Analiz | Qlobal taxıl böhranı ötən ildə Azərbaycana necə təsir etdi?

Taxıl böhranı niyə yarandı?


2020-ci ildən etibarən bütün dünyada ərzaq qiymətlərində kəskin bahalaşma müşahidə edilir. Covid-19 pandemiyası səbəbindən qoyulan məhdudiyyətlərə görə qlobal təchizat zəncirinin pozulması, dolayısı ilə daşıma xərclərindəki artımlar, eləcə də, iqlim dəyişikliyinin fəsadları, bu problemi üzə çıxaran əsas səbəblərdir. 2022-ci ilin fevralında başlayan Rusiya-Ukrayna müharibəsi ərzaq qiymətlərinin daha da artması ilə yanaşı, ərzaq təhlükəsizliyi problemini də aktuallaşdırdı. Bu müharibənin ən çox təsir etdiyi sahələrdən biri taxıl ixracı ilə bağlıdır. Çünki, hər iki ölkə dünyada taxıl istehsalına görə ilk yerlərdə qərarlaşırdı.


ABŞ Kənd Təsərrufatı Nazirliyinin məlumat bazasına əsasən, 2021-ci ilin ortasından 2022-ci ilin eyni dövrünə qədər Rusiya dünyada ən çox buğda istehsal edilən üçüncü, Ukrayna isə yeddinci ölkə olub. Sırf buğda ixracına görə bu iki ölkənin bazar payı daha yüksəkdir. 2021-ci ildə dünyada ixrac edilən buğdanın 19.1%-i Rusiyanın, 8.4%-i isə Ukraynanın payına düşür. Yəni, müharibədən öncə bu iki ölkənin qlobal buğda ixracında payı 27.5 faizə bərabər idi. Rusiyanın Ukraynada sadəcə hərbi deyil, həm də mülki infrastukturu hədəf alması səbəbindən Ukraynada istehsal prosesi çətinləşdi. Eyni zamanda, ölkənin limanlarının da müharibədən zərər görməsi səbəbi ilə buğdanın ixracı ilə bağlı məhdudiyyətlər ortaya çıxdı. Yalnız avqust ayından etibarən Türkiyə, Rusiya və Ukrayna arasında Ukraynadan “taxıl dəhlizi”-nin işə salınması ilə bağlı anlaşma əldə edildi. Rusiya tərəfində isə əsas problemlər sanksiyalarla bağlı idi. Belə ki, ölkə iqtisadiyyatına çoxlu sayda sanksiyalar tətbiq edildiyinə görə Rusiya hökuməti taxıl məhsulları da daxil olmaqla, bir sıra strateji məhsulların ixracına məhdudiyyətlər tətbiq etdi. Dünyada ərzaq təhlükəsizliyi ilə bağlı çağırışların ortaya çıxması səbəbindən digər taxıl ixracatçısı olan ölkələr də oxşar qərarlar qəbul etdilər. Bu səbəblərdən, müharibəyə qədər dünya bazarlarında bir ton buğdanın dəyəri təxminən 200 avroya yaxın idisə, müharibə başladıqdan sonra bu qiymətlər təxminən 400 avroyadək yüksəldi.


Azərbaycanda buğda təminatı 


Azərbaycan ənənəvi olaraq buğda ehtiyacını idxal hesabına qarşılayır. Son illərdə ölkənin özünü buğda ilə təminat səviyyəsi təxminən 60 faiz ətrafındadır. Lakin, rəsmi açıqlamalardan məlum olur ki, sırf ərzaqlıq buğda ilə təminatda yerli istehsalın payı cəmi 25%-ə yaxındır. Yəni, Azərbaycan ərzaqlıq buğda ehtiyacının dörddə üçünü idxal hesabına qarşılaya bilir. Hökumət rəsmiləri öz açıqlamalarında Azərbaycaycanın yaxın 3-4 il ərzində özünü buğda ilə təminat səviyyəsini 62%-dən 80%-ə artırmağı hədəflədiyini açıqlayıb.


