Son dövrlər Azərbaycanda gündəmin əsas mövzularından biri su çatışmazlığı və bunun artan mənfi təsirləridir. Yerli icmalar nəinki kənd təsərrüfatı və suvarma, həmçinin, içməli su təminatı baxımından da bu problemlə üzləşirlər. BMT-nin hesabatlarına görə, Azərbaycan su çatışmazlığının ən yüksək həddə olduğu ölkələrdən biridir.
Azərbaycan Cənubi Qafqazın ərazisinə görə ən böyük ölkəsi olsa da, bölgənin şirin su ehtiyatının cəmi 10 faizi ölkənin payına düşür. Üstəlik, həmin ehtiyatların 70 faizə yaxını ölkə sərhədlərindən kənarda formalaşır. Azərbaycan, həm də, suyun ən çox israf edildiyi ölkələrdən biridir. Rəsmi rəqəmlərə görə, ölkədə suyun ən azı üçdə biri itkiyə gedir. Müasir suvarma sistemlərinin tətbiqi baxımından da, Azərbaycan geri qalır. Suvarılan torpaqların 5 faizindən də azında bu müasir suvarma sistemlərindən istifadə edilir.
Ötən illərdə yerli icmaların suya çatımlılığı ilə bağlı narazılıqları da artıb. Rəsmi səviyyədə su resurslarının idarə edilməsi ilə bağlı addımlar atılsa da, problem ciddiliyini qorumağa davam edir. Nəzərə aldıqda ki, Azərbaycanda məşğul əhalinin 30 faizdən çoxu kənd təsərrüfatı ilə məşğuldur, ölkədə su çatışmazlığı əhalinin həm iqtisadi, həm də sosial rifahı baxımından çoxlu risklər yaradır.
Bu müzakirənin məqsədi, su çatışmazlığı probleminin müxtəlif sosial qruplara təsirinə, eləcə də bunun gender aspektinə diqqət çəkməkdir. Müzakirədə həm mövzu üzrə təcrübəsi olan ekspertlər həm də yerli icmalarla çalışan vətəndaş cəmiyyəti nümayəndələri Bayram Axundov (urbanist-tədqiqatçı, moderator), Ramil Azməmmədov (kənd təsərrüfatı layihələri üzrə mütəxəssis), Vəfa Nağı (Neftçala rayonunun Xol Qaraqaşlı bələdiyyəsiin üzvü), İsa İbrahimli (aqrar sığorta eksperti), Lalə Mahmudova (gender tədqiqatçısı) İştirak etdilər. Müzakirənin xülasəsi aşağıda təqdim olunur.
Su çatışmazlığının əsas göstəriciləri
Beynəlxalq agentliklər son 20 il ərzində Azərbaycanda su sıxıntısının yaşanacağı ilə bağlı davamlı olaraq xəbərdarlıqlar edib. Kənd təsərrüfatı üzrə ekspert Ramil Azməmmədov qeyd edir ki, buna baxmayaraq, ölkə rəhbərliyi su problemi olduğunu 2020-ci ildə, Neftçala kəndlərində Kür çayının qurumasından sonra qəbul etməyə başladı. Su çatışmazlığı sadəcə məhsuldarlığın aşağı düşməsi baxımından mənfi təsir etmir, həm də torpağın keyfiyyətinin aşağı salır. Belə ki, il ərzində bölgələrdə 30 min hektar əkin sahəsi susuzluq səbəbindən yararsız hala düşüb. Yerli icmalar əkin-biçin planları qurmaq üçün suyun yetərliliyini proqnozlaşdıra bilmirlər. Böyük təsərrüfat layihələri yarımçıq qalır. Bütün bunlar isə müasir infrastrukturun qurulmaması və su resurslarının bir nöqtədən digərinə çatarkən ciddi itkiyə məruz qalması fonunda baş verir. Ramil Azməmmədov həmçinin bildirdi ki, Azərbaycanın su çatışmazlığı ilə bağlı problemlərini həll etməsi baxımından xarici təcrübəni, xüsusilə İsrailin təcrübəsini öyrənməsi faydalı ola bilər.
Aqrar sığorta mütəxəssisi İsa İbrahimli izah edir ki, su çatışmazlığı dedikdə, susuzluğun yaratdığı sıxıntı faktorları nəzərdə tutulur. Azərbaycanda Şəki, Qobustan, Salyan və digər bölgələrdə bu sıxıntı daha intensiv hiss olunur. Vegetasiya və fermer işininin davamlı qurulması üçün ərazinin davamlı su ilə təmin olunması əhəmiyyətlidir. Ekspert əlavə edir ki, əsas problem su mənbələrinin düzgün istifadə olunmamasıdır.
