İzah | 2023-cü ilin dövlət büdcəsində nə necə dəyişir?

30 May tarixində Maliyyə Nazirliyi açıqlama yayıb bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsi göndərilib. İyunun 16-sında dövlət büdcəsi haqqında qanuna dəyişiklik layihəsi Milli Məclisdə III oxunuşda təsdiqlənib.

 

Rəsmi açıqlamaya görə, dövlət büdcəsinə yenidən baxılmasını şərtləndirən amillər aşağıdakılardır:

 

–                 “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”-nın icrasının sürətləndirilməsi;

–                 Azərbaycan Silahlı Qüvvələrinin müdafiə qabiliyyətinin artırılması, ölkənin sərhədlərinin möhkəmləndirilməsi, ölkə daxilində və xaricində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, dünyada gedən geosiyasi proseslərə, artan təhdidlərə və təhlükələrə, habelə qonşu dövlətlər tərəfindən Azərbaycan Respublikasına qarşı baş qaldıra biləcək istənilən  təhdidin qarşısının alınması üçün hazırlıq səviyyəsinin yüksəldilməsi;

–                 Beynəlxalq yardım proqramları və beynəlxalq müqavilələr üzrə imzalanmış öhdəliklərin qarşılanması;

–                 Dövlət borcunun idarə edilməsi üzrə yeni yanaşmanın tətbiqi.

 

Büdcə niyə dəyişir?

 

Dövlət büdcəsinin gəlir və xərclərinin artırılmasına imkan yaradan əsas amil bu il ərzində dövlət büdcəsinə gözləniləndən daha çox gəlirin daxil olmasıdır. Maliyyə Nazirliyinin açıqlamasına görə, bu ilin ilk dörd ayı ərzində dövlət büdcəsinin gəlirləri 11 milyard 474 milyon manat proqnoza qarşı 12 milyard 165 milyon manat olub. Yəni, büdcənin real gəlirləri proqnozu 691 milyon manat və ya 6 faiz qabaqlayıb. Dövlət büdcəsinin gəlirlərinin 47%-i neft-qaz sektoru hesabına formalaşıb.

 

2023-cü ilin dörd ayında dövlət büdcəsi xərclərinin 8 milyard 322 milyon manat proqnoza qarşı 8 milyard 930 milyon manat, yəni, proqnozdan 7.3% çox icra edilməsinə baxmayaraq, dövlət büdcəsində 3 milyard 235 milyon manat profisit qeydə alınıb.

 

Hökümətin gəlirini artıran amillər

 

2023-cü il ərzində neft qiymətləri hökumətin proqnozundan 72% daha yüksək olub. Belə ki, 2023-cü il dövlət büdcəsi hazırlanarkən, neftin 1 barelinin orta satış qiyməti 50 dollar olaraq hesablanmışdı. Rəsmi açıqlamaya görə, bu ilin ilk 4 ayı ərzində Azərbaycan neftinin orta satış qiyməti 85.8 dollara bərabər olub. Bunu nəzərə alaraq, büdcəyə dəyişikliklərdən sonra 2023-cü ildə neftin bir barelinin orta satış qiyməti 10 dollar artırılaraq 60 dollardan hesablanmağa başlayıb.

 

Cədvəl 1: 2018-2023-cü illər ərzində Azərbaycan neftinin orta satış qiyməti

 

İl Orta qiymət (dollar)
2023* 85.8
2022 103.6
2021 71.6
2020 43.7
2019 66.8
2018 73.3

*İlk 4 ay

 

Enerji qiymətləri ilə yanaşı, inflyasiyanın yüksək olması da hökumətin proqnozdan artıq vəsait əldə etməsinə imkan yaradır. Hesablama Palatasının 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı rəyində bildirilir ki, ötən ilin dövlət büdcəsinin gəlirlərinin 5 milyard 655 milyon manatlıq hissəsi Dövlət Gömrük Komitəsi tərəfindən təmin edilib. Gömrük orqanlarının xətti ilə əldə edilən gəlir proqnozdan 1 milyard manat və ya 22.8 faiz yüksək olub. Palatanın hesablamalarına görə, ötən il ölkəyə idxal edilən məhsullar üzrə bahalaşma 20 faizi ötüb, Gömrük Komitəsinin il ərzində topladığı vəsaitin 17%-i, yəni, təxminən 961 milyon manatı məhz inflyasiyanın artmasına görə formalaşıb. Başqa sözlə, inflyasiyanın yüksək olması dövlət büdcəsinə gömrük rüsumları hesabına proqnozdan 961 milyon manat çox gəlir gətirib. Çünki, gömrük rüsumları idxal edilən məhsulun dəyərinə əsasən faiz nisbəti ilə hesablanır. Məhsulun dəyərinin artması gömrük rüsumunun da artmasına səbəb olur.

 

Büdcənin gəlirləri necə dəyişir?

