Tədqiqat | “Formaca milli, məzmunca sosialist” –  Azərbaycan mozaikaçılarının Sovet monumental sənətinə töhfələri

“Bu əsərlər sadəcə tariximizin nisbətən yaxın keçmişini simvolizə edən Sovet düzəninin simvolları deyil, Azərbaycanlı rəssamların və sənət adamlarının gələcək nəsillər üçün ötürdükləri bir mirasdır. Bu miras ölkə tarixinin ayrılmaz hissəsi kimi qəbul edilməli, şəhərin tarixi yaddaşında qorunub saxlanılmalı və gələcək nəsillərə ötürülməlidir.”

 

İncəsənət keçmişlə gələcəyi birləşdirən, zəmanəsini gələcək nəsillərlə ötürən bir mədəni bağ və əlaqə yaradır. Keçmişlə gələcək arasında mədəni əlaqələrin qurulmasında hər bir əvvəlki nəsilin olduğu kimi, bizim nəsilin də rolu olduqca vacibdir. Tarixdən bu günlər üçün varis qalan incəsənət növlərinin arasında təsviri incəsənətin xüsusi yeri var. Qədim zamanlardan insanlar gündəlik həyatlarını, əmək fəaliyyətlərini, dini inanclarını, yaşadıqları əlamətdar anları, tarixi hadisələri, böyük şəxsiyyətləri əbədiləşdirmək məqsədi ilə onların fərqli üsullarla müxtəlif səthlərin üzərində təsvirini yaradırdılar. İnsan təbiətinə xas olan bu maraqlı özəllik günümüzə kimi təsviri incəsənət olaraq çatıb. Bu incəsənət növünün ən gözəl və eyni zamanda ən qədim nümunələrindən biri olan mozaika sənəti yaxın tariximizdə – Sovet Azərbaycanında öz intibah dövrünü yaşayıb.

 

Şəkil 1. Mehrin Əlili, (9 Yanvar, 2020). Bakı; Instagram: @mosaics_of_azerbaijan

 

Monumental-dekorativ sənətin özəllikləri

Mozaika (sqraffito, rəsm, freska, qrafik sənət, heykəltəraşlıq və memarlıqla yanaşı) monumental-dekorativ sənət növü sayılır. O, tarixən şəhərin qapalı deyil, məhz ictimai məkanlarında yerləşdirilirdi. Tarixinin müəyyən dövrlərində özəl sifarişçilərin saraylarının bəzəyi olmasına (misal üçün, Qədim Romada, XIX-cu əsr Avropada) baxmayaraq, mozaika sənəti digər təsvir üslubları ilə yanaşı, əsasən, böyük kütləni hədəfləyirdi. Misal üçün, Bizans İmperiyasında hökmdarlar kilsələrin bəzədilməsi üçün İncil motivlərini özündə əks etdirən və çox vaxt imperatorun dinin keşikçisi olduğundan bəhs edən əzəmətli mozaik pannolar sifariş edirdilər. Bunu etməklə, mozaikanın əsas sifarişçisi olan dövlətin məqsədi çox vaxt təhsilsiz olan kütləyə İncil süjetləri vasitəsilə dövlət dini barədə məlumat vermək, dinin böyüklüyü və əzəmətini çatdırmaq, siyasi gücün müqəddəsliyini və Tanrıdan verilən bir vergi olmasını aşılamaq idi (Petrova & Hill, 2021).

 

 

Şəkil 2. Arzamas Academy. (29 Avqust, 2016). История Византии в 22 пунктах. Афинские Новости.

 

Mozaika monumental-dekorativ sənət növü olmaqla, özündə bir neçə funksiyanı ehtiva edir. Birincisi, mozaika memarlıq və ya təbii mühitlə sintezdə reallaşdırılır və böyük ictimai ideyaları təcəssüm etdirmək üçün istifadə edilir (Диченская, 2019). İkincisi, bu incəsənət növü mövcud siyasi sistemin təbliği və parlaq gələcəyə aparan yolun tərənnümü ilə məşğul olur (Рождественская & Медведева, 2018). İkinci məqamı daha aydın şəkildə məhz Sovet mozaikalarında müşahidə etmək mümkündür. Üçüncüsü, mozaikanın yaratdığı antropogen mühit öz ülviliyi, insanları vahid reaksiyalara və yekdilliyə sövq etməsi ilə seçilir. Bunun üçün böyük meydanlar, ictimai məkanlar – bir sözlə insanların kütlə və kollektiv şəkilində vaxt keçirdikləri ərazilər istifadə edilir. Dördüncüsü isə, əvvəl qeyd olunanları nəzərə alaraq, əhali ilə “yumşaq kontaktın” qurulması, əhalinin məlumatlandırılması və ictimai dəyərlərin və vahid etikanın yaradılmasıdır. Onu da vurğulamaq lazımdır ki, bu sadalananlar mozaika sənəti daxil olmaqla, bütün monumental-dekorativ sənət növlərinin əsas funksiyaları kimi qəbul edilə bilər. Lakin, Sovet mozaikasından danışarkən qeyd etmək lazımdır ki, bəzən məqsədlər mozaik pannolar üçün seçilmiş məkandan, mövzudan, təsvir edilmiş bədii obrazlardan, hazırlandığı dövrdən asılı olaraq, qismən dəyişə bilər. Bəs Sovet mozaikasının tarixi haradan başlayır? Mozaika Sovet dövrünün reallığında hansı yeri tuturdu? Sovet mozaikasının bir incəsənət üslubu kimi inkişafı orqanik idimi? Azərbaycanda, xüsusən paytaxt Bakıda Sovet mozaika irsinin hansı nümunələri mövcuddur?

