Azərbaycanda minimum əmək haqqı sistemi əhalinin sosial-iqtisadi rifahını artırırmı?

Minimum əmək haqqı siyasəti Azərbaycanda sosial siyasətin əsas istiqamətlərindən birini təşkil edir. Hökumət rəsmiləri tez-tez minimum əmək haqqının artırılması ilə inflyasiyanın əhaliyə təsirlərini aradan qaldırdığını bildirir. Minimum əmək haqqının artırılması ilə bağlı rəsmi açıqlamada bildirilirdi ki, bu artım ölkədə 600 minə yaxın insanın iqtisadi durumunun yaxşılaşmasına imkan verir. Bu, ölkədə muzdla çalışan işçilərin təxminən 35 faizi deməkdir. Azərbaycanda minimum əmək haqqı siyasətinin effektiv qurulması rəsmi əmək müqaviləsi ilə çalışan əhalinin sosial rifahına ciddi təsir imkanlarına malikdir. Bəs gerçəkdə minimum əmək haqqının artırılması əhalinin sosisal-iqtisadi rifahına necə təsir edir?

 

  1. Minimum əmək haqqından az maaş alanların sayı kəskin artıb:

Əmək Məcəlləsində qeyd edilir ki, minimum əmək haqqı qanunvericilikdə ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Yəni, qanun tam iş günü işləmiş işçilərə minimum əmək haqqı məbləğindən az ödəniş edilməsini qadağan edir. Ancaq, Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərdən aydın olur ki, 2022-ci ildə Azərbaycanda minimum əmək haqqından az maaş alan şəxslərin sayı kəskin artıb. Rəsmi rəqəmlərə görə, 2021-ci ildə ölkədə muzdlu işçilərin 2.5 faizinin aylıq maaşı minimum əmək haqqından az idisə, 2022-ci idə bu xüsusi çəki 10 faizə yüksəlib, yəni dörd dəfə artıb. Rəqəmlərlə ifadə etsək, əgər 2021-ci ildə ölkədə rəsmi əmək müqaviləsi ilə çalışanların təxminən 43 min nəfəri minimum əmək haqqından az gəlir əldə edirdisə, 2022-ci ildə bu rəqəm təxminən 170 min nəfərə yüksəlib.

 

Əmək qanunvericiliyi tam gün işləyən işçiyə minimum əmək haqqından az maaş ödəməyi qadağan edir. İnzibati xətalar məcəlləsində işçilərin minimum əmək haqqından aşağı məbləğə işlədilməsi hallarında pul cəriməsinin tətbiq edilməsi nəzərdə tutulub. Bu baxımdan, əmək müqaviləsi ilə çalışan işçilər sadəcə yarım iş günü çalışdıqları hallarda minimum əmək haqqından az gəlir əldə edə bilər. Azərbaycanda işəgötürənlərin sosial ödənişlərdən yayınmaq üçün işçilərlə əmək müqaviləsi bağlamadan işə götürməsi geniş yayılmış praktikadır. Bir il ərzində minimum əmək haqqından az rəsmi gəlir əldə edənlərin sayındakı kəskin artım onu deməyə əsas verir ki, minimum əmək haqlarının artırılmasına baxmayaraq, sahibkarlar əmək haqqındakı artımdan yayınmaq və sosial ödənişləri azaltmaq məqsədi ilə işçi ilə əmək müqaviləsi bağlayarkən natamam iş vaxtı seçməklə əmək müqaviləsi bağlayırlar. Bu isə minimum əmək haqqı artımları ilə əhalinin sosial rifahını yaxşılaşdırmaq cəhdlərini boşa çıxarır.

 

Bir il ərzində ölkədə minimum əmək haqqından az əmək haqqı alanların sayındakı kəskin artım hökumətin minimum əmək haqqı tələbinə əməl edilməsi ilə bağlı monitorinq mexanizminin işlək olmadığını da göstərir. Tam iş günü işləməsinə baxmayaraq, natamam iş günü seçilməklə minimum əmək haqqı tələbindən yayınmaq cəhdləri ilə bağlı monitorinq mexanizmləri gözdən keçirilməli və bu istiqamətdə nəzarət mexanizmlərini artırılmalıdır.

 

  1. Minimum əmək haqqı vergiyə cəlb olunur:

Qeyd etmək vacibdir ki, həm işəgötürənlərin, həm də işçilərin əmək münasibətlərini tam rəsmiləşdirməməkdə maraqlı olmasının əsas səbəbi ölkədə vergi və pensiya sisteminin cəlbedici olmaması ilə bağlıdır. Hazırda Azərbaycanda əmək pensiyası verilməsi üçün nəzərdə tutulan yaş həddi, eləcə də, minimum staj və minimum pensiya kapitalı tələbləri yetərincə yüksəkdir. Bu yüksək tələblər bir çox insanın pensiya yaşına çatdıqda əmək pensiyası almasını çətinləşdirir. Təsadüfi deyil ki, Azərbaycanda sonuncu pensiya islahatının həyata keçirildiyi 2017-ci ildən bəri ölkədə 65-dən çox yaşı olan şəxslərin sayı artsa da, ölkədə pensiya alanların sayı azalıb.

