Analiz | 8 sualda Rusiya-Ukrayna müharibəsinin gedişatı

 Bir neçə ay müdafiə olunduqdan, ölkənin cənubunda və şərqində ərazi itirdikdən sonra, Ukrayna vəziyyəti öncə sabitləşdirə bildi – 2022-ci ilin sentyabr ayından bəri isə döyüş meydanında strateji təşəbbüsü ələ aldı. 

 

1. Hazırda döyüş meydanında nə baş verir?

 

Bir neçə ay müdafiə olunduqdan, ölkənin cənubunda və şərqində ərazi itirdikdən sonra, Ukrayna vəziyyəti öncə sabitləşdirə bildi – 2022-ci ilin sentyabr ayından bəri isə döyüş meydanında strateji təşəbbüsü ələ aldı. Ukraynanın Xarkov və Xerson cəbhələrində uğurlu əks-hücumlarından sonra Rusiya qismi səfərbərlik hesabına döyüş meydanında status-kvonu bərpa edə bilib. Hazırda müharibəni şərti olaraq dörd cəbhəyə bölmək mümkündür: Xerson, Zaporojye, Donbas və Şimali Luqansk.

 

Xerson cəbhəsində Ukrayna Dneprin sağ sahilini tam azad etdikdən sonra durğunluq hökm sürməkdədir. Dnepr çayı kimi təbii baryeri aşıb hücum əməliyyatlarına başlamaq risklidir və hücum edən tərəfə böyük itkilər vəd edir. Hər iki tərəf noyabra qədər bu cəbhədə döyüşən qüvvələrin bir qismini başqa cəbhələrə köçürüb, odur ki, xüsusi hal olmasa, tərəflərdən hər hansı birinin burada hücuma keçəcəyini gözləmək lazım deyil. Zaporojye cəbhəsində mart ayından bəri heç bir tərəf əsaslı irəliləyiş əldə edə bilməyib. Ekspertlərin gözləntisi odur ki, yaxın aylarda Ukrayna ordusu buradan irəliləməyə cəhd edəcək. Əsas hədəf nəqliyyat qovşağı olan Tokmak və Melitopolu azad etməkdir. Bu şəhərlərin azad edilməsi Krım və onun şimalındakı ərazilərə dislokasiya olunmuş rus bölmələrinin faktiki mühasirəsi deməkdir, çünki Krım körpüsünə hücumdan sonra onların başqa stabil təchizat yolu qalmır.

 

Hazırda Rusiyanın hücum əməliyyatları həyata keçirdiyi yeganə cəbhə Donbasdır. Donbasda cəbhə xətti boyu hər iki tərəfin 2014-cü ildən bəri yaratdığı müdafiə istehkamları ciddi irəliləyişə mane olur. Buna baxmayaraq, Rusiya, xüsusən Vaqner muzdluları Baxmut, Avdiivka, Mariinka kimi şəhərlərdə irəliləməyə çalışırlar. Ehtimal edilir ki, hərbi cəhətdən strateji olmayan bu əraziləri işğal etməkdə məqsəd bir neçə məğlubiyyətdən sonra narazılığını gizlətməyən rus cəmiyyətini sakitləşdirmək üçün Donetsk vilayətini tam nəzarətə almaq və “Donetsk Xalq Respublikasının” “azad edilməsini” elan etməkdir. Ancaq Ukrayna da mütəmadi olaraq bu cəbhəni gücləndirir və geriyə addım atmaqda maraqlı görünmür. Nəticədə Donbas cəbhəsində Birinci Dünya Müharibəsinin qanlı səngər döyüşlərini xatırladan qarşıdurmalar davam edir.

 

Şimali Luqansk cəbhəsində də Ukraynanın uğurlu əks-hücumundan sonra status-kvo davam edir. Ukraynanın məqsədi Svatove və Starobilsk kimi nəqliyyat qovşaqlarını azad etməkdir. Ukrayna ordusu bunu bacarsa, Luqansk vilayətinin şimalındakı rus bölmələri ciddi təchizat problemi ilə üzləşəcək. Nəticədə Luqansk şəhərinin şimalında olan bütün işğal olunmuş ərazilər üzərində Rusiyanın nəzarəti ciddi təhlükə altına düşəcək. Hazırda Rusiya buna imkan verməmək üçün cəbhə xəttini gücləndirir və lokal əks-hücumlarla daha əlverişli mövqelərə çıxmağa cəhd edir.