 

Bolşeviklərin təbliğat aləti    

Mozaikalar ilə yanaşı digər “ictimai sənət” formalarının sosialist təbliğatında istifadə edilməsi təsadüfi deyildi. Həm də, monumental-dekorativ sənət növü olduğu üçün, mozaikanın bu məqsədlə istifadəsi təəccüblü deyil. Bu gün biz Sovet təbliğatı haqqında düşünəndə ağlımıza gələn ilk və tək şey mozaikalar deyil, eyni zamanda lozunqlar, pankartlar, müxtəlif üslublarda işlənmiş Lenin, Stalin, Marks obrazları və sairdir. “İctimai sənət-in küçələrdə və ictimai yerlərdə yayılması birbaşa Leninin öz istəyindən və kommunist dövlətini necə təsəvvür etməsindən doğurdu. 1918-ci ildə Lenin, Xalq Maarifləndirmə Komisarlığının rəhbəri Anatoli Lunaçarski ilə görüşündə ona monumental incəsənətin ideoloji və siyasi təbliğat üçün vacibliyini vurğulamışdı. Onun fikirinə əsasən, yeni yaranmış Sovet hökümətinin uğuru üçün dövlət ictimai məkanlarda ideoloji çağırışlar və mesajlar yaymalıdır. Lunaçarski öz memuarında qeyd edir ki, Lenin bu fikirdə intibah dövrünün məşhur İtalyan filosofu və yazıçısı Tomazzo Kampanellanın “Günəş Dövləti” (“Günəş Şəhəri”) əsərinə istinad edirdi (Луначарский, 1933):

 

“Yadınızdadırmı, Kampanella öz “Günəş Dövləti” əsərində, onun fantastik sosialist şəhərinin divarlarına çəkilmiş freskalardan bəhs edir ki, bu freskalar gənclər üçün təbiətşünaslıq, tarix üzrə əyani dərs vəsaiti kimi xidmət göstərir, vətəndaşlıq hissini oyadır – bir sözlə, onlar yeni nəsillərin təhsilində, tərbiyəsində iştirak edirlər. Mənə elə gəlir ki, bu, sadəlövhlükdən uzaqdır və müəyyən bir dəyişikliklə bizim tərəfimizdən bu gün dərk edilib həyata keçirilə bilər.”

 

Şəkil 3. История Пропаганды. (5 Iyun, 2018). 1921. Крестьянин! Ты не будешь иметь ни одного гвоздя, ни одного аршина мануфактуры, пока в твоем селе будет хоть один бандит. (Az. Kəndli! Kəndində heç olmasa bir quldur varkən, nə bir mismarın, nə bir arşın fabrikin olacaq.)

 

Məhz bu tarixi hadisədən sonra, onsuz da siyasi və iqtisadi çağırışların müxtəlif formaları ilə zəngin olan sosialist ideologiyası yeni təbliğat üslubuna qədəm qoyur – monumental incəsənət sosialist dəyərləri özündə ehtiva edərək, yeni təsviri və daha sonra memari formalar almağa başlayır. Sanki bir anın içində olmuş kimi, Lenin hökümətinin sərəncamında olan bütün şəhərlərdə ideoloji pankartlar, lozunqlar və rəsmlər yayılmağa başlayır. Sözsüz ki, Sovet düzəninin ilk illərində kütləyə ötürülən mesajlar və çağırışlar növbəti onilliklərlə nisbətdə çox fərqlənir. Sovetləşmənin ilk illərindən başlayraq, 1950-ci illərə kimi diqqət yetirilən mövzuların arasında Sovet inqilabının və kommunist ideologiyasının əbədiləşdirilməsi və onların zəhmətkeşlərə faydaları; kommunist internasionalının liderlərinin (Marks, Engels, Lenin, Stalin) əbədiləşdirilməsi; Sovet kəndçiləri və işçi sinifi; Sovet qadınlarının təhsil və zəhmətkeşlik yolu ilə emansipasiyası; “gələcəyin insanı” obrazı; təhsil, mədəniyyət, idman, elm və texnologiyaların əbədiləşdirilməsi; Sovet xalqının düşmənlərinin göstərilməsi; Böyük Vətən Müharibəsi və digərlərini sadalamaq olar (Petrova & Hill, 2021).

