Agora Sualı | İqtisadçılar nə düşünür: üzən yoxsa sabit məzənnə?

Azərbaycanın milli valyutası manatın məzənnəsinin necə müəyyən edilməsi məsələsi tez-tez gündəmə gəlsə də, bu mövzuda fikir ayrılıqları qalır. Mərkəzi Bank 2015-ci ilin dekabrında devalvasiya ilə bağlı qərar verərkən, manatın ucuzlaşmasını üzən məzənnəyə keçidlə əlaqələndirmişdi. 2016-cı ilin dekabrında təsdiqlənən “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsi” ilə hökumət vəd edirdi ki, 2020-ci ildə Mərkəzi Bank tam üzən məzənnə rejiminə keçəcək. Buna baxmayaraq, ölkədə hələ də üzən məzənnəyə keçid baş tutmayıb və 2018-ci ilin martından bəri manatın dollar qarşısında məzənnəsi dəyişməyib. Qeyd edək ki, üzən valyuta məzənnəsi rejiminin tətbiq edildiyi zaman məzənnə valyutaya olan tələb və təklifin təsiri əsasında formalaşır.

 

Azərbaycanda ölkə iqtisadiyyatına və əhalinin sosial-iqtisadi rifahına təsir baxımından hansı valyuta rejimi daha effektiv olar ola bilər – üzən yoxsa sabit valyuta rejimi? “Agora sualı” çərçivəsində bu  sualı iqtisadçılara ünvanladıq. Cavablarla aşağıda tanış ola bilərsiniz:

 

Sosial Tədqiqat Mərkəzinin (STM) əməkdaşı, iqtisadçı Pünhan Musayev:

 

İqtisadiyyat səbəb və məqsəd əlaqəli fəaliyyət olduğuna görə, istənilən məsələdə səbəb və məqsədlərə baxmaq lazımdır. Çünki manatın dollar qarşısında 1.70 məzənnəsi nəticədir, səbəb və ya məqsəd deyil. Səbəbdən başlayırıqsa ilk növbədə məzənnənin özünün mahiyyət və məzmununa baxmalıyıq.

 

Məhdud diversifikasiya iqtisadiyyatın aparıcı ünsürləri olan dəyər və pul yaratmanı, həmçinin, onlara qiymətqoymanı xarici bazar – neft qiymətlərinə əsasən formalaşmağa sövq edir. Məsələn, statistika bizə göstərir ki Azərbaycan iqtisadiyyatında pul kütləsi neftin qiyməti yüksələndə artır, aşağı düşəndə azalır. Dövlət büdcəsinin kəsri Neft Fondu transfertləri ilə maliyyələşir, nəinki Mərkəzi Bankın pul emissiyası ilə. Yəni, iqtisadiyyatda pul axınlarını neft sektoru, qlobal birjalardakı təəssürat müəyyənləşdirir. Eləcə də, qiymətlər. Misal üçün, karbohidrogendən başqa dünya bazarına ciddi məhsul çıxara bilmirik, əvəzində idxal edirik. Yaxud da, böhranlı 2009, 2016 və 2020-ci illərindən fərqli olaraq, minimum əməkhaqqının neftin baha satıldığı dövrlərdə artırılmasını vurğulaya bilərik. Yəni, qiymətlər də xarici mühitə əsasən formalaşır. Beləliklə, ortaya belə bir sual çıxır ki, yarada bilmədiyimiz nəyəsə qiyməti necə qoya bilərik? Ona görə də manatdan fərqli performans gözləmək bir az reallığa uyğun gəlmir. Sadəcə hökumət də fərqinə varır ki, müdaxilə olmasa manatın üzməsi onun dəyər itirməsinə başa gələcək.

