Analiz | Azərbaycanda ali təhsilin beynəlmiləlləşməsinin çətinlikləri

Bu məqalənin məqsədi ali təhsilin beynəlmiləlləşməsi ilə bağlı qlobal və regional trendlərə baxmaqla, Azərbaycanda mövcud olan müvafiq təhsil siyasətini təhlil etməkdir. Məqalədə ilk olaraq, ali təhsilin beynəlmiləlləşməsi (bundan sonra – ATB) konseptinə və onun son onilliklərdə qazandığı əhəmiyyətə aydınlıq gətirilir. Sonra isə Azərbaycadakı təhsil sistemi kontekstində ATB ilə əlaqədar mövcud dövlət siyasətinə nəzər salınır. Nəticələr onu göstərir ki, ATB-nin mobillik və ortaq təhsil proqramları kimi xarici aspektlərinə diqqət ayırılsa da, ali təhsilin ən önəmli funksiyalarından olan tədqiqatın inkişafı ölkədaxili fəaliyyət istiqamətlərindən kənarda qalıb.

 

 

Ali təhsilin beynəlmiləlləşməsi

 

Ali təhsilin beynəlmiləlləşməsi konsept olaraq ötən əlli il ərzində yüksəlişə keçib. Onun alimlər tərəfindən ən yenilənmiş tərifi belədir: “ATB təhsilin keyfiyyətini artırmaq və cəmiyyətə mənalı töhfə vermək məqsədilə beynəlxalq, mədəniyyətlərarası və qlobal istiqamətlərin ali təhsilin məqsədinə, funksiyalarına və təşkilinə məqsədyönlü inteqrasiyası prosesidir”.[1] Beynəlmiləlləşmənin sosial, mədəni, siyasi, iqtisadi və elmi motivləri var, ancaq onun əsas məqsədi dünyada ali təhsil sistemlərinin harmonizasiyasıdır. Qeyd olunur ki, ATB-ni şərtləndirən amillərə, xüsusilə də, Qərbdə son onilliklərdə ali təhsildə iştirakın sürətli artımı, “qlobal bilik iqtisadiyyatı” – yəni, texnologiya və elm əsaslı beynəlxalq iqtisadi münasibətlərə keçid və bu baxımdan tədqiqatın önəminin artması, insan kapitalının formalaşmasında ali təhsilin roluna artan diqqət, akademik muxtariyyət və azadlıqların institutlaşması, universitetlərin qlobal sıralaması sistemlərinin formalaşması daxildir.[2]

 

ATB-nin iki tərəfi var: “xaricdə beynəlmiləlləşmə” (internationalization abroad) və “daxildə beynəlmiləlləşmə” (internationalization at home).[3] Xaricdə beynəlmiləlləşmənin önəmli komponentlərinə tələbə mobilliyi (vətəndaşların ali təhsil üçün xarici ölkələrə getməsi), akademik heyətin mobilliyi və təhsil proqramlarının mobilliyi, yəni birgə və ya ikili dərəcə (diplom) proqramlarının qurulması misal göstərilə bilər. Daxildə beynəlmiləlləşmə isə kurikulumun beynəlxalq təcrübəyə uyğunlaşdırılması, təhsildə keyfiyyət standartlarının müəyyənləşdirilməsi, tədris və tədqiqatın innovativ inkişafı, nəticədə “qlobal səviyyədə bacarıqlı vətəndaş və peşəkarların” yetişməsini nəzərdə tutur.[4]

 

