Bloq | Azərbaycanda könüllülük hansı dəyəri yaradır?

Tədqiqatlara görə, könüllülük fəaliyyəti cəmiyyətin inklüzivliyi və vahidliyi, iqtisadi inkişaf, konfliktlərin həlli, təbii və humanitar fəlakətlərin nəticələrinin aradan qaldırılması baxımıından əhəmiyyətli rol oynaya bilər. Müxtəlif ölkələrdə könüllülük fəaliyyətinin yayğınlığına və formalarına sosial-iqtisadi şəraitin, sosial-mədəni normaların, təhsilin səviyyəsinin və siyasi kontekstin əhəmiyyətli təsiri var.

 

Universal bir tərifi olmasa da, könüllülük maddi mənfəət güdməyən və digər insanlara kömək məqsədilə asudə vaxtlarda həyata keçirilən fəaliyyət kimi xarakterizə edilir. Xüsusilə də, Qərb praktikasında könüllülük və vətəndaş cəmiyyətində iştirakçılıq sıx asossasiya olunur. Qeyd olunur ki, könüllülük altruizm ehtiva edən fəaliyyət kimi insanlar arasında inamı möhkəmləndirir, sosial kapital yaradır və demokratiyanın sağlam inkişafına tövhə verir. Dünya Əmək Təşkilatının yaydığı statistikaya görə yetkin amerikanların 30%-i, norveçlilərin 38%-i, almanların isə 28.6%-i ictimai təşkilatlarda könüllülük ediblər.

 

Azərbaycanda tarixən ictimai əsaslı könüllülük ənənəsi zəif olmuşdur. Hələ 2012-ci ildə keçirilən sorğunun nəticələrinə əsasən, Azərbaycanlılar tanımadıqları insanlara və ictimai təşkilatlara əsasən etimad göstərmirlər və vaxtlarının çox hissəsini ailələri ilə birgə keçirirlər (ailəyə və yaxınlara yardım üçün sərf edilən əmək informal könüllülük hesab edilə bilər). Təbii ki, qeyd olunduğu kimi, burda sosial vəziyyət, təhsil və gender kimi məsələlərin də rolu var. Son onlillikdə sosial şəbəkələrin populyarlaşması və internet istifadəsinin artması, həm də, insanların asudə vaxtlarının bir hissəsini virtual aləmdə keçirməsinə səbəb olub.

 

Lakin, xüsusilə də 2012-ci ildən sonra Azərbaycanda daha bir əhəmiyyətli dəyişiklik baş verib ki, bu da dövlətin təşkil etdiyi və əsasən sosial xidmətlərlə əlaqəli könüllülük imkanlarının getdikcə genişlənməsidir. Buna nümünə olaraq, ASAN Xidmətin, Dayanıqlı və Operativ Sosial Xidmət (DOST) Agentliyinin, Elm və Təhsil Nazirliyinin, Bakı Nəqliyyat Agentliyinin könüllülük proqramlarını, dövlət nəzarətində yaradılan “Aqrar İnkişaf Könüllüləri” və “Regional İnkişaf” kimi ictimai birlikləri, eləcə də Bakıda keçirilən beynəxalq Avroviziya (2012), Avropa Oyunları (2015), İslam Oyunları (2017) və Formula 1 (2016-2022) yarışlarının çoxsaylı könüllülərini göstərmək olar.

 

Qeyd edilən “ASAN Könüllüləri”, “Könüllü DOST”, “Bir Könüllü” kimi dövlət proqramlarında və beynəlxalq yarışlarda indiyə kimi on minlərlə gənc iştirak edib. Bu proqramların inkişafına rəsmi dəstəyi ifadə etmək üçün 2020-ci il ölkə başçısı tərəfindən Azərbaycanda “Könüllülər ili” elan edilib.

 

2022-ci ilin Oktyabr ayında Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğunun elan olunan nəticələrinə əsasən, “İctimai-siyasi həyatda hansı formada iştirak edirsiniz?” sualına cavab olaraq, respondentlərin (ümümi say: 1071) 3.4%-i könüllülük fəaliyyəti ilə məşğul olduğunu qeyd etsə də, respondentlərin 0.7%-i hansısa ictimai birliyin üzvü olduğunu bildirib. Rəqəmlər onu göstərir ki, Azərbaycanda vətəndaş cəmiyyətindən kənarda daha geniş könüllü kütləsi formalaşıb.

 

Bəs Azərbaycanda könüllük hansı dəyəri yaradır?

 

İnkişaf etməkdə olan ölkələrdə insanların könüllülük fəaliyyəti əsasən şəxsi inkişafa və dəyərlərə əsaslanan motivasiyalar üzərində qurulur. Bunlara sosial status qazanmaq, müxtəlif imkanlar əldə etmək, sosiallaşmaq, mənəvi məmnunluq hissinə can atmaq və icmanın inkişafına tövhə vermək daxildir. Təəssüf ki, Beynəlxalq Əmək Təşkilatının könüllü işin ölçülməsi ilə bağlı standartlarına uyğunlaşan bir çox ölkədən fərqli olaraq, Azərbaycanda könüllülük, onun həcmi, formaları, motivasiyaları və məmnunluq səviyyəsi ilə bağlı statistik və sorğu məlumatları yoxdur.

 

Azərbaycanın dövlət diskursunda könüllülüyə yüklənən mənanı ölkə başçısının 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Sərəncamının mətnində müəyyənləşdirmək olar. Burada “gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək” niyyəti rəsmi səviyyədə ifadə olunur.

