Xülasə | Azərbaycandan beyin axını niyə baş verir?

18 mart 2023-cü il tarixində “Agora Söhbətləri” çərçivəsində sayca beşinci dəyirmi masa müzakirəsini keçirilib. “Azərbaycandan beyin axını niyə baş verir?” başlıqlı müzakirədə səhiyyə, digital marketinq və informasiya texnologiyaları sahələrində çalışan mütəxəssislər, eləcə də, iqtisadiyyat və siyasət üzrə ixtisaslaşan ekspertlər iştirak edib.

 

Dayanıqlı iqtisadi inkişafın təməl şərtlərindən biri ixtisaslı kadrların fəaliyyəti ilə bağlıdır. Son illərdə isə Azərbaycanda xüsusilə də gənclər arasında fərqli ölkələrə miqrasiyaya maraq artmaqdadır. Bu tendensiya ixtisassız işçi qrupu ilə yanaşı, Azərbaycanda tələbin və nisbətən yüksək əmək haqlarının olduğu sahələrdə çalışan şəxslər arasında da müşahidə edilir. Bu baxımdan, ölkədə beyin axınına zəmin yaradan problemlərin aşkar edilməsi və bu istiqamətdə həll yollarının müəyyənləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir.

 

 Dəyirmi masa müzakirəsi aşağıdakı sualları dərindən cavablamağı hədəfləyib.

 –       Səhiyyə, marketinq, informasiya texnologiyaları sahələrində, eləcə də, akademik sferada çalışanlar niyə ölkədən getməyə daha çox maraqlıdır?

–       Hökumətin gənclər siyasəti beyin axınının qarşısını ala bilirmi?

–       Xaricdə təhsil dövlət proqramı gənclərin ölkədən getməsinə necə təsir göstərir?

–       Beyin axını ölkə iqtisadiyyatı üçün hansı təsirlərə malikdir?

***

 

Səhiyyə sektoru

 

Hazırda Almaniyada həkim olaraq fəaliyyət göstərən Türkan Əliyeva bildirdi ki, Azərbaycanda tibb təhsili alanların ölkə xaricinə üz tutmasına səbəb olan əsas amillərdən biri ölkədə səhiyyə sistemindəki münasibətlərlə bağlıdır. Çünki, Avropa ölkələrindən fərqli olaraq, Azərbaycanda səhiyyə sistemində biznes maraqları daha çox ön plana çıxır və bu səbəbdən həkimlər arasında qeyri-sağlam rəqabət mühiti mövcuddur. Tibb xərclərinin əhəmiyyətli bit hissəsi əhalinin özü tərəfindən qarşılanır. Belə olan təqdirdə, bəzi həkimlər tibbi xidmətlərə ehtiyacı olan şəxslərə pasiyent kimi deyil, müştəri kimi yanaşır. Bu səbəbdən, tibb təhsilini yeni bitirən gənc həkimlər üçün öyrənmə mühiti məhdud olur. Bunun əsas səbəbi isə, təcrübəli həkimlərin yeni başlayan həkimləri potensial rəqib olaraq görməsi və öz müştərilərini itirmək istəməməsi ilə bağlıdır.

 

Bu baxımdan, Türkan Əliyeva hesab edir ki, ölkədə tətbiqinə yeni başlanılan icbari tibbi sığorta sisteminin müsbət nəticə yaratması çox vacibdir. Əks təqdirdə həkimlərin ölkəni tərk etmək tendensiyası davam edəcək. Bununla yanaşı, Türkan Əliyeva səhiyyə sistemində biznes maraqlarının üstün olmasına görə xəstələrə ehtiyac olmayan dərmanların məsləhət görülməsi kimi məqamların da, işindən mənəvi olaraq zövq almaq istəyən şəxsləri ölkənin səhiyyə sistemindən uzaqlaşdırdığı reallığını əlavə etdi.

Spiker həmçinin hesab edir ki, ölkədə tibb təhsilinin keyfiyyət problemi həkimlərin ölkəni tərk etməsinə səbəb olur. Çünki, daha keyfiyyətli təhsil üçün çoxsaylı tələbələr xarici ölkələrə gedir və məzun olduqdan sonra kariyeralarını həmin ölkələrdə qurmağa üstünlük verirlər.