Estoniya, Litva, Qazaxıstan, Malayziya, Sinqapur kimi çoxsaylı ölkələr təhsil islahatlarında ATB-ni strategiya kimi qəbul ediblər.[5] Lakin, hazırki dövrdə ATB-nin üzləşdiyi ciddi problemlər də var. Bunlara misal olaraq bəzən yüksək göstəricili ali təhsil ocaqlarının tamamilə kommersiyallaşması, elitistləşməsi və tədrisi qlobal vətəndaş kimliyinin formalaşmasından daha çox, sadəcə, bazarın tələbinə əsasən uyğunlaşdırmasını göstərmək olar. Digər tərəfdən isə ölkələr səviyyəsində artan millətçilik, anti-qlobalizasiya və anti-miqrasiya sentimentləri, akademik azadlıqların məhdudlaşdırılması və digər faktorlar ATB-nə mənfi təsir edir.[6] Norveçdə Avropa Ittifaqı vətəndaşı olmayan xarici tələbələrə pulsuz ali təhsilin ləğv edilməsi;[7] Macarıstanda ABŞ akkreditasiyalı, yüksək göstəricili Mərkəzi Avropa Universitetinin (CEU) ölkədən çıxarılması, Macar Elmlər Akademiyasının dövlət maliyyəsinin kəsilməsi və onun qanunla populist hökümətin mülkiyyətinə çevrilməsi;[8] Azərbaycanda universitet müəllimlərinin siyasi səbəblərdən işdən çıxarılması bunlara nümunə sayıla bilər.[9]

 

ATB sahəsinin alimləri çıxış yolu kimi “hərtərəfli beynəlmiləlləşmə” (comprehensive internationalization) siyasətinin qurulmasını məsləhət görürlər. Bu, “təhsilin üç əsas missiyası olan tədris, tədqiqat və cəmiyyətə xidmət üzrə institusional səviyyədə daha inteqrasiya olunmuş, strateji və hərtərəfli beynəlxalq əməkdaşlıqlar icra etməyi” ehtiva edir.[10] Yəni, uğurlu nəticələr üçün xarici olduğu qədər daxili beynəlmiləlləşmə də təşviq edilməlidir.

 

Azərbaycanda mövcud ATB siyasəti

 

Azərbaycan Respublikasında ATB istiqamətində atılan ilk addımlar qonşuluqdakı ölkələrə tələbələrin göndərilməsi və Tempus kimi müxtəlif Avropa İttifaqı (Aİ) proqramlarında iştirak da daxil olmaqla, 1990-cı illərdən etibarən başlayıb. Bunun dövlət siyasətində öz əksini tapması isə daha yeni fenomendir. 2005-ci ildə Azərbaycan Bolonya Prosesinə qoşuldu. Bu prosesin məqsədi Avropa məkanında təhsil islahatları, təhsil sistemlərinin uyğunlaşdırılması, eləcə də, beynəlxalq əməkdaşlıqları genişləndirməkdir. Hərçənd ki, Azərbaycanın buraya qoşulmasını şərtləndirən əsas amil ölkənin 2001-ci ildə Avropa Şurasına üzv olması idi. 2015-ci ildən etibarən, – Şərq Tərəfdaşlığı ölkəsi kimi, – Azərbaycan Aİ-nın müxtəlif təhsil proqramlarının birləşdiyi Erasmus+ proqramı ilə əməkdaşlıq edir. Bu, həm tələbələr, həm də elmi heyət üçün yeni mobillik, tədqiqat, bacarıqların artırılması və universitetlərdə institusional modernləşmə imkanları açır. Lakin statistika göstərir ki, əhali sayına nisbətdə, Azərbaycan Şərq Tərəfdaşlığı ölkələri arasında bu proqramların (Erasmus Mundus, CBHE, Jean Monnet) ən passiv iştirakçısıdır.[11]

 