 

Maliyyə Nazirliyinin açıqladığı yeni büdcə layihəsində 2023-cü ilin dövlət büdcəsinin gəlirlərinin 30 milyard 774 milyon manatdan 33 milyard 780 milyon manata yüksəldilməsi nəzərdə tutulur. Bu, büdcənin gəlirlər hissəsinin 3 milyard 6 milyon manat (9.8%) artırılması deməkdir.

 

Hökumət 3 milyard manatlıq artıq gəlirləri aşağıdakı mənbələr hesabına təmin etməyi hədəfləyir:

 

  1. Əlavə qeyri-neft gəlirləri hesabına – 1 milyard 563 milyon manat
  2. Əlavə neft gəlirləri hesabına – 1 milyard 443 milyon manat (Bu vəsaitin 458 milyon manat Neft Fondundan büdcəyə transferlərin artırılması hesabına təmin ediləcək)
  3. Dövlət büdcəsinin bəzi xərclərinin optimallaşdırılması və xərcləri arasında yerdəyişmə – 1 milyard 123  milyon manat.
  4. Dövlət borclanması və özəlləşdirmədən daxil olmalar – 210 milyon manat

 

Artırılan gəlirlər hansı istiqamətlərə xərclənəcək?

 

Açıqlanan göstəricilərdən məlum olur ki, hökumət artan büdcə gəlirlərini əsasən Qarabağdakı yenidənqurma işlərinə sərf edəcək. Ötən ilin sonunda 2023-cü ilin dövlət büdcəsi hazırlanarkən il ərzində işğaldan azad edilmiş ərazilərin bərpasına 3 milyard manat ayrılması nəzərdə tutulmuşdu. Dəyişikliklərdən sonra bu vəsait daha 2 milyard 260 milyon manat artırılıb və 5 milyard 260 milyon manata çatdırılıb.

 

Cədvəl 2: 2021-2023-cü illərdə dövlət büdcəsindən Qarabağın bərpasına ayrılan vəsait

İl Ayrılan vəsait (manatla)
2023 5 milyard 260 milyon
2022 2 milyard 670 milyon
2021 2 milyard 200 milyon

 

 

Cədvəl 2-dən göründüyü kimi, Azərbaycanın dövlət büdcəsində Qarabağın bərpasına 2021-ci ildən etibarən vəsait ayrılmağa başlanıb və son üç ildə dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərin bərpası üçün toplam 10 milyard 130 milyon manat nəzərdə tutulub. Lakin, hesablama palatasının dövlət büdcəsinin icrası ilə bağlı rəyində qeyd edilir ki, büdcədən digər istiqamətlərə ayrılan vəsaitlərin də bir hissəsi Qarabağdakı bərpa işlərinə sərf edilib.

 

Məsələn, dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri hesabına ötən il bölgəyə daha 467 milyon manat vəsait ayırılıb. Bu əlavə vəsait 17 layihənin maliyyələşdirilməsinə sərf edilib. Həmin 17 layihənin on beşini Avtomobil Yolları Dövlət Agentliyi, ikisini isə “Azərbaycan Dəmir Yolları” QSC icra edib. Dövlət Büdcəsinin Ehtiyat Fondu hesabına da, Qarabağdakı yenidənqurma işlərinə vəsait cəlb edilib. Bu mənbə hesabına təmin edilən maliyyələşmənin toplam həcmi təxminən 1 milyard 80 milyon manata bərabər olub. O deməkdir ki, 2022-ci ildə Dövlət Büdcəsinin Ehtiyat Fondundən xərclənən vəsaitin təxminən 74 faizi Qarabağdakı yenidənqurma işləri ilə bağlı olub.

 

Bunlardan əlavə, dövlət büdcəsinin bölüşdürülməmiş (bloklanmış) xərclərindən də işğaldan azad edilmiş ərazilərin bərpasına vəsait ayrılıb. Sözügedən vəsait hesabına “Azərenerji” ASC-nin nizamnamə kapitalı 98.8 milyon manat artırılıb. Qurum bu vəsait hesabına kiçik su elektrik stansiyalarının tikintisini həyata keçirəcək. Beləcə, yuxarıda qeyd edilən mənbələr hesabına 2022-ci ildə Qarabağdakı yenidənqurma işlərinə toplam 4 milyard 311 milyon manat vəsait sərf edilib. Yəni, büdcədən Qarabağın bərpasına ayrılan 2 milyard 670 milyon manatla yanaşı, bu istiqamətdə əlavə 1 milyard 641 milyon manat da xərclənib.

 

Büdcənin artan gəlirlərinin istifadə ediləcəyi ikinci istiqamət isə müdafiə və milli təhlükəsizliklə bağlı xərclərdir. Dəyişikliklərdən sonra müdafiə xərclərinə daha 1 milyard 105 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Beləcə, yeni büdcədə müdafiə və milli təhlükəsizlik üzrə xərclər 6 milyard 55 milyon manata bərabər olacaq. Bu vəsaitin 1.0 milyard manatı birbaşa xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclərə yönəldiləcək.

