Azərbaycanda “həbsxana əhalisi” və narkotiklə mübarizə siyasəti

2022-ci il üzrə paylaşılan “Həbsxana əhalisi” (və ya SPACE I) hesabatına əsasən, Avropa Şurasının üzv dövlətlərinin cəzaçəkmə müəssisələrində ümumilikdə 981 min 575 nəfər saxlanılır.[1] Məhbusların sayı əhalinin 100 min nəfərinə münasibətdə hesablandıqda ortalama göstərici 118, median rəqəm isə 104 təşkil edir. Region üzrə nəzər saldıqda isə məhbus sayında əhəmiyyətli fərqlər özünü göstərir. Belə ki, hər 100 min nəfərə düşən məhbus sayına görə Avropa Şurasına üzv dövlətlər arasında ən yüksək üç göstəriciyə, müvafiq olaraq, Türkiyə (355.2), Gürcüstan (236.6) və Azərbaycan (216.8) malikdir.

 

Azərbaycanın məhbus sayı kəskin artıma (və ya azalmaya) məruz qalmayıb: on ilin (2012-2022-ci illər ərzində) göstəricilərinə nəzət saldıqda görə bilərik ki, cəzaçəkmə müəssisələri əhalisinin göstəricisi 4.8 faiz azalıb. Müqayisə üçün, regionun digər iki ölkəsində həmin illərdə bu, müvafiq olaraq, Gürcüstanda 54.2, Ermənistanda isə 50.3 faiz azalıb. Hesabata əsasən, Azərbaycanın cəzaçəkmə müəssisəsində saxlanılan 22 min 334 nəfərdən 16 min 694 nəfərinə münasibətdə məhkəmə hökmü qanuni qüvvəyə minib.[2] Barəsində hökm çıxarılmış şəxslərin 36.8 faizi isə narkotik cinayətlərinə görə cəzalanıb. Hesabatın əsas tapıntılarına nəzər salanda görünür ki, əsas cinayətlər qaydasını tətbiq etdikdə, Azərbaycan narkotik cinayətlərinə görə Avropada birinci yerdədir.

 

Azərbaycan Respublikasında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar sanksiyalar inzibati xətalar haqqında məcəllənin 22-ci fəsli və cinayət məcəlləsinin 26-cı fəslində öz əksini tapır. Bundan əlavə, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları müvafiq qanunla 2005-ci ildə təsdiq edilib.

 

Bir sıra ölkələr narkotik cinayətləri ilə mübarizə metodlarında fundamental dəyişikliklər edirlər. Narkotik siyasəti üzrə Qlobal Komissiyanın 2011-ci ildə dərc olunmuş “Narkotiklə müharibə” hesabatında gəldiyi nəticəyə əsasən, dövlətlərinin son 50 ildə apardığı sərt və repressiv siyasət özünü doğrultmadı. Komissiya dövlətlərə fokusu aludəçi şəxslərin marginallaşdırılmasına deyil, hüquqi tənzimləmə vasitəsilə mütəşəkkil cinayətkarlıqla mübarizə aparmağa,  ehtiyacı olan şəxslərə tibbi yardım tanımağa və digər çağırışlar edir. Avropa Birliyi 2021-2025-ci illər üzrə narkotiklərlə mübarizə strategiyası narkotrafikin qarşısının alınmasına və narkotik istifadəçiləri üçün tibb məntəqələrinin qurulmasını və xüsusi qayğı xidmətlərinin göstərilməsini prioritetləşdirir.

 

Müqayisə üçün, narkotik cinayətləri törətdiyi səbəbilə barəsində hökm çıxarılan şəxslər arasında Avropada ən aşağı göstəriciyə malik Polşada (əhalinin hər 100 min nəfərinə 4.3 nəfər) tibbi marixuana və CBD (cannabidiol) istifadəsinə 2017-ci ildən icazə verilir. Bundan əlavə, “narkotik aludəçiliyi ilə mübarizə haqqında” qanunun 62a maddəsinə əsasən saxlanılarkən şəxsin üzərində şəxsi istehlak məqsədi üçün az miqdarda narkotik tapılarsa, istintaq orqanının mülahizəsinə əsasən icraatın başlanılmasından, – əməlin ictimai ziyanının xırda olması səbəbindən, – imtina edilə bilər.

 

Narkotiklərlə mübarizə sahəsində ən uğurlu siyasət qismində Portuqaliya təcrübəsini göstərmək olar. 2001-ci ilə olan statistikaya əsasən, ölkədə məhkum edilmiş şəxslərin 40%-dən çoxu narkotik cinayətləri ilə əlaqədar tutulmuşdu. Həmin ildə hökümət tərəfindən narkotiklərlə mübarizə çərçivəsində başlanılan yeni siyasətə uyğun olaraq, şəxsi istehlak miqdarında narkotikə sahib olma dekriminallaşdırıldı və inzibati xəta səviyyəsinə endirildi (narkotiklər, hər bir halda, müsadirə edilirdi). Bundan əlavə, tədricən narkotiklərlə mübarizənin ədliyyə sisteminin problemi kimi deyil, səhiyyə sisteminin problemi kimi anlaşılmasına gətirib çıxardı. Bu məqsədlərlə, tibb məntəqələrinin sayı çoxaldıldı.