Azərbaycanda ali təhsilin və tədqiqatın hətta regional səviyyədə də olduqca geridə qalan keyfiyyətini artırmaq üçün hərtərəfli beynəlmiləlləşmə strategiyasının qəbul olunması mühüm şərtdir. 2009-cu ildə qəbul olunan “Təhsil haqqında” qanun ali təhsil müəssisələrində Bolonya Prosesinin əsas elementi olan kredit sisteminin tətbiqini sürətləndirdi. Buna baxmayaraq, layihəsi hazırlansa da, “Ali təhsil haqqında” qanun hələ də qəbul olunmayıb. İndiyə qədər qəbul olunmuş siyasət sənədləri isə, əsasən, xaricdə təhsil imkanlarının yaradılması ilə bağlı olub. Misal olaraq, 2007-2015 və 2022-2026 xaricdə təhsil üzrə dövlət proqramlarını göstərmək olar. ATB ilə bağlı əsas siyasət sənədi sayıla biləcək “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”-nın fokusu isə Azərbaycan ali təhsil müəssəsələrində xarici universitetlərlə birgə ikili diplom proqramlarının qurulması və xaricdə doktorantura təhsilinə dəstəkdir.

 

Hazırda, Bakıda yerləşən altı universitetdə ikili diplom proqramları mövcud olsa da, burada iştirak edən tələbələrin sayı məhduddur. Bu proqramlar, hələ ki, universitetlərdə idarəçilik və tədris keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılmasına gətirib çıxarmayıb. Önəmli problemlərdən biri universitetlərin muxtariyyətinin olmaması, bu tipli proqramların prioritet sahələrinin qeyri-müəyyən formada seçilməsidir. Bu yanaşmaya daha bir misal olaraq, sonuncu sənəddə “Azərbaycan Respublikası vətəndaşlarının doktorantura səviyyəsi üzrə təhsil alacaqları ixtisas istiqamətlərinin respublikanın inkişaf prioritetlərinə uyğun müəyyən edilməsi” nəzərdə tutulur, amma bu prioritetlərin necə müəyyənləşdirildiyi və onların təhsilin inkişafına necə töhfə verəcəyi qeyd olunmur. Bu göstərir ki, idarəçilər təhsilin müəyyən sahələrini digərlərindən üstün tutur, – bu da hərtərəfli islahatlara mane olur.

 

Azərbaycanda ali təhsil və onun beynəlmiləlləşməsi fəaliyyəti ilə bağlı vahid qanunvericiliyin və rəsmi strategiyanın olmaması bu sahədəki hədəflərin dağınıq qoyulmasına səbəb olur. Məsələn, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”-nın fəaliyyət istiqamətləri arasında iki yeni tədqiqat universitetinin açılması və indeksləşmiş beynəlxalq elmi jurnallarda dərc olunan məqalələrin sayının 2500-ə çatdırılması ilə yerli təqiqatların “qlobal elmi məkana inteqrasiyası” nəzərdə tutulur. Öncəki araşdırmalar göstərir ki, artıq tədqiqatları xarici jurnallarda dərc olunmuş alimləri cəlb etməklə tədqiqat saylarını artırmaq və bununla universitetin beynəlxalq sıralamalardakı mövqeyini yüksəltməyə çalışmaq özlüyündə müəyyən risklər yaradır.[12] Başlıca risk isə azad və keyfiyyətli tədqiqat ortaya çıxaracaq təhsil proqramlarının və infrastrukturun qurulmasını yox, sadəcə təcrübəli tədqiqatçılara investisiya qoymaqdan ibarətdir. Bəs hazırki şəraitdə xaricdən qayıdan tələbələri elm və  təhsil sisteminə cəlb etmək, ali təhsilin və tədqiqatın innovativ və beynəlxalq səviyyədə inteqrasiya olunmuş inkişafını təşkil etmək mümkündürmü? Beynəlxalq təhlillər və öncəki araşdırmalar bununla bağlı nə deyir?

