Analiz | Azad edilmiş ərazilərin bərpası hökümətin xərclərini artırdımı?

İşğaldan azad edilən ərazilərin bərpası 44 gün davam edən İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra Azərbaycan iqtisadiyyatı ilə bağlı müzakirə edilən əsas məsələlərdən birinə çevrildi. 2021-ci ildən etibarən dövlət büdcəsindən azad edilmiş ərazilərin bərpasına vəsait ayrılmağa başlandı. Həmin ilin dövlət büdcəsi haqqında qanunda işğaldan azad edilmiş ərazilərin yenidən qurması və bərpası istiqaməti üzrə 2 milyard 200 milyon manat vəsait ayrıldı. 2021-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı göstəricilərdən aydın olur ki, nəzərdə tutulan xərclərin 99 faizi icra olunub. Ötən il bu istiqamətdə yekunda 2 milyard 178 milyon manat vəsait xərclənib.

 

2022-ci ilin dövlət büdcəsi haqqında qanun qəbul olunarkən də, bu istiqamətdə 2 milyard 200 milyon manat vəsaitin ayrılması nəzərdə tutulmuşdu. Lakin, ilin ortasında büdcəyə əlavə və dəyişikliklər haqqında qərar qəbul edildi. Bu dəyişikliklərdən biri də, işğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı nəzərdə tutulan xərclərin artırılması ilə bağlı oldu. Dəyişikliklərdən sonra büdcədən Qarabağdakı yenidənqurma işlərinə ayrılan vəsait daha 470 milyon manat artırıldı və 2 milyard 670 milyon manata çatdırıldı. Hazırda müzakirələri davam etdirilən 2023-cü ilin dövlət büdcəsində bu vəsaitin bir qədər də artırılması nəzərdə tutulur. Hökümət 2023-cü ildə Qarabağın bərpasına 3 milyard manat vəsait ayırmağı nəzərdə tutur.

 

Qarabağdakı yenidənqurma işlərinə vəsait ayrılması dövlət büdcəsinin xərcləri ilə bağlı daha bir istiqamətdə müzakirələrə səbəb olur. Belə ki, bəzi hallarda ictimaiyyət nümayəndələri və media orqanları Qarabağdakı yenidənqurma işlərinin hökümətin xərclərini artırdığını bildirir. Ölkədə problem yaşanan və maliyyə vəsaitləri ayrılmasına ehtiyac olan, lakin ayrılmayan mövzularda da, yenidənqurma işlərinin hökümətin xərclərini artırmasından arqument kimi istifadə edilir. Bəs gerçəkdə Qarabağdakı yenidənqurma işləri büdcə xərclərinə necə təsir edib?

 

Cədvəl 1: 2014-2022-ci illərdə Azərbaycanın dövlət büdcəsində tikinti xərcləri

 

İl Tikinti işləri ilə bağlı nəzərdə tutulan vəsait
2013                6.916.636.501
2014                6.259.482.847
2015                4.988.660.392
2016                2.688.646.693
2017                2.690.514.668
2018                5.070.516.409
2019                6.200.833.066
2020                4.749.134.481
2021                5.036.561.290
2022                5.972.270.500

 

Qeyd edək ki, dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı ayrılan xərclər “iqtisadi fəaliyyət” bölməsinin “tikinti və şəhərsalma” altbölməsində nəzərdə tutulur. Bu altbölmədə işğaldan azad olunmuş ərazilərin bərpası və yenidənqurması xərcləri ilə yanaşı, dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) altbölməsi də daxildir. Bu baxımdan, yuxarıdakı cədvəldən də göründüyü kimi öncəki illərlə müqayisədə müharibədən sonrakı illərdə dövlət büdcəsində tikinti işləri ilə bağlı ayrılan vəsaitin həcmində ciddi artım yoxdur. Hətta, 2019-cu və devalivasiyadan öncəki illərdə dövlət büdcəsindən tikinti ilə bağlı daha çox xərclər nəzərdə tutulub. Müharibədən sonrakı illərdə isə, tikinti xərclərinin tərkibində Qarabağa prioritet verilib, yəni, vəsaitin əsas hissəsi həmin bölgəyə ayrılıb. Ümumi xərclərin həcmi isə, bir o qədər də dəyişməyib.

