Elmi-tədqiqat | Azərbaycanın bitkiçilik əmtəələrində kənd təsərrüfatı məhsuldarlığına baxış

Bu xülasə 2023-cü ilin may ayında “Commodities” elmi jurnalında dərc edilmiş “Longitudinal Principal Component and Cluster Analysis of Azerbaijan’s Agricultural Productivity in Crop Commodities” (Azərbaycanın Bitkiçilik Əmtəələrində Kənd Təsərrüfatı Məhsuldarlığının Uzunmüddətli Əsas Komponent və Klaster Təhlili) başlıqlı elmi məqalə əsasında həmin məqalənin həmmüəllifi İbrahim Niftiyev tərəfindən hazırlanıb.

 

Kənd təsərrüfatı Azərbaycan üçün milli iqtisadiyyatda yaradılan əlavə dəyərin olduqca məhdud olan diversifikasiya imkanlarından biridir. Həm kütləvi informasiya vasitələrində, həm elmi tədqiqat institutlarında, həm də dövlət səviyyəsində kənd təsərrüfatının əhəmiyyəti və rolu geniş müzakirə edilir (xüsusilə də, 2014 və 2015-ci illərdə beynəlxalq bazarlarda əmtəə qiymətlərinin kəskin enməsindən sonra). Kənd təsərrüfatı məşğulluqda və qeyri-neft ixracında olduqca əhəmiyyətli rola malikdir və müvafiq olaraq, artıq uzun illərdir fermerlərə və kənd təsərrüfatı müəssisələrinə subsidiyalar və güzəştli kreditlər ayrılır. Bütün bunların nə dərəcədə arzuolunan və səmərəli nəticələr verdiyi ayrı müzakirə mövzusu olsa da, Azərbaycan bu sahədə hələ də idxaldan asılıdır və aqrar sənaye müəssisələri hazır məhsul istehsalı üçün əsasən xarici bazarlardan xammal təmin edirlər. Bütün bunlara nəzərən, kənd təsərrüfatının təkcə məcmu səviyyədə yox, həm də sahə və altsahələr səviyyəsində çoxyönlü və dərinləşdirilmiş qiymətləndirilmələrinə ehtiyac artmaqdadır. Başqa sözlə, Azərbaycan üçün kənd təsərrüfatının iqtisadi inkişafa, yaxud da ərzaq təhlükəsizliyinə tövhəsi elmi metodlarla daha müfəssəl qiymətləndirilməlidir.

 

Azərbaycanla bağlı elmi tədqiqatlar indiyə qədər əsasən kənd təsərrüfatının neft sektoru və ya başqa məcmu makroiqtisadi göstəricilərdən necə təsirləndiyinə fokuslanıb. Uzunmüddətli perspektivdə spesifik kənd təsərrüfatı sahələrinin (məsələn, bitkiçilik) məhsuldarlıq nöqteyi-nəzərdən hansı qruplara və altqruplara bölündüyünə diqqət ayırılmayıb. Təbii ki, qeyd olunan birinci istiqamət Azərbaycan kimi təbii resurs əsaslı iqtisadi artım yaşayan kiçik ölkə üçün əhəmiyyətlidir Lakin dövlət siyasətinin düzgün istiqamətdə olub-olmamasını başa düşmək, eləcə də yaxın gələcək üçün hansı gözləntilərə malik olmalı olduğumuza dair əsaslı fikir sahibi olmaqdan ötrü uzunmüddətli zaman axınlarına əsaslanan və kifayət qədər sınanmış kəmiyyət metodları ilə bilavasitə kənd təsərrüfatının özünün tədqiqatına böyük ehtiyac vardır. Bu baxımdan, 2023-cü ilin may ayında Multidisiplinar Nəşrlər İnstitutu (Multidisciplinary Publication Institute – MDPI) İbrahim Niftiyev və Qubad İbadoğlunun müəllifi olduğu “Longitudinal Principal Component and Cluster Analysis of Azerbaijan’s Agricultural Productivity in Crop Commodities” (Azərbaycanın Bitkiçilik Əmtəələrində Kənd Təsərrüfatı Məhsuldarlığının Uzunmüddətli Əsas Komponent və Klaster Təhlili) başlıqlı elmi məqaləsini özünün “Commodities” adlı jurnalında nəşr edib. Adı çəkilən məqalədə qeyd olunan istiqamətdə müəyyən nəticələr əldə edilib.

 

Qısaca olaraq, tədqiqat əsas komponentlərin təhlili  (ƏKT) və iyerarxik klaster analizi (İKA) vasitəsilə 22 bitkiçilik sektorunu üç dövr üzrə araşdırıb: Sovet (1950–1990), postsovet (1991–2021) və bütöv dövr (1950–2021). ƏKT verilənlər toplusunda dəyişənlər arasındakı əlaqələri anlamaq və verilənlər çoxluğunu daha az dəyişənlə ifadə etmək üçün istifadə edilən məlumat təhlili metodudur. ƏKT dəyişənlər arasından ən vacib məlumatları (məsələn, onların arasındakı variasiya oxşarlığını) çıxarır və bu məlumatı “müstəqil komponentlər” adlanan yeni komponentlərə (və ya latent dəyişənlərə) çevirir. Hər bir fərdi komponent dəyişənlərin fərqli aspektini və ya xüsusiyyətini təmsil edir. Bu üsul verilənlər toplusunun ölçüsünü azaltmaqla verilənlərin struktur xüsusiyyətlərini qorumaq və mənasını saxlamaq üçün istifadə olunur. İKA isə dəyişənlərin məlumat nöqtələrini oxşarlıqlarına əsasən qruplaşdıran, sonra isə klasterlərin iyerarxiyasını təşkil edən statistik üsuldur. İKA oxşar altsahələri daha konkret təsvir edə bilir. Hər iki elmi metodun tətbiqi bitkiçilik sahəsində məhsuldarlığın müəyyən xəritəsinin hazırlanmasına bənzədilə bilər.