 

Azərbaycanda ATB-nin çətinlikləri

 

Dünya Bankının (DB) hesabatına görə, Azərbaycandakı ali təhsil müəssisələri “təşəbbüskar səylər üçün effektiv dinamik mərkəz kimi xidmət etmək imkanından məhrumdur və bu, Azərbaycanın qlobal iqtisadiyyatda digər dövlətlərlə əməkdaşlıq və rəqabət qabiliyyətini məhdudlaşdırır”.[13] İlk növbədə ona görə ki, Azərbaycan elmə ayrılan dövlət büdcəsinin ümumi daxili məhsula (ÜDM) nisbətində regional səviyyədə geridə qalır. Rəsmi rəqəmlərə əsasən, 2021-ci ildə ÜDM-in sadəcə 0.16 faizi elmin maliyyələşməsinə ayırılıb.[14] Bu isə universitetlərdə keyfiyyətli tədqiqat infrastrukturunun, imkanlarının və bacarıqlarının inkişafını təşviq etmir. Universitetlər maliyyə baxımından əsasən dövlət büdcəsinin minimal ayırmalarından asılı olduğu və əlavə gəlir mənbəsi kimi kommersiyallaşmadığı üçün müxtəlif sənaye sahələri, onların qlobal bazar tələbləri ilə uyğunlaşa bilmir. Əlavə olaraq, “tədrisdə mükəmməllik” (excellence in teaching) kimi təcrübəyə əsaslanan və ölçülə bilən vacib qlobal anlayışlar Azərbaycanın təhsil islahatları ilə bağlı lüğətində hələ də mövcud deyil.[15]

 

Azərbaycanda ATB ilə bağlı dövlət yanaşmasının mərkəzində tələbə mobilliyi dayansa da, bununla bağlı rəqəmlər yerli universitetlərin beynəlmiləlləşmədəki uğursuzluğunu göstərir. UNESCO-nun Statistika Ofisinin son rəqəmlərinə əsasən, xaricdə ali təhsil alan azərbaycanlıların sayı 45 mini keçsə də, Azərbaycan universitetlərində əcnəbi tələbələrin sayı 6 mindən azdır.[16] Daha bir məsələ isə xaricdəki azərbaycanlı tələbələrin böyük çoxluğunun qonşu ölkələrdə təhsil almasıdır. 2018-ci ildə xaricdəki azərbaycanlı tələbələtin 83 faizdən çoxu Rusiya, Türkiyə, Ukrayna və Gürcüstanda təhsil alırdı. Azərbaycana ali təhsil üçün gələn xaricilər də, əsasən, Türkiyə, İran, Rusiyadandır.[17] Bu göstəriciləri tədqiqatçılar “regional beynəlmiləlləşmə” kimi qiymətləndirir.[18] Azərbaycanlıların çoxluğunun qonşu ölkələrə getməsinin sosial-iqtisadi, coğrafi və siyasi səbəbləri olsa da, ölkənin olduqca az xarici tələbə qəbul etməsinin səbəbi yerli universitetlərdə tədrisin keyfiyyəti ilə birbaşa əlaqəsi var.

 

Bu baxımdan, digər bir fundamental məsələ isə ali təhsil proqramlarında keyfiyyətin təminatı ilə bağlı institusional mühitin zəifliyidir. 2019-cu ildə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) yaradılsa da, onun fəaliyyəti akkreditasiya məsələləri ilə məhdudlaşır. Digər Bolonya ölkələrinin təcrübəsindən fərqli olaraq, TKTA müstəqil ictimai qurum deyil. Azərbaycanda keyfiyyətin qiymətləndirilməsi prosesində universitet tələbələrinin rəylərinin öyrənilməsi və onların bu prosesdə real iştirak mexanizmləri yoxdur.[19] Qanunvericilikdə də bu sahədə boşluq qalmaqdadır. Həmçinin, bu sahədə təkmilləşmiş beynəlxalq praktikalar vaxtında öyrənilib tətbiq edilmir. Bolonya islahatlarının ləngiməsindən əlavə, institusional səviyyədə, Sovet təhsil sisteminin irsi hələ də qalmaqdadır. Məsələn, Avropa və qonşu ölkələrdə vahid doktorluq (P.h.D.) dərəcəsi olsa da, Azərbaycanda hələ də dövrün tələbləri ilə ayaqlaşmayan ikipilləli, yəni fəlsəfə doktoru və elmlər doktoru dərəcələri mövcuddur.[20]

