Analiz | “Azərsu” – dövlət büdcəsinin xərclərində “yük” nümunəsi kimi

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçılara mərkəzləşdirilmiş qaydada içməli su və kanalizasiya xidmətləri göstərən qurumdur. Suyun mənbələrdən götürülməsi, emalı, nəqli və satışı, tullantı sularının təmizlənməsi həyata keçirilir. Səhmar Cəmiyyəti sutəmizləyici qurğuların, anbarların, nasos stansiyalarının, su kəmərlərinin, kanalizasiya kollektorlarının layihələndirilməsi, inşası, istismarı ilə məşğul olur və onlara texniki xidmət göstərir. Kifayət qədər çox sahəni əhatə edən bu qurum bütün əhali qrupları üçün xidmət göstərir. “Azərsu”nun fəaliyyətinin səmərəli təşkili ilə əhalinin keyfiyyətli xidmətlər alması arasında birbaşa əlaqə var. Lakin maliyyə hesabatlarından aydın olur ki, şirkət uzun illərdir zərərlə işləyir.

 

Son illərdə göstəricilərdə artım qeydə alınmasına baxmayaraq, hələ də, əhalinin fasiləsiz su təminatında problemlər qalır. Əsas səbəb ölkədə su resurslarının məhdudluğu ilə əlaqəlidirsə, su itkilərinin yüksək olması, yəni, infrastruktur məsələlərinin də rolu var. Bu, su resurslarından effektiv istifadə haqda “Azərbaycan 2030: sosial-iqtisadi siyasətə dair milli prioritetlər” adlı strateji inkişaf sənədində də əks olunub. BMT-nin müəyyən etdiyi 17 Dayanıqlı İnkişaf Məqsədindən (DİM) altıncısı suyun və kanalizasiya xidmətlərinin hamı üçün əlçatanlığı və dayanıqlı idarə olunmasını təmin etməklə bağlıdır. Ölkədə su xidmətlərinin səmərəliliyinin artırılması həm milli, həm də qlobal iqtisadi inkişaf proqramlarının əsas istiqamətlərindən biridir.

 

Ölkə prezidentinin 30 mart 2023-cü il tarixli fərmanı ilə Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb. Fərmanda, həmçinin, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin yeni Agentliyin tabeliyinə verilməsi nəzərdə tutulub. Bu dəyişikliyin su ehtiyatları, təsərrüfatı və meliorasiya sahələrində idarəetməni təkmilləşdirmək, su ehtiyatlarından səmərəli istifadə etmək, torpaqların meliorasiyası və irriqasiyası işlərinin təşkilini yaxşılaşdırmaq məqsədi daşıması vurğulanıb. Yeni qurumun daha səmərəli fəaliyyət göstərməsi üçün “Azərsu”-nun indiyədək olan fəaliyyəti, xüsusilə də, onun dövlət maliyyəsi ilə münasibətlərinin araşdırılması ciddi önəm kəsb edir.

 

Maliyyə durumu

 

“Azərsu”-nun sonuncu maliyyə hesabatı 2021-ci ilin yekunları ilə bağlıdır. Bütün gəlir və xərcləri nəzərə aldıqda, 2021-ci ildə “Azərsu”-nun əməliyyat zərəri 528 milyon manatı ötüb. Eyni göstərici 2020-ci ildə 320 milyon manata bərabər idi. Maliyyə və vergi xərclərini də nəzərə aldıqda, şirkət 2021-ci ili 552  milyon manat xalis zərərlə tamamlayıb. Bu, 2020-ci illə müqayisədə, bu, zərərdə 70%-dən çox artım deməkdir. Uzun illərdir “Azərsu” zərərlə çalışdığı üçün, 2021-ci ildə qurumun yığılmış zərəri bir qədər də artaraq 7.8 milyard manata çatıb.

