Azərbaycan kanalları ən çox hansı məzmunlu verilişlər yayımlayır?

Audiovizual Şura 2023-cü ilin noyabr ayı ərzində ümumölkə televiziya yayımçılarının efirində yayımlanmış proqramların məzmunu ilə bağlı göstəriciləri açıqlayıb. Proqram bölgüsü səhər 07:00-dan gecə 01:00 aralığında yayımlanan proqramları əhatə edib. Qurumun monitorinqi AZTV, İTV, İdman TV, Mədəniyyət TV, ATV, Space TV, Xəzər TV, ARB, ARB24, CBC SPORT, REAL TV kanallarını əhatə edib.

 

Agora – Analitik Kollektiv Audiovizual Şuranın açıqladığı göstəricilər əsasında Azərbaycanın telekanallarında ən çox hansı məzmunlu proqramlara yer verildiyini təhlil edib.

 

Cədvəl 1: 2023-cü ilin noyabr ayı ərzində ümumölkə televiziya yayımçılarının efirində yayımlanmış proqramların məzmununa görə bölgüsü

 

Janr Xüsusi çəkisi
İnformasiya və analitik 25,0%
Reklam 16,6%
İdman 15,3%
Musiqi və əyləncə 12,1%
Mədəni-maarif 9,7%
Sosial yönümlü 5,7%
Bədii filmlər (xarici) 3,9%
Anons və elan 3,4%
Seriallar (xarici) 2,0%
Sənədli filmlər 1,9%
Seriallar (yerli) 1,5%
Sosial reklam 0,8%
Bədii filmlər (yerli) 0,6%
Cizgi film 0,6%
Teleticarət 0,5%
Uşaq 0,4%

 

Xəbərlər, mədəni-maarif və sosial yönümlü proqramlar

 

Monitorinq aparılan 11 telekanalın toplam nəticələrinin analizi göstərir ki, bütün ölkə ərazisində yayımlanan kanalların ümumi ən çox paya sahib olan janr xəbərlər və analitika ilə bağlı proqramlardır. Yerli telekanalların ümumi yayınının dörtdə biri məhz bu istiqamətdidir. Ən çox paya sahib olan ikinci istiqamət reklamlar (16.6%), üçüncü istiqamət isə idmandır. (15.3%) Bütün telekanallar üzrə efirdə 10 faizdən artıq paya sahib olan digərləri isə musiqi və əyləncə janrında olan proqramlardır.

 

Yerli telekanalların proqramlarının məzmunları ilə bağlı açıqlanan göstəriciləri janrlar və ayrı-ayrı telekanallar üzrə gözdən keçirdikdə daha aydın mənzərə formalaşır.

 

Cədvəl 2: 2023-cü ilin noyabr ayı ərzində ümumölkə televiziya yayımçılarının efirində yayımlanmış “İnformasiya və analitik”, “Mədəni-maarif” və “sosial yönümlü” proqramların xüsusi çəkisi

 Telekanal İnformasiya və analitik Mədəni-maarif Sosial yönümlü Üç istiqamət üzrə toplam
ARB24 TV 79,80% 3,10% 0% 82,90%
REAL TV 61,60% 6,20% 0,10% 67,90%
AZTV 43,80% 7,20% 0% 51%
İTV 25,50% 21,90% 0,30% 47,70%
ATV 15% 14,00% 15,50% 44,50%
Space TV 12,70% 11,10% 18,50% 42,30%
Xəzər TV 15,90% 10,50% 12,20% 38,60%
ARB TV 12,90% 5,80% 16,40% 35,10%
Mədəniyyət TV 5,40% 15,00% 0% 20,40%
CBC Sport TV 0,90% 4,70% 0% 5,60%
İdman TV 0,50% 3% 0% 3,00%

 

Cədvəl 2-dən göründüyü kimi, informasiya və analitik formatda olan verilişlərə efirində ən çox yer verən telekanallar sırf xəbər istiqaməti üzrə ixtisaslaşan ARB24 və REAL TV-dir. Bir istiqamət üzrə ixtisaslaşan İdman TV, CBC SPORT TV və Mədəniyyət TV-ni nəzərə almasaq, informasiya və analitika janrında olan proqramların efirində ən az paya sahib olduğu telekanal Space TV-dir. 11 telekanalın hamısında informasiya və analitika janrında ən azı bir proqram yayımlanır.