 

Rəsmi rəqəmlərə görə, Azərbaycanda akreditasiyadan keçmiş 51 ali təhsil müəssisəsi olsa da, 2021-ci ildə bu müəssisələr çərçivəsində olan tədqiqat qurumlarının sayı 37 olub. 2014-cü ildə universitetlərin tədqiqat institutlarının sayı isə 41 idi, yəni, son onillikdə bu sayda geriləmə baş verib.[21] Mövcud elmi-tədqiqat təşkilatlarının ən böyük hissəsi, – onlardan 90-ı, – Elmlər Akademiyası (AMEA) nəzdində fəaliyyət göstərir. Sovet dövründə elmin dövlət tərəfindən idarə edilməsi ənənəsinin qalığı olan bu institusional praktika tədqiqatın akademik azadlıqlar şəraitində innovativ inkişafına mane olan əsas amillərdən biridir. Çünki, AMEA-dan fərqli olaraq, müasir universitetlərin tədqiqat sahəsində dinamik beynəlxalq əməkdaşlıqlar qurmaq üçün daha çox imkanları var. 2026-cı ilə qədər mövcud ali təhsil müəssəsələrindən ikisinin nəzdində təməli qoyulmalı olan tədqiqat universitetləri barəsində isə hələ də rəsmi məlumat yoxdur.

 

Beynəlxalq hesabatlarda qeyd edilir ki, Azərbaycan universitetləri yüksək keyfiyyətli, dünya elminə töhfə verə biləcək tədqiqatlar ortaya çıxarmağa qabil deyil. Bu səbəbdən, universitetlər beynəlxalq tədqiqat proqramları ilə əməkdaşlıq edə bilmir.[22] Müqayisəli statistik göstəricilər də bunu təsdiqləyir. Azərbaycanda elmi-tədqiqatın əsas beynəlxalq maliyyəçisi Avropa İttifaqıdır (Aİ). Üçüncü ölkə kimi Azərbaycan Aİ-nin əsas tədqiqat və innovasiya fondu olan Horizon 2020 proqramından yararlana bilirdi. Buna baxmayaraq, aşağıdakı cədvəldə göründüyü kimi, digər Cənubi Qafqaz ölkələri ilə müqayisədə, Azərbaycan bu proqram çərçivəsində potensial əməkdaşlıqlarda olduqca zəif iştirak edib. Xüsusilə də, əhali sayına nisbətdə bu rəqəmlər narahatedicidir və bu, Azərbaycanda elm sahəsində ciddi institusional, infrastruktur, iqtisadi və siyasi islahatlara gərək olduğunu göstərir.

 

Cədvəl 1: Cənubi Qafqaz ölkələrinin Aİ-nin Horizon 2020 tədqiqat və innovasiya fondu ilə əməkdaşlıq üzrə əsas göstəriciləri:[23]

Ayırılmış elmi-tədqiqat qrantı sayı İştirakçı tədqiqat institutu sayı Xərclənən ümumi məbləğ (milyon avro)
Azərbaycan 20 22 1.58
Ermənistan 37 45 5.13
Gürcüstan 58 65 8.89

 