Yerli icmalara təsirləri
Mərkəzi Aran rayonlarında əsas təsərrüfat taxılçılıq və pambıqçılıq üzərində qurulub. Taxıl müxtəlif sezonlarda özünü qidalandıra bilsə də, pambıq daha çox su tələb edir. Neftçalanın Xol Qaraqaşlı bələdiyyəsi üzvü Vəfa Nağı bildirir ki, su çatışmazlığından əziyyət çəkən yerli icmaların problemlərinin bəziləri süni olaraq mövcuddur. Kəndlilərin, məsələn, buğda və ya arpa yox, pambıq əkmələrinin səbəbi gübrə kimi əhəmiyyəti resursu almağa maddi imkanlarının olmamasıdır. Həmçinin, ölkə rəsmilərinə bağlı olan şirkətlər kəndlilərdən pambıq almağı vəd etdiyi üçün, bu növ təsərrüfat daha çox məcburi xarakter alıb.
Əlavə olaraq, yerli fermerlər susuzluq səbəbindən yığımla məşğul ola bilmədiklərinə görə böyük şirkətlərə borclu qalırlar və buna görə təsərrüfatları əllərindən alınır. Bəzi kəndlərdə Azərsu su probleminin həllinə kömək etsə də, amma bu bütün kəndlərə şamil edilmir və kəndlilər heç bir ümid olmadan əkinlə məşğul olurlar.
İbrahimli nəzərə çatdırdı ki, Mərkəzi Aran rayonları qurunt sularının mövcudluğundan əziyyət çəksə də, suvarma suları məhduddur. Suvarma suyunun tərkibində duzluluq 2 promilə qədər olmalıdırsa, qurunt sularında bu miqdar həddindən çox yüksəkdir. Bu regionda əsas su mənbəsi kimi Kür istifadə olunduğuna görə, azalan su səviyyəsini qurunt suları əvəzləyir. Vəfa Nağı qeyd edir ki, yerlərdə insanlar həm gündəlik istifadə, həm də təsərrüfat üçün qurunt sularından (şor su) istifadə etməyə məcbur qalırlar. Bu isə təsərrüfat heyvanlarının və bitkilərin kütləvi tələfatına səbəb olur. Məsələ ilə bağlı heç bir dövlət müdaxiləsi isə hiss olunmur.
Nağı həm də diqqətə çatıdırır ki, kəndlərdə 3-4 su mühərriki işləyir və su məhdudiyyətlərlə ötürülür. Lakin, su idarəçilər tərəfindən ədalətli olaraq bölünmür. Resursları daha çox olanlar öz imkanları və əlaqələri vasitəsilə daha böyük həcmdə su alırlar. Yerdə qalan kəndlilər isə suya daha az çatımlılığı olduğu üçün, daha da yoxsullaşır.
Gender aspekti
Gender üzrə tədqiqatçı Lalə Mahmudova qeyd edir ki, təsərrüfat sahələrində məşğul olanların əhəmiyyətli bir hissəsi qadınlardır. Kişilər daha çox idarəçilik mövqeyidə çıxış edirlər. Qadınların əksər hallarda öz əkib-becərdiyi sahə olmasa da, böyük şirkətlər əsas işçi qüvvəsi olaraq yerli icmalarda yaşayan qadınlardan istifadə edirlər. Bu qadınlar azgəlirli ailələrdən gəlirlər və bir hissəsi məcburi köçkünlərdir. Qadınlar həm evdə məişət işlərini görüb, həm də gündəlik olaraq səhələrdə işləyirlər. Başqa gəlir yerləri olmadığı üçün, qadınlar gündəlik 12 saata qədər və 8-10 manat müqavilində çalışırlar.
Mahmudova vurğulayır ki, su çatışmazlığı həm də qadın problemidir. O səbəbdən ki, ailələrdə kişilər əmək miqrasiyası üçün bölgələrdən böyük şəhərlərə gedirlər və məişət təsərrüfatı yükü qadınların üzərinə düşür. Susuzluq olan ərazilərdə ev üçün su təmin etmək də qadınların üzərində qalır, bu səbəbdən, qadınlar uzun məsafələrdən su daşımalı olurlar. Yəni, ev təsərrüfatında istifadə olunan suyun miqdarını qadınlar müəyyənləşdirir. Azyaşlı qızlar bəzi hallarda təhsil üçün ayıracaqları vaxtı su daşımağa sərf edirlər.
Bəzi beynəlxalq humanitar təşkilatlar regionlarda aztəminatlı qadınlara kooperativ məşğulluğu təşviq edirlər və buna maddi-texniki dəstək ayırırlar. Bu, qadınlar üçün motivasiya olsa da, müasir su sistemləri olmadığı üçün, bu faəliyyət davamlı olmur.