 

Mədəni-maarif janrında olan proqramların efirində ən çox paya sahib olduğu telekanal İctimai Televiziya və Mədəniyyət TV, ən az paya sahib olduğu (bir istiqamətə ixtisaslaşmamış) telekanal isə ARB24 televiziyasıdır. 11 telekanalın hamısında mədəni-maarif sahəsində ən azı bir proqram yayımlanır.

 

Sosial yönümlü proqramlar 11 telekanalın altısında mövcuddur. Digər beş telekanalda bu janrda veriliş yayımlanmır. Sosial yönümlü proqramların efirində ən çox paya sahib olduğu telekanal Space TV-dir.

 

Musiqi və əyləncə

 

Musiqi və əyləncə xarakterli verilişlər idman və xəbər üzrə ixtisaslaşan telekanalları nəzərə almasaq, Azərbaycan kanallarında əhəmiyyətli efir payına sahibdir.

 

Cədvəl 3: 2023-cü ilin noyabr ayı ərzində ümumölkə televiziya yayımçılarının efirində yayımlanmış musiqi və əyləncə xarakterli verilişlərin xüsusi çəkisi

 

Telekanallar Musiqi və əyləncə
Mədəniyyət TV 37,4%
ARB TV 24,0%
Space TV 19,4%
Xəzər TV 19,4%
ATV 18,5%
İTV 8,7%
AZTV 5,8%
ARB24 TV 0,3%
CBC Sport TV 0,3%
İdman TV 0,0%
REAL TV 0,0%

 

İdman və xəbərlər üzrə ixtisaslaşan kanalları nəzərə almasaq digər bütün kanallarda musiqi və əyləncə janrında proqramlar göstərilir. Bu istiqamətdə ixtisaslaşan Mədəniyyət TV-ni nəzərə almasaq ölkədə musiqi və əyləncəyə efirdə ən çox pay ayıran kanal ARB TV-dir (24%) Space, Xəzər və ATV kanalları da efirinin 20 faizinə yaxınını musiqi və əyləncəyə ayırır.

 

Filmlər

 

Monitorinqin nəticələri göstərir ki, ümumölkə yayımında olan 11 telekanalın hamısının efirində ay ərzində ən azı bir janrda filmlər nümayiş etdirilib. Noyabr ayında telekanallarda yayımlanan filmlər beş istiqamət üzrə təsnifləşdirilib: sənədli filmlər, yerli və xarici bədii filmlər və yerli və xarici seriallar.

 

Cədvəl 4: 2023-cü ilin noyabr ayı ərzində ümumölkə televiziya yayımçılarının efirində yayımlanmış müxtəlif janrlı fimlərin xüsusi çəkisi

 

Telekanal Sənədli filmlər Bədii filmlər (yerli) Bədii filmlər (xarici) Seriallar (yerli) Seriallar (xarici) Toplam film məzmunu
İTV 1,6% 1,4% 8,3% 0,9% 6,1% 18,3%
AZTV 5,1% 1,8% 5,0% 0,0% 6,1% 18,0%
ATV 0,9% 0,7% 5,9% 7,4% 0,0% 14,9%
Mədəniyyət TV 6,8% 0,5% 0,0% 0,0% 6,8% 14,1%
Xəzər TV 0,9% 1,1% 4,6% 4,6% 1,8% 13,0%
ARB TV 0,1% 0,8% 6,8% 3,9% 1,2% 12,8%
Space TV 0,3% 1,6% 7,4% 0,3% 0,0% 9,6%
İdman TV 2,9% 0,1% 5,1% 0,0% 0,0% 8,1%
REAL TV 1,8% 0,0% 0,0% 0,0% 0,0% 1,8%
ARB24 TV 1,0% 0,0% 0,0% 0,0% 0,0% 1,0%
CBC Sport TV 0,1% 0,0% 0,0% 0,0% 0,0% 0,1%

 

