Analiz | Müharibə iştirakçıları ilə bağlı sosial siyasət: problemlər və həlli yolları

Rəsmi açıqlamaya görə, 44 gün davam edən İkinci Qarabağ müharibəsində 3021 Azərbaycan vətəndaşı şəhid olub. Müharibə bitdikdən sonra daha 100-dən artıq Azərbaycan hərbçisi həyatını itirib. Döyüş əməliyyatları zamanı 11 mindən artıq hərbi qulluqçu yaralanıb. Açıqlanan rəqəmlərdən məlum olur ki, müharibə bitdikdən sonra 90 minə yaxın şəxsə “müharibə veteranı” adı verilib.  Bu baxımdan, 44 günlük müharibədən sonra toplamda 100 mindən artıq şəxs – yəni, ölkə əhalisinin 1 faizi hökumətin sosial müdafiə siyasətinin yeni bir istiqamətini əmələ gətirib. Nəzərə almaq lazımdır ki, 80-ci illərin sonundan bəri 30 mindən çox Azərbaycan vətəndaşı Azərbaycan-Ermənistan münaqişəsinin qurbanı olub. Müharibə iştirakçıları ilə bağlı sosial siyasətin bu qədər çox insanı əhatə etməsi hökumətin bu istiqamətdəki fəaliyyətini Azərbaycanda sosial siyasətin əsas mövzularından birinə çevirir.

 

Ancaq, təəssüf ki, xüsusilə müharibədən sonrakı dövrdə müharibə iştirakçılarının sosial problemləri ilə bağlı məsələlər tez-tez gündəmə gəlir. Sadəcə mətbu orqanlarda çıxan xəbərlərin monitorinqi göstərir ki, müharibəni sonlandıran 10 noyabr üçtərəfli bəyanatından bəri əlliyədək müharibə iştirakçısı intihar edib. Eyni zamanda, müharibə iştirakçıları həmin müddət ərzində dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və digər aidiyyatı qurumların qarşısında sosial tələblərlə etiraz aksiyaları keçirib. Müharibə iştirakçıları ilə bağlı məsələlərə cəmiyyət nisbətən daha həssas yanaşdığı üçün, bu mövzu tez-tez Azərbaycanda narazılıqlara səbəb olur.

 

Bəs, Azərbaycanda müharibə iştirakçıları ilə bağlı həyata keçirilən sosial siyasətdəki hansı çatışmazlıqlar bu problemlərə səbəb olur və mövcud problemləri aradan qaldırmaq üçün nələr edilə bilər? Yazıda məhz bu suala cavab axtarılacaq. Onu da qeyd edək ki, yazı hazırlanarkən 15 müharibə iştirakçısından müsahibələr götürülüb. Eyni zamanda, müharibə iştirakçılarına dəstək tədbirlərinin maliyyələşməsinə münasibəti öyrənmək üçün müxtəlif sosial-iqtisadi qruplara daxil olan 10 şəxslə fokus qrup müzakirəsi təşkil edilib. Araşdırma nəticəsində ortaya çıxan əsas tapıntılar bundan ibarətdir ki, müharibə iştirakçılarının narazılıqlarını ortaya çıxaran əsas amillər mövcud sığorta mexanizminin effektiv olmaması, müharibə iştirakçıları arasında ayrı seçkiliklərə yol verilməsi, müharibə iştirakçıları ilə bağlı reabilitasiya proqramının hazırlanmaması və şikayətçilərin müraciətlərinin dinlənilməsi və idarə edilməsi ilə bağlı problemlərdir.

 

Problemləri həll etməyən sığorta mexanizmi

 

Müharibə iştirakçıları ilə bağlı problemlərin ortaya çıxmasına səbəb olan əsas amillərdən biri mövcud sığorta mexanizmi ilə bağlıdır. Azərbaycanda hərbi qulluqçuların sığortası ilə bağlı “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortaları haqqında” qanun qəbul edilib. Həmin qanunda qeyd edilir ki, hərbi qulluqçular həlak olduqda ödəniləcək sığorta ödənişinin məbləği 11 min manatdır. Hərbi qulluqçular əlil olduqda və ya yaralandıqda isə, bu məbləğin 5-80 faizi miqdarında sığorta ödənişi əldə edirlər. Yəni, hərbi qulluqçu hərbi xidmətdə olduğu zaman  birinci dərəcə əlil olduğu halda 8800 manat, ikinci qrup əlil olduğu halda 6600 manat, üçüncü qrup əlil olduğu halda isə 4400 manat sığorta ödənişi əldə edir. Hərbi qulluqçulara hərbi xidmətdə ağır yaralandıqları hallarda 2750 manat, az ağır yaralandıqları hallarda 1650 manat, yüngül xəsarət aldıqlarında isə 550 manat birdəfəlik sığorta məbləği ödənilir. Bundan əlavə, şəhid ailələrinə hər ay 500 manat, əlilliyi olan şəxslər isə, əlillik dərəcəsindən asılı olaraq 220, 180 və 120 manat miqdarında aylıq sosial ödəniş verilir.

