Keçid ədaləti konsepsiyası və onun münaqişə sonrası dönəmlərdə tədbiqi

2023-cü ilin sentyabrında keçirilən hərbi əməliyyat Azərbaycanın ərazi bütövlüyünün bərpası, qondarma Dağlıq Qarabağ respublikasının ləğv olunması və onun rəhbərliyinin saxlanılması ilə nəticələndi. Bu hadisələr bir tərəfdən Birinci və İkinci Qarabağ müharibəsi zamanı törədilmiş cinayətləri müzakirə etməyə, eyni zamanda keçid ədaləti mexanizmlərindən istifadə etməklə davamlı sülh nizamlanmasına doğru irəliləməyə yol açıb. Bu məqalə Azərbaycan akademik ədəbiyyatında yetərincə yer almayan, lakin olduqca vacib olan keçid ədaləti konsepsiyasını və onun əsas xüsusiyyətlərini müzakirə edir. 

 

Keçid ədaləti insan hüquqlarının pozuntusı və müharibə vaxtı törədilən cinayətləri aradan qaldırmaq, eləcə də barışığı təşviq etmək və münaqişədən sülhə keçidi asanlaşdırmağı nəzərdə tutan bir anlayışdır. Müharibə cinayətləri tribunalları kimi keçid ədaləti ilə bağlı bəzi tədbirlərin çox uzun tarixə malik olmasına baxmayaraq, bu terminin özü 1980-ci illərdən insan hüquqları pozuntuları törədən avtoritar idarəetmədən demokratiyaya keçən ölkələrin üzləşdiyi siyasi dilemmalara cavab olaraq işlənməyə başlamışdır. Davam edən siyasi transformasiyaların gücləndirilməsi üçün keçmiş rejimlərin sistematik hüquq pozuntularınıneffektiv şəkildə aradan qaldırılması geniş müzakirə olunurdu. Bu dəyişikliklər xalq arasında “demokratiyaya keçid” adlandırıldığı üçün, sonradan mütəxəssislər bu yeni multidissiplinar sahəni “keçid ədaləti” və ya “keçid dövründə ədalət” kimi terminlərlə adlandırmışdılar.

 

Hazırda keçid ədaləti konsepsiyası insan hüquqlarının pozulmasına və müharibə cinayətlərinə toxunan, eləcə də sülh, demokratiya, barışıq və münaqişədən sonrakı dönəmdə qanunun aliliyinin bərqərar olmasına yönələn multidissiplinar bir sahə kimi geniş tanınır. Bu termin, etnik təmizləmə və müharibələrin digər mənfi nəticələri ilə mübarizə aparmaq üçün müəyyən tədbirləri əhatə edir və bir neçə yolla münaqişə içində yaşayan icmalar və cəmiyyətlər arasında barışığın qurulmasına töhfə verir.

 

Keçid ədalətin əsas istiqamətlərindən biri həqiqəti ortaya çıxarmaq prosesidir. Bu proseslərin sayəsində müharibə və rejim qurbanları, bəzi hallarda isə müharibə və rejim cinayətkarları da öz təcrübələrini bölüşüb, cəmiyyətdə keçmiş cinayətlərin miqyasını başa düşməyə imkan yaradır. Bu cür fəaliyyət qurbanlar, cinayətkarlar və digər tərəflər də daxil olmaqla, cəmiyyətin müxtəlif qruplarını bir araya gətirərək, milli və icmalararası dialoqlarda iştirak etməyi nəzərdə tutur. Tarixin həqiqətlərini öyrənmək hər tərəf üçün qəbul olunan ortaq tarixin yazılmasına imkan yaradır, bu isə öz növbəsində barışıq üçün olduqca vacib olan bir addımdır. Eyni zamanda, milli və icmalararası səviyyədə təşkil olunan dialoqlar qarşılıqlı anlaşma və şəfqət, müxtəlif icma üzvləri arasında etimadı qurmağa kömək edə bilər.

 

Keçid ədalətin digər istiqaməti müharibə cinayətlərinin və insan hüquqlarının pozulmasında səbəbkar olan şəxslərin ədalətli hüquqi proses vasitəsilə məsuliyyətə cəlb edilməsini nəzərdə tutur. Bu, müharibə və totalitar/avtoritar rejim qurbanlarına (və ya onların ailə üzvləri və yaxınlarına) barışıq üçün çox vacib olan ədalət hissini tapmağa kömək edib, eyni zamanda cəmiyyətdə hər hansısa cəzasızlığa yol verilməyəcəyinə dair güclü mesaj verə bilər. Adətən, bu istiqamətdə dövlətlər kütləvi və ya sistematik cinayətlərdə ən çox məsuliyyət daşıyanların araşdırılmasına əhəmiyyət verir. Bəzi hallarda keçid ədaləti prosesində məhkəmə ilə əməkdaşlıq etməyə hazır olan aşağı səviyyəli cinayətkarlar üçün əfv qərarı nəzərdə tutula bilər. Bu, nə qədər mübahisəli məsələ olsa da, fərdlərin barışığın və ədalətin qurulmasında kömək etməyə təşviq etmək üçün praqmatik bir yanaşma kimi dünyanın bir çox nümunələrində özünü doğruldub. Digər tərəfdən də, bütün aşağı səviyyəli cinayətkarların təqibi, onların sayı çox olduğu hallarda qeyri-mümkün olub, cəmiyyətdəki sabitliyi poza bilər.