 

İslahatların gözlənilməyən nəticəsi    

XX-ci əsrin ikinci yarısının ilk illəri SSRİ-də baş vermiş ciddi siyasi dəyişikliklər ilə yadda qaldı. Stalinin ölümündən sonra kommunist partiyasının birinci katibi N. Xruşşov seçildi və onun ilk addımları Stalinin dövrünə xas olan bir çox siyasi və iqtisadi qərarlara xitam vermək oldu. Stalinin qurduğu olduqca repressiv rejimə “yumşaltma” islahatları aparıldı. Xruşşovun bu fərqli siyasi kursu memarlıq, şəhərsalma, və SSRİ-nin urbanizasiya siyasətində də öz əksini tapdı. Belə ki, 1955-ci ildə “Tikinti və layihələndirmədə əlavələrin ləğvi barədə” adlı fərman imzalanır və bu sənəd SSRİ-nin tikinti və memarlıq tarixində yeni bir səhifə açır (Кадырова, 1987). Fərmanın əsas prinsipi o idi ki, Stalin dövründə yaşayış binaları daxil olmaqla, yeni tikilmiş binaların bəzədilməsində istifadə olunan bahalı dekor (bu üslub “Stalin Ampiri” kimi tarixə düşüb), mənzillərin (otaqların) layihələri və digər məqamlarda əlavə vəsait xərcinə səbəb olan bütün əlavələr ləğv edilməli idi. 1957-ci ilin “SSRİ-də mənzil tikintisinin inkişafı haqqında” fəmanı isə daha ucuz başa gələn və hər ailəni ayrı mənzil ilə təmin edəcək tipoloji yaşayış binalarının kütləvi tikintisini təmin etmək məqsədli idi (Былинкин & Рябушин, 1985). Məhz bu iki qərar Sovet şəhərlərinin simasını əbədi dəyişdi, şəhərlərdə bu gün çoxumuza tanış gələn mikrorayonlar yaranmağa başladı. Bu binalar zavodlarda hazırlanan və tikinti ərazisinə hazır formada gətirilən beton bloklardan tikilirdi və bu amil tikinti prosesini həm ucuz, həm də sürrətli edirdi.

 

Xruşşov hökümətinin bu qərarları bir işin öhdəsindən gələ bilsə də, zamanla gözlənilməz problemlər üzə çıxmağa başladı. Tipoloji mikrorayonların sadələşdirilmiş quruluşu və görkəmi tezliklə ictimaiyyəti məyus etdi: sosial və məişət ehtiyaclarının kifayət qədər ödənilməməsi, yeni yaşayış massivlərinin estetik cəhətdən monoton və cansıxıcı olmasına dair şikayətlər yaranamağa başladı. Binaların əksəriyyəti düzbucaqlı qutulara bənzəyirdi[1] və nəticədə bina fasadlarının detallaşdırılmasına ehtiyac yarandı. Artıq 1960-cı illərin əvvəlindən SSRİ-də tipoloji yaşayış binalarının fasadlarının bəzədilməsinə başlanılır, işlərə ölkənin aparıcı incəsənət və memarlıq institutları və mütəxəssisləri cəlb edilir. Yerli əhali ilə yaşadıqları mühitin arasında emosional əlaqələrin bərpası və yeni salınmış rayonların monotonluğunu üstələmək üçün[2] mozaika, sqraffito, rəsm, relyef sənətlərindən istifadə edilir, memarlığa yeni yanaşmalar tətbiq edilir və bunların hamısı yeni ictimai məkanların interyerlərində öz əksini tapmağa başlayır.

