Xülasə | İctimai iştirakçılıq: İnstitusional mühit və mövcud praktikalar

19 fevral 2023-cü il tarixində, “Agora Söhbətləri” çərçivəsində sayca dördüncü dəyirmi masa müzakirəsi keçirilib. Agora Analitik Kollektiv və  Artikl 54 İctimai Birliyinin birgə təşkil etdiyi “İctimai iştirakçılıq: İnstitusional mühit və mövcud praktikalar” başlıqlı dəyirmi masada müzakirəçi qismində müvafiq sahə üzrə təcrübəli vətəndaş cəmiyyəti fəalları Əbülfəz Qurbanlı, Aygül Cəfərova, ekspert Asiman Qocayev, tədqiqatçılar Kəklik Kərimli və Cavid İbad iştirak ediblər. İctimai müzakirənin aşağıdakı xülasəsi moderatorun (Nəcmin Kamilsoy) qeydləri əsasında hazırlanıb və aşağıdakı sualları əhatə edir. 

 

İctimai iştirakçılıq nədir, əsas prinsipləri hansılardır? Qadınların iştirakçılığı ilə bağlı vəziyyət necə qiymətləndirilir? Regionlarda iştirakçılıq imkanları və təcrübələri varmı? İştirakçılığın hansı institusional və qeyri-formal formaları var, müasir texnologiyaların inkişafı iştirakçılığa necə təsir edir? Vətəndaş iştirakçılığının başqa ölkələrdə hansı yaxşı nümunələri var? Qanunvericilik və mövcud praktikalarda hansı istiqamətlərdə dəyişikliklərə ehtiyac var?

 

***

 

İştirakçılıq anlayışı və yeni təşəbbüslər

 

İctimai iştirakçılıq vətəndaşların öz həyatlarına təsir edən proseslərə və qərarlara təsir mexanizmləri ilə bağlı bir anlayış olsa da, Azərbaycan cəmiyyətində az diqqətə səbəb olur. Son illərdə yeni yaranan təşəbbüslər isə bu sahədə vətəndaşların fərqindəliyini artırmağa çalışır. Həmin təşəbbüslərdən biri, adını Azərbaycan Konstitusiyasının 54-cü bəndinə əsasən götürən “Artikl 54” İctimai Birliyi dövlət qərarlarının qəbulunda vətəndaşların iştirakının artırılmasını təşviq edir. Təşəbbüs 7 bölgədə yerli icmalarla sıx əməkdaşlıq edir. Hesab edilir ki, idarəçilikdə səmərəliliyin artırılması baxımından ictimai iştirakçılıq imkanlarının yaradılması olduqca əhəmiyyətlidir. Artikl 54, icma quruculuğunu ictimai iştirakçılığın unikal aləti hesab edir və bu mexanizmi “icma iştirakçılığı” adlandırır. 

 

İnstitusional mexanizmlər

 

İcmalar 2014-cü ildə qəbul olunan “İctimai iştirakçılıq haqqında” qanunun verdiyi hüquqlara əsasən ictimai müzakirə, dinləmələr təşkil edə, ictimai rəyi öyrənə bilərlər. Lakin, dəyirmi masa iştirakçılarının hamısı qeyd etdi ki, qanunun yaratdığı əsas institusional iştirakçılıq vasitəsi olan ictimai şuralar həqiqi mənada funksional deyil. Dövlət qurumlarına məşvərətçi orqan statusları olan ictimai şuralar vətəndaş cəmiyyəti icmaları tərəfindən yox, dövlət tərfindən yuxarıdan-aşağıya təşkil olunur və heç bir dəyişiklik yaratmır. Şuraların gündəliyi öncədən moderasiya olunur, nəticədə icmalar dövlət siyasəti quruculuğunda söz sahibi ola bilmirlər.

 

Müzakirəçilərə görə, şuraların fəaliyyətində, həmçinin, maraqlar toqquşması tendensiyasını müşahidə etmək mümkündür. Bu məşvərətçi mexanizmdə daha çox dövlətlə bağlılığı olan QHT-lər təmsil olunur ki, bu da ictimai maraqların ifadə olunması ilə bağlı suallar doğurur.

 

Gender aspekti

 

İştirakçılığın önəmli prinsiplərindən biri gender bərabərliyidir. Müzakirədə qeyd edildi ki, Azərbaycanda qadınların iştirakçılığı həm icmalar, həm idarəçilik səviyyəsində olduqca aşağıdır. Müxtəlif qurumlarda qərarvericilərin ən yaxşı halda yalnız dörddə birini qadınlar təşkil edir. Ancaq bu göstərici özü də formal xarakter daşıyır və məqsəd “yetərsay”-ın təmin edilməsi olur. İdarəçilikdə qadınların azlığı isə, icmaların iştirakçılığında qadınların mövqeyinə də mənfi təsir göstərir. Bunun qarşısında duran əsas əngəl, həm də, qadınların sosial statusları ilə bağlı dərin stereotiplərdir. Həmin stereotiplər, xüsusilə də, bölgələrdə fəal qadınların sayının az olmasına gətirib çıxarıb. 

