Xülasə | Azərbaycanda beyin mərkəzlərinin rolu və çətinlikləri

28 sentyabr 2023-cü il tarixində Agora Analitik Kollektivi və Bakı Araşdırmalar İnstitutunun təşkilatçılığı ilə “Azərbaycanda beyin mərkəzlərinin rolu və çətinlikləri” mövzusunda ictimai müzakirə keçirildi (video çəkilişi buradan izləyə bilərsiniz). “Agora Söhbətləri” çərçivəsində keçirilən sayca onuncu müzakirədə aşağıdakı suallara cavablar axtarılıb:

 

  • Azərbaycanda beyin mərkəzlərinin təşkilati-hüquqi forması necə olmalıdır?
  • Hazırda fəaliyyət göstərən beyin mərkəzləri hansı çətinliklərlə qarşılaşır?
  • Resurslara çatımlılığın az olduğu şəraitdə tədqiqatların keyfiyyəti necə təmin oluna bilər?

 

Ümumi problemlər

 

Müzakirənin iştirakçısı, Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin tədqiqatçısı Nərgiz Muxtarova bildirdi ki, Azərbaycanda hazırda müxtəlif nazirliklərin tərkibində fəaliyyət göstərən, həmçinin QHT formasında fəaliyyət göstərən beyin mərkəzləri var. Bu tip təşkilati müxtəliflik özlüyündə normaldır – lakin, QHT formasında fəaliyyət göstərən bir beyin mərkəzi olaraq, QHT qanunvericiliyindən yaranan maliyyə stabilliyinin olmaması davamlılıq problemi yaradır. Bununla yanaşı, regionlara, dövlət qurumlarına və datanın toplanmasında əlçatanlığın olmaması da əsas çətinliklərə daxildir. QHT-lər bu çatımlılıq üçün daha uzun bir prosedur keçməyə məcbur olur.

 

Topçubaşov Mərkəzindən tədqiqatçı Məhəmməd Məmmədov qeyd etdi ki, əsas problemlərdən biri beyin mərkəzləri ilə akademiyalar arasında əlaqələrin olmaması, eyni zamanda qlobal səviyyədə tədqiqatlara çatımlılığın olmamasıdır. Digər bir problem isə, dövlət qurumları ilə kommunikasiyadır. Beyin mərkəzləri tərəfindən verilən tövsiyyələr əsasən tətbiq olunmur. Məmmədov bildirdi ki, qərarvericilərlə beyin mərkəzləri ilə arasında incə bir balans olmalıdır, beyin mərkəzləri alternativ fikri qərarvericilərə çatdırmalı, ancaq müstəqilliklərini qorumalıdırlar.

 

Agora Analitik Kollektivindən Nəcmin Kamilsoy bildirdi ki, Azərbaycanda institusional səviyyədə qərarvericilərlə beyin mərkəzləri arasında əlaqə yoxdur, bununla yanaşı qərarvermə prosesinin qapalı olması bu fəaliyyəti çətinləşdirir. Kamilsoyun fikrincə, problemlərin ifadə olunması və tənqidin stiqma sayılması da ölkədə beyin mərkəzlərinin fəaliyyətlərinə ciddi əngəllər yaradır. Digər bir məsələ isə kadr çatışmazlığıdır ki, bunun kökündə həm sosial elmlər tədrisinin keyfiyyəti ilə bağlı problemlər, həm də xaricdə təhsil alan gənclərin qayıtmağa stimulunun olmamasıdır.

 

Sosial Tədqiqatlar Mərkəzindən Seymur Əliyevə görə, post-sovet coğrafiyasında sosial elmlərdə tədqiqat ənənəsi yoxdur, eyni zamanda Azərbaycanda fəaliyyət göstərən tədqiqat mərkəzlərinin fəaliyyəti aydın deyil və beyin mərkəzləri özlərini təsdiq etməlidir. Əliyev müşahidə edir ki, aparılan tədqiqatlarda peşəkarlıq problemi var və hətta Azərbaycanda yazılan doktorluq dissertasiyaları belə yeni elmi biliklər yaratmır.

 

Resurs azlığı və keyfiyyət

 

Nəcmin Kamilsoy qeyd etdi ki, qərarvericilərlə ünsiyyətdə problem sadəcə siyasət sənədlərinin keyfiyyəti ilə bağlı deyil – məsələn, Dünya Bankı, Avropa Komissiyası kimi təşkilatların müxtəlif sosial-iqtisadi mövzularda hazırladığı peşəkar siyasət sənədləri var ki, bunlar da Azərbaycanda nəticə yaratmır. Eyni zamanda, beyin mərkəzlərinin auditoriya problemi də var: belə ki, beyin mərkəzləri ictimaiyyəti məlumatlandırmaq istədikdə elmi-metodoloji əsaslı tədqiqatlara yox, sadə formada yazılmış kiçik mətnlərə üz tuturlar.

 

Nərgiz Muxtarovanın fikrincə isə tədqiqatların legitimliyinə təsir edən digər bir faktor açıq datalara çatımlılığın çətin olmaması, eyni zamanda məsul qurumların özlərində belə data toplanması ilə bağlı problemlərin olmasıdır.