 

Qarabağdakı yenidənqurmaya ayrılan vəsait hansı istiqamətlərdə xərclənilib?

 

Hesablama Palatasının 2021-ci ilin dövlət büdcəsi ilə bağlı rəyindən aydın olur ki, ötən il Qarabağdakı yenidənqurma ilə bağlı xərclənən vəsaitin mütləq əksəriyyəti nəqliyyat infrastrukturu ilə bağlı olub. Palatanın hesabatında qeyd edilir ki, 2021-ci ildə işğaldan azad edilmiş ərazilərdəki layihələrə xərclənilən 2 milyard 178 milyon manat vəsaitin 85 faizi avtomobil yollarının və dəmiryolu xətlərinin layihələndirilməsinə və tikintisinə yönəldilib. İl ərzində icra edilmiş məbləğin 73 faizi “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”nin, 12 faizi “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin, 4.5 faizi “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi”nin, 3.1 faizi “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi”nin, 2.9 faizi “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi”nin, 3,5 faizi isə digər təşkilatların payına düşüb.

 

Cədvəl 2: 2021-ci ildə hansı dövlət qurumu Qarabağda nə qədər büdcə vəsaiti xərcləyib? (mənbə: Hesablama Palatası)

Qurumun adı Xərclənən büdcə vəsaiti (manat) Toplam xərclərdə xüsusi çəkisi
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 1 milyard 590 milyon      73%
Azərbaycan Dəmir Yolları 261 milyon 360 min      12%
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi 98 milyon 100 min      4.5%
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi 67 milyon 600 min      3.1%
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi 63 milyon 200 min      2.9%
Digər 76 milyon 250 min      3.5%

 

Hesablama Palatasının məlumatlarından aydın olur ki, 2021-ci ildə dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərə ayrılan vəsait ümumilikdə 18 təşkilat arasında və 71 layihə üzrə bölünüb. 18 təşkilatdan 13-ü, ayrılan vəsaiti 100 faiz həcmində istifadə edib. Üç təşkilat üzrə ayrılan vəsaitin icra göstəricisi isə 90 faizdən yüksəkdir. Bir təşkilat (Dövlət Turizm Agentliyi) nəzərdə tutulan xərclərin 68 faizini, biri isə (Mədəniyyət Nazirliyi) 42 faiz həcmində icra edib. Hesablama Palatasının 2023-cü ilin dövlət büdcəsi haqqındakı rəyində isə bildirilir ki, 2022-ci ildə işğaldan azad edilmiş ərazilərdə 16 sifarişçi təşkilat üzrə 68 layihə həyata keçirilir. Onlardan 20-nin 2022-ci il sonunadək başa çatdırılacağı, 48 layihənin isə icrasının gələn il də davam edəcəyi gözlənilir.

 

2021-ci il ərzində işğaldan azad edilmiş ərazilərlə bağlı dövlət büdcəsindən vəsait ayrılan 71 layihədən 50-i üzrə, yəni, bütün layihələrin 70 faizində nəzərdə tutulan xərclər 100 faiz həcmində yerinə yetirilib. 10 layihə üzrə xərclərin icra göstəricisi 40-98 faiz həddindədir. 2021-ci ildə dövlət büdcəsindən maliyyə ayrılan 11 layihə üzrə isə, vəsaitlərdən istifadə edilməyib. Həmin 11 layihədən 10-u Mədəniyyət Nazirliyinə, biri isə, Kənd Təsərrüfatı Nazirliyinə aid olub.

 

Büdcə vəsaitləri nə qədər şəffaf bölüşdürülür?