 

İlk öncə onu qeyd edək ki, sığorta məbləğinin 11 min manat müəyyən edilməsi 2006-cı ildə baş verib. Nəzərə almaq lazımdır ki, aradan keçən 16 il ərzində manatın alıcılıq qabiliyyəti ciddi şəkildə aşağı düşüb. Çünki, həmin müddət ərzində qiymətlər ciddi dəyişib. Bu baxımdan, sığorta məbləğinin konkret məbləğlə müəyyən edilməsi qüsurludur. Maraqlıdır ki, 2006-cı ilədək hərbi qulluqçularla bağlı sığorta ödənişinin məbləği minimum əmək haqqının min mislinə bərabər idi. Yəni, əgər indi də həmin mexanizm saxlanılsaydı, hazırda ölkədə minimum əmək haqqı 300 manat olduğu üçün, hərbi qulluqçuların sığorta ödənişi 300 min manata bərabər olacaqdı.

 

Digər tərəfdən, onu da nəzərə almaq lazımdır ki, sığorta hadisələri zamanı ödəniş edilməsinin məntiqi məhz dəymiş maddi ziyanı aradan qaldırmaqla bağlıdır. Bu baxımdan, həyatını itirmiş hərbi qulluqçuların ailələri və ya əmək qabiliyyətini itirmiş hərbiçilər məhz gələcəkdə öz peşələrini yerinə yetirməklə qazana biləcəkləri maddi vəsaiti geri almalıdırlar. Ən azı, onların əldə etdikləri sığorta məbləği həmin şəxslərə özlərinə dayanıqlı gəlir mənbələri yaratmağa imkan verməlidir. Ancaq, hazırkı şəraitdə ödənilən ən yüksək sığorta məbləği – 11 min manat –  heç bir halda dayanıqlı gəlir mənbəyi yaratmağa imkan vermir. Müqayisə üçün qeyd edək ki, bu məbləğ ən yüksək faiz dərəcəsi ilə ölkə banklarına yerləşdirilsə, həmin vəsaitin sahibi  bu vəsait hesabına ayda maksimum 110 manat gəlir əldə edə bilər. Bu baxımdan, bir çox müharibə iştirakçılarının, xüsusilə də, şəhid ailələrinin və müharibədə xəsarət alan şəxslərin problemlərinin dayanıqlı həlli üçün mütləq qaydada sığorta ödənişlərinin məbləği artırılmalı, bu məbləğ həmin şəxslərə özlərinə yeni həyat və iş imkanları yaradacaq səviyyəyə çatdırılmalıdır.

 

Əslində, Azərbaycanda bununla bağlı uğurlu mexanizm var. Belə ki, ölkədə hərbi qulluqçularla yanaşı, deputatların da həyatı sığortalanır. Deputatların statusu haqqında qanunda göstərilir ki, deputatların həyat sığortasının məbləği onların 5 illik vəzifə maaşlarına bərabərdir. Hazırda parlamentdə heç bir digər inzibati vəzifə tutmayan deputatların vəzifə maaşı 2485 manata bərabərdir. Deməli, deputatlar vəfat etdiyi təqdirdə 149 min manat məbləğində sığorta ödənişi əldə edə bilir. Yəni, hərbçilərə nəzərən, 14 dəfəyə yaxın daha çox. Digər tərəfdən, deputatların sığorta məbləğlərinin onların vəzifə maaşına bağlı olması manatın alıcılıq qabiliyyətinin də azalmasını müəyyən qədər aradan qaldırır. Çünki, periodik olaraq deputatların vəzifə maaşları artdığı üçün, onların sığorta məbləği də artmış olur. Bu baxımdan, hərbi qulluqçuların da sığorta ödənişlərinin hesablanmasında onların gəlirlərinin nəzərə alınması həm sığorta ödənişlərinin daha normal səviyyəyə yüksəlməsinə, həm də, sığorta məbləğinin standart rəqəmlə ifadəsi nəticəsində pulun alıcılıq qabiliyyətinin azalması riskinin aradan qalxmasına kömək ola bilər.