Dünya Bankı öz təhlilində Azərbaycan universitetlərində tədqiqatın beynəlmiləlləşməsinin, eləcə də, onların Horizon kimi beynəlxalq proqramlarda iştirakını çətinləşdirən amilləri beş kateqoriyaya bölür.[24] Bunlardan birincisi multidissiplinar elmi-tədqiqat layihələrinin hazırlanması bacarıqlarının olmamasıdır. Bu həll etmək üçün hələ bakalavr dərəcəsindən başlayaraq təhsil proqramlarında beynəlxalq təcrübəyə əsaslanan tədqiqat tədrisinin təşkili, həmçinin, tədqiqatçıların beynəlxalq əməkdaşlıqlar qurması üçün resurslarla təminatı lazımdır. İkincisi, beynəlxalq tədqiqat qrantlarının alınması ilə bağlı qanunvericilik səviyyəsində yaradılmış süni maneələrdir. Bunun üçün “Qrant haqqında” qanun da daxil olmaqla, müvafiq aktlar dəyişdirilməli, qarışıq bürokratik və diskriminativ praktikalar aradan qaldırılmalıdır. Üçüncüsü, beynəlxalq proqramlar haqqında məlumatlılığın azlığıdır. Bunu aradan qaldırmaq üçün universitetlərin beynəlxalq əməkdaşlıqlar üzrə ofisləri daha aktiv fəaliyyət göstərməlidirlər. Dördüncü, özəl sektordan tədqiqata ayırılan maliyyənin minimal olmasıdır. Beşinci və ən mühüm olanı isə tədqiqat mərkəzlərinin elmi heyət qabiliyyətlərinin və infrastruktur imkanlarının zəif olmasıdır. Bütün bunlardan aydın olur ki, Azərbaycanda ATB sahəsində tələbələrin xaricə göndərilməsinə xüsusi əhəmiyyət verilsə də, yerli səviyyədə beynəlxalq rəqabətli tədris və tədqiqat sahələrinə diqqət göstərilməyib.

 

Nəticə və tövsiyələr

 

Yuxarıda qeyd edilən faktları nəzərə alaraq, Azərbaycanda “dövlət nəzarətində beynəlmiləlləşmə” siyasətinin icra edildiyini iddia etmək olar. Burada, ATB ilə bağlı gündəmi və prioritetləri ali təhsil müəssəsələri yox, ölkə idarəçiliyi müəyyənləşdirir. Önəmli problemlərə təhsil üçün ayırılan maliyyənin azlığı, universitetlərin bazarla əlaqələr qura bilməməsi, yerli kadrların bacarıqlarının artırılmaması, tədrisdə və tədqiqatda keyfiyyətin azlığı və “mükəmməllik” üçün innovativ mexanizmlərin qurulmaması, müvafiq qanunvericiliyin problemləri, institusional səviyyədə Sovet irsi və s. daxildir. Əsas ATB istiqaməti olaraq minlərlə tələbənin, eləcə də doktorantların xaricdə təhsil mobilliyi dəstəklənsə də, onların geri qayıdıb elm və təhsilin beynəlxalq rəqabətli inkişafında iştirakına stimul verəcək imkanlar və şərait yoxdur. Təbii ki, dar elita maraqlarını yox, gələcək inkişafı hədəfləyən insan kapitalı siyasəti və iqtisadi planın olmaması, əlverişsiz siyasi mühit və s. kimi məsələlər də qarşılıqlı əlaqədədir. Nəticə olaraq, ali təhsil nəinki beynəlxalq səviyyədə, hətta regional səviyyədə olduqca geridə qalır.

 

Mövcud problemləri həll etmək üçün çoxtərəfli islahatlar həyata keçirilməli və qanunvericilik, maliyyə, institusional və siyasi səviyyədə insentivlər yaradılmalıdır. Qanunvericilik və dövlət siyasəti baxımından yalnız “Ali təhsil haqqında” qanunun qəbul edilməsi yetərli deyil, həmçinin, tədqiqatın inkişafı da daxil olmaqla, həm xaricdə, həm daxildə beynəlmiləlləşməni hədəfləyən hərtərəfli ATB strategiyası qəbul edilməlidir. Təhsilə və tədqiqat infrastrukturuna dövlət büdcəsindən ayırılan investisiyalar əhəmiyyətli dərəcədə artırılmalı, bazar oyunçularının universitetlərlə maliyyə əlaqələri qurması stimullaşdırılmalıdır. Həmçinin, universitetlərdə təhsilin keyfiyyətinin qiymətləndirilməsi, təminatı və bu prosesdə tələbələrin iştirakı ilə bağlı yenilikçi dünya təcrübələri öyrənilməlidir. İnstitusional səviyyədə universitetlərin muxtariyyəti artırılmalı, onların öz rəhbərliyini və prioritetlərini seçməsi təmin edilməlidir. Paralel olaraq, tədrisin və tədqiqatın planlamasına siyasi əsaslı müdaxilələr etməyin yolverilməzliyi qəbul edilməlidir. Dünya təcrübəsi göstərir ki, akademik azadlıqlara hörmət edilməyən kontekstdə elm və təhsil inkişaf edə bilməz.