 

Hər il dövlət büdcəsinindən Qarabağdakı yenidənqurma fəaliyyəti üçün bir neçə milyard manat ayrılması, təbii ki, bu vəsaitin şəffaf, səmərəli və effektiv xərclənməsi məsələsini də gündəmə gətirir. Ancaq, təəssüf ki, Azərbaycan büdcəsində dövlət əsaslı investisiya qoyuluşunun şəffaflığı ilə bağlı problemlər işğaldan azad edilmiş ərazilərə ayrılan vəsaitlərlə bağlı da qalmaqdadır. Dövlət büdcəsinin xərclənməsinin auditini həyata keçirən orqanın – Hesablama Palatasının 2021-ci il dövlət büdcəsinin icrası ilə bağlı rəyində qeyd olunur ki, 2021-ci ildə dövlət büdcəsindən Qarabağın bərpasına ayrılan vəsait 71 layihə üzrə bölüşdürülüb, ancaq, bu vəsaitlərin icrası ilə bağlı illik hesabatlara rast gəlinmir. Bu baxımdan, xərclənən vəsaitlərlə bağlı hesabatlılığın və şəffaflığın təmin edilməməsi həmin layihələrin səmərəliliyini də sual altına qoyur.

 

Qarabağdakı yenidənqurma fəaliyyəti üçün dövlət büdcəsində nəzərdə tutulan vəsaitin  həm formalaşdırılmasında və bölüşdürülməsində, həm də xərclənməsində şəffaflıqla bağlı problemlər mövcuddur. Qeyd etdiyimiz kimi, işğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlı xərclər dövlət büdcəsinin tikinti və şəhərsalma istiqamətində nəzərə alınır. Bu istiqamətə isə, Qarabağdakı bərpa işlərinə ayrılan vəsaitlə yanaşı, dövlət əsaslı vəsait qoyuluşu da daxildir. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası qanununda qeyd edilir ki, dövlət investisiya proqramının layihəsində investisiya layihələrinin sahələr və istiqamətlər üzrə ümumi məbləğləri qeyd olunmalıdır. Bu isə o deməkdir ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən ayrı-ayrı layihələrin dəyəri nəinki ictimaiyyətə və mətbuata, eləcə də, dövlət büdcəsinin müzakirə və qəbul edildiyi parlamentə də açıqlanmır. Parlamentə təqdim edilən sənədlər də, sadəcə istiqamətlər üzrə ümumi məbləğləri əks etdirir.

 

İnvestisiya xərclərinin konkret layihələr üzrə bölüşdürülməsi prezident tərəfindən imzalanan sərəncamlarla həyata keçirilir. Lakin, bu sərəncamların da heç də hamısı dərc edilmir və ictimaiyyət üçün çatımlı olmur. Məsələn, Baş nazirin hökümətin 2021-ci ildəki fəaliyyəti ilə bağlı parlamentdəki hesabatında qeyd edilir ki, 2021-ci il ərzində 73 sərəncam imzalanıb və bu sərəncamlar vasitəsi ilə regionların sosial-iqtisadi inkişafı üçün dövlət büdcəsinin investisiya xərclərindən 212 milyon manat, Prezidentin ehtiyat fondundan isə 122 milyon manat vəsait ayrılıb. Halbuki, qeyd edilən məbləğlər həmin istiqamətlər üzrə ayrılan ümumi vəsaitlərlə nisbətdə çox aşağıdır. Bu baxımdan, investisiya xərcləri ilə bağlı konkret layihələr üzrə xərclərin açıqlanmaması bu layihələrin səmərəli icrası ilə bağlı risklər yaradır, eləcə də, dövlət büdcəsi vəsaitlərinin şəffaf xərclənməsinin tədqiq edilməsini çətinləşdirir.

 

Dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlı ayrılan xərclərin bölüşdürülməsi ilə yanaşı, xərclənməsi ilə bağlı da, çağırışlar mövcuddur. Dövlət büdcəsindən Qarabağdakı yenidənqurma işlərinə ayrılan vəsaitlə bağlı ən böyük problemlər həmin layihələri icra edən şirkətlərin seçim prosesinin şəffaf olmamasıdır. “Dövlət satınalmaları haqqında” qanunda da, qeyd edilir ki, dövlət vəsaitlərinin istifadəsi ilə bağlı satınalmalar açıq, qapalı və məhdud iştiraklı tenderlər, təkliflər və kotirovka sorğusu, eləcə də, bir mənbədən satınalma vasitəsi ilə həyata keçirilir.