 

ƏKT-nin nəticələrinə görə, 1950–2021-ci illər üçün birinci komponent tərəvəz, tütün, çay və pambıqdan başqa digər 18 kənd təsərrüfatı məhsulundakı variasiyanı əhəmiyyətli dərəcədə izah edir. Bu həm də o deməkdir ki, qeyd edilən sahələrdən başqa digər sahələr öz məhsuldarlığına görə həm də bir-birinə bənzəyirlər. Tərəvəz, tütün, çay və pambıqdan əlavə üzüm, yulaf, payızlıq buğda, çovdar da aşağı məhsuldarlığa malikdir və artım dinamikası baxımından onları proqnozlaşdırmaq və konkret hansısa klaster və ya klaster ailəsinə aid etmək çətindir. İKA-nın tətbiqindən sonra isə, 1950 və 2021-ci illər arasında şərh edilməsi çətin olan bir neçə kiçik klaster əldə edildi, lakin verilənlər bazasını sovet və postsovet illərinə böldükdən sonra daha mənalı klasterlər əldə edildi. Başqa sözlə, meyvə, tərəvəz və otlaqlar yüksək məhsuldarlıq səviyyəsinə malik aydın qruplar şəklində klasterləşir, amma çay, pambıq, üzüm və düyü isə aydın qruplaşma davranışı göstərmir. İKA-nın bu nəticələri həm də ƏKT ilə üst-üstə düşür tarixi hadisələrin (siyasi və idarəetmə rejiminin dəyişməsi) kənd təsərrüfatının məhsuldarlığına təsirini əks etdirir.

 

İnkişaf mərhələsindən asılı olaraq (məsələn, sovet və postsovet) kənd təsərrüfatının bitkiçilik məhsuldarlığı dəyişir. Bu təbii haldır, çünki 50–70 il bundan öncə istifadə olunan toxumlar və suvarma sistemləri ilə əldə edilən məhsuldarlıq vaxt keçdikcə daha səmərəli toxumlar və suvarma sistemləri ilə əvəzlənməlidir. Hal-hazırda dövlət siyasəti müvafiq əmtəələrdə yüksək məhsuldarlığa nail olmağa çalışsa da, onların bəziləri gündəmdən çıxarılıb, bəziləri isə təzəlikcə əlavə edilib. Bəzi kənd təsərrüfatı (məsələn, pambıq, üzümçülük) dövlət dəstəyinə ehtiyac duysa da, cari tədqiqat onu göstərir ki, onlar 1950-ci ildən bu yana sabit inkişaf dinamikasına sahib olmayıb. Görünən odur ki, 2014 və 2015-ci il beynəlxalq bazarlarda əmtəə qiymətlərinin kəskin enişindən sonra azalan neft və təbii qaz gəlirləri kənd təsərrüfatına diqqəti artırsa da, sistemli yanaşmanın olmaması uzunmüddətli məhsuldarlıq artımını pozur və kənd təsərrüfatı sektorunda resursların səmərəli bölüşdürülməsinə imkan vermir. Əlavə olaraq, kənd təsərrüfatının sahələri və alt sahələrindən hansılarının bir-birinə oxşar olub-olmaması əkinlərin ardıcıllığını və miqyasını müəyyənləşdirmək üçün olduqca vacibdir. Halbuki, bu haqda nüfuzlu xarici jurnallarda ictimaiyyətə açıq elmi məqalələr tapmaq ehtimalı çox aşağıdır. Yerli mənbələr isə əsasən bazar araşdırmalarına fokuslanıb ki, bu da elmi nəticələrdən tamamilə kənardır.

 

Bu tədqiqatın nəticələri neft sektorundan asılılığı azaltmağa yönəlmiş cari diversifikasiya siyasətlərini dəstəkləmək üçün beynəlxalq ticarətdə müqayisəli üstünlüklərin tapılması üçün istifadə edilə bilər (kənd təsərrüfatının bitkiçilik sahəsi nöqteyi-nəzərindən). Bunun üçün məqalənin nəticələri (məsələn, konkret klasterlər) daha dəqiq araşdırılmalı və istifadə edilməlidir. Cari keçidi istifadə edərək (https://www.mdpi.com/2813-2432/2/2/9) jurnalın rəsmi internet ünvanından elmi məqalənin tam mətnini və digər əlavə məlumatları (məsələn, metodologiya) əldə etmək mümkündür.

Müəllif
İbrahim Niftiyev
İbrahim Niftiyev
Szeged Universitetinin Maliyyə və Beynəlxalq İqtisadi Münasibətlər İnstitutunda İqtisadi Siyasət üzrə doktorluğa namizəddir. Onun tədqiqat sahələrinə Cənubi Qafqaz regionu, deindustrializasiya və Holland sindromu daxildir.

Paylaş