 

Məhəmməd Məmmədova görə cəmiyyət sürətli informasiya istədiyi üçün beyin mərkəzləri hal-hazırda jurnalistikaya uduzur və yazılan məqalələr tədqiqat əsaslı yox, ekspert rəyləri formasında olur. Məmmədov onu da qeyd etdi ki, I Dünya müharibəsindən sonra yaranan vəziyyət kimi, II Qarabağ müharibəsi də Azərbaycanda beyin mərkəzlərinin fəaliyyətinə marağı artırıb. Topçubaşov Mərkəzinin də müharibədən sonra Qarabağ erməniləri üçün təklif etdiyi “Xorvatiya modeli” müzakirələrdə özünü göstərir.

 

Qərarvericilərlə əlaqələr

 

Seymur Əliyev qeyd etdi ki, STM-də bəzi tədqiqatlar periodik olaraq aparılır və qərarvericilik prosesində dövlət ölkədə aparılan bütün tədqiqatları nəzərdən keçirir. Əliyevin fikrincə, bütün siyasət sənədlərinin dövlət səviyyəsində verilən qərarlara təsir etməsini gözləmək qüsurlu yanaşmadır. Əliyev düşünür ki, Azərbaycanda beyin mərkəzlərinin ən böyük problemi insan kapitalıdır, gənclər tərəfindən tədqiqata marağın azlığıdır.

 

Digər bir sual isə tədqiqat sahəsinin gəlirli olmadığı üçün insan kapitalının fərqli sahələrə yönəlməsi ilə bağlı idi. Bunun qarşısını almaq üçün nə etmək olar?

 

Seymur Əliyev görə, dünyada tədqiqat yetəri qədər gəlirli sahədir, ancaq Azərbaycanda tədqiqatçının statusu müəyyənləşməyib və resurslar ümumən azdır. Bu problemi aradan qaldırmaq üçün rol-model tədqiqatçılar olmalıdır ki, bu sahəyə maraq artsın.

 

Şərhçilər vurğuladı ki, Azərbaycanda dövlət qurumlarının databazaları peşəkar xidmət göstərmir və bir-birləri ilə koordinasiya olunmur. Həmçinin, əhali sorğuların cavablandırılmasına səmimi yanaşmır. Qeyd edildi ki, Azərbaycanda keyfiyyətli datanın toplanması prioritet olmalıdır.

 

İzləyicilər həm də qeyd etdi ki, Azərbaycanda vətəndaş cəmiyyəti institutları çox sayda hesabatlar və tədqiqatlar həyata keçirirlər, ancaq onlar bunu ictimailəşdirmirlər. Bu baxımdan, qərarvericilərin məsələyə siyasi yanaşması da bu sahəyə təsir edən faktorlardandır. Belə ki, hökumət peşəkarlığına görə yox, siyasi münasibətinə görə ekspertlər arasında fərqlər qoyur, hökumətə yaxın mediada biz peşəkarlıq problemləri olan şəxslərin ekspert kimi təqdim olunduğunun şahidi oluruq. Bununla yanaşı xüsusilə regionlarda sorğuların keçirilməsi zamanı adminstrativ müdaxilələrin olması və Dövlət Statistika Komitəsinin məlumatlarını “skan” versiyada tədqim etməsi data toplanması və analiz edilməsində ciddi problemlər yaradır.

 

İzləyicilərin rəylərinə fikir bildirən Seymur Əliyev qeyd etdi ki, dünyanın bir çox ölkəsində rəsmi statistikaya inam aşağı səviyyədədir və beyin mərkəzləri buna qarşı alternativ informasiya yaratmalıdır. Digər bir nüans isə Azərbaycanda ictimai rəyin öyrənilməsi ənənəsi aşağı olduğuna görə respondentlərin cavablarında qeyri-səmimilik problemidir.

 

Nəticə

 

Qlobal səviyyədə də beyin mərkəzləri ilə bağlı dəyişikliklər gedir və beyin mərkəzlərinə inam azalır. Məmmədovun fikrincə, bu cür müzakirələrin davamlı keçirilməsi sahənin inkişafı üçün çox əhəmiyyətlidir. Kamilsoy qeyd etdi ki, kritik əhəmiyyət daşıyan məsələlər sosial elmlər təhsilinin vəziyyəti, akademik azadlıqlar, tədqiqat infrastrukturu və beynəlxalq əməkdaşlıqların olmaması, sorğuların keçirilməsi ilə bağlı problem və siyasət qərarvericiliyində iştirakçılıq problemidir. Əliyev bildirdi ki, Azərbaycanda SSRİ tərkibində olduğu müddətdə sosial tədqiqatın olmamasına görə tədqiqatlarln keçirilməsində nəsillərarası keçid problemi yaranıb. Sadalanan problemləri isə əməkdaşlıqla aşmaq olar.

 

Müəllif
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv müxtəlif sahələrdə fəaliyyət göstərən tədqiqatçılar və ekspertlər tərəfindən 2022-ci ildə qurulmuş müstəqil beyin mərkəzidir.

Paylaş