 

Cədvəl 1: 2017-2022-ci illərdə ölkədə yaşa görə pensiya alanların və 65-dən çox yaşı olanların sayı

 

2017 2018 2019 2020 2021 2022
Yaşa görə pensiya alanlar 781957 778057 756136 742034 716222 707001
65+ əhali 620300 648200 678300 722200 762200 803300

 

Cədvəl 1-dən göründüyü kimi, 2017-ci ildən bəri ölkədə 65 yaşdan yuxarı əhali sayı 183 min nəfər və ya 30% artıb, lakin, eyni dövr ərzində Azərbaycanda yaşa görə pensiya alanların sayı 75 min nəfər və ya 10% aşağı düşüb. Bu baxımdan, Azərbaycanda qeyri-rəsmi əmək münasibətlərinin aradan qaldırılması üçün ölkədə pensiya sisteminin cəlbediciliyinin artırılması çox vacibdir. Buna nail olmadan işçilərin öz əmək hüquqları qoruması ilə bağlı motivasiyasını artırmaq çox çətindir.

 

Azərbaycanda minimum əmək haqqı sistemi ilə bağlı digər məsələ bu məbləğin vergiyə cəlb edilməsi ilə bağlıdır. Yəni, dövlət tərəfindən təyin edilən minimum əmək haqqı məbləği “net” deyil, “gross” gəliri göstərir. Hazırda Azərbaycanda özəl sektorda çalışan və 345 manat məbləğində minimum əmək haqqı alan şəxs öz maaşından 20 manat 50 qəpik miqdarında DSMF ödənişi, 1 manat 73 qəpik məbləğində işsizlikdən sığorta ödənişi, 6 manat 90 qəpik icbari tibbi sığorta ödənişi olmaqla toplam 29 manat 13 qəpik məbləğində ödənişlər tutulur və həmin şəxs net olaraq 315.87 manat net əmək haqqı alır.

 

Dövlət sektorunda çalışan və minimum əmək haqqı səviyyəsində maaş alan şəxsin maaşından isə hər ay  20 manat 30 qəpik gəlir vergisi, 10 manat 35 qəpik DSMF ödənişi, 1 manat 73 qəpik işsizlikdən sığorta ödənişi və 6 manat 90 qəpik icbari tibbi sığorta ödənişi olmaqla toplam 39 manat 28 qəpik tutulur və işçi yekunda 305.72 manat net əmək haqqı alır. Bu baxımdan, Azərbaycanda minimum əmək haqqının 345 manat olduğu bildirilsə də, işçilərin net minimum əmək haqları özəl sektorda 315.87 manata, dövlət sektorunda isə 305.72 manata bərabərdir.

 

Bunları nəzərə alaraq, hökümətin həm minimum əmək haqqı alan şəxslərin gəlirinin artırılması, həm də, sahibkarların əmək münasibətlərini rəsmiləşdirməkdən yayınmasının qarşısını almaq baxımından minimum əmək haqqı səviyyəsində maaş alan şəxslərlə bağlı vergi və sosial ödənişlərdə güzəştlər tətbiq etməsi faydalı ola bilər.

 

  1. Minimum əmək haqqı minimum ehtiyaclara yetirmi?

Minimum əmək haqqının effektiv sosial siyasət aləti kimi çıxış edə bilməsinin əsas şərtlərindən biri bu məbləğin əhalinin real minimum ehtiyaclarına kifayət etməsi ilə bağlıdır. 2012-ci ildə qəbul edilən və 2020-ci ilədək hökümətin sosial-iqtisadi hədəflərinin əks olunduğu “Azərbaycan 2020: Gələcəyə Baxış İnkişaf Konsepsiyası” adlı sənəddə hökumətin 2020-ci ilədək çatmaq istədiyi hədəflərdən biri Azərbaycanda minimum əmək haqqının orta aylıq əmək haqqının 60 faizinə çatdırması ilə bağlı idi. Lakin, rəsmi rəqəmlər göstərir ki, hökümət hələ də bu hədəfini gerçəkləşdirə bilməyib. Hazırda ölkədə orta aylıq əmək haqqı 923 manata, minimum əmək haqqı isə 345 manata bərabərdir. Yəni, Azərbaycanda minimum əmək haqqı orta aylıq əmək haqqının 37 faizini təşkil edir. Əgər hökümət minimum əmək haqqının orta aylıq əmək haqqının 60 faizinə çatdırılması ilə bağlı vədini yerinə yetirə bilsəydi, hazırda ölkədə minimum əmək haqqı 554 manata bərabər olmalı idi. Yəni, indiki ilə müqayisədə təxminən 200 manat daha yüksək. Bu baxımdan, indiki şəraitdə minimum əmək haqqının illik inflyasiya qədər artırılması əhalinin inflyasiya səbəbi ilə azalan gəlirlərini kompensasiya etmək iqtidarında deyil, çünk minimum əmək haqqının özü aşağı səviyyədədir. Minimum əmək haqqının əhəmiyyətli artımına nail olmadan onun inflyasiya səviyyəsində artırılması əhalinin sosial-iqtisadi rifahına dəyən mənfi təsirin aradan qaldırılması baxımından yetərli deyil.