 

Maliyyə nazirliyinin qərarında isə, əks olunub ki, dövlət satınalmalarının dəyəri 50 min manatı ötdükdə, satınalma açıq tender üsulu ilə həyata keçirməlidir. Müvafiq qanunvericilik sadəcə müdafiə və milli təhlükəsizliklə bağlı satınalmalarda qapalı tender üsulundan istifadəyə imkan tanıyır. Lakin, hazırda Qarabağda icra edilən və dəyəri milyonlarla ölçülən layihələr belə icraçılara tendersiz verilib. Ötən il Qarabağdakı yenidənqurma işlərinə ayrılan vəsaitdən ən çox istifadə edən (bütün vəsaitin 73 faizi) qurumun – Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibinin mətbuata açıqlamasında bildirilir ki, yollların tikinti və layihələndirilməsində iştirak edən şirkətlər tender yolu ilə seçilməyib, müqavilə əsasında işə başlayıblar. 

 

Dövlət vəsaitlərinn satınalma formaları üzrə bölgüsü də, 2021-ci ildə rəqabətsiz satınalmaların payının artdığını göstərir. Hökümətin 2021-ci ildəki fəaliyyəti ilə bağlı parlamentə təqdim etdiyi hesabatdan da, aydın olur ki, 2021-ci ildə müsabiqə əsaslı satınalmaların ümumi satınalmalar içərisindəki payı azalıb. Ötən il dövlət satınalmalarının toplam dəyəri 6 milyard 12 milyon manata bərabər olub. Bu vəsaitin 2 milyard 646 milyon manatı, yəni, cəmi 44 faizi müsabiqə əsaslı satınalmalar hesabına həyata keçirilib. Yerdə qalan 3 milyard 366 milyon manatlıq dövlət satınalmaları isə, bir mənbədən satınalmalardan ibarət olub. Burada diqqət çəkən bir məqam da, müsabiqə əsaslı satınalmaların həcminin azalması ilə bağlıdır. 2021-ci ildə bu tip satınalamaların həcmi 855 milyon manat və ya 24.4 faiz azalıb. Əgər 2020-ci ildə bütün dövlət satınalmalarının 53.3 faizi müsabiqə əsaslı satınalmalardan ibarət olmuşdusa, 2021-ci ildə dövlət satınalmalarında müsabiqə əsaslı satınalmaların payı 9.3 faiz azalaraq 44 faizə bərabər olub.

 

Onu da qeyd etmək lazımdır ki, tender həyata keçirilən satınalmalarda da qanunvericiliyin tələblərinin pozulması hallarına rast gəlinir. Belə ki, “dövlət satınalmaları haqqında” qanunda icracı şirkətlərlə bağlı göstərilən tələblərdən biri onların vergi öhdəliklərinin olmaması ilə bağlıdır. Lakin, araşdırmalar göstərir ki, vergi borcu olan şirkətlər də, Qarabağda həyata keçirilən layihələrlə bağlı tenderlərin qalibi olub. Eyni zamanda, bəzi hallarda Qarabağdakı yenidənqurma layihələri ilə bağlı tenderlərdə qalib gələn şirlətlərin sahiblərinin sifarişçi dövlət qurumlarının rəhbərləri ilə qohumluq əlaqələrinin olması üzə çıxıb.

 

Bütün bunları nəzərə alaraq, hökümətin işğaldan azad edilmiş ərazilərin bərpasına ayrılan vəsaitlə bağlı şəffaflıq və hesabatlılıqla bağlı ciddi addımlar atmasına ehtiyac var. Bu baxımdan, konkret layihələrlə bağlı ayrılan vəsaitin açıqlanması və tender seçimləri ilə bağlı daha rəqabətli mühitin yaradılması çox vacibdir.

Müəllif
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv müxtəlif sahələrdə fəaliyyət göstərən tədqiqatçılar və ekspertlər tərəfindən 2022-ci ildə qurulmuş müstəqil beyin mərkəzidir.

Paylaş