 

Mənbələr

 

[1] Hunter, F. (2015). What’s in a name? Refocusing internationalisation of higher education. https://www.eaie.org/blog/whats-in-a-name-refocusing-internationalisation-of-higher-education.html

[2] De Wit, H., & Altbach, P. G. (2021). Internationalization in higher education: global trends and recommendations for its future. Policy Reviews in Higher Education, 5(1), 28-46.

[3] De Wit, H., & Altbach, P. G. (2021).

[4] De Wit, H., & Altbach, P. G. (2021).

[5] Crăciun, D. (2018). National policies for higher education internationalization: A global comparative perspective. European higher education area: The impact of past and future policies, 95-106.

[6] Altbach, P., & De Wit, H. (2018). Are we facing a fundamental challenge to higher education internationalization?. International Higher Education, (93), 2-4.

[7] University World News. (2023). https://www.universityworldnews.com/post.php?story=20230609171347481#:~:text=Ending%20years%20of%20intense%20political,the%20principle%20of%20free%20education.

[8] Abbott, A. (2019). Hungarian government takes control of research institutes despite outcry. Nature.

[9] IHE. (2022). https://www.insidehighered.com/news/2022/02/04/firing-deans-raises-academic-freedom-concerns-turkey

[10] Hudzik, J. K. (2014). Comprehensive internationalization: Institutional pathways to success. Routledge.

[11] European Commission. (2019). Erasmus+ for higher education in Azerbaijan https://ec.europa.eu/assets/eac/erasmus-plus/factsheets/neighbourhood/azerbaijan_erasmusplus_2019.pdf

[12] Abbasov, A., & Jafarli, A. (2022). Defining the Research University in Azerbaijan: Imported Global Trends or Rebranded Soviet Legacy?. In Building Research Capacity at Universities: Insights from Post-Soviet Countries (pp. 179-199). Cham: Springer International Publishing.

[13] World Bank Group. (2018). Azerbaijan: The Role of Higher Education in Innovation. World Bank.

[14] Dövlət Statistika Komitəsi https://www.stat.gov.az/source/education/

[15] Isaeva, R., & Aliyev, R. (2023). Excellence in teaching at Azerbaijani universities: a conceptualisation. Quality in Higher Education, 29(1), 60-76.

[16] UNESCO Institute for Statistics (UIS) http://data.uis.unesco.org/#

[17] Ergun, A., & Kondakci, Y. (2021). The internationalisation of higher education and identity construction in Azerbaijan. Europe-Asia Studies, 73(7), 1330-1354.

[18] Ergun, A., & Kondakci, Y. (2021).

[19] Mammadova, L., & Valiyev, A. (2020). Azerbaijan and European Higher Education Area: Students’ Involvement in Bologna Reforms. Research in Educational Administration and Leadership, 5(4), 1083-1121.

[20] Mammadova, L., & Valiyev, A. (2020).

[21] Dövlət Statistika Komitəsi https://www.stat.gov.az/source/education/

[22] World Bank Group. (2018).

[23] European Commission https://webgate.ec.europa.eu/dashboard/sense/app/f7222aef-4afa-4e6b-9e59-4948dc2e58e1/sheet/dDqktX/state/analysis

[24] World Bank Group. (2018).

Müəllif
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv müxtəlif sahələrdə fəaliyyət göstərən tədqiqatçılar və ekspertlər tərəfindən 2022-ci ildə qurulmuş müstəqil beyin mərkəzidir.

Paylaş