Bloq | Siyasi partiyalar haqqında qəbul ediləcək qanunun mümkün nəticələri

29 Noyabr tarixində siyasi partiyalar haqqında yeni qanun layihəsi Milli Məclisin ilk oxunuşunda, əleyhinə sadəcə bir səs olmaqla qəbul edildi. Qanunun hazırkı versiyasının növbəti iki oxunuşdan da sürətlə keçib, ölkə başçısı tərəfindən təsdiqlənərək qüvvəyə minəcəyi gözlənilir. Hakim Yeni Azərbaycan Partiyası (YAP) bu qanunun Azərbaycandakı “yeni reallıqlar, yeni siyasi konfiqurasiya və ölkənin inkişaf dinamikasına uyğun” formalaşdırıldığını bildirir. Ənənəvi müxalifət partiyaları (əsasən, Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyası) isə qanun layihəsinin siyasi fəaliyyəti məhdudlaşdıracağı və yeni risklər yaradacağı ilə bağlı narahatlıq ifadə edir. Ekspertlər və vətəndaş cəmiyyəti nümayəndələri qanun layihəsini demokratik siyasi iştirakçılıq prinsiplərinə və ölkənin beynəlxalq öhdəliklərinə zidd olduğunu hesab edir və bu səbəbdən hazırkı layihəni parlamentin gündəmindən çıxarmağı və Avropa Şurasının Venesiya Komissiyası ilə konsultasiyalar əsasında yeniləməyi tələb edir.

 

Bu yazının məqsədi siyasi partiyalar haqqında qanunla bağlı ümumi müzakirələri, eləcə də gedişatı təhlil etmək və qəbul olunacağı təqdirdə qanunun ictimai-siyasi, eləcə də institusional baxımdan hansı nəticələri gətirəcəyi ilə bağlı gözləntiləri bölüşməkdir.

 

Elan edilən layihə və dəyişikliklər

 

Siyasi partiyalar haqqında qanun layihəsinin 7 sentyabrda dərc edilmiş ilkin versiyası və 29 Noyabr tarixində yenilənmiş formada elan olunan ikinci versiyası arasındakı ən çox müzakirə olunan əsas fərqlər və eyniliklər aşağıdakılardır:

 

İlkin versiya (07.10.2022) Yenilənmiş versiya (29.11.2022)
Siyasi partiya Azərbaycan ərazisində son 20 il daimi yaşayan tam fəaliyyət qabiliyyətli olan azı 200 vətəndaş (təsisçilər) tərəfindən təsis edilir. Siyasi partiya tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaş (təsisçilər) tərəfindən təsis edilir.
Dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 10000 üzvü olmalıdır. Dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 5000 üzvü olmalıdır.
Qanunun qüvvəyə mindiyi tarixdən 90 gün müddətində siyasi partiyanın səlahiyyətli şəxsi tələb olunan minimum üzv sayının təmin edilməsi üçün tədbirlər görür. Qanunun qüvvəyə mindiyi tarixdən 180 gün müddətində siyasi partiyanın səlahiyyətli şəxsi tələb olunan minimum üzv sayının təmin edilməsi üçün tədbirlər görür.
Milli Məclisə, prezidentliyə və ya bələdiyyə seçkilərində ardıcıl olaraq 2 dəfə iştirak (qeydə alınmış namizədin seçkilərdə bilavasitə iştirakı formasında) etmədikdə siyasi partiyanın qeydiyyatı ləğv olunur. Çıxarılıb.
Siyasi partiyalar üzvlərinin reyestrini (adı, soyadı, atasının adı, həmçinin fərdi identifikasiya nömrəsi, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı (olduğu halda) və əlaqə telefon nömrəsi göstərilməklə) tərtib edərək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir. Olduğu kimi saxlanılıb.
Siyasi partiyanın fəaliyyətinin dayandırıldığı dövrdə və ya ləğvinin dövlət qeydiyyatına alındığı halda onun hər hansı formada fəaliyyət göstərməsi, o cümlədən partiya orqanlarının (struktur qurumlarının) və üzvlərinin siyasi partiyanın adından çıxış etməsi və ya fəaliyyət göstərməsi, toplantıların keçirilməsi, maliyyə əməliyyatlarının aparılması, yaxud onun fəaliyyətinin qanunsuz təşkilində və ya işində iştirak qadağandır. Olduğu kimi saxlanılıb.
Siyasi partiya pul vəsaitini (üzvlük haqqı və ianə) yalnız milli valyutada və nağdsız qaydada bank hesabına köçürmə yolu ilə qəbul edir. Olduğu kimi saxlanılıb.