2022-ci ildə Azərbaycanda həm ictimaiyyətin, həm də hökumətin əsas gündəm mövzularından biri buğda təminatı məsələsi oldu. Bu istiqamətdə müxtəlif addımlar müzakirə edildi. Hətta daxili istehsalın artırılmasına yönəlik addımlarla yanaşı, Azərbaycanın Moldovada torpaq sahələri icarə edərək taxıl əkinləri yaratması ilə bağlı müzakirələr aparıldığı açıqlandı.

 

Dövlət Statistika Komitəsinin yaydığı rəsmi rəqəmlərdən aydın olur ki, 2022-ci ildə buğda istehsalı ilə bağlı müzakirələr getməsinə baxmayaraq, ötən il ölkədə buğda istehsalı daha da aşağı düşüb. 2022-ci ildə ölkədə 1 milyon 736 min ton buğda yetişdirilib. 2021-ci ildə bu rəqəm 1 milyon 885 min ton idi. Yəni, ötən il Azərbaycanda buğda istehsalında öncəki illə müqayisədə 8 faizə yaxın azalma baş verib.


Açıqlanan göstəricilərdən aydın olur ki, buğda istehsalının azalması məhsuldarlığın aşağı düşməsindən və buğda əkini sahəsinin azalmasından qaynaqlanıb. Məsələn, 2022-ci ildə hər hektardan 31.9 sentner məhsul götürülüb. 2021-ci ildə bu rəqəm 32.9 sentner olub. Deməli, ötən il fermerlər hər hektardan 1 sentner daha az buğda yığa bilib. Məhsul yığılan sahələrin həcmi də həmin müddətdə 572 min hektardan 547 min hektara geriləyib. Ümumilikdə buğda əkinlərinin sahəsinin azalması son illər davamlı xarakter alıb. Ölkədə 2009-cu ildə 808 min, 2013-cü ildə 689 min, 2019-cu ildə isə 670 min hektar sahədə buğda əkini həyata keçirilmişdi. Ötən il isə cəmi 547 min hektar sahədə buğda əkilib. O deməkdir ki, 2009-cu ildən bəri ölkədə buğda əkilən sahələr 32 faiz azalıb.



Cədvəl: 2013-2022-ci illərdə Azərbaycanda buğda istehsalı

İl Buğda istehsalı (ton)
2022             1.736.000
2021             1.885.400
2020             1.867.300
2019             2.171.500
2018             2.042.900
2017             1.818.700
2016             1.851.500
2015             1.687.400
2014             1.449.100
2013             1.893.400



Buğda idxalının dəyəri


Buğda idxalına sərf edilən vəsait Azərbaycanın idxalında əhəmiyyətli yer tutur. Dövlət Gömrük Komitəsinin göstəricilərinə görə, 2022-ci il ərzində Azərbaycan 1 milyin 293 min ton buğda idxalına 437 milyon dollar vəsait sərf edib. Bu, 2022-ci ildə ölkənin toplam idxalının üç faizi demək idi. Qeyd etmək lazımdır ki, buğda tələbinin ciddi bir hissəsinin idxal hesabına təmin edilməsi həm də, ölkədən ciddi valyuta çıxışına səbəb olur.

2022-ci ildə buğda qiymətlərinin artımı Gömrük Komitəsinin rəqəmlərində də əks olunub. Rəsmi rəqəmlərdən aydın olur ki, 2021-ci ildə Azərbaycan 1 milyon 148 min ton buğda idxalına 332 milyon dollar sərf etmişdi. Yəni, 2021-ci ildə Azərbaycanın idxal etdiyi bir ton buğdanın orta qiyməti 289 dollara bərabər idi. 2022-ci ildə isə, idxal edilən buğdanın bir tonunun orta qiyməti 338 dollara yüksəlib. Bu isə idxal edilən buğdanın hər tonunun 17 faiz bahalaşması deməkdir.

 

Azərbaycanın buğda idxalından yüksək asılılığı, ərzaq təhlükəsizliyi ilə yanaşı siyasi risklər də yaradır. 2021-ci ilə aid rəqəmlərə görə, Azərbaycan idxal etdiyi buğdanın 95.3 faizini sadəcə Rusiya hesabına təmin etmişdi. Strateji məhsul olan buğdanın təminatında, beynəlxalq səviyyədə izolyasiya olunmuş, qarşılıqlı münasibətlərin isə gərgin olduğu Rusiyadan yüksək  asılılıq isə Azərbaycan üçün əlavə siyasi təhdidlərə yol aça bilər.