 

Qonşu Gürcüstanda marixuana istifadəsi nə cinayət, nə də inzibati cəzaya səbəb olur. Buna səbəb, Gürcüstan Konstitusiya Məhkəməsinin iki qərarı oldu. 30 noyabr 2017-ci ildə Məhkəmə qərar verdi ki, 70 qram həcmində marixuana istifadəsi şəxsin satış məqsədinin olmasına dəlalət etmir və bu səbəbdən şəxsin həbs edilməsi Gürcüstan Konstitusiyasına ziddir. Daha sonra, 30 iyul 2018-ci il tarixində Konstitusiya Məhkəməsi marixuana istifadəsinin inzibati qaydada cəzalandırılmasının da Konstitusiyaya uyğun olmaması barədə qərar verdi.

 

Qeyd etmək lazımdır ki, Azərbaycanda narkotiklə mübarizə siyasəti dövri olaraq təsdiq edilən dövlət proqramları[3] vasitəsilə aparılır. 2013-cü ildə təsdiq edilmiş dövlət proqramının Tədbirlər Planının 4.2.4-cü bəndinə əsasən “Cəzaçəkmə müəssisələrində cəza çəkən narkoloji xəstə məhkumların məcburi müalicəsinin aparılması qaydalarının hazırlanması barədə təkliflər verilməsi” müəyyən edilmişdir və Nazirlər Kabinetinin 28.01.2016-cı il tarixli qərarı ilə eyniadlı Qaydalar təsdiq edildi. Bundan əlavə, beynəlxalq əməkdaşlıq sahəsində həm 2013-cü ildə təsdiq edilən, həm də 2019-cu ildə təsdiq edilən dövlət proqramlarının 4.3.3-cü bəndlərində “Narkomanlığın yayılmasının qarşısının alınması istiqamətində uğurlu strategiyası olan dövlətlərin təcrübəsi ilə tanış olmaq məqsədilə həmin dövlətlərlə əməkdaşlığın genişləndirilməsi” tapşırılmışdır.

 

Lakin, bu tədbirlərin effektivliyi statistik göstəricilərlə öz təsdiqini tapmır. Belə ki, Azərbaycan Respublikasının Statistika Komitəsinin Daxili İşlər Nazirliyinə istinadən, müntəzəm olaraq, narkotik vasitələrlə bağlı cinayətlər haqqında verdiyi məlumatlara nəzər salsaq (2020, 2021, 2022) görə bilərik ki, narkotik cinayətlərinin statistikasında davamlı artım müşahidə olunur. Bu cinayətləri törətmiş şəxslər üzrə statistikaya nəzər saldıqda isə, müəyyən etmək olar ki, əvvəllər də cinayət törətmiş şəxslər bütün narkotiklə bağlı həbs olunanların üçdə bir hissəsini təşkil edir. Bu isə narkotiklə mübarizə siyasətinin effektivliyi barədə sualların yaranmasına gətirib çıxarır.

 

Qeydlər

 

[1]  SPACE layihəsi (Statistiques Penales Annuelles du Conseil de l’Europe) – Avropa Şurasının 47 üzv ölkələri arasında cəzaçəkmə müəssisələri və probasiyanın vəziyyətini öyrənmək məqsədilə keçirilən sorğu əsasında tərtib edilən illik statistik icmaldır. Bu məqsədlə ildə iki hesabat paylaşılır: SPACE I cəzaçəkmə müəssisələri və orada saxlanılan şəxslərin vəziyyətinə, SPACE II isə probasiya qaydasında saxlanılan şəxslərə və onlara nəzarət edən agentliklərin fəaliyyətinə fokuslanır.

 

[2] Bir neçə cinayət törətmiş şəxslərin statistik bölgüsünü aparmaq məqsədilə kriminoloji araşdırmalar iki metoddan birini istifadə edirlər: törədilən əsas cinayət qaydası (principal offence rule) və törədilən bütün cinayətlərin məcmusu qaydası (count-all-offences rule). Əsas cinayət qaydasına uyğun olaraq, bir neçə cinayət törədərək məhkum olunan şəxsin törətdiyi ən ağır cinayət əsas götürülür. Bu yanaşma optimal olduğu qədər, bir o qədər də sadələşdirilmiş icmal təqdim edərək, əsas cinayətlə əlaqəli törədilən digər xırda cinayətlərin sayını azaltmış olur. Digər tərəfdən, bütün cinayətlərin məcmusu qaydası şəxs tərəfindən törədilən bütün cinayətləri, ağırlıq dərəcəsinə bölmədən, tanıyır. Bu yanaşma, cinayət bölgüsünə daha vahid anlayışın formalaşmasına səbəb olsa da, bir neçə cinayət törətmiş şəxsin statistikada iki dəfə və ya daha çox hesablanmasına gətirib çıxarır. SPACE I sorğu vərəqləri üzv dövlətlərdən əsas cinayət qaydasını tətbiq etməyi xahiş etsə də, bir çox dövlətlər (Belçika, Latviya, Malta, Monako və Türkiyə) bütün cinayətlərin məcmusunu hesablayaraq təqdim edir.

 

[3] 371 – Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramın təsdiq edilməsi barədə (e-qanun.az); 2271 – Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramın (2007-2012-ci illər) təsdiq edilməsi barədə (e-qanun.az); 2966 – “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə (e-qanun.az); 1334 – “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə (e-qanun.az).

 

 

Mövzu ilə əlaqədar öncə paylaşdığımız data vizuallar:

 

Müəllif
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv müxtəlif sahələrdə fəaliyyət göstərən tədqiqatçılar və ekspertlər tərəfindən 2022-ci ildə qurulmuş müstəqil beyin mərkəzidir.

Paylaş