 

2. Qış müharibəyə nə cür təsir göstərib?

 

 Qərbin dəstəyi nəticəsində Ukrayna qış təchizatı məsələsini əsasən həll edib, ancaq Rusiyanın ordu sıralarından olan görüntülərə əsasən demək mümkündür ki, xüsusən də səfərbərlik çərçivəsində cəlb edilmiş yeni əsgərlərin təchizatında problemlər mövcuddur.

 

Yayğın qənaətə rəğmən, qış, hücum əməliyyatlarının intensivliyini tam sıfra endirmir. Əksinə, payızda yağışlara, yazda qarın əriməyinə görə hər yerin palçığa dönməyi hücum əməliyyatlarında həlledici rola malik zirehli texnikanın manevr etməyini çətinləşdirir. Ən şiddətli döyüşlərin getdiyi yerlərdə yanvar ərzində havanın mütəmadi olaraq 0 dərəcənin altına düşəcəyi proqnozlaşdırılır. Bu isə palçığın qar və buzla əvəz olunmasına, kiçik çayların donmasına gətirib çıxaracaq; nəticə etibarilə zirehli texnikanın manevr etməyinə imkan yaranacaq. Odur ki, qışda hərbi əməliyyatların tam səngiməyini gözləmək əbəsdir. Ukrayna silahlı qüvvələrinin baş komandanı Valeriy Zalujnı bu yaxınlarda Rusiyanın yanvar-mart ayları arasında böyük hücum əməliyyatı keçirəcəyini gözlədiyini bildirib.

 

Bunlarla bərabər, qeyd etmək lazımdır ki, qışda müharibə aparmağın öz çətinlikləri var. Yağıntının çoxalması hər iki tərəfin həm kəşfiyyat, həm də zərbə məqsədiylə aktiv şəkildə istifadə etdiyi dronların “görmə qabiliyyətini” azaldacaq. Soyuq havalarda xüsusən köhnə texnika və silahların işləməməsi yayğın problem ola bilər. Qərbin dəstəyi nəticəsində Ukrayna qış təchizatı məsələsini əsasən həll edib, ancaq Rusiyanın ordu sıralarından olan görüntülərə əsasən demək mümkündür ki, xüsusən də səfərbərlik çərçivəsində cəlb edilmiş yeni əsgərlərin təchizatında problemlər mövcuddur. Qısacası, qışda müharibə aparmağın çətinliyinə baxmayaraq, hər iki tərəfdən hücum əməliyyatları gözləmək məntiqlidir.

 

3. Ukraynanın planı nədir?

 

Ukraynanın hərbi-siyasi rəhbərliyi müharibəni Krım daxil olmaqla bütün əraziləri işğaldan azad edənədək davam etdirəcəyini bildirir. Hazırda Ukraynanın Melitopol və Starobilsk istiqamətində hücum edəcəyi gözlənilir. Bu əməliyyatlar uğurlu olsa, Ukrayna Xerson vilayətinin qalan hissəsini, Zaporojye vilayətinin əksəriyyətini, Luqansk vilayətinin şimal hissəsini və Krımı işğaldan azad etmək istiqamətində mühüm addım atmış olacaq. Ukraynanın bunu mümkün etmək üçün, ABŞ və Avropa ölkələrindən silah istəməyə davam edəcəyini gözləmək olar. Bu mövzu aşağıda daha ətraflı əhatə olunacaq, ancaq görünən budur ki, Qərb də Ukraynanı silah və maliyyə ilə təmin etməyə davam edəcək. 

 

 4. Rusiyanın planı nədir?

 

 Rusiya sentyabrdan bəri Ukraynaya qanadlı raketlərdən və İran istehsalı dronlardan mütəmadi zərbələr endirir. Bu zərbələrin əsas hədəfi olan Ukraynanın enerji infrastrukturu çox ciddi zərər görüb. Nəticədə paytaxt Kiyev də daxil olmaqla, bütün Ukrayna şəhərləri bəzən günlərlə işıqsız və istiliksiz qalır.