 

Digital texnologiyalar və marketinq

 

Hazırda digital marketinq sahəsində fəaliyyət göstərən Sahilə Zeynal da çalışdığı sahədə beyin axınının əsas səbəblərindən biri olaraq şirkətlərlə əməkdaşlar arasındakı mövcud münasibətlər sistemi ilə əlaqələndirdi. O bildirdi ki, şirkətlərdə korporativ idarəetmə standartlarına əməl edilməməsi, peşəkar olmayan idarəetmə marketinq sahəsində çalışan şəxslərə əlavə çətinliklər yaradır. Bunun əsas səbəblərindən biri şifarişçi şirkətlərin dünyadakı yeni trendləri izləməməsidir. Bu səbəbdən, həmin şirkətlər yeni ideyalara qapalı olurlar. Bu isə, kreativ ideyaların gerçəkləşməsini, eləcə də, işçilərin öz ideyalarını reallaşdırmasını çətinləşdirir. Bu təqdirdə, həmin mütəxəssislər yenilikçi trendlərin izləndiyi və daha yaradıcı mühitin olduğu ölkələrə üz tutmaq tendensiyası göstərirlər.

 

Sahilə Zeynalın diqqət çəkdiyi daha bir məsələ müxtəlif ölkələr arasında ixtisaslı işçilərin cəlb edilməsi üçün rəqabətin olması ilə bağlı idi. Belə ki, bəzi ölkələrdə əlavə dəyər yaradan, ixtisaslı kadrların həmin ölkələrə gəlişini stimullaşdırmaq üçün xüsusi əmək miqrasiyası proqramları həyata keçirilir. Bu proqramlara sadələşdirilmiş viza şərtləri, subsidiya mexanizmləri, əlavə maliyyələşmə imkanları, vergi güzəştləri kimi təşviq mexanizmləri daxil edilir. Spiker hesab edir ki, xüsusilə starapçılar üçün hökumət tərəfindən təşviqedici mexanizmlərin tətbiq edilməsi bu sahədə ixtisaslaşan şəxslərin Azərbaycanda fəaliyyət göstərməsini stimullaşdıra bilər.

 

Informasiya texnologiyaları sahəsində çalışan Orxan Zakirov qeyd etdi ki, hazırda Azərbaycanda baş verən əmək miqrasiyası əvvəlki dövrlərdəki oxşar proseslərdən fərqlənir. Çünki xüsusilə 90-cı illərdə SSRİ-nin dağılmasından sonra ölkədə istehsal prosesi pozulduğu üçün miqrasiya edən şəxslər daha çox ixtisassız işçi qüvvəsi idi. Hazırda isə daha çox ixtisaslı kadrların ölkədən getməsi sürətlənib. Spiker xüsusilə 2015-ci ildə ölkədə baş verən devalivasiyadan sonra bu halın kəskinləşdiyini bildirdi. Həmin dövrdən etibarən ölkənin makroiqtisadi göstəricilərinin aşağı düşməsi, eləcə də, biznesin gəlirlərinin azalması burada əsas səbəblərdən biridir.

 

Bu baxımdan, Orxan Zakirov Azərbaycanda iqtisadi inkişafın sürətlənməsi, mövcud çağırışlarla əlaqədar adekvat müxanizmlərin hazırlanmasını vacib hesab edir və düşünür ki, ölkədə iqtisadi aktivliyin artırılması digər sosial məsələlər kimi, beyin axını prosesinin də qarşısını ala bilər. Ancaq, spiker hesab edir ki, zəruri dəyişikliklərə nail olmaq üçün dəyişikliklər sadəcə iqtisadi mexanizmlərlə sərhədlənməməli, həmçinin, ölkədə institusional mühitlə bağlı keyfiyyət dəyişiklikləri edilməlidir. Bu baxımdan, Zakirov rəqabət mühitinin yaxşılaşdırılması və fürsət bərabərliyi kimi istiqamətlərdə ciddi dəyişiklikləri vacib hesab edir.