 

Regional aspekt

 

Reginlarda gənclərlə iş təcrübəsi olan müzakirəçi bildirdi ki, bölgələrdə Bakıya və xaricə axın olduğu və yerdə qalanların ictimai faəliyyətdə aktiv olmağa marağının olmadığına görə, vəziyyət daha da pisləşib. Həmçinin, sosial-iqtisadi şərait və çətinliklər vətəndaşların icma quruculuğuna vaxt ayırmasına imkan yaratmır. Bu baxımdan, iştirakçılıqla bağlı fərqindəliyin artırılmasının hələ məktəb vaxtından təşviq olunması vacib hesab edilir. 

 

Vurğulanan digər problem isə yeri özünü-idarəetmə və icmaların bunda rolunun gücləndirilməsi ilə bağlı idi. Azərbaycanda bələdiyyələrin yaradılması sosial sifarişin yox, beynəlxalq öhdəliklərin nəticəsi olduğuna görə mərkəzi hökümət tərəfindən bələdiyyələrə qarşı ögey münasibət göstərilir və onların rolu məlum deyil. İslahatlar isə yerli özünü-idarəetmə formasında bələdiyyələrin səahiyyətlərini artırmaqdansa, mərkəzi icra hakimiyyətinin gücünü artırmağa istiqamətlənir. 

 

Bunlara baxmayaraq, regionlarda icma iştirakçılığının bəzi uğurlu qeyri-institusional təcrübələri mövcuddur. Xüsusilə də, ətraf mühitlə bağlı olan məsələlərdə faəllığın son dövrlərdə daha da artdığı qeyd olundu. Məsələn, Artikl 54 təşəbbüsünün yardımı ilə Göyçayda qurulan regional icma rayonda məişət tullantıların idarə edilməsi üçün “təmiz şəhər” kampaniyasına başlayıb və ilkin mərhələdə yerli sakinlər 1000-dən artıq imza toplayıb. Yerli dövlət qurumları və sakinlərin iştirakı ilə ictimai dinləmə keçirilib. Rayonda ətraf mühitlə bağlı fəallıq formalaşıb, bu problemə həssaslıq artıb. Nəticədə, müxtəlif yerlərdə çoxsaylı tullantı qutuları yerləşdirilib, təmizlənmə sahəsində dövlət qurumları tərəfindən bir sıra tədbirlər görülüb. Bu göstərir ki, hamını narahat edən sadə məsələlərdə faəllığın artması daha geniş iştirakçılıq üçün başlanğıc ola bilər.

 

Siyasi sistem və yeni texnologiyaların təsirləri

 

Tədqiqatçılar ictimai iştirakçılığı siyasi iştirakçılığın davamı kimi qiymətləndirir. Yəni, iştirakçılıq imkanları demokratik idarəçilik və təmsilçilik məsələsindən doğur. Ölkələrdə demokratiyanın göstəriciləri iştirakçılığa da təsir edir. Məsələn, seçkiyə maraq və inam az olduqda, qərarvericilikdə iştiraka da maraq azalır. Siyasi iştirakçılıq baxımından, demokratik ölkələrdə imkanlar var ki, hətta azsaylı icmaların maraqlarını müdafiə edən kiçik partiyalar belə parlamentə daxil olsun və proseslərdə birbaşa iştirak etsin. Bəzi avtoritar rejimlər də siyasi iştirakçılıq mexanizmlərini qapatsalar da, ictimai iştirakçılıq üçün şərait yaradırlar ki, yerli problemlər öyrənilsin. 

 

Müzakirəçilər onu da qeyd etdi ki, siyasi sistemin keyfiyyətindən asılı olmayaraq, müasir texnologiyalar yeni iştirakçılıq imkanları təklif edir. Sosial şəbəkələr vətəndaşların gündəm yaratmasına və müzakirələr təşkil etməsinə şərait yaradır. Bu isə, idarəçiləri reaksiya verməyə məcbur edir. Lakin sosial şəbəkələrin bəzi arzuolunmaz tərəflərinə misal olaraq dövlətin təşkil etdiyi kütləvi trollar və oxşar vasitələrlə ictimai fikirin manipulyasiyası da əlavə edildi. Buna baxmayaraq, internetdə müstəqil media platformalarının mövcudluğu informasiya təminatı baxımından iştirakçılığa müsbət təsir edə bilər. 