 

Yenilənən dövlət büdcəsində xərclərin artırıldığı digər istiqamətlər üzrə artım məbləğləri yuxarıda qeyd edilən iki istiqamətlə müqayisədə daha aşağıdır.

 

Cədvəl 3: Dəyişikliklərdən sonra ayrılan xərclərdə artım qeydə alınana digər istiqamətlər:

 

İstiqamət Artım məbləği (manat) Artım faizlə
dövlət borcu ilə bağlı xərclər 177.5 milyon 17.7%
xarici yardımlarla bağlı xərclər 100 milyon 8.4 dəfə
məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluğun saxlanması 68.9 milyon 2.5%
qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının fəaliyyəti 29.6 milyon 1.9%
beynəlxalq münasibətlər 26 milyon 5.5%
seçkilərin keçirilməsi və statistika tədbirləri üzrə xərclər 16.2 milyon 53.1%

Xərclərin azaldıldığı istiqamətlər

 

Yenilənən büdcədə bəzi istiqamətlərə ayrılan vəsaitlərin azaldılması da diqqət çəkir. Məsələn, dövlət büdcəsindən səhiyyə ilə bağlı ayırmalar 102.4 milyon manat və ya 5.4% azaldılaraq 1.9 milyard manatdan 1.8 milyard manata endirilir. Azalma  səhiyyə sahəsində proqram və digər xidmətlər üzrə xərcləri əhatə edir. Təhsil xərcləri üzrə azalma isə 16 milyon manat (0.4%) həcmində olacaq.

 

Yenilənən büdcə ilə bağlı diqqət çəkən daha bir məqam ilk dəfə prezidentin ehtiyac fonduna ayrılan vəsaitin də azaldılması ilə bağlıdır. Dəyişikliklərə görə,  Prezidentin Ehtiyat Fondu 200 milyon manat və yaxud 40 faiz azaldılaraq, 500 milyon manatdan 300 milyon manata endirilir. Elm xərclər üzrə azalma isə 3.2 milyon manata (1.4%) bərabərdir.

 

Naxçıvan Muxtar Respublikasına dövlət büdcəsindən ayrılan vəsaitin həcmində də 29.8 milyon manarlıq (6.2%) azalma nəzərdə tutulur. Bu azalmanın səbəbi Naxçıvan MR-nın öz gəlirlərinin artması (19.9 milyon manat) və bəzi dövlət orqanlarının maliyyələşdirilməsinin (9.9 milyon manat) yerli büdcədən çıxarılaraq dövlət büdcəsinin mərkəzləşdirilmiş xərcləri hesabına təmin edilməsi ilə bağlıdır.

 

Bütün bu dəyişikliklər nəticəsində dövlət büdcəsinin kəsrinin 210 milyon manat artaraq 2 milyard 789 milyon manat olması proqnozlaşdırılır. Hökumət büdcə kəsrini aşağıdakılar hesabına təmin etməyi nəzərdə tutur:

 

–                 Daxili borclanma;

–                 Özəlləşdirmədən əldə ediləcək gəlirlər.

 

Makroiqtisadi proqnozlar da dəyişir

 

Hökumət büdcə parametrləri ilə yanaşı bəzi makroiqtisadi göstəricilərlə bağlı proqnozlarını da yeniləyib. Bunlardan ən çox diqqət çəkənlərdən biri inflyasiya ilə bağlıdır. İlin əvvəlində hökumət 2023-cü ildə Azərbaycanda inflyasiyanın 6.9% olacağını proqnozlaşdırdığını bildirmişdi. Yeni açıqlamada hökumət proqnozunu bir qədər də yüksəldərəcək 10.4%-ə bərabər olacağını bildirib. Yəni, hökumətin inflyasiya proqnozu 3.5 faiz nəndi artırılıb.

 

Hökumət ümumi daxili məhsulun (ÜDM) real artım tempi ilə bağlı proqnozunu aşağı salıb. İlin hökuməy 2023-cü ildə ölkənin ÜDM-nin 2.7% artacağını proqnozlaşdırdığını bildirmişdi. Yenilənmiş göstəricilərdə artım tempi 1.8%-ə endirilib. Qeyri-neft/qaz sektoru üzrə artım proqnozu 4.5%-dən 4.9%-ə qaldırıb. Neft-qaz sektoru üzrə isə, əgər hökumət ilin əvvəlində 0.4; artım gözləyirdisə, artıq bu gözlənti 1.5 faiz azalma istiqamətində dəyişib.

 

Müəllif
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv müxtəlif sahələrdə fəaliyyət göstərən tədqiqatçılar və ekspertlər tərəfindən 2022-ci ildə qurulmuş müstəqil beyin mərkəzidir.

Paylaş