 

Spiker konkret olaraq İT sahəsində çalışan şəxslərin xaricə ölkələrə getməsinin əsas səbəbini Azərbaycanda həmin sahədə mövcud olan ekosistemin yetərli olmaması ilə əlaqələndirir. Zakirov həmçinin qeyd etdi ki, hazırda bir çox ölkələr İT mütəxəssislərinin ölkədən getməməsinə çalışmaqla yanaşı, digər ölkələrdən olan mütəxəssisləri də öz ölkələrinə cəlb etməyə çalışırlar. Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra hər iki ölkədən çox sayda İT mütəxəssisi öz ölkələrindən regionun digər ölkələrinə axın etdi. Ancaq Azərbaycana həmin ölkələrdən çox az sayda mütəxəssis gəldi. Spiker bildirdi ki, bu tip sahələrdə çalışan mütəxəssislər distant işləməyə daha çox üstünlük verirlər. Buna görə də onların ən zəruri ehtiyaclarından biri beynəlxalq pul köçürmə sistemləri və digər maliyyə alətləridir. Buna görə də, Paypal və bu kimi digər tətbiqlərin Azərbaycanda aktiv olmaması çətinliklər yaradır. Spiker həmçinin ölkə qanunvericiliyinin bu sahələrdə çalışan şəxslərlə bağlı stimullaşdırıcı mühiti dəstəkləmədiyini, eləcə də, ölkədə İT sahəsində fəaliyyət göstərən qlobal şirkətlərin sayının az olmasını da, xüsusilə vurğuladı.

 

Dəyirmi masanın digər bir iştirakçısı, iqtisadçı İbrahim Niftiyev beyin axınının daha fərqli bir növünə toxundu. Belə ki, son dövrlər xüsusilə İT sahəsində ixtisaslaşan şəxslər Azərbaycanı tərk etməsələr belə, xarici şirkətlərlə əməkdaşlıq edirlər. İqtisadçı bunu “yarımçıq beyin axını” olaraq qiymələndirdi. Çünki o hesab edir ki, həmin şəxslər öz bilik və bacarıqlarını digər ölkələrin iqtisadiyyatı üçün istifadə etsə də, gəlirlərini Azərbaycanda xərclədikləri üçün onları tam olaraq beyin axını etmiş hesab etmək olmaz.

 

Beyin axını meylləri: Sorğu datası

 

Dəyirmi masanın digər bir iştirakçısı, Agora Analitik Kollektivin həmtəsisçisi, siyasət təhlilçisi Nəcmin Kamilsoy öz çıxışına Agora Analitik Kollektivin gənclər arasında keçirdiyi sorğunun nəticələrini bölüşdü. Azərbaycanın müxtəlif bölgələrində yaşayan 35 yaşınadək 400 şəxs arasında keçirilən sorğu çərçivəsində soruşulan suallardan biri də, gənclərin hansı ölkələrdə yaşamaq istədikləri ilə bağlı idi. Sorğu iştirakçılarının cəmi 11 faizi Azərbaycanda, 89 faizi isə digər ölkələrdə yaşamaq istədiyini bildirib. Sorğu iştirakçılarının yaşadığı ərazi və gender bölgüsü üzrə verilən cavablar arasında fərqli trendlər müşahidə edilir.

 

Abşeron ərazisində – paytaxt və ətrafındakı şəhərlərdə yaşayan gənclər arasında Azərbaycanda yaşamaq istəyənlərin xüsusi çəkisi daha aşağıdır. Azərbaycan, Abşeron sakini olan gənclərin ən çox yaşamaq istədikləri ölkələrin sıralamasında yeddinci yeri tutub. Paytaxtdan sorğuya qatılan respodentlər ən çox ABŞ-da, daha sonra Norveç və Almaniyada yaşamaq istədiklərini bildiriblər. Region gənclərinin isə ən çox yaşamaq istədikləri xarici ölkə isə Türkiyədir. Qadın respodentlərin cavabları göstərir ki, onların ən çox yaşamaq istədikləri ilk üç ölkə ABŞ, Azərbaycan və Türkiyədir. Kişi respodentlərin ən çox yaşamaq istədiyi ölkə ABŞ-dır. Həmçinin, onların seçimləri arasında Azərbaycanın mövqeyi qadınlara nəzərən daha aşağı – dördüncüdür Kişi respodentlərin yaşamağa üstünlük verdiyi növbəti iki ölkə Norveç və Kanadadır. Sorğunun müvafiq nəticələri ilə buradan tanış olmaq mümkündür.

