Data-bloq | Azərbaycanda nəqliyyat təhlükəsizliyi ilə bağlı çağırışlar

Nəqliyyat təhlükəsizliyi dünyada insanların gündəlik həyatlarına təsir edən əsas məsələlərdən hesab olunur. Azərbaycan nümunəsində, ölkənin iqtisadi aktivliyinin və nəqliyyat axınının yarıdan çoxunu təşkil edən paytaxt Bakı şəhərində və Abşeron yarımadasını təşkil edən ətraf ərazilərdə bununla bağlı problem daha çox müşahidə olunur. Xaotik planlama ilə böyüyən Xırdalan  və əsas iqtisadi aktivliyi paytaxtla əlaqəli olan Sumqayıt şəhərləri ilə birlikdə formalaşan Bakı aqlomerasiyasının nəqliyyat sıxlığı regionlara nisbətdə olduqca yüksək dərəcədədir. Bu, sürətlə artan nəqliyyat axını ilə ayaqlaşa bilməyən infrastruktur fonunda ciddi çağırışlar yaradır. Tıxaclar, parklanma problemi, ictimai nəqliyyatın qənaətbəxş olmaması, həmçinin piyadaların və avtomobillərin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələri (YNH) də buna daxildir. Bu bloqda Bakı nəqliyyatındakı mövcud vəziyyəti, YNH səbəbləri və onların qarşısını almaq üçün infrastruktur, təhsil, icra metodları kimi çoxşaxəli yanaşmalar təsvir edilir. Bunlar gələcək nəqliyyat sahəsində gələcək araşdırmalar üçün istiqamətlər hesab edilə bilər.

 

Qafqazın ən böyük şəhəri olan Bakı 2000-ci illərin əvvəllərində neft bumundan bəri plansız formada genişlənməyə və əhali axınına məruz qalsa da, şəhərsalma trendləri və quruculuq işləri bu axınla ayaqlaşa bilməyib. Şəhərin böyüməsi özlüyündə çoxsaylı yeniliklər və imkanlar yaradıb, lakin, xüsusilə də nəqliyyat sahəsində çoxsaylı problemlərə gətirib çıxarıb. Nəqliyyat sahəsində əsas problemlər, əsasən, nəqliyyat axınının idarə edilməsi və təhlükəsizlik riskləri ilə özünü göstərir. Qrafik 1-dən göründüyü kimi, son 20 il ərzində ölkədəki minik avtomobillərinin sayı 1 milyon artıb. Əhalinin avtomobillərə əlçatanlığının sürətlə artması və yol infrastrukturunun inkişaf tempinin bu artımla uyğunlaşa bilməməsi YNH-nin sayının artmasına səbəb olmuşdur. 

 

Qrafik 1: 2000-2022-ci illərdə Azərbaycanda minik avtomobillərinin sayı:

 

 

Dünyada yol təhlükəsizlik standartlarının sərtləşməsi və avtomobillərin təhlükəsizlik sistemlərinin təkmilləşməsi sayəsində həm YNH-nin, həm də hadisələr nəticəsində baş verən ölüm saylarının azalması müşahidə olunsa da, Azərbaycanda bu tendensiya müşahidə olunmur (bax: Qrafik 2). Bunun səbəblərini araşdırmaq üçün öncə ümumi yol infrastrukturuna nəzər salmaq lazımdır. İstər Bakı, istərsə də regionlarda yol şəbəkəsinin genişlənməsi, asfalt örtüyünün keyfiyyətində inkişaf müşahidə olunsa da, yol qovşaqlarında infrastruktur çatışmazlığı, piyadalar üçün sahələrin yetərincə olmaması, sürücülərin tez-tez Yol Hərəkət Qaydalarını pozması və YNH vaxtı tədbirlər planının istənilən keyfiyyətdə olmaması da nəzərə çarpır. Bütün bunlar sistematik şəkildə nəqliyyat şəbəkəsini bütün iştirakçılar üçün təhlükəli edir.

 

Qrafik 2: 1995-2022-ci illərdə Azərbaycanda nəqliyyat qəzaları:

 

 

 

YNH-nin statistikasına təsir edən əsas məqamlar hansılardır?

 

Həm dünyada nəqliyyat təhlükəsizliyi üzrə tədqiqatlar, həm də Azərbaycanda olan YNH ilə bağlı mövcud  məlumatlar əsasında, statistikaya təsir edən əsas məqamları aşağıdakılar kimi qeyd etmək olar:

 

Qeyri-adekvat infrastruktur

 

Azərbaycanın həm yaşayış sahələrində, həm də magistrallarında yolların dizaynı və təhlükəsizlik baryerləri əsasən müasir standartlara cavab vermir. Bu, əsasən özünü nişanlanma, işarələnmə (şaquli və üfüqi) və işıqlandırılmada özünü göstərir. Nəticədə hərəkət iştirakçıları təhlükələrdən ya ümumiyyətlə xəbərdar ola bilmir, ya da gec xəbərdar olur ki, təhlükənin qarşısını almaq üçün kifayət qədər imkan qalmır.

 

Qrafik 3: 1995-2022-ci illərdə Azərbaycanda nəqliyyat hadisələrinin lokasiya bölgüsü:

 

 

Piyadaların təhlükəsizliyi

 

Bakı və regionlarda piyadaların yol hərəkətində iştirakı üçün təşkil edilmiş infrastruktur qeyri-qənaətbəxş səviyyədədir. Piyada keçidlərinin az olması, yeni tikilən keçidlərin yerüstü və yeraltı dizayn edilməsi, səkilərin ictimai iaşə obyektləri və avtomobillər tərəfindən zəbt olunması əsas problemlərdir. Bunların nəticəsində piyadalar bir çox hallarda yolların avtomobillər üçün nəzərdə tutulmuş hissələrindən istifadə etməli olur və həyatları üçün təhlükə yaranır.

