Agora Sualı | İqtisadçılar nə düşünür: Azərbaycan Beynəlxalq Bankı özəlləşdirilməlidirmi?

Avqustun ayında ölkə başçısı özəl investisiyaların cəlb edilməsinin nəzərdə tutulduğu dövlət şirkətlərinin siyahısını təsdiq edən sərəncam imzalayıb. Siyahıda yer alan səkkiz dövlət şirkətindən biri də Azərbaycan Beynəlxalq Bankıdır (ABB).

 

Beynəlxalq Bankın özəlləşdirilməsi ilə bağlı bundan öncə də addımlar atılıb. Hələ 2015-ci ildə “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” fərman imzalanmışdı.

 

Hazırda bankın aktivlərinin həcmi 11.7 milyard manata bərabərdir. Bu göstərici ilə ABB ölkədə aktivlərinin həcminə görə ən böyük bankdır. Bank sektorunun toplam aktivlərinin 26 faizi sadəcə Beynəlxalq Banka məxsusdur. Bakın kredit protfelinin həcmi 4 milyard manatı ötür. Beynəlxalq Bankda saxlanılan depozitlərin həcmi isə 8.5 milyard manata bərabərdir. ABB 2022-ci ili 254 milyon manat xalis mənfəətlə başa vurub. Bank digər dövlət şirkətlərindən fərqli olaraq büdcəyə gəlir gətirməsi ilə tanınır: Hesablama Palatasının hesabatından bəlli olur ki, 2022-ci ildə səhmlərində dövlətin payı olan şirkətlərin büdcəyə ödənişləri 130 milyon manata bərabər olub. Bu vəsaitin 92%-i sadəcə Azərbaycan Beynəlxalq Bankı tərəfindən ödənilib.

 

Azərbaycan Beynəlxalq Bankının bank sektorunda əhəmiyyətli paya sahib olduğu üçün bu bankın özəlləşdirilməsinin ölkənin bank sektoruna ciddi təsirləri mövcuddur. Bunu nəzərə alaraq, Agora Analitik Kollektiv “Agora Sualı” çərçivəsində iqtisadçıların ABB-nin özəlləşdirilməsinin ölkənin maliyyə sektoruna təsirləri ilə bağlı fikirlərini öyrənib.

 

Sosial Tədqiqatlar Mərkəzinin (STM) əməkdaşı Pünhan Musayev:

 

Bir bank uğursuzluğa düçar olduqda, əsasən iki vacib məqam narahatlığa səbəb olur. Birincisi, müştərilərin əmanətləri, ikincisi isə, ümumilikdə, bank sistemi və iqtisadiyyatın sabitliyi. Bu baxımdan, dünya praktikasında dövlətlər hər iki tələbi ödəmək üçün təşviqedici addımlar atırlar.

 

Əmanətlər əsas etibarı ilə bəlli bir həddə qədər sığortalandığından, Mərkəzi Bank və dövlət büdcəsi qalan əmanətləri xilas etmək üçün banka kifayət qədər kapital əldə etməyə kömək edir. Ancaq, bu tədbir heç də həmişə bankın özünün xilas edilməsi ilə nəticələnmir. Çünki qərar həmin bankın sektor və sistem üçün nə qədər əhəmiyyətli olub-olmaması nəzərdən keçirildikdən sonra verilir. Məsələn, 2008-ci ildə ABŞ-ın xəzinədarlığı “Morgan Stanley”-nin kapitalını artırmaq üçün 10 milyard dollar sərmayə qoymuşdu. Ancaq, bu ilin əvvəli iflasa uğrayan “Silicon Valley Bank” üçün oxşar addım atılmadı, təşviqlər yalnız əmanətlərlə əhatələnmiş oldu. Çünki, ən əhəmiyyətlisi sektoru, ona olan inamı qorumaqdır. Bank isə sistemin bir elementidir, tutumu qədər də əhəmiyyəti var.

 

Bu müddəalar dünya iqtisadiyyatını iflic edən 2008-ci il maliyyə böhranına səbəb olmuş “Lehman Brothers” iflasından sonra ortaya çıxan yeni yanaşmalardır. Nəzərə almaq lazımdır ki, bankların xilas edilməsini dəstəkləyən tədbirlər heç də həmişə Mərkəzi Bank və ya xəzinədarlıq tərəfindən həyata keçirilmir. Bəzi hallarda batan bank daha böyük banka da sığına bilər. Məsələn, bu ilin əvvəli ABŞ-da “First Republic Bank”-ın son anda “JP Morgan”-a sığınması kimi.