 

Öncəki tədqiqatlar göstərir ki, Azərbaycanda inam yaradan şəbəkələşmə, yəni inklüziv və fərqli insanlar arasında körpü quran (bridging) sosial kapital yox səviyyəsindədir və bunu qeyri-inklüziv, yəni ailə və yaxın çevrə ilə məhdudlaşan (bonding) sosial kapital əvəz edir. Ölkədə müstəqil və ictimai əsaslı könüllülüyün zəif olduğunu və bunun üçün imkanların əhəmiyyətli dərəcədə azaldıldığını nəzərə alsaq, Azərbaycan şəraitində formal könüllülüyün iki əsas motivasiyası olduğunu iddia etmək olar: şəxsi inkişaf və karyera imkanları yaratmaq. Bəs həqiqətən könüllülük insan kapitalı yaradıb, karyera imkanlarına təkan verirmi?

 

Məsələn, ASAN Xidmətin 2022-ci ildə verdiyi məlumata görə, son on ildə ASAN könüllülərinin sayı 30 minə çatsa da, onlardan 3 minə yaxını, yəni 10%-dən azı “ASAN kadr” portalı vasitəsilə işə götürülüb. DOST Agentliyinin mərkəzlərində 2018-2022 illər ərzində 1700 nəfər könüllü kimi çalışıb, amma təkcə 2020-ci ilə qədər könüllülük üçün müraciət edənlərin sayı 6500 nəfər olub. Agentliyin 2020-ci ildə bildirdiyinə görə, könüllülük proqramını keçənlərin cəmi 17-si işlə təmin olunub. Gənclərin əmək bazarına keçidi ilə bağlı daha geniş mənzərəyə baxsaq, haqqında danışılan “könüllülər hərəkatının” gənclər üçün yaratdığı iş imkanlarına çox təsir etmədiyi nəzərə çarpır. Dövlət Statistika Komitəsinin (DSK) gənclərin işsizliyi ilə bağlı statistikasına əsasən, 2012-ci ildə 15-29 yaşlı iqtisadi fəal əhalinin 10.3%-i işsiz idisə, 2021-ci ildə bu 10.1%, yəni 141.7 min nəfərdir. Bu o deməkdir ki, son on ildə gənclərin işsizliyi ilə bağlı rəsmi statistikada böyük dəyişiklik baş verməyib. Onu da vurğulamaq lazımdır ki, müstəqil iqtisadi ekspertlər işsizliklə bağlı real rəqəmlərin dəfələrlə artıq olduğu qənaətindədirlər.

 

Azərbaycanda sosial xidmətlər göstərən qeyri-hökümət təşkilatları da məhdudiyyətlərə məruz qaldığı və əhalinin sosial xidmətləri əsasən dövlətdən gözlədiyini nəzərə alıb, o nəticəyə gəlmək olar ki, rəsmi könüllülük proqramları işsiz gəncləri cəlb etməklə dövlətin xidmət yükünü bölüşmək üçün dizayn olunmuş az-xərcli vasitədir. Nəticədə, Azərbaycandakı dominant könüllülük imkanları gənclər üçün yuxarıda qeyd olunan əsas motivasiyalara uyğun dəyər yaratmır.

 

Yəni, Azərbaycanda könüllülük fəaliyyətinin məzmunu Qərb təcrübəsi ilə yox, keçmiş Sovet ənənəsi və ya hazırki Çin modeli ilə daha çox uyğunlaşır. Sonuncularda olduğu kimi, alternativ ictimai fəallıq imkanların sıradan çıxarıldığını da nəzərə alsaq, dövlətin təşkil etdiyi könüllülük proqramları həm də çoxsaylı işsiz gəncləri hakim diskursa indoktrinasiya etməyə yardım edir. Çində də dövlət siyasəti yuxarıdan-aşağıya idarə olunan və xidmətlər sahəsində çalışan könüllü hərəkatının formalaşdırılması istiqamətində qurulub. Lakin elə Çin modeli ilə bağlı elmi araşdırma sorğu əsasında o nəticəyə gəlib ki, vətəndaşlar yox dövlət tərəfindən təşkil olunan layihələr həqiqi könüllülük təəssüratı yaratmadığı üçün, könüllülər arasında məyusluğa səbəb olur və bu baxımdan özlüyündə uğursuzdur. Həmçinin, bizim regionda Sovet irsinin özünü uzun müddət qoruyub saxlaması onu göstərir ki, könüllülüyün qeyri-təbii formada təşkili bu faəliyyətə inamı uzunmüddətli perspektivdə azaldır, cəmiyyətin gələcək inkişafına mane olur.

 

Azərbaycandə hələ müstəqilliyin ilk illərində yaranan könüllü ictimai birliklər və özünü təşkil edən icmalar, dövlətin imkanlarının məhdud olduğu dövrdə, birinci Qarabağ müharibəsinin fəlakətli humanitar nəticələrinin və digər sosial problemlərin təsirinin azaldılmasında önəmli rol oynamışdı. Burada xüsusilə qadınların fəal olduğu yardımlaşma qrupları qeyd olunurdu. Son illərdə həm Covid-19 pandemiyası, həm də ikinci Qarabağ müharibəsi ərəfəsində gənclərin irəli sürdüyü müstəqil və kütləvi yardım təşəbbüsləri vətəndaşların dövlət müdaxiləsi olmadan da sosial problemlərin həlli üçün effektiv çıxış edə biləcəyini göstərir. 

Müəllif
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv müxtəlif sahələrdə fəaliyyət göstərən tədqiqatçılar və ekspertlər tərəfindən 2022-ci ildə qurulmuş müstəqil beyin mərkəzidir.

Paylaş