 

“Formaca milli, məzmunca sosialist”    

Sovet dövrünün ilk illərindən fərqli olaraq, sonralar monumental-dekorativ sənətə yanaşma xeyli milliləşdirilir və mərkəzi hökumət memarlıqda yerli tarix, folklor və etnik elementlərin istifadəsinə şərait yaradır. Lakin, dekorativ sənətin milli xarakteri özündə sosialist məzmununu daşımalı, yerli əhaliyə dövlətin ideoloji dəyərlərini çatdırmalı idi (Dremaite, 2017). Bu, milliliyin sosializm prizmasından təqdimatına və milli ruhun sosializm kontekstində formalaşmasına xidmət edirdi. Məhz 1960 və 1980-ci illərdə yaradılmış mozaikaların arasında milli geyimləri, milli rəqsləri, milli geyimlərdə Sovet bayramlarını qeyd edən insanları, milli nağıllardan və ədəbiyyatdan süjetləri, onların qəhrəmanlarını, milli tarixə istinadları və sair görmək olar. Eyni zamanda, əvvəlki illərdə olduğu kimi, mövcud zəmanənin qəhrəmanlarının göstərilməsi də mozaikaların əsas mövzularından idi. Əlbəttə ki, bu gündəlik sosialist reallığının qəhrəmanları milli mənsubiyyətlərindən asılı olmayaraq, öz zəhmətləri ilə parlaq gələcək üçün mübarizə aparır, kommunizmi yaxınlaşdırırdılar[3]. Bu obrazların arasında “azad olmuş insan”[4] obrazı (Stalin hökümətindən sonraki dövrün özəlliyi kimi vurğulanırdı), zəhmətkeşlər, alimlər, kosmonavtlar, təhsil və nəşriyyat işçiləri, idmançılar, müxtəlif sənayelərin işçiləri və digərləri yer alırdılar. Adı çəkilən obrazlardan başqa, mozaik pannoların mövzuları arasında elmi fantastika, ailə dəyərləri və vətənə sevgi, övladları kosmosu fəth edəcək qəhrəman ana obrazı və digərlərini də sadalamaq olar (Пронина, 1976).

 

Şəkil 4. Mehrin Əlili, (10 İyul, 2020). O. Şıxəliyev, H. Rəcəbov. Bakı Məişət Kondisionerləri Zavodunun üzərindəki mozaik panno (1975). Bakı; Instagram: @mosaics_of_azerbaijan

 

1950-ci illərin sonlarından SSRİ ərazisində tipoloji yaşayış massivlərinin salınması, əlbəttə ki, şəhər ərazilərinin böyüməsinə, yeni altmərkəzlərin yaradılmasına gətirib çıxarırdı. Bu faktor isə monumental-dekorativ sənətin əsas hədəflərindən biri olan təbliğatın da xeyirinə işləməli idi. Elə bu səbəbdən, bu dövrdə yaradılmış mozaikaların digər vacib xüsusiyyəti tək şəhərlərin mərkəzləri deyil, həm də şəhərlərin yeni salınmış kənar ərazilərində də[5] maraqlı və yadda qalan ictimai məkanların formalaşmasında iştirak etməsi idi. Bu yolla dövlət öz ideyalarının və dəyərlərinin şəhərlərin tək mərkəzi deyil, həm də ucqar yerlərində də əhaliyə yansımasını hədəfləyirdi.

 

Adı çəkilən dövrdə monumental-dekorativ sənətin milliləşdirilməsinin öz tənqidçiləri də var idi. Tipoloji Sovet mikrorayonlarının monotonluğunu qəbul etsələr də, bu tənqidçilər Sovet incəsənətinin bu dövrünə xas olan “formaca milli, məzmunca sosialist” prinsipinin gözlənilməməsindən gileylənirdilər. Belə ki, çox vaxt Mərkəzi Asiya respublikalarının nümunəsində, adı çəkilən prinsipin pozulmasına və monumental incəsənətdə milli elementlərin aşırı istifadəsinə dair tənqidlər ortaya çıxırdı (Былинкин & Рябушин, 1985). Bəzi mütəxəssislər Mərkəzi Asiya ölkələrinin monumental sənətində görünən bu xüsusiyyəti “formaca sosialist, məzmunca milli” kimi təqdim edirdilər (Khalid, 2021). Bəzən dövrün memarlığında da öz əksini tapan bu “milli əlavələrin”, həm seçilmiş ideoloji kursdan, həm də Xruşşovun tikinti siyasətinin hüdudlarından çıxdığı və əlavə vəsait sərfiyyatına gətirib çıxardığı da deyilirdi. Buna əks arqument olaraq, əsasən Baltikyanı respublikaların monumental sənət təcrübəsi nümunə gətirilirdi. Əsas vurğulanan məqam o idi ki, sonuncu ölkələrdə dövrün milli incəsənəti geriyə qayıdışda deyil, əksinə gələcəyə baxaraq müəyyən edilirdi. Misal üçün, memarlar binaları milli ornamentlərlə bəzəmək deyil, binaların öz formasını fərqli, daha çox müasir stildə təsəvvür etməyə çalışırdılar. Bundan dolayı, bu ölkələrdə Sovet modernizmi məktəbi yeni memarlıq üslubu kimi çox ciddi inkişaf edirdi, milli kolorit isə folklora edilən cüzi işarələrdə öz əksini tapırdı (Былинкин & Рябушин, 1985).