 

Qanun layihəsinin konkret hansı dövlət qurumu tərəfindən hazırlandığı bildirilməsə də, rəsmilər iddia edir ki, 47 siyasi partiyanın təklifləri qeydə alınıb və parlamentdə ilki partiya rəhbərləri, ikincisi QHT təmsilçiləri ilə olmaqla, iki dinləmə keçirilib. Güman etmək olar ki, layihənin ilkin versiyasını elan edəndə, ölkə rəhbərliyi həmin layihəni sonradan dəyişərək yumşaltmağı da öncədən nəzərdə tutmuşdu. Bu, hakimiyyət üçün iki formada yararlı idi. Birincisi, həm yerli, həm beynəlxalq ictimaiyyət üçün qanun layihəsinin ictimai müzakirələrə açıq olduğunu və dəyişiklik təkliflərinin nəzərə alındığı görüntüsünü yaratmaq; ikincisi isə, bəzi parlament partiyalarını ictimai rəydə daha da diskreditasiya etmək. Məsələn, ilkin versiyada partiyalar üçün 10 min üzv tələbi və iki dəfə seçkilərdə iştirak etməyən partiyaların qeydiyyatının ləğvi şərti, müvafiq olaraq Milli Cəbhə Partiyası və Respublikaçı Alternativ Partiyası (REAL) tərəfindən irəli sürülmüş və ictimaiyyətin tənqidinə səbəb olmuşdu. Bu bəndləri qanunun yeni versiyasında ləğv etməklə hakimiyyət özünü həmin partiyalardan daha proqressiv qüvvə kimi təqdim etmək imkanı əldə etdi.

 

Mümkün nəticələr

 

Mövcud partiyalar: Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilən siyahı son illər ərzində yenilənməsə də, Azərbaycanda hazırda dövlət qeydiyyatında olan 59 partiya var. 1992 və 2011-ci illər arasında 55 partiya qeydiyyatdan keçmişdi. Növbəti 9 ildə isə partiyaların qeydiyyat üçün Ədliyyə Nazirliyinə etdiyi heç bir müraciət müsbət cavab almırdı. 2020-ci ilin ilk yarısından, yəni hakimiyyətlə digər partiyalar arasında dialoq kimi təqdim edilən platformanın yaranmasından bəri isə daha 10 partiya qeydiyyata alınıb. Bunlara Ağ Partiya, Respublikaçı Alternativ Partiyası (REAL) və Haqq və Ədalət Partiyası da daxildir. 2021-ci ildə isə qeydiyyatda olan 6 siyasi partiya hakim YAP partiyasına qoşulduğunu elan etmişdi.

 

Yeni qanunla birgə, Azərbaycanda siyasi partiyaların qeydiyyatı və fəaliyyəti ilə bağlı vəziyyət 2011-2020 illəri arasındakı dövrə geri qayıdacaq. Sadəcə, partiyaların qeydiyyata alınması qarşısında təkcə siyasi-diskiriminativ yox, həm də qanunvericiliklə bağlı çətinliklər mövcud olacaq. Məsələn, əgər öncələr qeydiyyatdan keçmək üçün 1000 nəfər üzv qanunla yetərli idisə, indi qanuna əsasən minimum 50 təsisçi, 5000 üzv və həmin üzvlərin kimlik məlumatlarının hakimiyyət orqanlarına təqdim olunması tələbi irəli sürüləcək.