 

  1. Minimum əmək haqqı necə müəyyənləşdirilir?

Azərbaycanda minimum əmək haqqının təyin edilmə forması baxımından da ciddi problemlər var. Çoxsaylı ölkələrin təcrübəsində minimum əmək haqqının təyin edilməsində iştirakçılıq müxtəlif formalarda təmin edilir. Məsələn, bəzi ölkələrdə minimum əmək haqqı hökümətin, işçilərin (həmkarlar ittifaqları) və işəgötürənlərin (sahibkarlar ittifaqları) nümayəndələrindən ibarət komissiya tərəfindən müzakirələrlə müəyyənləşdirilir. Bəzi ölkələrdə minimum əmək haqqı parlamentdə ciddi müzakirələr nəticəsində formalaşır, başqalarında hər sahədə fəaliyyət göstərən həmkarlar ittifaqı müstəqil şəkildə həmin sahədə minimum əmək haqlarının müəyyənləşdirilməsində iştirak edir. Azərbaycanda bu mexanizmlərin heç biri tətbiq edilmir və minimum əmək haqqı prezident sərəncamı ilə müəyyənləşdirilir. Azərbaycanda da minimum əmək haqqının formalaşmasında iştirakçılığın təmin edilməsi üçün öncə ölkədə müstəqil həmkarlar ittifaqlarının və sahibkar birliklərinin formalaşmasına şərait yaratmaq lazımdır. Bu isə ölkə iqtisadiyyatında rəqabət imkanlarının artırılması ilə mümkündür.

 

Cədvəl 2: İqtisadi rayonlar üzrə 2023-cü ilin ilk yarısında orta aylıq əmək haqqı göstəricisi (manatla) 

 

İqtisadi rayonlar Orta aylıq əmək haqqı (manat)
Bakı 1177
Abşeron-Xızı 767
Şirvan-Salyan 685
Gəncə-Daşkəsən 673
Naxçıvan MR 657
Şərqi-Zəngəzur 645
Qazax-Tovuz 639
Quba-Xaçmaz 634
Dağlıq-Şirvan 608
Qarabağ 595
Lənkəran-Astara 592
Mərkəzi-Aran 583
Mil-Muğan 581
Şəki-Zaqatala 570

 

Cədvəl 2-dən göründüyü kimi, hazırda Bakı şəhərində qeydə alınan orta aylıq əmək haqqı göstəricisi minimum əmək haqqından təxminən üç dəfə yüksək olsa da, Abşeron yarımadasından kənarda yerləşən iqtisadi rayonlarda orta aylıq əmək haqqı 570-685 manat arasında dəyişir. Bu baxımdan, Azərbaycanda minimum əmək haqqı mexanizminin effektivliyinin artırılması baxımından ölkədə diferensial minimum əmək haqqı sisteminin tətbiqinə ehtiyac var. Bu qərar xüsusilə də Bakı şəhərində çalışan işçilərin əmək bazarındakı mövcud duruma uyğun olaraq daha yüksək gəlir əldə etməsinə yol aça bilər.

 

Minimum əmək haqqı mexanizminin işləkliyi baxımından daha bir vacib amil bu mexanizmin nə qədər şəxsi əhatə etməsi ilə bağlıdır. Hazırda ölkədə iqtisadi fəal əhalinin sayı 5.3 milyon nəfərə yaxındır. Minimum əmək haqqı artımının 600 min nəfərin gəlirinə təsir etməsi o deməkdir ki, minimum əmək haqqı artımı iqtisadi fəal əhalinin cəmi 11 faizinin gəlirinə təsir edə bilir. Bu göstəricinin aşağı olmasının əsas səbəbi Azərbaycanda muzdlu (əmək müqaviləsi və aylıq maaşla çalışan) işçilərin sayının azlığı ilə bağlıdır. Hazırda Azərbaycanda 1.7 milyon muzdlu işçi var. Yəni, rəsmi əmək müqaviləsi ilə çalışanlar iqtisadi fəal əhalinin cəmi üçdə birini təşkil edir. Halbuki, inkişaf etmiş ölkələrdə bu göstərici 80 faizdən, region ölkələrinin bir çoxunda isə 60 faizdən yüksəkdir. Azərbaycanda muzdlu işçilərin sayının az olmasının əsas iki səbəbi var. Bunlardan birincisi iş yerlərinin sayının az olması, ikincisi isə əmək müqaviləsi olmadan çalışanların sayının çox olması ilə bağlıdır. Bu səbəbdən, ölkədə minimum əmək haqqı mexanizminin effektivliyinin artması baxımından yeni iş yerlərinin sayının artırılması və qeyri-rəsmi əmək münasibətlərinin aradan qaldırılması çox vacibdir.

 

Müəllif
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv müxtəlif sahələrdə fəaliyyət göstərən tədqiqatçılar və ekspertlər tərəfindən 2022-ci ildə qurulmuş müstəqil beyin mərkəzidir.

Paylaş