 

Statistik göstəricilərindən aydın olur ki, 2022-ci ildəki “taxıl böhranı” Rusiyanın Azərbaycanın buğda ilə təminatdakı payının nisbətən azalmasına da səbəb olub. Əvəzində Azərbaycanın Qazaxıstandan buğda idxalı kəskin artıb. Lakin, hələ də, Azərbaycanın buğda ilə təminatında Rusiya çox böyük paya sahibdir. 2022-ci ildə Qazaxıstandan 280 min ton buğda idxal edilib ki, bu da 2021-ci ilin göstəricisindən 5.3 dəfə çoxdur. 


2022-ci ildə Rusiyadan həyata keçirilən buğda idxalı isə, əksinə, 8% azalaraq, 1 milyon tona bərabər olub. Rusiyadan buğda idxalının həcminin 8% azalmasına baxmayaraq, qiymətlərin artması səbəbindən, 2022-ci ildə Azərbaycan Rusiyaya buğda idxalına görə 2021-ci illə müqayisədə 17% daha çox – 337.5 milyon dollar ödəməli olub. Beləcə, 2022-ci ilin nəticələrinə görə, Azərbaycana buğda idxalının 78%-i Rusiyanın, 22%-i Qazaxıstanın payına düşüb. Yəni, il ərzində Rusiyanın Azərbaycanın buğda idxalında payı 95%-dən 78%-ə geriləyib.


Buğda əkini ilə bağlı problemlər


Azərbaycanda hökumət rəsmiləri öz açıqlamalarında tez-tez buğda ilə təminatın aşağı olmasını təbii amillərlə – məhdud torpaq resursları ilə əlaqələndirirlər. Ancaq nəzərə almaq lazımdır ki, Azərbaycanda buğda əkinlərinin məhsuldarlığını da yüksək qiymətləndirmək olmaz. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumat bazasında görə, əhali sayına və adambaşına düşən əkinəyararlı torpaq sahəsinin həcminə görə Azərbaycanla oxşar göstəricilərə malik olan İsveçdə buğda əkinlərinin məhsuldarlığı hər hektarda 71.6 sentnerə malik olub. Yəni, Azərbaycanla müqayisədə təxminən iki dəfə daha yüksək nəticə deməkdir. Yüksək məhsuldarlıq hesabına İsveç nəinki öz tələbatını 100 faiz qarşılayıb, hətta 1 milyon tona yaxın buğda ixrac edib. Aydın olur ki, hətta məhdud resurslar şəraitində belə, effektiv kənd təsərrüfatı fəaliyyəti nəticəsində Azərbaycan buğda istehsalı ilə bağlı daha yüksək nəticələr əldə edə bilər.


Ötən il Azərbaycanda taxıl istehsalını artırmaq üçün bir sıra addımlar atılıb. Bunlardan biri “Ərzaqlıq buğda ilə özünü təminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” fərmandır. Həmin sənəddə bildirilir ki, Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanacaq müqaviləyə əsasən, ərzaqlıq buğda istehsalına dair öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan, Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdaya məhsul subsidiyası tətbiq ediləcək. Ancaq bu yenilikdən yalnız müasir suvarma sistemlərindən yararlanan təsərrüfatlar istifadə edə biləcək. Bu baxımdan, qeyd edilən üstünlüklərdən əsasən iri təsərrüfat sahibləri yararlana biləcək.

 

Azərbaycanda kənd təsərrüfatı ilə bağlı ən ciddi problemlərdən biri su çatışmazlığı ilə bağlıdır. Aqrar Tədqiqatlar Mərkəzinin açıqladığı rəqəmlərdə qeyd edilir ki, Azərbaycanda buğda əkilən ərazilərin 64%-də su çatışmazlığı mövcuddur. Ölkə üzrə ümumi buğda əkinlərinin təqribən 38%-i dəmyə ərazilərdə həyata keçirilir. Ölkədə suvarılan sahələrin cəmi 5%-də müasir suvarma sistemləri tətbiq edilməkdədir. Bu baxımdan, ölkədə su çatışmazlığı probleminin və suvarmada itkilərin böyük olması probleminin aradan qaldırılması ölkədə kənd təsərrüfatının məhsuldarlığın artırılasına təkan verən amillərdən biri ola bilər.

