21 iyul 2023-cü il tarixində Agora Analitik Kollektivin təşkilatçılığı ilə “Zəhərli tullantılar yerli icmalara və və ətraf mühitə necə təsir edir?” başlığı altında ictimai müzakirə keçirilib. “Agora Söhbətləri” çərçivəsində keçirilən sayca doqquzuncu müzakirədə aşağıdakı suallara cavablar axtarılıb:
- Qızılın sianidləşdirilməsi nədir və bu proses ətraf mühit və insanlar üçün hansı təhlükələri yaradır? Gədəbəydə sianiddən istifadə forması beynəlxalq ətraf mühitin qorunması standartlarına cavab verirmi?
- Ekoaktivist perspektivindən Gədəbəydəki hadisələri necə qiymətləndirmək olar?
- Azərbaycanda məişətdə istifadə edilən suyun təmizlənməsi prosesi necə qurulub və bu proses keyfiyyətlidirmi?
- Hökumətin ekoloji problemlərə yanaşması effektivdirmi?
Qızıl emalında zəhərli maddələr
Müzakirənin iştirakçısı, dayanıqlı kimya sahəsində ixtisaslaşan Röya Mehdiyeva bildirdi ki, qızılın emalından sonra saflaşdırılması zamanı xərclərə qənaət yanaşmasının əsas götürülməsi böyük risk daşıyır. Çünki, bu proses zamanı ortaya çıxan problemlər həm ətraf mühitin, həm də insanların sağlamlığı baxımından ciddi fəsadlara səbəb ola bilər. Bu səbəbdən, sianid axıdılan göllərin tikintisində və istismarında mövcud qaydalara ciddi əməl edilməlidir və bunun keyfiyyətli təminatı üçün maddi resurslar mütənasib həcmdə ayırılmalıdır. Tullantıların axıdıldığı göllərin yaşayış məntəqələrindən uzaqda yerləşdirilməsi və gəmin göllərin izolyasiya edilməsi ən vacib addımlardır. Lakin, Gədəbəyin Söyüdlü kəndində ortaya çıxan kadrlardan aşkar görünür ki, tullantıların axıdılması üçün istifadə edilən süni göl yaşayış məntəqəsinə çox yaxındır və izolyasiya tədbirləri minimaldır.
Mehdiyeva əlavə etdi ki, hadisə baş verdiyi ilk dövrdə rəsmi şəxslərin açıqlamalarında sianidin zərərli olması mübahisələndirilsə də, kimyaçılar arasında bu maddənin zərərli olması ilə bağlı heç bir fikir ayrılığı yoxdur. Sianidin ciddi sağlamlıq problemlərinə və ekoloji problemlərə səbəb olması ilə bağlı konsensus mövcuddur. Bir neçə il öncə Ruminıyada baş verən hadisəni misal göstərən məruzəçi qeyd etdi ki, sianid axıdılan su hövzəsinin ərazidən axan çaya qarışması nəticəsində, həm çayda yaşayan canlılar məhv olmuş, həm də həmin ərazidə yaşayan insanlarda xroniki xəstəliklər yaranmışdı. Çünki, sianid bədənə sürətlə təsir edən və oksigendən istifadə etmə qabiliyyətinə mane olan təhlükəli kimyəvi maddədir. Sianidin zərərli maddə olmasının daha bir sübutu bir çox ölkərlərdə bu maddədən istifadə ilə bağlı ciddi məhdudiyyətlərin tətbiq edilməsidir. Mehdiyeva hesab edir ki, Azərbaycanda sianid və bu kimi maddələrin istifadəsi ilə bağlı mövcud tənzimləmələr işlək deyil.
Söyüdlü təcrübəsi
Müzakirənin digər iştirakçısı, ətraf mühitin qorunması üçün yaradılmış “Ecofront” hərəkatının nümayəndəsi Kənan Xəlilzadə bildirdi ki, Söyüdlü hadisələri baş verən günlərdə kənd ərazisində monitorinq aparmaq imkanı olub və onun müşahidələri də ərazidə təhlükəsizlik tədbirlərinin yetərli olmaması ilə bağlıdır. Məruzəçi ona da diqqət çəkdi ki, kənd ərazisində narahatedici səviyyədə kəskin və xoşagəlməz qoxu hiss olunur. Lakin, bu kənd sakinləri üçün normallaşdırğı üçün, onlar artıq bu qoxunun fərqinə varmırlar. Məruzəçi ekoloji problemlərin olduğu digər ərazilərdə də yerli icmanın narahatedici qoxuya öyrəşməsinə və bunun fərqinə varmamasına şahid olduğunu qeyd etdi.
Xəlilzadənin şahidi olduğu daha bir məqam tullanrı gölünün izolyasiyasının yetərli səviyyədə olmaması ilə bağlıdır. O bildirdi ki, süni gölün bənd olan hissəsində membranlar gözə dəysə də, digər ərazilərdə tullantı anbarının izolyasiya qatı yoxdur. Əsas süni gölün ətrafında kiçik gölməçələrin yaranmasını məhz sızıntı hallarının göstəricisidir və həmin kiçik gölməçələrin izoliyasiyası ilə bağlı da vəziyyət ürəkaçan deyil. Tullantı anbarına ən yaxın yaşayış evi 400 metr məsafəsindədir ki, bu da ciddi risk faktorudur. Ərazidə riskin səviyyəsini artıran digər bir məqam tullantıların axıdıldığı su hövzəsinin yaxınlığından çayın keçməsidir. Tullantıların axıdıldığı süni gölün yaxınlığından axan çaydan müstəqil analiz nəticələri əldə etmək üçün nümunələr götürüb. Lakin, polis kənd ərazisində onu saxlayaraq həmin nümunələri əlindən alıb və özü polis bölməsinə aparılıb, sonradan sərbəst buraxılıb.
