayıb. Odur ki, toplanılan mütəxəssis rəylərinin bu metodla təhlili innovativ xüsusiyyətinə görə cari ədəbiyyatı zənginləşdirir və aktual problemi daha yaxşı başa düşmək üçün bizə tədqiqat metodları arasında ən optimal olanı istifadə etmək baxımından təcrübə qazandırır.

 

Cari tədqiqatın ərsəyə gəlməsi üçün sosial şəbəkələrdə və digər internet resurslarda həm birbaşa müşahidə, həm də açar sözlər istifadə etməklə Rusiya və Ukrayna müharibəsinin Azərbaycana təsirinə dair (əsasən Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalar kontekstində) fikir bildirən ictimai fiqurların paylaşımları toplanılıb. Həmin şəxslərin mütəxəssislik statusu yoxlanılandan sonra müvafiq olaraq verilənlər bazasına daxil edilib. Aşağıda nəticələrin qısa xülasəsi təqdim edilib.  

 

TT üç mühüm sosial-iqtisadi mövzunu aşkara çıxardı: işçi qüvvəsi, xaricdən (Rusiyadan) pul köçürmələri və Rusiyadan olan asılılıq. Qısaca izah etsək, xaricdə yaşayan azərbaycanlılar (miqrantlar və ya ekspatlar), əsasən, Rusiyada özünə iş yeri tapan və ya bizneslə məşğul olan işçi qüvvəsini əmələ gətirir. Sanksiyaların təsiri nəticəsində mütəxəssislər arasında Rusiya rublunun devalvasiyası səbəbindən Azərbaycana pul köçürmələri axınına mənfi təsirlərin ola biləcəyinə dair böyük gözləntilər var. Beləliklə də, bu vəziyyət Rusiyada işləyən və yaşayan miqrantların daha çox sayda Azərbaycana qayıtması ehtimalını yaradır. Eləcə də, Rusiyada yaşayan azərbaycanlı işçi qüvvəsinin özü də bilavasitə bağlanan müəssisələr səbəbindən işsiz qala və yoxsullaşma həddinə düşə bilər. Nəhayət, mütəxəssislər həm də Azərbaycanda yerli əhalinin alıcılıq qabiliyyətinin – Rusiyada istehsalın azalması və ixrac məhdudiyyətlərindən sonra – kəskin qiymət artımı səbəbindən aşağı düşdüyü barədə xəbərdarlıqlar ediblər.

 

Sovet İttifaqının parçalanmasından sonra ayrı-ayrı keçmiş ittifaq ölkələri tamamilə öz başına qalmadılar. Onlar üçün iqtisadi artımı və inkişafı təmin etmək üçün bir-biri ilə, xüsusən də Rusiya ilə güclü ticarət və iqtisadi əlaqələr yaratmaq ən vacib şərt olaraq qalırdı. Lakin bu, yenə də postsovet ölkələrinin istər işçi qüvvəsi, istərsə də istehlak baxımından Rusiya bazarlarından asılı qalması demək idi. Mütəxəssislər dəfələrlə sosial şəbəkələrdə yenilənmiş Rusiya-Ukrayna müharibəsinin nümunəsində iddia edirlər ki, bu asılılıq kritik zamanlarda milli iqtisadiyyatlar üçün ciddi təhlükələr gətirə bilər. Məsələn, Azərbaycanın əsasən müxtəlif taxıl və bəzi digər hazır qida sənayesi məhsulları baxımından birbaşa Rusiyadan olan idxaldan asılı olması, qida təhlükəsizliyini təmin etməkdə böyük çətinliklər yaradır. 

 

Bu nəticələr onu göstərir ki, Qərbin Rusiyaya qarşı sanksiyaları nəticəsində Azərbaycan yeni sosial-iqtisadi reallıqlara davam edən hazırlıqları dəstəkləməlidir. İndi siyasətçilər və qərar vericilər üçün fövqəladə, yaxud da dərin sosial-iqtisadi böhran xarakterli vəziyyət olmasa belə, Azərbaycanın müharibədən və sanksiyalardan qaynaqlanan sosial problemlərini tez bir zamanda həll etmək üçün plana sahib olması olduqca əhəmiyyətlidir. Bu onun üçün vacibdir ki, Rusiyada yaşayan azərbaycanlılar orada qalıb-qalmamaqla əlaqədar fayda və xərc prinsipinə əsaslanan qiymətləndirməni hələ tam icra etmiş deyillər. Lakin bu proses 2023-cü ildə sürətlənə bilər, çünki müharibə hələ də davam edir. Məhz bu səbəbdən yaxın gələcəkdə daha da dərinləşdirilmiş tədqiqat metodları ilə cari fenomeni araşdırmaq böyük əhəmiyyət ərz edir.

 

Konfrans məqaləsinin tam və orijinal versiyası üçün keçid: https://www.econstor.eu/handle/10419/266623 

Müəllif
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv müxtəlif sahələrdə fəaliyyət göstərən tədqiqatçılar və ekspertlər tərəfindən 2022-ci ildə qurulmuş müstəqil beyin mərkəzidir.

Paylaş