 

Cədvəl 1: 2012-2021-ci illərdə “Azərsu”-nun maliyyə nəticələri (mənbə: “Azərsu” ASC)

İl Zərər
2021 552 milyon 230 min manat
2020 323 milyon 222 min manat
2019 592 milyon 488 min manat
2018 480 milyon 201 min manat
2017 508 milyon 350 min manat
2016 612 milyon 921 min manat
2015 550 milyon 660 min manat
2014 886 milyon 32 min manat
2013 1 milyard 48 milyon manat
2012 722 milyon 51 min manat

 

Cədvəldən göründüyü kimi, son on il ərzində “Azərsu”-nun illik zərəri ən az 323 milyon manata, ən çox isə, 1 milyard 48 milyon manata bərabər olub. Maliyyə hesabatına əsasən, şirkətin əsas xərc maddəsi “digər əməliyyat xərcləri” bölməsi ilə bağlıdır. Əsasən yatırımlar və həyata keçirilən layihələri əhatə edən bu xərc maddəsi 2021-ci ildə 550 milyon manata bərabər olub.

 

Azərbaycanda fəaliyyət göstərən, dövlətə məxsus şirkətlərin fəaliyyəti ilə bağlı şəffaflıq və hesabatlılığın yetərli səviyyədə olmaması, hər il infrastruktur layihələrinə böyük həcmdə vəsait ayrılması ilə bağlı risklər ortaya çıxarır. Məsələn, Hesablama Palatasının “Azərsu” ASC tərəfindən həyata keçirilən “Bakı şəhərinin Pirşağı qəsəbəsində Çirkab Sularının Təmizlənməsi Qurğusu”  layihəsi üzrə apardığı auditin nəticəsində, xərclənmiş vəsaitlərin uçotunda və qiymətləndirmələrdə pozuntular olduğu müəyyənləşib.

 

Gələcəkdə su sərfiyyatının qurğunun su təmizləmə qabiliyyətini üstələyəcəyini deməyə əsas verən punktlar belədir:

– kapitallaşdırılmış məsrəflər qismində uçota alınan qurğunun xidmət edəcəyi ərazidə illik ən azı 35 milyon manatdan artıq miqdarda vəsaitin itkisinə səbəb olan və itirildiyi rəsmiləşdirilən 50%-dən çox su miqdarı;

– həmin ərazidə su və kanalizasiya sisteminin planlaşdırılan tikinti göstəriciləri.

 

Palatanın hesabatına əsasən, qurğunun ayrı-ayrı hissələrinin əsas vəsait qismində uçota alınmasında da problemlər yaranıb. Buna səbəb, layihənin istismar müddəti, qurğunun təchizatı üzrə daxili bazar qiymətlərinin düzgün nəzərə alınmaması, vəsaitlərə qənaət və həmin vəsaitlərdən səmərəli istifadə imkanlarının itirilməsi ilə yanaşı, qurğunun hissələrinin faktiki dəyərinin məzənnə fərqi nəticəsində qiymət artımı, gömrük ödəmələri və kapitallaşan xərclər nəzərə alınmaqla müəyyən edilməməsidir.

 

2021-ci ilin maliyyə hesabatına əsasən, “Azərsu”-nun aktiv, öhdəlik və kapitalında ciddi dəyişiklik baş verməyib. Həmin il aktivlər 21 milyon manat artaraq 1 milyard 21 milyon manata yüksəlib, kapital isə 418 milyondan 443 milyon manata çatıb. Şirkətin öhdəlikləri isə 578.4 milyon manata bərabər olub.

 

Qiymət artımı

 

Azərbaycanda suyun qiyməti sonuncu dəfə 2021-ci il fevralın 1-də artırılmışdı. Tarif Şurası ölkədə bir kubmetr su təchizatının tarifini əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik olaraq müəyyən etmişdi. Tullantı sularının axıdılması xidmətinin tarifinin isə ölkə üzrə bir kubmetr üçün 30 qəpik təyin edilmişdi. Bu, hər iki istiqamətdə qiymətlərin iki dəfə artırılması demək idi.