 

Beləliklə, daxili mühitə baxdıqda Beynəlxalq Bank məsələsinin bir qədər unikal olduğunu görə bilərik. Hansı ki, son on ildə ölkədəki bankların sayı yarıbayarı azalıb, təkcə ötən bir ildə isə 2 bankın lisenziyası ləğv olunub. O halda haqlı olaraq sual verilə bilər ki, Beynəlxalq Bankın bağlanan onlarla bankdan fərqi nədir? Əlbəttə ki, sistem əhəmiyyətli olması. Müzakirə oluna bilər ki, proses on ildir davam edir, razıyam. Ancaq, nəzərə almaq lazımdır ki, əvvəla Azərbaycanda uğursuzluğa düçar olmuş və indiyədək bir çox çatışmazlığa səbəb olan 90-cı illərin özəlləşdirmə “hekayəsi” var. Digər tərəfdən də, Beynəlxalq Bank ölkənin ən böyük bank aktivinə sahib olduğuna görə, onu başqa bir qurum yox, məhz dövlət öz himayəsinə çəkmiş olur. Çünki yenə də, belə bir təşkilatın fəaliyyətinin sağlamlaşdırılması özəlləşdirilməsindən daha vacibdir.  Nəzərə almaq lazımdır ki, son illər bank mənfəətlə çalışır və bu mənfəətdən büdcəyə ödənişlər edir.

 

Müstəqil iqtisadçı Toğrul Vəliyev:

 

ABB-nin özəlləşdirmə hekayəsi ümumilikdə Azərbaycanda özəlləşdirmə siyasətini özündə ehtiva edir. Çünki əvvəlki illərdə dəfələrlə bəzi hallarda dövlətin bu bankdakı payı artırılıb, bəzi hallarda isə özəlləşdiriləməsi gündəmə gəlir. Bu baxımdan, Azərbaycan iqtisadiyyatının vəziyyəti dövlətin bankın idarəçiliyində iştirak istəyində öz əksini tapır.

 

Beynəlxalq Bankın özəlləşdirilməsinə münasibətlə bağlı bir ikili yanaşmanı nəzərdən keçirmək vacibdir. Birinci yanaşma ondan ibarətdir ki, onsuz da dövlət Mərkəzi Bank vasitəsi ilə bazara təsir imkanlarına malikdir. Bu baxımdan, Mərkəzi Bankla yanaşı dövlətə məxsus kommersiya bankının da fəaliyyətinə ehtiyac yoxdur. Bu, həm də bəzi risk amillərini ortaya çıxara bilər. Həmin risk amilləri 2015-ci ildə devalivasiya dövründə ABB ilə bağlı da ortaya çıxmışdı və bankın idarəçiliyində atılmış yanlış addımlar nəticəsində Beynəlxalq Bankın 10 milyard manata yaxın zərəri formalaşmışdı. Bu zərər faktiki olaraq vergi ödəyiciləri hesabına qarşılandı. Nəzərə almaq lazımdır ki, ABB-nin həmin zərərli aktivləri hələ də qalır, ancaq, həmin aktivlər “Aqrarkredit”-ə ötürüldüyü üçün ABB-nin maliyyə hesabatlarında əks olunmur. Lakin, faktiki olaraq dövlət büdcəsinin vəsaitləri hesabına aradan qaldırılır.

 

Digər yanaşma isə odur ki, Azərbaycanda əhalinin bank sektoruna inamının aşağı olduğu bir şəraitdə, dövlət bankının olması əlavə üstünlüklər yarada bilər. Çünki, insanlar inanırlar ki, bu bank dövlətə məxsusdur və istənilən situasiyada dövlət həmin bankı xilas edəcək. Bu baxımdan, dövlətin ABB üçün oynadığı rol Azərbaycanda fiziki və hüquqi şəxslərin bank sektoruna olan inamına müsbət təsir imkanlarına malikdir.

 

Digər tərəfdən onu da nəzərə alınmalıdır ki, bu cür yanaşma bank sektoru üçün əlavə problemlər də ortaya çıxarır. Hazırki şəraitdə Azərbaycanda bütün sosial kartlar sadəcə iki banka – hazırki dövlət bankı ABB-yə və keçmiş dövlət bankı Kapital Banka məxsusdur. Dövlət qurumları da əsasən bu banklarla çalışır. Belə olan şəraitdə, ölkənin bank sektorunda ciddi inhisarlaşma ortaya çıxır. Belə inhisara malik banklar ölkə iqtisadiyyatına əhəmiyyətli təsir imkanları əldə edir. Bu isə, bazar üçün əlavə risklər deməkdir. Ona görə də, ölkədə bank sektoru ilə bağlı atılmalı olan ən vacib addım bank bazarında inhisarların qarşısını almaq və heç bir bankı ölkə iqtisadiyyatına təsir edəcək səviyyəyə gətirməməklə bağlı olmalıdır.

Müəllif
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv müxtəlif sahələrdə fəaliyyət göstərən tədqiqatçılar və ekspertlər tərəfindən 2022-ci ildə qurulmuş müstəqil beyin mərkəzidir.

Paylaş