 

Ancaq, nəzərdə saxlamaq lazımdır ki, sabit kurs da əbədi rejim deyil. Real sektordan əlavə, maliyyə mühiti də dəyişir. Hansı ki, Mərkəzi Bank banklararası bazar istiqamətində əməli addımlar atır. O cümlədən, hökumətin xarici borcu daxili borcla əvəzləməsi strategiyası günbəgün davam edir. Borcun əvəz edilməsi nə deməkdir? Büdcə xaricdən kredit götürmək əvəzinə daxildəki qiymətli kağızlarla borclanacaq, yəni qiymətli kağızlarımızın, beləliklə manatın işləkliyi təkmilləşəcək və məzənnədə üzən rejimə zəmin yaranacaq. Bu işlər isə bir günün içində olmur, tədrici keçid tələb edir. Deməli, zaman yetişməlidir. Əks halda, manatın bu gün əsassız üzməsi faydasından çox, itkilərə səbəb ola bilər. Bu baxımdan, iqtisadçı hazırki durumda üzən məzənnəyə keçidi dəstəkləmir.

 

Müstəqil iqtisadçı Toğrul Maşallı:

 

Hazırki durumda birmənalı olaraq üzən məzənnə rejimi Azərbaycan üçün daha effektiv ola bilər. Çünki, belə şəraitdə həm hökumətin, həm də Mərkəzi Bankın məzənnəni sabit saxlaması  üçün əlavə vəsait sərf etməyə ehtiyac qalmır. İndiki yüksək inflyasiya şəraitində idxal edilən məhsulların qiymətinin daha da yüksəlməməsi baxımından sabit məzənnə rejiminin insanlara faydası var. Ancaq qonşu ölkələrin də təcrübəsi göstərir ki, iqtisadiyyatda heç də hər şey sadəcə inflyasiya ilə bağlı deyil və inflyasiya ilə bağlı problemlər olduğu şəraitdə belə, iqtisadi fəaliyyətin normal davam etməsi mümkündür.

 

Üzən məzənnənin tətbiq edilməsi iqtisadiyyatla bağlı real vəziyyəti görmək baxımından da faydalıdır. Çünki, üzən məzənnə rejimi tətbiq edilsə, Mərkəzi Bank da valyuta bazarlarına təsir etmək baxımından öz mexanizmlərini işə salacaq və bu müdaxilələrin hansı istiqamətdə olması ölkədəki iqtisadi durumun göstəricisi olacaq. İndiki halda sabit məzənnə iqtisadiyyatla bağlı heç bir vəziyyəti əks etdirmir. Onsuz da ölkə iqtisadiyyatının struktruna uyğun olaraq ölkədə milli valyutanın məzənnəsiə təsir imkanı olan çox az sayda oyunçu mövcuddur: Mərkəzi Bank, Dövlət Neft Fondu və SOCAR. Bu baxımdan məzənnənin sabit qalması üçün əlavə resurs sərf etməyə ehtiyac yoxdur, çünki, məzənnənin formalaşmasına sadəcə bu qurumlar təsir edə biləcək.

 

Onu da nəzərə almaq lazımdır ki, insan iqtisadi qərarlar verərkən müəyyən indikatorlara əsaslanır. Ancaq, hazırki şəraitdə insanların ölkədə valyuta məzənnəsinin nə zaman dəyişəcəyi ilə bağlı heç bir təsəvvürü yoxdur. Digər tərəfdən, hazırki durumda heç kim məzənnəyə hansı amillərin təsir edəcəyini bilmir. Mərkəzin Bankın sədri, hökumət ya birbaşqası? Ancaq üzən məzənnəyə keçid olsa insanlar iqtisadi vəziyyətə uyğun olaraq məzənnə ilə bağlı müəyyən təsəvvürlərə sahib ola bilər.

 

İqtisadiyyat üzrə doktor İbrahim Niftiyev:

 

Hər situasiyaya uyğun olaraq valyuta rejiminin tətbiq edilməsi daha çox faydalara səbəb ola bilər. Ölkəyə 2000-ci illərin ortalarından etibarən böyük neft gəlirlərinin daxil olmasından sonrakı dövrdə ölkə iqtisadiyyatı müxtəlif dövrlərdən keçib: neft bumu dövrü, qlobal iqtisadi böhranlar, post neft bumu dövrü, yenidən iqtisadi canlanma və s. Lakin, Azərbaycanda bu fərqli xarakteristikalı dövrlərə uyğun valyuta rejimlərini görmədik.