 

Hökumətin su qiymətini artırması ilə bağlı arqumentlərindən biri də, “Azərsu”-nun büdcədən maliyyələşməsinin dayandırılması idi. Tarif Şurası qiymət artımı ilə bağlı açıqlamasında qiymətlərin artırılması nəticəsində dövlət büdcəsindən “Azərsu”-ya vəsait ayrılmasının dayandırılacağını və bu vəsaitin sərbəstləşməsinə imkan yaranacağını bildirmişdi. Tarif Şurası qiymət artımı ilə bağlı qərarında su təminatının əhatə dairəsinin genişləndirilməsi, qurumun işçilərinin sosial müdafisəinin gücləndirilməsi, məhdud su resurslarından qənaətlə istifadə kimi arqumenttlərdən də istifadə etmişdi. Tarif Şurasının hesablamasına görə, qiymət artımları hər abunəçinin aylıq xərclərini 5 manat artıracaqdı. Ancaq “Azərsu”nun 2021-ci il üzrə maliyyə hesabatından bəlli olur ki, ölkə üzrə su qiymətlərinin artırılması, heç də, gözlənildiyi kimi, “Azərsu”ya büdcədən vəsait verilməsini dayandırmayıb.

 

Hesablama Palatasının 2021-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı rəyində qeyd edilən rəqəmlərdə 2021-ci il ərzində dövlət büdcəsindən “Azərsu”ya 13 milyon manat subsidiya ödənildiyi görünür. Qiymətlər iki dəfə artırılsa da, qurum dövlət büdcəsindən vəsait almağa davam edib. 2021-ci ildə “Azərsu” suyun satışından 182 milyon 500 min manat gəlir əldə edilib. Bu, bir il əvvəllə müqayisədə 45% artım idi. Tarif Şurasının qərarı “Azərsu”nun su satışından əldə etdiyi gəlirin 60 milyon manat artmasına səbəb olub. Qurumun kanalizasiya xidmətlərindən gəliri də kəskin artıb. 2021-ci il ərzində “Azərsu” kanalizasiya xidmətlərindən 70 milyon manat götürmüşdü. Bu, bir il ərzində 40 faizə yaxın artım deməkdir.

 

“Azərsu”-nun dövlətə maliyyə yükü

 

Hesablama Palatasının 2021-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı rəyində bildirilir ki, Dövlət Vergi Xidməti (DVX) xətti ilə təmin edilən gəlirlərin strukturunda dövlət müəssisələri üzrə büdcəyə ödənişlər azalıb. 2021-ci ildə DVX xətti ilə dövlət büdcəsinə təmin edilən gəlirlərin (8.5 milyard manat) tərkibində dövlət mülkiyyətində olan vergi ödəyicilərinin payı 1.6 milyard manat və ya 19.2% təşkil edib. Bu, 2020-ci illə müqayisədə 10.3% aşağı göstəricidir. Dövlət sektoru üzrə daxilolmaların azalması sektor üzrə büdcəyə olan borcların 37% artaraq 265 milyon manat təşkil etməsi ilə bağlıdır.

 

Cədvəl 2: Dövlət mülkiyyətində olan vergi ödəyicilərinin dövlət büdcəsi ilə hesablaşmaları barədə məlumat, min manatla (mənbə: Hesablama Palatası)

 

 

2021-ci ildə dövlət büdcəsinə ödənişləri ən çox azaldan iki qurum SOCAR və Azərsudur. Dövlət mülkiyyətində olan vergi ödəyiciləri üzrə borcun artımının 83.6%-ni və ya 60.2 milyon manatını iki iri qurum – Dövlət Neft Şirkəti və “Azərsu” ASC-nin borclarının çoxalması təşkil edib.

