Niyə Aqora?

“Aqora” sözü qədim yunan dilindən tərcümədə “bir araya gəlmək” mənası verir. Aqora ilə bağlı qeydlərə ilk dəfə Homerin İliada və Odisseya əsərində rast gəlinir. Əsərdə aqora həm yığıncaq, həm də yığıncaq yeri kimi təsvir olunur və ictimai məkan kimi işarələnir. Yunanlar aqoraya demokratik seçkilərdə səs vermək, teatr səhnəciklərinə və idman yarışlarına baxmaq, məhkəmə proseslərində iştirak etmək, yaxud dini ayinləri yerinə yetirmək üçün gəlirdilər. Burada tez-tez xalq şurası yığılırdı. Aqora həm də yunanların işgüzar görüş yeri sayılırdı. Burada elmi bəhslər, müzakirələr keçirilir, elm adamları, ziyalılar müxtəlif mövzuları əhatə edən mühazirələr oxuyur, filosoflar öz fikirlərini geniş kütləyə yaymaq şansı əldə edirdilər. Bu baxımdan, antik yunanın bir çox tədqiqatçıları hesab edir ki, qədim Yunanıstan mədəniyyətinin formalaşmasına və inkişafında Aqora ənənələrinin mühüm rolu olub.

 

 

Aqoranın ortaya çıxması birbaşa qədim yunan şəhər-dövlətlərinin yaranması ilə bağlı idi.  Yunanların Aralıq dənizi boyunca yerləşən bütün yaşayış məskənlərində aqoralara rast gəlmək mümkün idi. Aqora meydanı qədim yunanların bir növ ikinci evi sayılırdı. İctimai mövqeyindən, sosial statusundan, peşəsindən asılı olmayaraq, hər bir azad vətəndaş boş vaxt tapan kimi dərhal bu məkana baş çəkirdi. Aqora öncələr sadəcə açıq məkan olsa da, sonradan müxtəlif vətəndaş fəaliyyətləri üçün daimi əhəmiyyət daşıyan yerə çevrildi. Aqora bir ictimai məkan kimi siyasi, sosial, mədəni, iqtisadi və dini fəaliyyətlərin icra olunduğu yer idi. Bu baxımdan, aqorada çoxlu sayda tarixi əhəmiyyətli hadisələr baş verib, həm şəhərin, həm də, demosun taleyini həll edəcək məsələlər müzakirəyə çıxarılıb. Eyni zamanda, aqora icma ruhunun möhkəmlənməsinə xidmət edib.

 

Antik Yunanıstanda olduğu kimi, müasir dünyada da, tərəqqiyə və inkişafa nail olmaq üçün ictimai müzakirələr və ictimai məkanların mövcudluğu əhəmiyyətli rol oynayır. Bunlar olmadan elmi bəhsləri və mütərəqqi ideyaları digərlərinə yaya bilmək çətinləşir. Bu baxımdan, Agora – Analitik Kollektiv qədim yunan polislərindəki aqora ənənələrindən ilhamlanaraq, sosial və iqtisadi siyasət və sosial elmlərin digər istiqamətləri üzrə bilik yaratmağı və paylaşmağı hədəfləyir. Kollektivin fəaliyyət istiqamətlərinə araşdırmalar, siyasət analizləri, məqalələrin dərci, dataların vizuallaşdırılması, ictimai müzakirələrin və ictimai siyasətin analizi üzrə təlimlərin təşkili daxildir.

 

Biz dövlət siyasətinin hazırlanması prosesində iştirakçılıq mexanizmlərinin qurulmasını və məlumatlı cəmiyyətin qərarların qəbuluna təsir imkanları olmasını xəyal edirik. Aqora Analitik Kollektiv inanır ki, cəmiyyətin inkişaf və rifaha çatması üçün effektiv siyasət mexanizmləri mühüm rol oynayır. Kollektiv dövlət siyasət mexanizmlərini analiz edərək, mövcud çağırışları və trendləri üzə çıxararaq, araşdırmalarla yeni inkişaf perspektivlərinə diqqət çəkərək, mövcud çağırış və imkanların müxtəlif maraq qrupları ilə müzakirəsini təşkil edərək və yeni nəsil ekspertlərin formalaşmasına dəstək verərək cəmiyyətin inkişafına töhvə vermək arzusundadır. Kollektivin təşkilati prinsiplərinə müstəqillik, inkluzivlik və kollegiallıq daxildir.

Müəllif
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv müxtəlif sahələrdə fəaliyyət göstərən tədqiqatçılar və ekspertlər tərəfindən 2022-ci ildə qurulmuş müstəqil beyin mərkəzidir.

Paylaş