 

Uğurlu modellər

 

Siyasi iştirakçılığın azalması qlobal səviyyədə müşahidə olunan fenomen olsa da, yerli vətəndaşların qərarvericilikdə iştirakının uğurlu modelləri mövcuddur. Sənayeləşmiş cəmiyyətlərin müqayisəli analizini etsək, aydın olar ki ABŞ kontektsində ictimai iştirakçılıq daha çox QHT-lər və vətəndaş hərəkatları üzərinə qurulub. Əksər hallarda, bu hərəkatların ana məqsədi ABŞ ərazisində fundamental institusional dəyişikliklərə müvəffəq olmaqdır (silah üzərində mülkiyyət hüququnun sərtləşməsi, tibbi siğortanın əhaliyə daha əlçatan olması, Afro-amerikan icmasının ictimai və siyasi haqqlarının bərqərar olması və s.). İki partiyalı sistemə görə, bir sıra maraq qrupları bu siyasi partiyalar vasitəsilə yetəri qədər təmsilçilik qazana bilmir. 

 

Avropa qitəsində, ictimai iştirakçılıq daha çox çoxpartiyalı systemin üzərində qurulub. Yetəri qədər çevik və geniş səlahiyyətə malik yerli idarəçilik institutlarını da bu reallıqa əlavə etsək, aydın olur ki, cəmiyyətin fərqli qrupları partiya və bələdiyyə institutları vasitəsilə bir çox məsələ ətrafında təşkilatlana bilir. Əsasən də, adıçəkilən yerli idarəçilik institutları son illərdə bir sıra köklü dəyişikliklərə təkan verib. Buna səbəb olaraq təbii ki, cari iqlim reallığı və 21-ci əsrdə şəhərlərin bir yaşayış massivi olaraq aparıcı rola yiyələnməsini qeyd etmək mümkündür. 

 

Son dövrlərdə, bu istiqamətdə əsas uğur hekayələrindən Parisi misal gətirmək olar. Ötən illər ərzində Paris bələdiyyəsi şəhər sakinlərini büdcə planlamasına inteqrasiya etmiş, 40,000-dən çox şəhərli, 200-dən çox layihədə, 75 milyon avro vəsaitin necə xərclənəcəyi ətrafında müzakirələrədə yaxından iştirak edib. Bu praktika Amsterdam, Barselona, Berlin, Dublin və qitənin bir çox digər şəhərlərində həyata keçirilməyə başlayıb.

 

Tövsiyələr

 

Sahənin tədqiqatçıları bildirir ki, iştirakçılıq imkanlarının olmaması dövlət-cəmiyyət münasibətlərində uçurumun yaranmasına gətirib çıxara bilər. Bunun qarşısını almaq üçün idarəedən elitada siyasi iradənin olması və praktiki addımların atılması vacibdir. 

 

Azərbaycan Konstitusiyası və mövcud qanunlar iştirakçılığın təşkilini təmin edir. Konstitusiyasının 54-cü maddəsi qeyd edir ki, hər kəsin “cəmiyyətin və dövlətin siyasi həyatında maneəsiz iştirak etmək hüququ vardır”. Bunun reallaşması üçün həm ölkə rəhbərliyinin, həm də vətəndaş cəmiyyətinin üzərinə müəyyən öhdəliklər düşür. 

 

İnstitusional səviyyədə, ictimai şuralara keçirilən seçkilərin təşkili daha şəffaf və inklüziv olmalıdır ki, müxtəlif icmalar və maraq qrupları burda iştirak edib, rəsmi qurumlarla ünsiyyətə keçə bilsin. 

 

Həmçinin, mövcud praktikada, qanunlar hazırlandıqdan sonra – son versiyada vətəndaşlara təqdim olunur. Lakin vətəndaşlar, ekspertlər və icmalar qanunyaratmanın ən müxtəlif mərhələlərində iştirak imkanına sahib olmalıdırlar. Məsələn, büdcə iştirakçılığı deyiləndə, həm də, büdcənin planlama mərhələsində müxtəlif rəylərin nəzərə alınması nəzərdə tutulmadır. 

 

İştirakçılığın artırılması, həm də, maarifləndirmə və fərqindəliyin artırılması məsələsidir ki, burada vətəndaş cəmiyyəti təşkilatlarının da mühüm rolu var. Lakin, yerli icma quruculuğu və iştirakçılıq sahəsində məşğul olan vətəndaş cəmiyyəti təşkilatları öz gündəmlərini bölgələrə daşımaqla yerli icmaları marginallaşdırmamalı, tam əksinə, yerli gündəmi və şəraiti öyrənməyə cəhd göstərməlidir. 

 

İştirakçılığın həm institusional, həm qeyri-institusional imknaları məhdud olsa da, mövcuddur. Bu imkanları öyrənmək və istifadə etmək isə daha sistematik fəaliyyət tələb edir.

Müəllif
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv müxtəlif sahələrdə fəaliyyət göstərən tədqiqatçılar və ekspertlər tərəfindən 2022-ci ildə qurulmuş müstəqil beyin mərkəzidir.

Paylaş