 

Yeni Azərbaycan Partiyasının administrativ resurslar hesabına cəlb etdiyi güman edilən 774 minə yaxın üzvü var. Digər partiyaların isə üzv sayları ilə bağlı səhih məlumat yoxdur. Əgər qeydiyyatda olan partiyaların hamısı üzv saylarını 5000-ə çatdırsa, nəzəri olaraq bu o deməkdir ki, Azərbaycanda gələn il rəsmi partiya mənsubiyyəti olan 1 milyondan çox vətəndaş olacaq ki, bu da 18 yaşdan yuxarı əhalinin təxminən 15 faizi deməkdir. Azərbaycan cəmiyyətində mövcud siyasi apatiya şəraitində bu rəqəm reallığı əks etdirməyəcək və çoxlu suallar yaradacaq. Bunun səbəbi hakimiyyət tərəfində təzyiqlər və siyasi diskriminasiya ilə yanaşı, həm də partiyaların platformalarının, ideoloji xətlərinin olmaması və öz yaratdıqları gündəmlər ilə cəmiyyəti mobilizasiya edə bilməmələridir. Müqaisə üçün qeyd etmək olar ki, 83 milyon əhalisi və oturuşmuş pluralist partiya sistemi olan Almaniyada belə, siyasi partiya üzvlərinin ümumi sayı təqribən 1 milyon 200 min nəfərdir.

 

Gözləmək olar ki, partiyaların sayında azalma baş verəcək. Yalnız kağız üzərində mövcud olan və üzvlük bazası olmayan partiyaların bəziləri, ya öncə yaradılmış nümunə əsasında YAP-a qoşulacaq, ya da qeydiyyatını dayandıracaq. Lakin, ən azı hazırda parlamentdə təmsil olunan, əksəriyyəti hakimiyyətin peyk partiyası hesab edilən 10 partiya, eləcə də yeni qeydiyyata alınmış partiyalar və digərləri üzvlərini qısa müddətdə tələb olunan saya çatdırmağa çalışacaqlar. Halbuki, partiyaların bunun üçün cəmiyyətin etimadı, mediaya çıxış, regional struktur, maliyyə kimi resursları yoxdur və onlar həm də dominant diskursda yadlaşdırılıb. Azərbaycan şəraitində partiyalar üçün minlərlə insanı sıralarına qoşmaq reallıqda mümkün olmadığına görə, minimal üzv sayına çatmaq üçün, təcrübədə olduğu kimi, siyasi-ideoloji əsası olmayan informal əlaqələrdən və şəxsi resurslardan daha çox istifadə olunacaq. Bu isə, vətəndaşlar arasında siyasi sistemə, həmçinin partiyalara, parlamentə və seçki institutuna inamsızlığı daha da dərinləşdirəcək. İnam isə iştirakçılığa təsir edən əsas amillər sırasındadır.

 

2020-ci ildə keçirilən ictimai rəy sorğusunun nəticələrinə görə, respondentlərin (1000 nəfər) cəmi 48 faizi siyasi partiyalara etimad göstərməyə meyl edir, 33 faiz isə onlara inanmır. Eləcə də, 57 faiz Milli Məclisə etimad göstərməyə meyl etsə də, bu rəqəm öncəki illərlə müqayisədə əhəmiyyətli dərəcədə azalıb və parlamentə inanmayanların nisbəti 29 faizə çatıb. Yeni qanun isə bu baxımdan vəziyyəti daha da pisləşdirə bilər.

 

İnstitusional mühit: Bəs bu qanun yeni yaranacaq siyasi təşkilatlara necə təsir edə bilər?

 

Yeni institusional təşkilati davranış nəzəriyyəsinə görə, təşkilatlar subyekti olduqları tənzimləyici təzyiqlərə (məsələn, normativ hüquqi aktlar) uyğunlaşmaqla və ya uyğunlaşma görüntüsü yaratmaqla mövcudluqlarını davam etdirə bilirlər. Hökümətlər yeni qərarları, qanunvericilik dəyişikliklərini bu güman əsasında irəli sürürlər. Halbuki, təşkilatlar üçün həmin institutsional şərtlərlə razılaşmaqdan əlavə strateji seçimlər də mövcuddur və həmin seçimlərdən biri də tənzimləyici institusional çərçivəni tərk etməkdir.