Cədvəl 4-də qeyd olunduğu kimi, ümumölkə yayımında olan 11 kanalın hamısında ay ərzində ən azı bir dəfə sənədli film yayımlanıb. Sənədli filmlərin efirdə ən çox paya sahib olduğu ilk iki telekanal Mədəniyyət TV (6.8%) və AZTV-dir. (5.1%) Bu tip filmlərə efirində ən az yer verən ixtisaslaşmamış kanal isə telekanal isə ARB-dir. (0.1%)

 

Yerli bədii filmlər ay ərzində 11 telekanaldan səkkizində yayımlanıb. Yerli bədii filmlərə efirində ən çox yer ayıran telekanal Azərbaycan Televiziyasıdır (1.8%). Bir istiqamətdə ixtisaslaşan kanalları nəzərə almasaq, efirdə yerli bədii filmlərə ən az pay ATV-də ayrılıb (0.7%).

 

Xarici bədii filmlər isə ay ərzində 11 telekanalın yeddisinin efirində yayımlanıb. Xarici bədii filmlərin efirdə payı yerli filmlərlə müqayisədə bir neçə dəfə daha yüksəkdir. Efirində xarici bədii filmlərə ən çox yer ayıram telekanal İTV-dir (8.3%). Noyabr ayında xarici bədii filmlərə efirdə ən az yer verən telekanal Xəzər TV olub (4.6%).

 

2023-cü ilin noyabr ayında ümumölkə yayımında olan telekanalların beşində yerli serial yayımlanıb. Onların cəmi üçündə yerli serialların payı 1%-i ötür. Yerli serialların ən çox göstərildiyi telekanal ATV-dir (7.4%). Ay ərzində xarici teleserial yayımlanan kanalların sayı da beşdir. Mədəniyyət TV-nin efirində xarici teleserialların payı 6.8%-ə, İTV və AZTV-də isə 6.1%-ə bərabərdir.

 

Bütün film janrlarını birlikdə nəzərə alsaq, ölkə telekanalları arasında efirdə ən çox film göstərən telekanallar büdcədən maliyyələşən İTV (18.3%) və AZTV-dir (18%). Bir istiqamətdə ixtisaslaşan kanallar nəzərə alınmasa, filmlər ən çox Space TV-nin efirində yayımlanır (9.6%).

 

Reklamlar

 

Audiovizual şura tərəfindən aparılan monitorinqdə telekanallarda reklam xarakterli yayıma nə qədər yer ayırılması da ölçülüb. Açıqlanan rəqəmlərdən görünür ki, efirində reklamlara ən çox yer ayıram telekanal REAL TV-dir. Burada efirin dörtdə biri reklamdan ibarətdir. Reklamların efirdə 20%-dən yüksək paya sahib olduğu digər telekanallar isə Xəzər TV və Space TV-dir. Ümumi efirdə reklamın ən az yer tutduğu telekanal isə İctimai Televiziyadır (9.2%).

 

Azərbaycandakı 11 telekanalın hər birində həmçinin sosial reklamlar yayımlanır. Sosial reklamlara ən çox yer verilən Telekanal Mədəniyyət TV-dir. (2.9%) Bu tip rekların efirində ən az paya sahib olduğukanallar isə dövlətə məxsus AZTV və ATV kanalıdır (0.1%).

 

Cədvəl 5: 2023-cü ilin noyabr ayı ərzində ümumölkə televiziya yayımçılarının efirində yayımlanmış müxtəlif xarakterli reklamların xüsusi çəkisi

Telekanallar Reklam Sosial reklam Anons və elan Teleticarət Toplam reklam
ARB TV 19,2% 0,3% 5,5% 3,1% 28,1%
REAL TV 25,7% 0,5% 0,5% 0,9% 27,6%
Mədəniyyət TV 19,2% 2,9% 4,4% 0% 26,5%
Xəzər TV 20,1% 0,7% 5,3% 0,1% 26,2%
Space TV 20% 0,5% 5,0% 0,5% 26%
AZTV 18,7% 0,1% 6% 0% 24,3%
ATV 17,7% 0,1% 2,0% 0% 19,8%
İdman TV 12,4% 0,7% 2,7% 0% 15,8%
CBC Sport TV 9,8% 1,8% 2,9% 1,2% 15,7%
ARB24 TV 10,9% 1,1% 1,4% 0% 13,4%
İTV 9,2% 0,3% 2,4% 0% 11,9%

 

Anons və elanlar isə ümumölkə yayımı edən telekanallar arasında ən çox AZTV-də paya sahibdir. Dövlət televiziyasında efirin 6%-i məhz anons və elanlardır. Anons və elanların ümumi efirdə ən az paya sahib olduğu telekanal isə REAL TV-dir (0.5%).