 

Keçid ədalətinin digər istiqamətlərindən biri olan təzminat proqramları, müharibə və rejim qurbanları üçün yaşanmış zorakılığın maddi və mənəvi nəticələrinin geniş miqyasda bərpasına töhfə vermək məqsədi daşıyır. Bu cür proqramlar adətən qurbanların ləyaqətini və rifahını bərpa etmək üçün onlara bəzi maddi və simvolik mənfəətlərin paylamalarını əhatə edir. Buraya kompensasiya, səhiyyə, təhsil və digər sahələrdə dəstək formaları daxil ola bilər. Təzminatlar vurulan zərəri etiraf etməklə və onun aradan qaldırılması üçün çalışmaqla barışığın və ədalət hissinin qurulmasında kömək edə bilər.

 

Avtoritar idarəetmədən demokratiyaya keçid zamanı keçid ədaləti həm də insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyan institutların islahatdan keçməsini ehtiva edir. Ordu, polis, məhkəmə və digər dövlət qurumlarının repressiya və korrupsiya alətlərindən vətəndaşa xidmət edən ədalət alətlərinə çevrilməsi bu qurumlara inamın yaradılmasına kömək edib, ictimaiyyəti belə sui-istifadələrin təkrarlanmayacağına əmin etməklə barışığa töhfə verə bilər.

 

Son olaraq, keçid ədaləti, keçmiş cinayətlərin təkrarlanmasına qarşı və müharibə və ya rejim qurbanlarının ictimai yaddaşda qorunması üçün müəyyən vasitələrin yaranmasını nəzərdə tutur. Bu tədbirlər müharibə zamanı və ya dövlət tərəfindən törədilmiş cinayətlər tarixinə, eləcə də cinayətlərin qurbanlarına həsr olunmuş muzeylər, memoriallar, məktəblərdə mövzularla bağlı fəaliyyətləri əhatə edir. 

 

Yuxarıdakı tədbirlərdən birinin digər tədbirlərdən təcrid olunmuş şəkildə tətbiq edilməsi uğursuz nəticələrə gətirə bilər. Məsələn, həqiqəti ortaya çıxarmadan və ya institusional islahat olmadan, müharibə cinayətkarlarının məhdud sayda cəzalandırılması siyasi qisas kimi görünərək, öz əhəmiyyətini itirə bilər. Daha dərin tədbirlərin tətbiqi olmadan, cinayət qurbanlarının ictimai yaddaşda qorunması fəaliyyətləri yetərsiz və qeyri-səmimi görünə bilər. Digər keçid ədaləti tədbirlərinə bağlanmadan, təzminat qərarı cinayət qurbanlarının susqunluğunu və ya razılığını almaq cəhdi kimi qəbul edilə bilər. Buna görə, tədbirlərin tətbiq olunmasında bir neçə amillər, o cümlədən münaqişə və cinayətlərin xüsusiyyəti, siyasi kontekst, eləcə də sosial-iqtisadi problemlər nəzərə alınmalıdır. Kontekstdən asılı olmayaraq, keçid ədaləti mühakiməsi proseslərində müharibə və ya rejim qurbanlarının mərkəziliyi prioritet olaraq qalmalıdır, lakin bu tədbirlər təkcə qurbanların ləyaqət və ədalət hissinin bərpası deyil, həm də gələcəkdə oxşar qurbanlığın qarşısını almağa yönəldilməlidir.  Effektiv olması üçün keçid ədaləti hərtərəfli olmalı, bir-birini tamamlayan və gücləndirən bir neçə təşəbbüsləri əhatə etməlidir.

 

Azərbaycanda keçid ədaləti ilk növbədə Dağlıq Qarabağ münaqişəsi, eləcə də kommunist rejiminin qurbanları üçün ədalətin bərpası və keçmişdə törədilmiş cinayətlərin təkrarlanmaması üçün müəyyən tədbirlərin görülməsini nəzərdə tutur. Münaqişə kontekstində, keçid ədaləti Xocalı qətliamına və digər müharibə cinayətlərinə görə məsuliyyət daşıyan şəxsləri mühakimə etmək üçün Beynəlxalq Cinayət Məhkəməsi (ICC) və ya digər beynəlxalq hüquqi mexanizmləri əhatə etməlidir. Bu və digər tədbirlər gələcəkdə barışıq addımlarının qurulmasında mühüm rol oynaya bilər. Məsələn, həm Ermənistan, həm də Azərbaycan nümayəndələrindən ibarət qərəzsiz münaqişə tarixi komissiyası insan haqları pozuntularını, müharibə cinayətlərini və hər iki tərəfin çəkdiyi ədalətsizlikləri araşdırıb sənədləşdirə bilərdi. Bu tapıntıların ictimaiyyət tərəfindən qəbul edilməsi, təhsil proqramları və xatirə abidələrinin yaradılması ilə yanaşı, tarixi narazılıqları azaltmağa və barışığa kömək edə bilər. Azərbaycanda mövzunun ictimaiyyətdə daha geniş müzakirəsi bu istiqamətdə yeni fəaliyyətlərə təkan verib, bölgədə davamlı sülhün qurulmasında mühüm rol oynaya bilər. Bu prosesdə həm hökümətlərin, həm də yerli tədqiqatçıların, ictimai fəalların və vətəndaş cəmiyyətlərinin gələcək fəaliyyəti olduqca vacibdir.

Müəllif
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv müxtəlif sahələrdə fəaliyyət göstərən tədqiqatçılar və ekspertlər tərəfindən 2022-ci ildə qurulmuş müstəqil beyin mərkəzidir.

Paylaş