 

Digər tərəfdən, Azərbaycanda hərbi qulluqçular üçün nəzərdə tutulan sığorta ödənişinin məbləğinin az olması digər ölkələrlə müqayisədə də üzə çıxır. Bu müqayisəni aparmaq üçün heç də uzağa getməyə ehtiyac yoxdur. Azərbaycanla müharibə aparan və Azərbaycana görə müharibədə daha çox hərbçisini itirən, eləcə də, iqtisadi göstəricilərinə görə Azərbaycandan geri qalan Ermənistanda belə, həyatını və sağlamlığını itirən hərbçilərə edilən ödənişlər Azərbaycana nəzərən daha çoxdur.

 

Ermənistanda  müharibədə ölən və yaralananlar üçün ödənişlər “Hərbçilərin sığortası fondu”  vasitəsi ilə həyata keçirilir. Fond muzdlu işçilərin əmək haqqından tutulan vəsait və fərdi ianələr hesabına maliyyələşir. “Ermənistan Respublikasının müdafiəsi zamanı hərbçilərin həyatına və ya sağlamlığına dəymiş zərərin əvəzlənməsi haqqında” qanunun qüvvəyə mindiyi gündən, yəni, 2017-ci ilin yanvarından etibarən bu ölkənin sakinlərinin əmək haqlarından hər ay fonda köçürmələr həyata keçirilir. Köçürülən məbləğ 44 günlük müharibəyədək hər kəs üçün eyni – 1000 dram məbləğində – idi. Müharibədən sonra qəbul edilən dəyişikliyə əsasən isə, işçilərin əmək haqlarından tutulan məbləğlər əmək haqqı miqdarından asılı olaraq 1500 -15.000 dram arasında dəyişir. Bu, hazırki məzənnə ilə təxminən 6-60 manat arasında vəsait deməkdir.

 

Azərbaycanda da, müharibə iştirakçıları ilə bağlı sosial siyasət hazırlanarkən vətəndaşların bu mexanizmlərin maliyyələşməsindəki iştirakı zaman-zaman gündəmə gəlir. Bunu nəzərə alaraq, Qeyd edək ki, bu yazı hazırlanarkən 10 nəfərin iştirakı ilə fokus qrup müzakirəsi keçirilmişdir. “Azərbaycanda işçilərin əmək haqqından hər ay müəyyən məbləğin tutularaq Yaşat Fonduna və ya müharibə iştirakçıları ilə bağlı xərclərin maliyyələşdirilməsinə necə baxırsınız?” sualına cavabda iştirakçıların yeddisi mənfi cavab verib. İştirakçılar bunu həmin tutulan vəsaitin istifadəsində şəffaflığın təmin edilməsinə və ünvana çatmasına inanmadıqları və eləcə də dövlətin həmin xərcləri maliyyələşdirmək üçün maliyyə imkanlarının olmasına inanmaları ilə əsaslandırıb.

 

Ermənistanda mövcud qanuna görə, döyüş əməliyyatlarında həyatını və ya əmək qabiliyyətini tam itirən şəxslərə 10 milyon dram, yəni, təxminən 41 min manat ödəniş həyata keçirilir. Bu o deməkdir ki, Ermənistan tərəfdə həyatını itirən hərbi qulluqçuların ailələri, Azərbaycana nəzərən 4 dəfəyə yaxın, 30 min manat daha çox ödəniş əldə edirlər. Ermənistandan ordusunda döyüş əməliyyatlarında birinci qrup əlil olan şəxslər isə, birinci qrup əlil olan azərbaycanlı hərbçilərə nəzərən 5 dəfəyə çox ödəniş əldə edir. Həmin qrupa daxil olan şəxslərin ailə üzvlərinin əldə etdiyi aylıq sosial ödənişlərə görə də, Ermənistan Azərbaycanı qabaqlayır. Ermənistanda müharibədə həyatını itirmiş şəxslərin ailələrinə 20 il müddətinə aylıq 100 min – 300 min dram arası, yəni, 410-1225 manat aylıq ödəniş verilir. Qeyd etdiyimiz kimi, Azərbaycanda bu rəqəm cəmi 500 manata bərabərdir. Birdəfəlik ödənişlərlə yanaşı, xüsusilə əmək qabiliyyətini itirən və əlillik dərəcəsi alan hərbi qulluqçuların aldığı aylıq ödənişin ən azı minimum əmək haqqı səviyyəsinə yüksəldilməsinə ehtiyac var.