 

Hesablama Palatasının xarici borcun icraçıları ilə bağlı açıqladığı göstəricilərdə “Azərsu” ən çox xarici borc alan dövlət qurumlarından biri kimi görünür. Maliyyə Nazirliyi və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən sonra ölkədə xarici borcun tərkibində ən çox paya sahib olan qurum “Azərsu”dur. 1 yanvar 2022-ci il tarixinə olan göstəricilərə görə, faktiki xarici borcun toplam məbləği 8.1 milyar dollara bərabər olub. Bu məbləğin 899.4 milyon dolları, təxminən 11 faizi “Azərsu” ilə bağlıdır.

 

Cədvəl 3: Xarici borcun icraçılara görə bölgüsü, ABŞ dolları ilə (mənbə: Hesablama Palatası)

 

Təşkilatın adı Faktiki xarici borc
Maliyyə Nazirliyi 3 492 300 00
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 1 345 700 000
Azərsu ASC 889 400 000
Azərbaycan Dəmiryolları QSC 838 700 000
Mellorasiya və su təsərrüfatı ASC 294 800 000
NMR Mellorasiya və Su Təsərrüfatı Agentliyi 192 300 000
Kənd Təsərrüfatı Nazirliyi 180 800 000
Digər 891 700 000

 

Nəyi dəyişməli?

 

İri dövlət müəssisələrinin fəaliyyətinin səmərəsizliyi müstəqillikdən bəri ölkədə ictimai müzakirələrin əsas istiqamətlərindən biridir. Bu qurumların fəaliyyəti böyük arealı əhatə etsə də, onlar, nəinki büdcə gəlirlərinin formalaşmasına töhfə verə bilməmiş, əksinə, həmin qurumların ictimai vəsaitlər üçün “yük” rolunda çıxış etmişdir. Hesablama Palatasının 2021-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı rəyində bildirilir ki, 2021-ci il ərzində dövlət müəssisələri büdcəyə ümumilikdə 127 milyon manat dividend ödəyib. Halbuki, 2021-ci ildə dövlət büdcəsinin bu tip gəlirlərlə bağlı proznozu 168 milyon manata bərabər idi. Yəni, il ərzində dövlət şirkətlərinin büdcəyə ödədiyi dividentlərin həcmi proqnozdan 25 faizə yaxın az olub. Dövlət şirkətlərinin ödədiyi dividentlərlə bağlı diqqət çəkən daha bir məqam, büdcəyə ödənilən bütün dividentlərin 95%-nin cəmi bir quruma – Azərbaycan Beynəlxalq Bankına aid olmasıdır. Digər iri dövlət şirkətlərinin (Azərişıq, Azərenerji, Azərsu və s.) dövlət büdcəsinə 46 milyon manat divident ödəməsi proqnozlaşdırılsa da, yekunda bu rəqəm cəmi 5 milyon manata bərabər olub. Yəni, iri dövlət şirkətlərinin büdcəyə ödədiyi dividentlər proqnozdan 9 dəfə geri qalıb.

 

Bütün bunları nəzərə alaraq, iri dövlət müəssisələrinin fəaliyyətinin iqtisadi səmərəliliyinin artırılması, eləcə də, onların göstərdikləri xidmətlərin keyfiyyətinin yüksəldilməsi baxımından həmin qurumların fəaliyyəti ilə bağlı ciddi addımların atılmasına ehtiyac var. Özəlliklə devalivasiyadan sonra ölkə iqtisadiyyatı üçün bu qurumların fəaliyyətinin səmərəli olmaması artıq daha da aktual problemdir. Çünki, həmin qurumların səmərəli fəaliyyəti dövlət büdcəsinin xərclərinə qənaət edilməsi ilə yanaşı, dövlət büdcəsi üçün əlavə gəlir imkanları yaratması baxımından da önəmlidir. “Azərsu” da, daxil olmaqla iri dövlət müəssisələrinin daha effektiv fəaliyyətinin təşkil edilməsi üçün aşağıdakı addımlar tövsiyə edilər bilər:

 

  • Dövlətə məxsus iri müəssiələrdə struktur islahatlarının həyata keçirilməsi:

 

İri dövlət müəssisələrinin effektivliyinin aşağı olmasının əsas səbəblərindən biri həm nəql, həm ötürmə, həm də, paylama fəaliyyətlərinin eyni zamanda bir qurumun əlində cəmlənməsi ilə bağlıdır. Bu fəaliyyətlərin müxtəlif şirkətlər tərəfindən həyata keçirilməsi həmin bazarda rəqabət mühitinin artmasına səbəb ola bilər. Xidmətlərin rəqabət mühitində həyata keçirilməsi isə, həm qiymətlərin optimal səviyyədə müəyyənləşdirilməsi göstərilən xidmətlərin keyfiyyətinin artması baxımından çox vacibdir.

 

  • İri dövlət müəssisələrinin səhmlərinin emissiyası:

 

Bir çox inkişaf etmiş ölkələrin təcrübələri göstərir ki, kommunal xidmətlərin göstərilməsi sahəsində ixtisaslaşmış iri dövlət müəssisələrinin özəlləşdirilməsi həmin sahədə fəaliyyətin effektivliyinin artırılması baxımından müsbət nəticələrə səbəb olub. “Azərsu”nun da, səhmlərinin nəzarət paketinin dövlətdə saxlanılmaqla səhmlərinin fond bazarlarında tədavülə baxılması bu qurumun fəaliyyətinin səmərəliliyi artıra bilər. İri dövlət müəssisələrinin özəlləşdirilməsi bu qurumların idarəetməsinin səmərəliliyini artırmaqla yanaşı, nəzərdə tutulan investisiya ayırmalarının başqa istiqamətlərə yönəldilməsi, özəlləşdirmədən dövlət büdcəsinə gəlirlərin təmin edilməsi, ölkədə investisiyaların və təkmil idarəetmə təcrübəsinin cəlb edilməsi, eləcə də, qiymətli kağızlar bazarının inkişaf etdirilməsi baxımından da, faydalı ola bilər.

 

  • Şəfaflıq və hesabatlılıq:

 

Şirkətlərin, xüsusilə ictimai vəsaitlərin istifadəçisi olan şirlətlərin maliyyə fəaliyyətinin effektiv olması mühüm əhəmiyyət daşıyır. İndiyədək Azərbaycanda fəaliyyət göstərən iri dövlət şirkətlərinin fəaliyyəti ilə bağlı şəffaflıq və hesabatlılığın təmin edilməsi ilə bağlı ciddi problemlər müşahidə edilir. Bunları aradan qaldırmaq baxımından həm məsələnin qanunvericilik tərəfinin təkmilləşdirilməsinə, həm də, praktiki nəzarət mühitinin yaradılmasına ehtiyac var. Məsələnin qanunvericilik tərəfinin yaxşılaşdırılması baxımından dövlət şirkətləri ilə dövlətin maliyyə münasibətlərini effektiv tənzimləyən normativ və qaydaların qəbulu çox vacibdir. Bununla yanaşı, dövlət müəssisələrinin fəaliyyəti ilə bağlı göstəricilərə ictimaiyyətin çıxış imkanları artırılmalı, həmin qurumlar öz hesabatlarını vaxtında və əhatəli şəkildə ictimaiyyətə açıqlamalıdır. İctimai vəsaitlərin effektiv istifadəsinin monitorinqi baxımından mühüm rol oynaya biləcək vətəndaş cəmiyyətinin fəaliyyət imkanlarının artırılması da, bu tip qurumların daha səmərəli fəaliyyətinə yol aça bilər.

Müəllif
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv müxtəlif sahələrdə fəaliyyət göstərən tədqiqatçılar və ekspertlər tərəfindən 2022-ci ildə qurulmuş müstəqil beyin mərkəzidir.

Paylaş