 

Gənclər siyasəti və təhsil

 

Hökumətin gənclərlə bağlı hazırladığı dövlət proqramına da toxunan tədqiqatçı bu sənədi yetərli hesab etmədiyini bildirdi. Nəcmin Kamilsoy bildirdi ki, sənədin qiymətləndirmə mexanizmlərinin, konkret ölçüləbilən hədəflərin müəyyənləşdirilməməsi onun ən böyük çatışmazlığıdır. Çünki hökumət proqramın, məsələn təhsil və məşğulluq kimi istiqamətlərinin icrası nəticəsində çatmaq istədiyi hədəfləri sadəcə ümumi sözlərlə göstərib və heç bir konkret indikatorlar müəyyənləşdirilməyib. Tədqiqatçının vurğuladığı daha bir məqam ondan ibarətdir ki, ölkədə və xaricdə sosial elmlər sahələrində təhsil alan gənclər ölkədə iş tapmaqda çətinlik çəkirlər, çünki bu istiqamətdə arzuolunan iş imkanları mövcud deyil. Universitetlərin azad və keyfiyyətli tədqiqat insitutlarının və beyin mərkəzlərinin mövcud olmadığı bu şərait şərait beyin axını üçün daha çox motivasiya yaradır.

 

Müzakirədə iştirak edən tədqiqatçılar düşünür ki, elm sahəsində inkişafın vacib şərti akademik azadlıqların təminatı və təhsil sahəsindəki idarəçilərin tədqiqatçıların elmi işlərinə müdaxilə etməməsidir.

 

Resurs lənəti

 

İbrahim Niftiyev həmçinin hesab edir ki, Azərbaycanda beyin axınının ortaya çıxmasına səbəb olan amillərdən biri istehsalatın strukturu ilə bağlıdır. Çünki ölkənin ixracının 90 faizi, büdcə gəlirlərinin isə 50 faizi hasilat sənayesi hesabına formalaşır. Buna baxmayaraq, həmin sektorda cəmi 40 min insan çalışır. Bu baxımdan, hasilat sənayesi əmək tutumlu deyil, daha çox kapital tutumludur. Azərbaycanda hasilat sənayesindən başqa, digər sektorların zəif inkişafı isə, əmək bazarı üçün əlavə çətinliklər yaradır. Lakin iqtisadçı həm də hesab edir ki, ölkədə hasilat sənayesindən kənar sektorların zəif inkişafının əsas səbəblərindən biri hasilat gəlirlərinin effektiv istifadə edilməməsidir.

 

Tədqiqatçı bildirdi ki, təbii sərvət lənətinin insan kapitalına və institusional keyfiyyətə əhəmiyyətli təsiri var. Təhsilə az investisiya, korrupsiya və səhiyyədə hüququn aliliyinin olmaması kimi probləmlər həm təsirlər siyahısındadır. Orxan Zakirov da qeyd etdi ki, 2014 və 2015-ci ildən bəri vəziyyət köklü dəyişib. Həm siyasi şəraitdə geriləmə, həm də devalvasiyalar – ümumilikdə iqtisadiyyata inamın azalması savadlı insanların itirilməsinə səbəb olur.

 

Bu baxımdan, İbrahim Niftiyev hasilat sənayesindən əldə edilən gəlirlərin istifadəsi ilə bağlı şəffaflıq və hesabatlılığın artırılmasını, eləcə də, ölkədə qeyri-neft sənayesinin inkişaf etdirilməsini vacib hesab edir. Spiker bildirdi ki, bunun üçün vergi güzəştləri, maliyyə resurslarına çıxış kimi iqtisadi mexanizmlər yetərli olmaya bilər. Ölkədə iqtisadi aktivliyin artırılması baxımından ən vacib addım institusional mühitin yaxşılışadırılması olmalıdır. Burada rəqabət imkanlarının artırılması, qanunun aliliyi kimi amillər xüsusi diqqət çəkir və bu istiqamətlərdə irəlləyişə nail olmaq üçün daha çox siyasi iradə tələb edilir.

 

İqtisadçı vurğuladı ki, Azərbaycanda periodik olaraq – xüsusilə də enerji qiymətlərinin ucuzlaşdığı dövrlərdə islahat proqramları qəbul edilir, lakin, enerji qiymətləri bahalaşdıqdan sonra bu proqramlar unudulur. Çağırışlara uyğun mexanizmlər hazırlanması üçün islahatların ardıcıl olması və enerji qiymətlərindən asılı olmadan aparılması çox vacibdir. Buna baxmayaraq, Azərbaycanda neftdən asılılıqdan qazdan asılılığa keçid tendensiyası müşahidə olunur.

 

Müəllif
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv müxtəlif sahələrdə fəaliyyət göstərən tədqiqatçılar və ekspertlər tərəfindən 2022-ci ildə qurulmuş müstəqil beyin mərkəzidir.

Paylaş