 

Hərbi qulluqçular arasında ayrıseçkilik

 

Bu yazı hazırlanarkən, həm də, 15 müharibə iştirakçısı ilə fərdi müsahibələr həyata keçirilib. Müharibə iştirakçılarının rəylərindən məlum olur ki, Azərbaycanda deputatlar və hərbi qulluqçulara sığorta ödənişinin məbləğində ayrıseçkilik olduğu kimi, müharibə iştirakçılarının öz daxilində də, ayrıseçkiliyə rast gəlmək mümkündür. Müharibə iştirakçıları istər əlillik dərəcələrinin, istərsə də müharibə ilə bağlı təltiflərin verilməsində, həmçinin, mənzil və avtomobil təminatında bu tip ayrıseçkiliklərin olması qənaətindədirlər. Bu baxımdan, müharibə iştirakçıları bəzi hallarda xəsarət alan hərbi qulluqçuların onlarla eyni dərəcədə və ya daha çox xəsarət alan müharibə iştirakçılarına nəzərən daha yüksək əlillik qrupu ilə qiymətləndirildiyini və ya daha çox medal və ordenlərlə təltif edildiyini düşünür. Müharibə iştirakçılarının sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı xüsusilə mənzil və avtomobillə təminatın şəffaf həyata keçirilməməsi hərbi qulluqçular arasında narazılıqlara səbəb olur. Bu baxımdan, Azərbaycanda müharibə iştirakçıları ilə bağlı narazılıqların aradan qaldırılması baxımından ən vacib istiqamətlərdən biri məhz ev və avtomobil təminatı ilə bağlı tətbiq edilən mexanizmlərin təkmilləşdirilməsi ola bilər. Bu baxımdan, ev və avtomobil almaq haqqı tanınan hərbi qulluqçuların əhatə dairəsinin genişləndirilməsi nəzərə alınmalıdır. Bununla yanaşı, ev və avtomobil verilən şəxslərin seçim şəklinin şəffaf və ədalətli formada həyata keçirilməsi çox vacibdir. Bunu təmin etmək üçün həmin şəxslərin tam siyahısının müəyyən edilməsi, təminatla bağlı növbələrin əvvəlcədən elan edilməsi bu mexanizmlə bağlı korrupsiya hallarının aradan qaldırılmasına kömək edə bilər.

 

Psixoloji dəstək və reabilitasiya prosesinin effektiv həyata keçirilməməsi

 

Müharibənin ortaya çıxardığı fəsadlardan biri də, posttravmatik stress pozuntusudur. Uzunmüddətli stresə və onun yaratdığı problemlərə posttravmatik stress pozuntusu deyilir. Bu psixoloji problemə müharibə veteranları arasında geniş rast gəlinir. Təəssüflər olsun ki, Azərbaycanda bu sahədə ixtisaslaşmış kadrların sayının az olması həm müharibə iştirakçılarının, həm onların ailələrinin, həm də müharibədən əziyyət çəkmiş digər şəxslərin effektiv psixoloji dəstək almasına əngəl olur.

 

Hərbi psixoloq Azad İsazadə müsahibəsində qeyd edir ki, müharibə dövründə müharibədən zərər çəkən şəxslərə psixoloji yardım göstərmək məqsədi ilə yaratdıqları komandanın 30-a yaxın üzvü olub. Bu isə, müharibə iştirakçılarının və müharibə bölgəsində yaşayanların sayı ilə müqayisədə çox aşağı göstəricidir. Sonrakı dövrdə Azərbaycana Türkiyədən də psixoloq heyəti dəvət edildi. Ancaq, onların yerli kontekstə bələd olmaması və dil bariyerləri həmin yardımın da effektivliyini aşağı salır. Azad İsazadə hesab edir ki, tək müharibədə iştirak edən hərbçilər deyil, müharibə görmüş və travma almış hər kəs psixoloji yardım almalı və ehtiyac olduqda psixososial realibitasiya keçməlidir. Bu baxımdan, xüsusilə regionlarda yaşayan müharibə iştirakçılarının və digər zərərçəkmişlərin psixoloji yardımlara çıxış imkanları çox məhduddur. Klinik-psixoloq Rövşən Süleymanov da qeyd edir ki, inkişaf etmiş ölkələrdə posttravmatik stress pozuntusundan əziyyət çəkən insanlar üçün xüsusi mərkəzlər yaradılır və həmin mərkəzlərdə xüsusi terapiya seansları göstərilir. O hesab edir ki, Azərbaycanda da bu sahədə fəaliyyətin genişləndirilməsinə və maarifləndirməyə ciddi ehtiyac var.

