İzah | Son illərdə Azərbaycanda istehlak səbəti necə dəyişib?

2022-ci ildə ölkədə qeydə alınan inflyasiya göstəricisi 13.9%-ə bərabər oldu. Bu, Mərkəzi Bankın inflyasiya ilə bağlı hədəf diapozonundan (2-6 faiz aralığı) iki dəfədən çox yüksək göstərici olmaqla yanaşı, həm də son 15 ildə Azərbaycanda qeydə alınan ən yüksək bahalaşma səviyyəsi idi. 2023-cü ildə inflyasiya göstəricisi nisbətən aşağı düşsə də, hələ də ikirəqəmli həddə qalmağa davam edir.

 

Ümumi inflyasiya səviyyəsi ilə müqayisədə Azərbaycanda qida inflyasiyası daha yüksəkdir. 2022-ci ildə ölkədə qida məhsulları üzrə rəsmi inflyasiya 20.1%-ə bərabər olub. Azərbaycan dünyada ərzaq xərclərinin istehlak xərclərində ən çox paya sahib olduğu ölkələrdən biridir: əhalinin xərclərinin 50%-dən bir qədər artıq hissəsi ərzaq məhsullarının alınmasına sərf edilir. Bu, Avropa Birliyi ortalamasından təxminən üç dəfədən çox yüksək göstəricidir.

 

Ərzaq xərclərinin toplam xərclərdə əsas yer tutması və bu məhsullar üzrə inflyasiyanın 20 faizi ötməsi əhalinin sosial rifahının aşağı düşməsinə səbəb olur. Dövlət Statistika Komitəsinin (DSK) 2022-ci ildə Azərbaycanda pərakəndə ticarət dövriyyəsi ilə bağlı açıqladığı rəqəmlər də, inflyasiyanın əhalinin sosial-iqtisadi rifahına mənfi təsir etməsinə təsdiqləyir.

 

Cədvəl 1: Son 5 ildə Azərbaycanda əhalinin ərzaq məhsullarının alınması üçün xərclədiyi vəsait və əvvəlki ilə nəzərən fiziki həcm indeksləri

 

İl Ərzaq xərcləri (manat) Fiziki həcm indeksi (%)
2018 18 milyard 634 milyon 2.5
2019 19 milyard 967 milyon 3.2
2020 21 milyard 685 milyon 3.9
2021 24 milyard 31 milyon 2.8
2022 29 milyard 380 milyon 2.5

 

 

Cədvəldən göründüyü kimi, 2022-ci ildə Azərbaycanda ərzaq məhsullarının, içki və tütün məmulatlarının alınmasına 2021-ci illə müqayisədə 5 milyard 349 milyon (22.3%) manat daha çox vəsait sərc edilib. Buna baxmayaraq, 2021-ci illə müqayisədə ərzaq məhsulları üzrə fiziki həcm indeksi cəmi 2.5% olub.

 

Fiziki həcm indeksi pərakəndə ticarət müəssislərindən alınan məhsulların natural ifadədə dinamikasını əks etdirir. Yəni, qeyd edilən dövrdə fərdin ticarət obyektlərindən aldığı məhsulların illik həcmi 100 kiloqramdan 102.5 kiloqrama çatıb. Fiziki həcmi 2.5% artdığı şəraitdə insanların həmin məhsullar üçün xərcləri 22.3% artırsa, aradakı fərq inflyasiyanın səviyyəsini göstərir. Başqa sözlə, bu tələbatın real artımı ilə bağlı deyil. Bu o deməkdir ki, 2022-ci ildə əhali 2021-ci illə müqayisədə fiziki həcm olaraq 2.5 faiz çox məhsul alıb və 2.5 faizlik artıma baxmayaraq ərzaq məhsulları üçün edilən ödənişlər 22.3% artım göstərib.

 

Ərzaq məhsullarının qiymətindəki kəskin artımlar alınan məhsulların çeşidlərinə də təsir edib.