 

Sürücülük bacarıqları

 

Azərbaycanda sürücülük vəsiqələrin əldə edilməsi ilə bağlı proses problemlidir və bu sahədə korrpusiya hallarına rast gəlinir. Yol hərəkətinə nəzarətdə də bu cür boşluqlar imkan yaradır ki, sürücülər Yol Hərəkəti Qaydalarına ciddi riayət etməsin. Bütün bunlar qəza ehtimallarını artırır.

 

İcra mexanizmləri

 

Yol Polisi qurumlarının və nəqliyyat axınının idarə edilməsi alətlərinin (radarlar, kameralar) çoxluğuna baxmayaraq, alətlər effektiv istifadə olunmur. Hüquq mühafizə orqanları əksər hallarda təhlükəsizlik tədbirlərinin icrasından daha çox cəza mexanizminin tətbiqinə meyl edir, texniki vasitələr və alətlər isə bəzən işləmir və ya effektiv olmur.

 

İctimai maarifləndirmə

 

Sürücülər və piyadalar Yol Hərəkəti Qaydaları və təhlükəsizlik tədbirləri ilə bağlı zəif məlumata və savadlılığa malikdirlər. Xüsusilə sürücülərin tez-tez qayda pozuntuları üzündən cərimələnməsi, bu sahədə problemləri göstərir.

 

Təcili reaksiya imkanlarının məhdudluğu

 

Hadisə anında operativ müdaxilə imkanlarının yetərincə olmaması, xüsusilə təcili tibbi yardım vasitələrinin hadisə yerinə vaxtında çata bilməməsi, kritik anlarda çətinliklər yaşadır, beləliklə, ölümlərin və geri dönüşü olmayan fəsadların artmasına gətirib çıxarır.

 

Qrafik 4: 1995-2022-ci illərdə Azərbaycanda nəqliyyat hadisələrinin günün vaxtı üzrə bölgüsü:

 

 

Yol Hərəkətinin təhlükəsizliyinin artırılması üçün atılmalı olan kompleks addımlar:

 

İnfrastrukturun yenidən qurulması və təkmilləşdirilməsi

 

Yol örtüyünün, xüsusilə piyadaların hərəkət etdiyi hissənin üzləməsinin keyfiyyətinin artırılması, nişanların təkmilləşdirilməsi və sayının artırılması, bundan əlavə, piyadaların təhlükəsiz hərəkətinə şərait yaradan elementlərin (təhlükəsizlik adaları, enli səkilər, nizamlanan piyada keçidləri) qurulması vacibdir.

 

Maarifləndirmə

 

İbtidai məktəblərdən başlayaraq öyrədici materialların şagirdlərə aşılanması, sürücülük məktəblərində tədrisə daha ciddi yanaşılması, kütləvi-informasiya vasitələrində vaxtaşırı məlumat xarakterli materialların dərc edilməsi lazımdır.

 

Qanunun tələblərinə riayət edilməsinə nəzarət mexanizminin gücləndirilməsi

 

Xüsusilə sürücülük vəsiqəsi əldə etməyin qeyri-qanuni yollarının qarşısının alınması, maddi cəzaların daha çox sürücülük hüququnu məhdudlaşdıracaq cəzalarla əvəz edilməsi, cərimə mexanizminin qəza ehtimalı çox olan nöqtələrə fokuslanması vacib şərtdir.

 

Aqressiv sürücülük imkanlarının məhdudlaşdırılması

 

Cəza tədbirlərindən əlavə, avtomobil hərəkət zolaqlarının darlaşdırılması, sıx yaşayış yerlərində yol örtüyünün hamarsızlaşdırılması effektiv nəticə yarada bilər.

 

Təcili müdaxilə imkanlarının optimizasiyası

 

İlkin tibbi yardımla bağlı maarifləndirmə, operativ nəqliyyat vasitələrinin hadisə yerinə daha tez çatması təmin edilməlidir.

 

 Data-əsaslı qərarvericilik

 

Şəhərin bütün küçələrinin risk modelinin hazırlanması, cari periodda spesifik nöqtələrdə baş verən qəza hallarında çevik reaksiyanın verilməsi (küçənin quruluşunun dəyişdirilməsi, radar və ya digər vasitələr quraşdırılması və s.) müasir şəhər idarəetməsinin önəmli elementidir.

 

Yekun

 

Bakı şəhərində nəqliyyatın təhlükəsizliyi məsələsinin həlli kompleks addımların atılmasından keçir ki, bu addımlara paralel şəkildə infrastruktur təkmilləşdirilməsi, nəzarət mexanizmi, təbliğat və maarifləndirmə işləri daxildir. Qeyd olunan işlərin tətbiq edilməsi zamanı Bakı ilə bənzər problemləri olmuş və bu problemləri qismən həll edə bilmiş Qərb şəhərlərinin Stokholm, Barselona, Budapeşt, hətta Tbilisi) praktikasından faydalanmaq uğurlu nəticələr qazanmaq şansını artırır.

 

Müəllif
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv müxtəlif sahələrdə fəaliyyət göstərən tədqiqatçılar və ekspertlər tərəfindən 2022-ci ildə qurulmuş müstəqil beyin mərkəzidir.

Paylaş