 

Əlavə olaraq, Baltikyanı ölkələrdə bu prosesin əsas səbəblərindən biri də, 1962-ci ildən başlayaraq, bu ölkələrin memarlarının, xüsusən də, Litvalı memarların müasir qərb memarlığını görüb, təhlil etmək üçün Skandinaviya ölkələrinə etdikləri səfərlər idi. Bu səfərlər mərkəzi Sovet hökümətinin dəstəyi ilə baş tuturdu və əsas məqsəd “Sovet qərbi” kimi təqdim edilən bu ölkələrin dünyada uğurlu sosialist respublikaları qismində tanıdılması və bir növ brendləşdirilməsi idi (Dremaite, 2017). Məhz bu səbəblərdən, bu gün Baltikyanı ölkələrdə mozaika görmək, demək olar ki, mümkün deyil, lakin Sovet modernizmi memarlığına asanlıqla rast gəlmək olar.

 

Sovet Azərbaycanında mozaika sənətinin inkişafı    

Sovet Azərbaycanında mozaika sənətinin təşəkkülü XX əsrin ikinci yarısından, əsasən 1960-cı illərdən başlayb. Bunun baş verməsində əsas səbəb İkinci Dünya Müharibəsinən sonra yerli gənc kadrların SSRİ-nin mərkəzi şəhərlərində monumental sənət üzrə ixtisas təhsili alması idi. Bu vaxta kimi Azərbaycanın bəzi yerlərində divar rəsmlərinə rast gəlmək mümkün idisə, monumental-dekorativ sənətin mozaika, sqraffito daxil digər üslublarında hazırlanmış əsərlərin sayı cüzi idi. Əsrin ikinci yarısında Azərbaycanlı monumentalist rəssamlar bir çox gözoxşayan mozaik pannolar yaratmaqları ilə yadda qaldılar. Bu əsərlərin müəllifləri arasında Oqtay Şıxəliyev, Mikayıl Abdullayev, Sirus Mirzəzadə, Qorxmaz Əfəndiyev, Arif Əzizov, Arif Ələsgərov, Arif Ağamalov, Tofiq Ağababayev, Hüseyn Haqverdiyev, Hacıbala Rəcəbov, Hüseynağa Hüseynov, Rəşid Heydərzadə, Mirzəağa Qafarov, Rasim Xələfov, Yaqub Mehdiyev, Rəhim Məmmədov, Şamil Buksayev, Həsənağa Ələsgərov, Əhməd Əhmədov, Fikrət İbrahimov və digər adları çəkmək olar. Həmin sənətkarların yaratdıqları əsərlərin bir neçəsi hələ də öz əzəmətli görkəmi ilə Bakının küçələrini və ictimai məkanlarını bəzəyir.

 

Sovet Azərbaycanının dahi rəssamları   

Azərbaycan mozaikasının bədii-üslubi xüsusiyyəti şərq motivləri, ədəbiyyat, folklor və yerli mədəniyyət üzərində qurulmuş orijinal süjet xəttlərində və istifadə edilən rənglərin parlaqlığında idi. Azərbaycanın Sovet mozaika sənətinin ən tanınmış simalarından biri Azərbaycan Xalq Rəssamı Oqtay Şıxəliyevdir. Monumentalist rəssam kimi tanınan sənətkarın mozaik pannolarına bir çox binaların interyer və eksteryerlərində rast gəlmək olar. Rəssamın təsvir etdiyi əsas obrazlardan biri ideallaşdırılmadan, əsərlərində təbii formada göstərilən və yeni nəsillərə örnək olaraq təqdim etdiyi zəhmətkeş insan obrazı idi[6]. Buna rast gəldiyimiz mozaik pannoların arasında Bakının Binəqədi rayonunda 1969-cu ildə Ş. Buksayev və H. Rəcəbov ilə birgə yaradılmış “Lenin və zəhmətkeşlər” (1969); rəssamın təkbaşına hazırladığı, Azərbaycan Dəmir Yolu Biləcəri stansiyasının lokomotiv deposunun mozaik tərtibatı (1969); H. Rəcəbovla birlikdə hazırladığı və elmi-texniki tərəqqi ilə əməyin vəhdətini simvolizə edən Bakı Məişət Kondisionerləri Zavodunun üzərindəki mozaik panno (1975); H. Rəcəbovla birlikdə hazırladığı Bakı Ayaqqabı Fabrikinin bədii tərtibatı (1980); Bakı Dərin Özüllər Zavodunun fasadını bəzəyən “Göy qurşağı” (1987) və digərlərini sadalamaq olar.