 

Döyüş meydanında ard-arda məğlubiyyətlərə uğradıqdan sonra, Rusiya cəbhədəki vəziyyəti müəyyən qədər sabitləşdirə bilib. Rusiyanın hazırkı strategiyası üç əsas sütundan ibarətdir. Birincisi, Avropanı qışda qazsız qoyub əhalini narazı salmaq və öz hökumətlərini Ukraynaya dəstək göstərməkdən imtina etməyə sövq etməkdir. Rusiya bu metoddan 2009-cu ildə artıq istifadə edib, ancaq bu dəfə Avropa daha hazırlıqlıdır. Verilən məlumatlara görə, Avropa İttifaqı ölkələrinin mütləq əksəriyyəti öz qaz saxlanclarını demək olar ki, tam doldurublar. Digər ölkələrdən qaz tədarük etmək və ölkə daxilində qənaət siyasəti həyata keçirmək hesabına Avropanın bu qışı təhlükəsiz keçirəcəyi gözlənilir.

 

İkincisi, Ukraynanın enerji infrastrukturunu iflic etməkdir. Rusiya sentyabrdan bəri Ukraynaya qanadlı raketlərdən və İran istehsalı dronlardan mütəmadi zərbələr endirir. Bu zərbələrin əsas hədəfi olan Ukraynanın enerji infrastrukturu çox ciddi zərər görüb. Nəticədə paytaxt Kiyev də daxil olmaqla, bütün Ukrayna şəhərləri bəzən günlərlə işıqsız və istiliksiz qalır. Məqsəd Ukrayna xalqının mübarizə əzmini qırmaq və Zelenski hökumətini danışıqlara məcbur etməkdir. Hələ ki, Rusiya bu hədəfə çatmaqdan çox uzaqdır, ancaq bu zərbələrin Ukrayna üçün ağrılı olduğunu da qeyd etmək lazımdır.

 

Üçüncüsü, səfərbərlikdir. Xarkov cəbhəsindəki rüsvayçılıq Putini sentyabrda qismi səfərbərlik elan edib yüzminlərlə Rusiya vətəndaşını müharibəyə göndərməyə vadar etdi. Səfərbər edilənlərin təchizatı və döyüş hazırlığı ilə bağlı ciddi problemlərin olmağına baxmayaraq, yeni əsgərlər Rusiyaya cəbhə xəttini sabitləşdirməyə kömək edib.

 

Rusiya strategiyasını bu üç sütun üzərindən davam edəcək. Plan qərb cəmiyyətlərini və Ukrayna xalqını çətinliklərə düçar edib anti-müharibə mövqeyinə keçirmək, eyni zamanda səfərbərlik vasitəsiylə döyüş meydanını sabitləşdirdikdən sonra Donetsk və Luqansk vilayətlərini tam işğal edib Ukraynanı masaya oturmağa məcbur etməkdir.   

 

5. Kiyevə daha bir hücum ola bilərmi?

 

2022-ci ilin payızından etibarən Rusiya və Belarusun birləşmiş hərbi qruplaşması Ukrayna-Belarus sərhədlərində aktivləşməyə başlayıb. Buraya yeni hərbi texnika və Rusiyanın çoxsaylı səfərbər olunmuş əsgərləri gətirilib. Bu, bir çox ekspertin və Ukrayna hökumət nümayəndələrinin Rusiyanın Kiyevə doğru daha bir hücum cəhdi edəcəyini iddia etməyinə səbəb olub. Zalujnı bu yaxınlarda verdiyi müsahibəsində Kiyevə daha bir hücumun olacağına dair şübhəsinin olmadığını bildirib. Ancaq bir çox digər Ukrayna rəsmisi bununla razılaşmır. Məsələn, Ukraynanın Hərbi Kəşfiyyat İdarəsinin rəhbəri Kirillo Budanov bu yaxınlarda deyib ki, Belarusdan daha bir hücumun olacağını işarə edəcək heç bir real hazırlıq görmür. Bu mövqenin tərəfdarları Rusiya və Belarusun Ukrayna-Belarus sərhəd zonasında hərbi texnika və canlı qüvvə yığmasının məqsədinin Ukraynanın Kiyev ətrafında əhəmiyyətli hərbi qruplaşma saxlamağa məcbur etmək olduğunu iddia edirlər.  