 

Bütün bunları nəzərə alaraq, hökümət müharibə iştirakçılarının və müharibədən əziyyət çəkən şəxslərin psixoloji vəziyyətini yaxşılaşdırmaq üçün beynəlxalq təcrübədə mövcud olan xüsusi mərkəzlərin yaradılmasında maraqlı olmalıdır. Bu mərkəzlərin effektiv fəaliyyəti üçün ixtisaslı kadrların mövcudluğu ən vacib amildir. Bu baxımdan ölkədə posttravmatik stress pozuntuları ilə bağlı ixtisaslaşmış kadrların sayının artırılmasına ciddi ehtiyac var. Digər tərəfdən, bu şəxslərə göstərilən psixoloji yardımın pərakəndə olmamasına diqqət yetirilməlidir. Bu isə, həmin şəxslərlə bağlı xüsusi proqram hazırlanmasını və bu proqram çərçivəsində kompleks və davamlı yardımların göstərilməsini şərtləndirir.

 

Yerli özünüidarəetmə sistemi

 

İlk baxışdan birbaşa əlaqəli görünməsə də, Azərbaycanda müharibə iştirakçıları ilə bağlı narazılıqların yaranmasının əsas səbəblərindən biri də, ölkənin yerli özünüidarəetmə sistemi ilə bağlıdır. İnkişaf etmiş ölkələrin təcrübəsindən aydın olur ki, dövlət hakimiyyət orqanlarının ölkə miqyaslı strateji fəaliyyətlə məşğul olması, sosial-iqtisadi xarakterli lokal problemlərin həllinin  isə yerli idarəetmə strukturlarının timsalında yerli idarəetmə orqanlarının üzərinə qoyulması daha effektiv nəticələrə gətirib çıxarır. Bu tip əksmərkəzləşmə nəticəsində ictimai xidmətləri yerli əhalinin ehtiyaclarına daha uyğun formalaşdırmaq olur. Çünki, yerli hakimiyyət orqanları ərazidə yaşayan insanların ehtiyaclarını və yerli spesifikanı daha yaxşı bilir. Eyni zamanda, bu proses zəruri qərarlar üçün instansiyalarının sayının azalmasına və yerli hakimiyyətin vətəndaşları qarşısında hesabatlılığının yüksəlməsinə xidmət edir.

 

Ancaq təəssüf ki, Azərbaycanda yerli özünü idarəetmə modelində vətəndaşların iştirakçılığı – bələdiyyələrin fəaliyyəti çox məhduddur. Yerli özünüidarəetmədə əsas rolu icra hakimiyyətləri oynayır. Onlar isə qərarların qəbulunda və icrasında birbaşa mərkəzi icra hakimiyyəti orqanlarından asılı olduqları üçün, problemlərin operativ həll edilməsində ciddi problemlər yaranır. Bu səbəbdən, problemlə üzləşən müharibə iştirakçıları da, tez-tez Bakıya gələrək müvafiq mərkəzi icra orqanına etiraz etməli olurlar ki, bu da, narazılıqların daha da artmasına səbəb olur. Xatırladaq ki, müharibədən sonra müharibə iştirakçıları arasında baş verən bir neçə intihar hadisəsi məhz rayon icra hakimiyyətlərinin qarşısında baş vermişdi. Bu baxımdan, Azərbaycanda sərt mərkəzləşmiş yerli özünüidarəetmə sisteminin əksmərkəzləşdirilməsi, bələdiyyələrin səlahiyyətlərinin və maliyyə mənbələrinin artırılması, eləcə də onların şəffaf və hesabatlı fəaliyyətinin təmin edilməsi bir çox sosial problemlərlə yanaşı, müharibə iştirakçıları kimi həssas sosial qruplarla bağlı mövcud çağırışlara daha operativ və effektiv həllər gətirə bilər.

 

Bununla yanaşı, qısamüddətli perspektivdə problemləri nisbətən azaltmaq üçün həmin həssas sosial qruplarla işləyən məmurların bilik və bacarıqlarının artırılması, bu işə daha səriştəli kadrların cəlb edilməsi, müvafiq əməkdaşların vətəndaşlarla işləmə və problemləri həll etməklə bağlı təlimlərə cəlb edilməsi narazı vətəndaşların problemlərinin həllində müsbət təsir imkanları yarada bilər.

Müəllif
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv müxtəlif sahələrdə fəaliyyət göstərən tədqiqatçılar və ekspertlər tərəfindən 2022-ci ildə qurulmuş müstəqil beyin mərkəzidir.

Paylaş