 

Şəkil 5. Mehrin Əlili, (7 Noyabr, 2021). O. Şıxəliyev, H. Rəcəbov. Bakı Ayaqqabı Fabrikinin bədii tərtibatı (1980). Bakı; Instagram: @mosaics_of_azerbaijan

 

Şıxəliyevin şahəsərlərindən biri Azərbaycan Nəşriyyat binasının üzərində Rəcəbovla birlikdə hazırladığı böyük “Mətbuat” mozaikasıdır (1977). Binanı ziyarət edənləri açılmış kitab kimi[7] qarşılayan bu pannoda yazının tarixindən – heroqliflərdən tutmuş, müasir çap üslubuna kimi fərqli dövrləri əks etdirən müxtəlif simvollar yerləşdirilib. Sənətkarın şah əsərlərindən daha biri olan mozaik panno(lar) Heydər Əliyev adına İdman-Konsert Kompleksinin ikinci mərtəbəsində yerləşən “Azərbaycan nağılları” mozaikasıdır (1977 – 1990). Bəzi araşdırmaçılara görə, 700 kvadrat metr sahəni əhatə edən bu əsər Sovet dövrünün ən böyük mozaika nümunəsi idi. Bu mozaika xalq adət-ənənələrini və nağıllarını, abstrakt kompozisiyaları, dövlət atributika elementlərini və digər detalları özündə əks etdirən, bir-biri ilə bağlı çox sayda olan mozaik pannolardan ibarətdir[8].

 

 

Şəkil 6. Mehrin Əlili, (7 May, 2020). S. Mirzəzadə. Səadət Sarayının qarşısını bəzəyən “Səadət” mozaik pannosu (1975). Bakı; Instagram: @mosaics_of_azerbaijan

 

Azərbaycan mozaika sənətinin daha bir görkəmli siması Sirus Mirzəzadədir. Sənətkarın ən məşhur və yaddaqalan olan, bu gün Səadət Sarayının qarşısını bəzəyən mozaik pannosu “Səadət” əsəridir (1975). Bu mozaik panno öz rəngarəngliyi və relyef texnikasında işlənilməsi ilə diqqəti çəkir. Əsərin digər maraqlı xüsusiyyəti milli Azərbaycan toy adət-ənənəsinin simvolları olan tar, kamança, zurna və nağaranın da pannoda yer almasıdır. Mizəzadənin daha bir məşhur relyefli mozaikası Rəşid Heydərzadə və Arif Ələsgərovla birlikdə işlədiyi “Fəhlə əlləri” əsəridir (1978). Adı çəkilən mozaik kompozisiya neft sənayesində çalışan zəhmətkeşlərin şərəfinə hazırlanıb və Bakının qədim neft mədənlərinin yerləşdiyi məkan kimi tanınan “20-ci sahə” qəsəbəsininin ərazisində yerləşir.

 

Müxtəlif üslublarda hazırlanmış Sovet mozaikalarına bu gün rast gəldiyimiz ictimai məkanlardan biri də metro stansiyalarıdır. Mozaik tərtibatına görə ən məşhur və bənzərsiz olanı Nizami metro stansiyasıdır. Buranı bəzəyən 19 mozaik panno SSRİ Xalq Rəssamı Mikayıl Abdullayevin müəllifliyi ilə hazırlanıb (1976). Onlardan biri dahi şair Nizami Gəncəvinin böyük portreti, digər 18 əsər isə şairin “Xəmsə”-sinə daxil olan poemalarından süjetlər və baş qəhrəmanlarıdır. Bədii tərtibatın əsasını təşkil edən 18 mozaik panno “Xəmsə” motivlərinin məzmununa uyğun ardıcıllıqla yerləşdirilib.