Kimya məlumatlılığı
Kimyəvi proseslər, onların ətraf mühitə və icmalara təsiri ilə bağlı ictimai məlumatlılığın az olması məsələsinə toxunan Röya Mehdiyeva qeyd etdi ki, bunun əsas səbəblərindən biri ölkədə orta məktəblərdə kimyanın tədrisinin yetəri qədər keyfiyyətli olmaması ilə bağlıdır. Çünki, bu sahə ilə bağlı təməl biliklərin zəif aşılanması gələcəkdə insanların bu sahəyə marağını azaldır və baş verən proseslərin təsirlərini öyrənməyi çətinləşdirir. Ölkədə mövcud laboratoriyaların texniki imkanlarının və infrastrukturunun zəif olması, fundamental elmlə bağlı idarəetmənin arzuolunan səviyyədə olmaması da bu sahədə ixtisaslaşan kadrların formalaşmasını çətinləşdirir. Bu isə cəmiyyətə baş verən riskli hadisələrlə bağlı məlumat vermək imkanı olan ixtisaslaşmış peşəkarların insanların sayının az olmasına gətirib çıxarır.
Ekoaktivizm və dövlət yanaşması
Hökumətin ekoloji problemlərə yanaşmasına toxunan Kənan Xəlilzadə bildirdi ki, indiyə qədər olan təcrübələri onu göstərir ki, vətəndaş cəmiyyəti, ictimai fəallar və media hansısa ekoloji problemlə bağlı aktiv fəaliyyət göstərirsə, həmin problemlərə dövlət qurumları daha çox həssas yanaşırlar və yaranan problemlər qismən də olsa aradan qalxır. Lakin, ictimai diqqətin olmadığı hallarda hökumət orqanlarının həmin ekoloji problemlərə yanaşması daha qeyri-ciddi olur. Bu baxımdan, ekoaktivist ölkədə vətəndaşların və icmalaırn ekoloji problemlərə diqqətlə yanaşmasını həmin problemlərin həlli baxımından vacib hesab edir.
Xəlilzadəyə görə, əgər Söyüdlü sakinləri aidiyyatı qurumlar tərəfindən öncədən dinlənilsəydi, problem bu həddə çatmadan həll ola bilərdi. Lakin, ilk dövrlər icra orqanlarının vətəndaşların narazılıqlarına laqeyd yanaşması problemin daha da kəskinləşməsinə gətirib çıxarır. Ekoloji problemlərin həlli baxımından, xüsusilə, yerlərdə ekologiyanın mühafizəsinə məsul olan şəxslərin peşə bacarıqlarının yaxşılaşdırılmasını vacibdir. Çünki, bəzi hallarda həmin şəxslərin baş verənlərə laqeyd yanaşması ciddi problemlərə yol aça bilir.
Ətraf mühitə təsirin qiymətləndirilməsi
Ekoaktivist qeyd edir ki, ölkənin bir çox ərazilərində Söyüdlüdəki problemlərlə oxşar problemlər yaşayan icmalar var və əgər vətəndaşların tələblərinə vaxtında diqqət yetirilməsə bu tip hadisələr gələcəkdə də təkrarlana bilər. Bölgələrdə tullantılarla bağlı çox ciddi problemlər var. Ecofront-un indiyə qədər monitorinq apardığı onadək tullantı poliqonunun heç birinin standartlara cavab vermədiyi ortaya çıxıb. Yerli icmalara və ekologiyaya ciddi ziyan vuran, daha çox narazılıqlara səbəb olan digər fəaliyyət də zavodlarla bağlıdır. Onların bir çoxunda zərərli tullantılar üçün nəzərdə tutulan filtrlər ya yoxdur, ya da lazımi səviyyədə fəaliyyət göstərmir. Ona görə də, ekologiyaya təsir imkanı olan hər hansı fəaliyyətlər zamanı mütləq şəkildə ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi hazırlanmalıdır.
Auditoriyada iştirak edən iştirakçılar da öz fikirlərini bölüşdülər. “Article54” təşəbbüsünün nümayəndəsi hüquqşünas Kənan Qayıbov bildirdi ki, Azərbaycanda vətəndaş cəmiyyətinin bu tip ekoloji problemlərin həllinə müsbət töhvə vermək imkanı var, lakin, hazırki qanunvericilik müstəqil vətəndaş cəmiyyəti təşəbbüslərinin fəaliyyətini çətinləşdirir. Azərbaycandakı yerli qanunvericilik qeyri-hökumət təşkilatlarına ekoloji monitorinq aparmağa imkan verir. Buna baxmayaraq, bir çox müstəqil təşəbbüslər rəsmi qeydiyyata alınmadığı üçün onlar bu imkanlardan məhrumdur. Qayıbov əlavə etdi ki, Azərbaycanın da tərəf olduğu müvafiq beynəlxaq konvensiyalara görə (Orhus Konvensiyası), ətraf mühitə mənfi təsir imkanları olan müəssisələrin fəaliyyəti ilə bağlı reyester sənədləri olmalıdır və bu sənədlərin ictimaiyyətə açıqlığı təmin edilməlidir. Gədəbəydəki qızıl emalı prosesi və bunun ekologiyaya təsirləri ilə bağlı isə belə hesabatlılıq mövcud deyil.