 

İqtisadçı üzən məzənnə rejiminin tətbiqini daha faydalı hesab edir. Çünki, belə olduğu təqdirdə hökumətin pul bazarına təsir imkanları artır və hər iqtisadi situasiyaya uyğun pul siyasəti aparmaq imkanı yaradır. Üzən məzənnə rejimi inflyasiyaya daha effektiv təsir etmək baxımından da müsbət rol oynaya bilər. Rəqabətqabililiyin ən əsas göstəricisi mübadilə məzənnəsidir. Bu baxımdan, üzən məzənnə rejimi hökumətin xarici ticarətlə bağlı, eləcə də, inkişaf hədəfləri ilə bağlı təsir gücünü artıra bilər. Sabit valyuta rejiminin tətbiqi çox böyük həcmdə valyuta ehtiyatlarının olmasını tələb edir. Azərbaycan kimi kiçik iqtisadiyyatı olan ölkələrdə bunu təmin etmək heç də hər zaman mümkün olmur və sabit valyuta məzənnəsinin təmini üçün hökumət əlavə vəsait sərf etməyə məcbur olur. Hazırki dövrdə iqtisadi modelləşdirmə kifayət qədər inkişaf edib və əgər milli valyutanın məzənnəsi bazar şərtlərinə (tələb və təklifə) uyğun formalaşarsa, bu tip araşdırmalarla valyuta məzənnəsinin uzunmüddətli perspektivdə necə olması ilə bağlı proqnozlar hazırlana bilər və valyuta rejiminin proqnozlaşdırılabilən olması həm vətəndaşlara, həm də hökumətə əlavə imkanlar yaradar.

 

Agora Analitik Kollektivin üzvü, iqtisadçı Fərid Mehralızadə

 

Qısamüddətli perspektivdə müəyyən çətinliklərə səbəb ehtimalı olsa belə, uzunmüddətli perspektivdə üzən məzənnəyə keçid, hazırki sabit məzənnə rejimi ilə müqayisədə, ölkə iqtisadiyyatına daha çox fayda verər. Əgər manatın məzənnəsi üzən valyuta rejimi çərçivəsində formalaşarsa, bu potensial böhran dövrlərində həm biznes subyektlərinin, həm də vətəndaşların bu şoklara daha dayanıqlı olmasına yol aça bilər. Çünki, belə olacağı təqdirdə milli valyutanın ucuzlaşması bir gün içində baş verməyəcək və tədrici proses olacaq. Bu isə həm banklar başda olmaqla maliyyə sektorunun, həm xarici ticarət əlaqələrində iştirak edən subyektlərin, həm də insanların yeni iqtisadi duruma uyğunlaşmasına imkan yaradacaq. Lakin, indiki şəraitdə bunu proqnozlaşdırmaq mümkün deyil. Azərbaycan bunun acı təcrübəsini 2015-ci ildə yaşamışdı və çox sayda insan biznesini və iş yerini itirmək məcburiyyətində qalmışdı.

 

Hazırda ölkədə məzənnə ilə bağlı qərarlar iqtisadi yox, siyasi mahiyyət daşıyır və hökumət yanlış olaraq sabit valyuta məzənnəsini siyasi uğur kimi təqdim edir. Hazırki yanaşma səbəbindən əksər vətəndaşlar manatın məzənnəsinin dəyişmə ehtimalına qorxu ilə yanaşırlar. Halbuki, bu, təbii bir prosesdir və ölkə iqtisadiyyatının proqnozlaşdırıla bilən olması baxımından üzən məzənnə rejimi daha çox faydalıdır. Üzən məzənnəyə keçidin neft qiymətlərinin hökumətin proqnozlarına uyğun olduğu, büdcə ilə bağlı öhdəliklərin rahat yerinə yetirildiyi dövrdə həyata keçirilməsi daha faydalı olardı və hazırda bu amillər olduğu üçün indiki durumda manatın üzən məzənnə rejiminə keçməsi ciddi problemlərə səbəb olmayacaq və bu yumşaq keçid vətəndaşların manatın “dondurulmuş” məzənnəsinin dəyişməsi ilə bağlı qorxularının da aradan qalxmasına yol açacaq.

Müəllif
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv müxtəlif sahələrdə fəaliyyət göstərən tədqiqatçılar və ekspertlər tərəfindən 2022-ci ildə qurulmuş müstəqil beyin mərkəzidir.

Paylaş