 

Nəzərə almaq lazımdır ki, Cənubi Qafqaz suvarılan torpaqların sahəsinə görə Azərbaycan lider olsa da, Qafqaz regionundakı şirin suyun 62%-i Gürcüstanın, 28%-i Ermənistanın, cəmi 10%-i isə, Azərbaycanın payına düşür. Azərbaycanın payına düşən 10%-lik hissənin 70%-i isə, mənbəyini qonşu ölkələrində yerləşən su hövzələrindən alır. Azərbaycanda su ilə bağlı ən ciddi problemlərdən biri də, itkilərlə bağlıdır. Azərbaycanda istifadə edilən suyun üçdə bir hissəsi itkiyə gedir. Su resurslarının onsuz da məhdud olduğu şəraitdə mövcud resursların israfı, vəziyyəti daha da çətinləşdirir. Hökümətin ölkədə su resurslarından səmərəli istifadə üçün müasir suvarma kanallarına, su resurslarının depolanması kimi istiqamətlərə yatırımlar etməsinə və bu istiqamətdə müasir elmi yanaşmaların tətbiqinə ciddi ehtiyac var.

 

Ölkədə əkinlərin məhsuldarlığının aşağı olmasının əsas səbəblərindən biri toxumlarla bağlıdır. Azərbaycanda kənd təsərrüfatında istifadə edilən toxumların keyfiyyəti ilə bağlı göstəricilər məlum deyil. Dünya ölkələrinin bir çoxunda əkin ərazilərin nə qədərində yüksək, nə qədərində aşağı keyfiyyətli toxumdan istifadə edildiyi açıqlanır. Digər tərəfdən, bir çox ölkələrdə istifadə edilən toxumların keyfiyyətinə ciddi nəzarət həyata keçirilir və aşağı keyfiyyətli toxumlardan istifadə məhdudlaşdırılır. Bu istiqamətdə həm bazara çıxarılan toxumların keyfiyyəti, həm də fermerlərin yetişdirdiyi məhsulalrdan əldə etdiyi və əkin üçün istifadə etdiyi toxumların keyfiyyəti yoxlanılır. Azərbaycanda isə kənd təsərrüfatında məhsuldarlığın aşağı olmasını torpaq və su resursları ilə yanaşı, həm də toxumların keyfiyyətinə nəzarət edilməməsi ilə əlaqələndirmək olar. Həll yolu kimi, ölkədə keyfiyyətli toxum sortlarının sayının artırılmasına və istifadə edilən toxumlarla bağlı nəzarət mexanizmlərinin artırılması istiqamətində addımlara ehtiyac var.

 

Ölkədə buğda istehsalında məhsuldarlığı artırmaq üçün istifadə edilən iqtisadi alətlərdən biri müqavilə əsaslı təsərrüfatçılığa keçid ola bilər. Bu tip təsərrüfatçılıq zamanı istehsalçılar topladıqları məhsulu əvvəlcədən bağladıqları müqavilələr əsasında sata bilirlər. Pambıq və şəkər çuğunduru istehsalında artıq bu təcrübədən istifadə olunur. Bu müqavilələr zamanı hökümətin fermerlərə öncədən qiymət qarantiyası verməsi fermerlərin motivasiyasını artıran amil kimi çıxış edir. Bu sistemin daha uğurlu tətbiqi üçün ölkədə aqrar birjanın işlək olması və forvard müqavilələrin bağlanması da vacibdir. Fermerlərin məhsulu sata bilməməklə bağlı riskləri məhdudlaşdırması onları daha aktiv fəaliyyətə təşviq edən ən önəmli amillərdən biridir.

Müəllif
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv müxtəlif sahələrdə fəaliyyət göstərən tədqiqatçılar və ekspertlər tərəfindən 2022-ci ildə qurulmuş müstəqil beyin mərkəzidir.

Paylaş