 

İtirilən miras  

Nazirlər Kabinetinin 2001-ci ildə dövlət tərəfindən mühafizə olunan abidələrə dair tərtib etdiyi siyahıda kommunist ideologiyası ilə əlaqəli olan bina, tikililər və abidələr siyahıya daxil edilməmişdir. Çox güman ki, bu qərardan dolayı, mozaikaların bir hissəsi məhv edilib, digərləri isə tamamilə unudularaq, baxımsız vəziyyətə düşüb. Dekommunizasiya post-Sovet ölklərinin keçid mərhələlərində vacib siyasət olsa da, bu proses nəticəsində Azərbaycanlı memarların və rəssamların Sovet dönəmində yaratdıqları vacib əsərlərin qismən məhv edilməsi şəhərin memarlıq və incəsənət keçmişinin silinməsi baxımından ziyanlıdır. Əlavə olaraq, post-sovet məkanına xas olan bir vacib məqam da monumental-dekorativ sənət nümunələrinin bir hissəsinin də özəlləşdirilməsindən sonra binaların yeni sahibləri tərəfindən sökülməsidir. Şəhərlər böyüyür, yenidən qurulur, yeni “zövqə” və hədəflərə cavab verməyən bir çox detal şəhərin tarixi kontekstindən silinir. İtirilmiş mozaik pannoların arasında bu gün Qorxmaz Əfəndiyevin (1980) vaxtı ikən Bakı Slavyan Universitetinin fasadını bəzəmiş, böyük Azərbaycan mütəfəkkirlərini təqdim etmiş mozaikanı; vaxtı ikən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin binasını bəzəmiş, Yaqub Mehdiyev və Hüseyn Haqverdiyevin “Vulkan” (1984) mozaikasını; Tofiq Ağababayevin dillər əzbəri olan “Bahar” (1970-ci illər) mozaikasını; Oqtay Şıxəliyevin vaxtı ikən keçmiş “Qarabağ” (“Turist”) mehmanxanasını bəzəyən bədii tərtibatını (1973); Oqtay Şıxəliyev və Hacıbala Rəcəbovun vaxtı ikən 18 nömrəli məktəbin fasadını bəzəmiş “Ulduzlara doğru” (1968) mozaikasını və digərlərini saymaq olar.[9]

 

Mövzuya artan diqqət 

Bu gün mozaik pannolar daxil olmaqla, Sovet Azərbaycanından qalmış monumental-dekorativ sənət nümunələrinin qorunmasında dövlət diqqətinə ehtiyac var. Bu əsərlər sadəcə tariximizin nisbətən yaxın keçmişini simvolizə edən Sovet düzəninin simvolları deyil, Azərbaycanlı rəssamların və sənət adamlarının gələcək nəsillər üçün ötürdükləri bir mirasdır. Bu miras ölkə tarixinin ayrılmaz hissəsi kimi qəbul edilməli, şəhərin tarixi yaddaşında qorunub saxlanılmalı və gələcək nəsillərə ötürülməlidir. Təəssüf ki, bu gün ölkə əhalisinin Sovet mozaikaları haqqında bilgiləri çox məhduddur. Bəzi əsərlərin peşəkar diqqətə və bərpaya ehtiyyacı var. Buna baxmayaraq, bu gün bu mövzu ilə məşğul olan ictimai fəallar var. Onlardan biri Mehrin Əlili Bakıda və Azərbaycan ərazisində bu gün də rast gələ biləcəyimiz mozaik pannoları toplayaraq, onları apardığı sosial media bloqunda izləyicilərə təqdim edir. Əlili, həmçinin, bu araşdırmada istifadə edilən şəkillərin böyük əksəriyyətinin müəllifi və məni bu vacib mövzunun tədqiqatına dəvət edən şəxsdir.

 

Keçmiş SSRİ ölkələrində Sovet mozaikalarına diqqət hər gün artmaqdadır. Son illər mövzuya həsr edilmiş vəsaitlərə nəzər yetirsək, bunların arasında Ukraynanın Sovet mozaikaları barədə çıxmış “Decommunized: Ukrainian Soviet Mosaics” (Az: “Dekommunizasiya Edilmiş: Ukraynanın Sovet Mozaikaları”) (2017), Gürcüstandakı mozaikalara həsr edilmiş “Mosaics of Soviet Period in Georgia” (Az: “Gürcüstanın Sovet Dövrü Mozaikaları”) (2019) və Moskvadakı mozaikalara həsr edilmiş “Монументальная мозаика Москвы. Между утопией и пропагандой” (Az: “Moskvanın Monumental Mozaikası. Utopiya və Təbliğat Arasında”, 2021) kitablarını saymaq olar. Sovet dövrünün bitməsinə baxmayaraq, bu ölkələrdə mozaikaları kommunist dövrünün simvolları kimi deyil, məhz yerli sənətkarların keçmişdə yaratdığı tarixi miras kimi qəbul edirlər. Azərbaycanda da həm idarəçilik, həm də yerli ictimaiyyət səviyyəsində bu yanaşmanın qəbul edilməsinə ehtiyac var.