 

Cədvəl 2: Müxtəlif ərzaq məhsulları üzrə son iki ildə pərakəndə ticarət dövriyyəsinin və fiziki həcm indekslərinin dəyişməsi

 

Məhsul Pərakəndə ticarət dövriyyəsindəki artım (%) Fiziki həcm indeksləri (%)
Ət 13.1 2
Ev quşlarının ətləri 18.7 5,6
Tərəvəz 10.4 -2,8
Kartof 51.5 4,2
Yumurta 3.6 2,3
Bitki yağı 28 8,1
Kərə yağı 15.8 2
Makaron 28.8 9,7
Siqaret 5.4 -1,4
Araq 8.5 2,5
Süd və süd məhsulları 18.5 2,6

 

 

Cədvəldən göründüyü kimi, 2022-ci ildə 2021-ci illə müqayisədə xərclənən vəsaitlərdə ən çox artım qeydə alınan məhsullar arasında kartof ön plana çıxır. 2022-ci ildə əhali kartof alışına 2021-ci illə müqayisədə 51.5% daha çox vəsait ödəyib. Eyni zamanda makaron (28.8%), bitki yağları (28%), quş əti (18.7%), süd və süd məhsulları (18.5%) üçün ödənilən vəsait də 2021-ci illə müqayisədə daha çox artıb.

 

Lakin, məhsullara olan tələbdəki dəyişiklikləri görmək baxımından fiziki həcm indeksləri daha dolğun mənzərə yaradır. Ət məhsulları üzrə fiziki həcm indekslərindən aydın olur ki, əhali 2022-ci ildə ət alışını çəki baxımından 2% artırdığı halda, ev quşlarının ətlərindəki çəki artımı 5.6%-dir.

 

Fiziki həcm indeksinin artmasına sadəcə alıcılıq qabiliyyəti deyil, əhali sayının artması kimi göstəricilər də təsir edə bilər. Bu baxımdan, adambaşına düşən istehlak göstəricisi daha aydın mənzərə yarada bilər. DSK-nin ərzaq balansı ilə bağlı açıqladığı göstəricilərə görə, son üç ildə Azərbaycanda adambaşına düşən mal əti istehlakı azalır. Əgər 2020-ci ildə ölkədə adambaşına 16.3 kiloqram mal əti istehlak edilmişdisə, 2021-ci ildə bu rəqəm 15.9 kilqorama, 2022-ci ildə isə 15.8 kiloqrama enib. Yəni, iki il öncə ilə müqayisədə 2022-ci ildə əhali adambaşına yarım kiloqram daha az mal əti istehlak edib. Əvəzində, həmin dövrdə ölkədə quş əti istehlakı ardıcıl artıb. Əgər 2020-ci ildə Azərbaycanda 14.6 kiloqram quş əti istehlak edilirdisə, 2021-ci ildə bu rəqəm 15.4 kiloqrama, 2022-ci ildə isə 16.2 kiloqrama yüksəlib. 2022-ci ildən etibarən Azərbaycanda adambaşına düşən quş əti istehlakı, adambaşına düşən mal əti istehlakını ötüb. Yəni, əhali daha bahalı olan mal əti yerinə, nisbətən daha ucuz olan quş əti istehlakına yönəlib.

 

Son illər istehlakında artım gözə çarpan məhsullardan biri də makarondur. 2022-ci ildə makaronun fiziki həcm indeksi 9.7% artıb. Adambaşına düşən göstəricilərə nəzər saldıqda aydın olur ki, 2017-2019-cu illərdə Azərbaycanda adambaşına düşən makaron istehlakı 1.6 kiloqram olduğu halda, bu göstərici 2020-ci ildə 2.2 kilqorama, 2021-ci ildə 2.8 kiloqrama, 2022-ci ildə isə 3.2 kiloqrama yüksəlib. Yəni. 2019-cu illə müqayisədə iki dəfə artıb.

 

Cədvəl 2-də qeyd edilən məlumatlardan həm də o aydın olur ki, əhali 2022-ci ildə bəzi məhsullar üzrə alışı fiziki həcm olaraq 2021-ci illə müqayisədə azaltsa da, 2021-ci illə müqayisədə həmin məhsullara daha çox pul ödəməli olub. Məsələn, tərəvəz məhsulların alışı fiziki həcm olaraq 2.8% azalsa da, tərəvəz məhsullarının alışına sərf edilən vəsait 10.4% artıb. Eyni hal tütün məmulatları ilə bağlı da müşahidə edilir. Fiziki həcm olaraq siqaret istehlakı 1.4% aşağı düşsə də, siqaret alışına sərf edilən vəsait 5%-dən çox artıb.

Müəllif
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv müxtəlif sahələrdə fəaliyyət göstərən tədqiqatçılar və ekspertlər tərəfindən 2022-ci ildə qurulmuş müstəqil beyin mərkəzidir.

Paylaş