 

Bu hücum baş tutarsa, birinci hücumdan fərqli nəticəyə gətirib çıxaracaqmı? Çətin ki. Rusiya ordusunun ən güclü vaxtında Kiyev ətrafında bir ay döyüşməyinə baxmayaraq, paytaxta daxil ola bilmədi. Rusiya ordusunun indiki halında fərqli nəticə əldə etmək ehtimalı olduqca zəif görünür.

 

6. Qərbin Ukraynaya silah verməsi vəziyyəti dəyişirmi?

 

 Rusiya Ukraynanın enerji infrastrukturunu hədəfə almağa başlayandan sonra Qərb Ukraynaya hava hücumu əleyhinə sistemlər, o cümlədən ABŞ istehsalı Patriot sistemini verərək, Rusiyanın hava zərbələrinin effektivliyini azaltdı.

 

Məhz Qərbin verdiyi silahlar hesabına Ukrayna döyüş meydanında vəziyyəti dəyişə bilib. Müharibənin əvvəlində Ukrayna Javelin və NLAW kimi daşınan tank və zirehli texnika əleyhinə silahlar vasitəsilə Rusiyanın saysız-hesabsız tanklarını və hərbi texnikasını məhv edərək, işğalçı ordunu dayandıra bilmişdi. Rusiya apreldən etibarən Donbasa fokuslanandan sonra, böyük sayda artilleriya konsentrasiya hesabına bu cəbhədə üstünlük əldə edə bilmişdi. HIMARS yaylım atəşi sistemləri Rusiyanın bu üstünlüyünü də sıradan çıxardı.

 

Rusiya Ukraynanın enerji infrastrukturunu hədəfə almağa başlayandan sonra Qərb Ukraynaya hava hücumu əleyhinə sistemlər, o cümlədən ABŞ istehsalı Patriot sistemini verərək, Rusiyanın hava zərbələrinin effektivliyini azaltdı. Hazırda gündəmdə ATACMS yer-yer raketlərinin, F-16 qırıcılarının, Leopard tanklarının Ukraynaya verilməsidir. Qərb hərbi dəstəkdən əlavə Ukraynaya maddi və humanitar dəstək verməyə də davam edir. Azərbaycan da daxil olmaqla bir çox ölkə Ukraynaya generatorlar və digər enerji vasitələri verirlər. Məqsəd Ukraynanı düçar olduğu enerji böhranından qurtarmaqdır.

 

Qərbdə silah-sursat çatışmazlığı ilə əlaqəli narahatlıq olduğuna görə, artıq bir çox ölkələr növbəti illərdə hərbi istehsalı artırmaqla bağlı planlar qururlar. ABŞ və Avropa ölkələrinin verdiyi mesajlar onu göstərir ki, Ukraynaya hərbi dəstəyin azalması gözlənilmir.

 

 

7. Sülh danışıqları gözlənilirmi?

 

 Tərəflərdən biri döyüş meydanında həlledici üstünlük əldə edənəcən hər hansı sülh danışıqları real deyil. 

 

Hazırda hər iki dövlətin rəsmilərinin verdiyi açıqlamalar onu göstərir ki, tərəflər yaxın vaxtlarda sülh masasına oturmayacaqlar. Putinin sözçüsu Peskov bildirib ki, Ukrayna Xerson, Donetsk, Luqansk və Zaporojye vilayətlərinin Rusiya tərəfindən ilhaqını tanımasa danışıqlar mümkün olmayacaq. Putin anlayır ki, bu müharibənin nəticəsiz yekunlaşması onun hakimiyyətinə çox ciddi təhlükə yarada bilər. Ukrayna isə ərazi bütövlüyünün bərpasını ehtiva etməyən danışıqlara getmək istəmir və Putinin qırmızı xətt kimi gördüyü Krımı da silah gücünə azad etməyə hazırlaşır.