Suvarma sistemləri
İsa İbrahimli qeyd edir ki, Suvarma sistemlərinin iki növü var: böyük və kiçik tarla suvarma sistemləri. Müasir suvarma sistemlərinin qurulmasında suyun keyfiyyəti, boruların qorunması kimi məsələlər nəzərə alınmalıdır. Bu isə kompleks və bahalı prosesdir. Ona görə, kiçik fermerlər bundan yayınırlar. Əvəzində səthi suvarma sistemindən istifadə olunur ki, bu da ikiqat su istifadəsinə səbəb olur.
Su Təsərrüfat Birlikləri yerli su mənbələrinə (artezianlara) nəzarət edir. Bu birliklərin üzvlərinin seçilməsi prosesi ədaləti olaraq həyata keçirilmir və əsasən, onlar dövlət Su kanal idarələrinin nəzarətində seçilirlər. Bu isə rüşvətə və suyun ədalətsiz bölgüsünə gətirib çıxarır.
Mövcud tədbirlər
Hazırda dövlət tərəfindən atılan addımlara 2020-ci ildə verilən qərar əsasında 10 su anbarının tikilməsi, 2023-cü ildə su ilə bağlı mütəlif qurumları Meliorasiya və Su Təsərrüfatı ASC-a birləşdirilməsi və yaxınlarda, dəniz suyununduzsuzlaşdırılması ilə bağlı İsraildən texnologiyaların alınması misal olaraq göstərildi. Lakin, xüsusilə də, sonuncu texnologiyanın ekoloji fəsadları onun potensial xeyrindən daha böyük ola bilər. Belə ki, dənizdən yığılın istifadə üçün duzsuzlaşdırılan suyun ayırılan duzu yenidən dənizə qaytarılır və bu da ekosistemi korlayır.
Lakin, müxtəlif dövlət qurumları arasındakı koordinasiyasızlıq hələ də qalmaqdadır. Məsələn, su problemi ilə bağlı iki yüksək səlahiyyətli qurumlar olan Kənd Təsərrüfatı Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi əlaqələndirilmiş fəaliyyət göstərmirlər.
Çıxış yolları
Azməmmədova görə, fermerlərin müasir suvarma sistemlərindən istifadəsini tələb etmək üçün ilk növbədə həmin infrastrukturu fermerlərin qapısına çatdırmaq lazımdır. İsrail təcrübəsində, su çatdırılması infrastrukturu qurulduqdan sonra, fermerlərə vegetasiya üçün lazım olacaq suyun miqdarı, eləcə də, məhsulun növü öyrənilir və şərt qoyulur ki, müasir suvarma sistemindən istifadə olunsun. Bunun qurulması üçün isə texnii dəstək, güzaştli kreditlər və ya subsidiya verilir.
Ekspert əlavə edir ki, Azərbaycanda şəhər əhalisi hələ ki su sıxıntısını hiss etmədiyinə görə, problemin həcmini başa düşmür. İsraildə baş verən su böhranını misal göstərən ekspert, həmin ölkədə görülən əsas tədbir kimi su qiymətinin artırılmasını misal göstərir. Ekspert düşünür ki, su qiymətinin artırılması şəhər əhalisinin su probleminə həssaslığının artırılmasının əsas yoludur
.
İbrahimli bildirir ki, Azərbaycanın xaricdə formalaşan əsas su mənbələri olan Kür və Samurdan qonşu dövlətlər Türkiyə və Rusiya istifadə etməyi artırdığına görə, daxili su ehtiyatlarından daha effektiv istifadə etmək gərəkdir.
Ekspert həmçinin qeyd edir ki, effektiv su təminatı üçün qurunt sularının duzsuzlaşdırılıb suvarma üçün istifadə etmək lazımdır. Azərbaycanda əsas su infrastrukturu Sovet dövründə qurulub və müasir sistemlərlə yenilənməyib. Bu baxımdan, İbrahimli hesab edir ki, yeni su kanalları açılmalı və infrastruktur əsasən yenidən qurulmalıdır.
Həm ekspertlər, həm də vətəndaş cəmiyyəti nümayəndələri razılaşır ki, müasir suvarma sistemləri bahalı infrastruktur tələb edir ki, bunun üçün yerli icmaların kooperativləşməsi, həmin infrastrukturu və resursları icma formasında istifadə etməsi məsələnin həll yollarından biri ola bilər. Yerli icmalar arasında bu təşviq olunmadığı üçün isə fermerlik fəaliyyəti fərdiləşib. İnsanlar öz sahələrini böyük şirkətlərə satıb, həmin ərasizə fəhlə kimi çalışırlar.
Məsələnin gender aspektindən həll yolları ilə bağlı, Mahmudova qadınların müasir suvarma sistemləri ilə bağlı bilik və bacarıqlarının artırılması, eləcə də, liderlik imkanlarının təşviqini qeyd etdi.