 

Yəni, məsələn, siyasi partiyalar haqqında qanunun məhdudlaşdırıcı bəndlərinə əsasən ənənəvi müxalifət partiyalarının qeydiyyatı ləğv olunsa və ya partiyalar üzvlərini riskə atmamaq üçün kimlik məlumatlarını toplu formada hakimiyyət orqanına təqdim etməsələr, onlar yenə də öz mövcudluqlarını qoruyub saxlaya bilərlər. Qanun qeydiyyatsız siyasi partiyaların fəaliyyətini qadağan etsə belə, onlar özlərini rəsmi olaraq siyasi partiya kimi identifikasiya etmədən, məsələn, siyasi hərəkat formasında fəaliyyətlərini davam etdirmək imkanına sahibdirlər.

 

Bunları yeni yaranacaq siyasi partiyalara nəzərən də qeyd etmək olar. Siyasi partiya kimi qeydiyyatdan keçməyin qeyri-proporsional olaraq çətinləşdirildiyini nəzərə alaraq, təşkilatlar özlərini partiya kimi təqdim etmədən də siyasi səhnəyə daxil ola bilərlər. Həmçinin, seçkilərdə iştirakın mümkün olmadığı halda, qeydiyyatsız partiyalar siyasi iştirakçılığın alternativ formalarını yoxlayacaqlar. Onu da nəzərə almaq lazımdır ki, hesabatlara görə, onsuz da səsvermədə həqiqi iştirak göstəriciləri, xüsusilə də, parlament seçkilərinə nəzərən əhəmiyyətli dərəcədə aşağıdır.

 

Belə olan hallarda isə, ölkə rəhbərliyi üçün arzuolunmayan nəticələr ortaya çıxa bilər. Çünki tənzimləyici nəzarətdən kənarda siyasi aktorların formalaşması birbaşa siyasi partiyalarla bağlı qanunun doğurduğu reallıq olacaq. Nəticə olaraq, qəbul ediləcəyi gözlənilən qanun nə hakim elitanın, nə cəmiyyətin, nə də digər siyasi partiyaların maraqlarına uyğun deyil.

 

Gözləntilər

 

Ekspert çevrələrində gələn il Azərbaycanda referendumun keçiriləcəyi və proposional seçki sisteminə keçid ediləcəyi müzakirə olunur. Proporsional sistemə keçid özlüyündə lazımlı olsa da, sağlam siyasi partiya mədəniyyəti formalaşmadan, hakim partiyanın siyasi dominantlığı şəraitində xüsusi dəyişikliyə səbəb ola bilməz. Dövlət siyasətləri ilə bağlı inkişafa aparacaq debatlar ancaq rəqabətli siyasi partiya sisteminin mövcudluğu şəraitində mümkündür.

 

Azərbaycan Konstitusiyasının 58-ci maddəsinə əsasən “hər kəs istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququna malikdir. Bütün birliklərin sərbəst fəaliyyətinə təminat verilir”. Partiyalar üzv saylarından asılı olmayaraq, cəmiyyətin ən azından müəyyən kəsiminin gündəmini və maraqlarını siyasət və qanunvericilik səviyyəsində təmsil edə bilərlər. Partiyalar üzərində hakim partiya rəhbərinin idarə etdiyi hakimiyyətin nəzarətini qeyri-proposional formada gücləndirən yeni qanun isə, həm  cəmiyyətin müxtəlif kəsimlərinin özünü-ifadəsini daha da çətinləşdirir, həm də dövlət-cəmiyyət münasibətlərinin gələcək inkişafına mane olur. 

Müəllif
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv müxtəlif sahələrdə fəaliyyət göstərən tədqiqatçılar və ekspertlər tərəfindən 2022-ci ildə qurulmuş müstəqil beyin mərkəzidir.

Paylaş