 

Ukrayna münaqişənin hazırkı təmas xəttində dondurulmasına da qəti razı deyil, çünki, bu Rusiyaya gücünü müəyyən qədər bərpa etmək üçün vaxt və imkan tanımaq olacaq. Qərb Ukraynaya hərbi dəstək verməyə davam etdiyi müddətdə Ukraynanın Rusiyanın tələblərinə boyun əymək ehtimalı yox dərəcəsindədir. Tərəflərdən biri döyüş meydanında həlledici üstünlük əldə edənəcən hər hansı sülh danışıqları real deyil.

 

 8. Müharibə nə zaman bitəcək?

 

Ukrayna üçün ən böyük risk ABŞ və Avropada cəmiyyətlərin Ukraynadan “yorulması” və qərbdən gələn hərbi-iqtisadi dəstəyin azalması ola bilər.

 

Bu suala qismən yuxarıda cavab verilib. Tərəflər indiki məqamda danışıqlar aparmağa maraqlı deyil. Ukraynanın son aylarda döyüş meydanında strateji təşəbbüsü əldə etməyinə baxmayaraq, Rusiya işğalçı planlarından əl çəkmək niyyətində deyil. Həm Ukrayna, həm Rusiya hazırki status-kvonu dəyişmək üçün 2023-cü ildə həyata keçirəcəyi hücum əməliyyatlarına hazırlaşır. Çox şey bu hücum əməliyyatlarının nəticəsindən asılı olacaq.

 

Ukrayna üçün ən böyük risk ABŞ və Avropada cəmiyyətlərin Ukraynadan “yorulması” və qərbdən gələn hərbi-iqtisadi dəstəyin azalması ola bilər. Bu, Ukraynanın döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə azaldar. Ancaq, hazırda Qərb tərəfindən Ukrayna ilə bağlı “sona qədər dəstək” strateji qərarının qəbul olunduğu görünür, odur ki, bu riskin reallaşma ehtimalı kiçikdir. Rusiya üçün ən böyük risk Ukraynadakı məğlubiyyətlərin daxili çalxalanmaya gətirib çıxarmağıdır.

 

Rusiya ordusu hələ də lokal və taktiki qələbələr qazanmağa qadir görünür, lakin Rusiyanın indiki durumda Ukraynanı kapitulyasiyaya və ya ədalətsiz sülhə sövq etməyi real gözlənti deyil. Rusiya döyüş meydanında dönüş əldə etməsə (ki, bu da real görünmür), Putin hakimiyyətinə həm ifrat millətçi dairələrdən, həm də müharibədən narazı olan elitadan təhlükə yaranacaq. Putinə yaxınlığı ehtimal edilən müasir Velikorus imperializminin baş ideoloqu Aleksandr Duqinin Xersondakı məğlubiyyətdən sonra Putini sərt tənqid etməsi kimi hadisələr bunu deməyə əsas verir.

 

Ancaq həm döyüş meydanında baş verəcək hadisələri dəqiqliklə proqnozlaşdırmaq, həm də tərəflərin qarşılaşdıqları əsas risklərlə bağlı gedişatın necə olacağını indidən söyləmək olduqca çətindir. Odur ki, müharibənin nə zaman bitəcəyini demək analizdən daha çox əsassız spekulyasiya olar. Ancaq Rusiyanın iqtisadiyyatı sanksiyalara görə zəifləyib. Ordusunun ən hazırlıqlı və elit bölmələri ciddi itkilərə məruz qalıb. Bu şəraitdə Rusiyanın Qərb tərəfindən tam dəstəklənən Ukraynadan həqiqi qələbə ilə dönəcəyi heç inandırıcı deyil. Hazırda əksər faktorlar Ukraynanın lehinədir. 

Müəllif
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv müxtəlif sahələrdə fəaliyyət göstərən tədqiqatçılar və ekspertlər tərəfindən 2022-ci ildə qurulmuş müstəqil beyin mərkəzidir.

Paylaş