 

Qeydlər

 

[1] Новикова, А. (7 Sentyabr, 2017). Прометей и времена года: О чем рассказывают советские мозаики Екатеринбурга. Мозаичные панно на жилых домах и дворцах культуры в выставке «Вечное лето». Retrieved January 10, 2023, from https://www.the-village.ru/weekend/the-village-guide/282120-soviet-mosaic?from=infinite_scroll

[2] Öncə qeyd edilmiş mənbəyə istinad olunur.

[3] Burada yazılanlar müəllifin siyasi baxışları deyil, həmin dövrün təsviridir.

[4] Новикова, А. (7 Sentyabr, 2017). Прометей и времена года: О чем рассказывают советские мозаики Екатеринбурга. Мозаичные панно на жилых домах и дворцах культуры в выставке «Вечное лето». https://www.the-village.ru/weekend/the-village-guide/282120-soviet-mosaic?from=infinite_scroll

[5] Öncə qeyd edilmiş mənbəyə istinad olunur.

[6] Bakı Şəhər Mədəniyyət Baş İdarəsi. (3 Sentyabr, 2020). Bu Gün Xalq Rəssamı Oqtay Şıxəliyevin Doğum Günüdür. http://az.baku-art.com/az/bu-gun-xalq-ressami-oqtay-sh-xeliyevin-dogum-g-n-d-r

[7] Əliyev, Z. (n.d.). Mozaik Pannoların Estetikası. Mədəniyyət. Azərbaycan Respublikasının Mədəniyyət Nəşri. https://www.medeniyyet.az/page/news/61652/Mozaik-pannolarin-estetikasi.html

[8] Шукюров, В. (2022). Мега-мозаика советского баку, которая была самой большой во всем СССР (ФОТО). Azerhistory. https://azerhistory.com/?p=50656

[9] Мамедова, А. (13 Fevral, 2022). Советская мозаика Баку: наследие, уходящее в историю. Dalma News. https://dalma.news/ru/sovetskaya-mozaika-baku-nasledie-uhodyashchee-v-istoriyu/

 

Ədəbiyyat

 

Dremaite, M. (2017). Baltic modernism: Architecture and housing in Soviet Lithuania. Dom Publishers.

Khalid, A. (2021). 18 Soviet in form, national in content? Central Asia, 331–355. https://doi.org/10.1515/9780691220437-024

Petrova, A., & Hill, J. (2021). Монументальная мозаика Москвы: Между Утопией и Пропагандой, 1926-1991. Bombora.

Былинкин, Н. П., & Рябушин, А. В. (1985). Современная Советская Архитектура: 1955-1980 гг. Стройиздат.

Диченская, Е. А. (2019). Роль мозаичного искусства советского периода в организации современной архитектурно-пространственной среды города (на примере мозаичного триптиха «Земля» в г. Бресте), 81–86.

Кадырова, Т. Ф. (1987). Архитектура Советского Узбекистана. Стройиздат.

Луначарский, А. В. (1933). Ленин о монументальной пропаганде (Луначарский). Викитека. Retrieved January 12, 2023, from https://ru.wikisource.org/wiki/%D0%9B%D0%B5%D0%BD%D0%B8%D0%BD_%D0%BE_%D0%BC%D0%BE%D0%BD%D1%83%D0%BC%D0%B5%D0%BD%D1%82%D0%B0%D0%BB%D1%8C%D0%BD%D0%BE%D0%B9_%D0%BF%D1%80%D0%BE%D0%BF%D0%B0%D0%B3%D0%B0%D0%BD%D0%B4%D0%B5_(%D0%9B%D1%83%D0%BD%D0%B0%D1%87%D0%B0%D1%80%D1%81%D0%BA%D0%B8%D0%B9)

Пронина, И. (1976). Советское Монументальное Искусство: История, Актуальность .

Рождественская, Е. С., & Медведева, А. В. (2018). ВИЗУАЛЬНО-ЭСТЕТИЧЕСКИЕ ХАРАКТЕРИСТИКИ МОЗАИКИ СОВЕТСКОГО ПЕРИОДА 60-80-Х ГГ. ХХ В. ТРАДИЦИИ И ИННОВАЦИИ В СТРОИТЕЛЬСТВЕ И АРХИТЕКТУРЕ. ГРАДОСТРОИТЕЛЬСТВО, 397–400.

Müəllif
Bayram Axundov
Bayram Axundov
2020-ci ildə Stokholm Universitetinin Qloballaşma, Ətraf Mühit və Sosial Dəyişiklik proqramında təhsilini bitirib və Humanitar Coğrafiya üzrə magistr dərəcəsi qazanıb. Şəhərsalma mövzuları üzrə tədqiqat və tədrislə məşğul olur.

Paylaş