 

Adıçəkilən 11 telekanalın beşində teleticarət formatlı proqramlara da yer verilir. Bu tip proqramlara efirdə ən çox yer verilən telekanal ARB TV-dir. Bu kanalın efirinin 3.1%-i məhz teleticarət xarakterli verilişlərlərlə bağlıdır.

 

Bütün növ reklam xarakterli yayımları birlikdə gözdən keçirdikdə bəlli olur ki, ölkədə efirində ən çox reklam yayımlanan telekanal ARB TV-dir. Bu kanalın aylıq efirində reklam xarakterli yayımların toplam payı 28.1%-dir. Reklam xarakterli yayımın efirdə ən az paya sahib olduğu telekanal isə İTV-dir (11.9%).

 

Uşaqlar

 

Kanalların cəmi  beşində uşalarla bağlı proqram yayımlanır. Cizgi film nümayiş etdirən telekanal sayı isə üçdür.

 

Cədvəl 6: 2023-cü ilin noyabr ayı ərzində ümumölkə televiziya yayımçılarının efirində yayımlanmış uşaqlar üçün məzmunun xüsusi çəkisi

Telekanallar Uşaq Cizgi film Toplam uşaq kontenti
İTV 0,7% 5,0% 5,7%
Xəzər TV 1,2% 1,1% 2,3%
Space TV 0,7% 0,9% 1,6%
ATV 1,2% 0,0% 1,2%
Mədəniyyət TV 0,9% 0,0% 0,9%
ARB TV 0,0% 0,0% 0,0%
AZTV 0,0% 0,0% 0,0%
ARB24 TV 0,0% 0,0% 0,0%
CBC Sport TV 0,0% 0,0% 0,0%
İdman TV 0,0% 0,0% 0,0%
REAL TV 0,0% 0,0% 0,0%

Cədvəl 6-dan göründüyü kimi, efirində uşaqlarla bağlı məzmuna ən çox yer ayıran telekanal İctimai Televiziyadır. (5.7%)

 

İdman

 

İdmanla bağlı proqramlar da Azərbaycan telekanallarının efirində əhəmiyyətli paya sahibdir. 11 ümumölkə yayımçısından onunda ay ərzində idmanla bağlı proqram yayımlanıb.

 

Cədvəl 7: 2023-cü ilin noyabr ayı ərzində ümumölkə televiziya yayımçılarının efirində yayımlanmış idman proqramlarının  xüsusi çəkisi

Telekanallar  İdman proqramlarının xüsusi çəkisi
CBC Sport TV 78,3%
İdman TV 73,1%
İTV 7,5%
REAL TV 2,7%
ARB24 TV 2,4%
Space TV 1,1%
ATV 1,1%
AZTV 0,9%
Mədəniyyət TV 0,7%
Xəzər TV 0,5%
ARB TV 0,0%

 

Cədvəl 7-dən göründüyü kimi, efirində idmanla bağlı məzmuna ən çox yer ayıran telekanallar sırf idman istiqamətində ixtisaslaşan CBC SPORT və İdman Azərbaycan telekanallarıdır. Bu kanallardan sonra idmanla bğalı veirlişlərin efirində ən çox paya sahib olduğu telekanal isə İctimai Televiziyadır. Monitorinq aparılan 11 telekanaldan sadəcə ARB televiziyası ay ərzində idmanla bağlı heç bir proqram yayımlamayıb.

Müəllif
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv müxtəlif sahələrdə fəaliyyət göstərən tədqiqatçılar və ekspertlər tərəfindən 2022-ci ildə qurulmuş müstəqil beyin mərkəzidir.

Paylaş