Xülasə | Platforma iqtisadiyyatının əmək bazarına və işçi hüquqlarına təsirləri

25 dekabr 2022-ci il tarixində, Agora Analitik Kollektiv  “Agora Söhbətləri” çərçivəsində sayca üçüncü dəyirmi masa müzakirəsini keçirdi. “Muzdalan” təşəbbüsü ilə birgə təşkil olunan və “Platforma iqtisadiyyatı əmək bazarını inkişaf etdirir, yoxsa ona zərər vurur?” başlıqlı müzakirədə iqtisadçılar, əmək hüquqları sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti nümayəndələri və işçi hüququ aktivistləri iştirak etdi. 

 

Son dövrlər Azərbaycanda Uber, Bolt və Wolt kimi platforma şirkətlərində çalışanların sayında kəskin artım müşahidə edilir. Məşğulluq imkanlarının artması ilə yanaşı, bununla bağlı gündəmə gələn məsələlərdən biri də işçilərin əmək hüquqları ilə bağlıdır. Platforma şirkətləri işçilərlə xidmət müqaviləsi bağlayır – bu isə işçiləri müxtəlif əmək hüquqlarından məhrum edir. İşçi hüquqlarının pozulması səbəbindən son dövrlər platforma şirkətləri ilə əməkdaşlıq edən işçilər bir neçə dəfə tətil elan edib.

 

Dəyirmi masa müzakirəsində aşağıdakı sualları dərindən cavablamağı hədəfləyib.

 

–       Platforma şirkətləri Azərbaycan iqtisadiyyatına və əmək bazarına necə təsir edir?

–       Platforma şirkətlərinin fəaliyyəti necə tənzimlənir?

–       Platforma işçiləri öz fəaliyyətlərində hansı çətinliklərlə qarşılaşır?

–       Platforma şirkətlərinin ictimai maraqlara uyğun fəaliyyəti və əmək hüquqlarının qorunması üçün hansı addımlar atılmalıdır?

 

Suallar moderator (Fərid Mehralızadə) tərəfindən ünvanlanıb və dəyirmi masanın dörd iştirakçısı tərəfindən müzakirə olunub. Bu xülasə müzakirədə toplanan məlumat əsasında hazırlanıb və əsas məsələlər ətrafında səsləndirilən fikirləri aşağıda təqdim edir.

 

Platforma şirkətləri və iqtisadiyyata təsirlər

 

İqtisadiyat və sosial siyasət təhlilçisi Toğrul Vəliyev öz çıxışında bildirdi ki, platforma şirkətlərin yaranması istehlakçıların seçim imkanlarını artırıb. Eyni zamanda, bu şirkətlər iş yerlərinin sayının artması baxımından məşğulluğa da müsbət təsir edib. Vəliyev əlavə etdi ki, platforma iqtisadiyyatından danışarkən daha çox qida çatdırma və taksi şirkətləri ön plana çıxsa da, Azərbaycanda yük daşımaları və digər sahələrdə də bu tip şirkətlər fəaliyyət göstərir. Bu baxımdan, platforma iqtisadiyyatı taksi şirkətləri və ictimai iaşə obyektlərindən daha geniş əhatə dairəsinə malikdir. 

 

Vəliyev hesab edir ki, platforma şirkətləri bazara gəlirlərin artırılmasından daha çox, gəlirlərin yenidən bölüşdürülməsi istiqamətdində təsir edir. Çünki, istehlakçılar bu platformalar üzərindən ticarət münasibətlərinə girdiklərinə görə, həmin platformalar da qazanc əldə edir. Bu baxımdan, həmin platformalarla əməkdaşlıq edən sahibkarlar öz gəlirlərinin azalmasında maraqlı deyillər. Ona görə də, sahibkarlar azalan gəlirlərini işçilər hesabına bərpa etmək istəyirlər. Bunu isə uzun iş saatları və aşağı ödəniş hesabına həyata keçirirlər. 

 

Platforma şirkətləri və əmək hüquqları

 

Vəliyevin vurğuladığı daha bir məqam platforma şirkətlərinin işçilər arasında yaratdığı rəqabətlə bağlıdır. Belə ki, o qeyd etdi ki, platforma şirkətləri öz siyasətləri ilə işçi üçün elə yanaşma formalaşdırır ki, digər işçilər onun rəqibidir və işləmədiyi hər dəqiqə öz potensial gəlirini onlara vermiş olacaq. Bu yanaşma səbəbi ilə bir çox işçilər əlverişsiz şərtlər altında uzun iş saatları çalışmağa razı olur. Çünki, ilk başda həmin şirkətlər nisbətən yüksək qazanc təklif edir və sonradan gəlirlər azaldılır. Gəlirin sifariş və məsafəyə əasasən sayı artır. Bu baxımdan, işçilər əvvəldən qazandıqları gəliri təmin etmək üçün daha çox çalışmağa və daha çox rəqabətə girməyə məcbur qalırlar.

 

Dəyirmi masanın digər bir iştirakçısı, “Muzdalan” təşəbbüsünün həmtəsisçisi Röya Məlikova öz çıxışında qeyd etdi ki, platforma işçilərinin qarşılaşdıqları çətinliklərin əsas səbəblərindən biri onların əmək müqaviləsi əsasında deyil, xidməti müqavilə ilə çalışmaqları ilə bağlıdır. İctimai fəal hesab edir ki, şirkətlər vergi xərclərini azaltmaq məqsədi ilə platforma işçiləri ilə əmək müqaviləsi bağlamaqdan yayınırlar. Xidməti müqavilə ilə çalışmaq isə, işçilərə bir sıra çətinliklər yaradır. Məsələn, onlar məzuniyyət hüququndan məhrum olur, eləcə də, vergi ödənişləri və digər bəyannamələri özləri doldurmalı olur. Həmçinin, işçilərin müqavilə ilə təyin olunmuş iş saatları olmur. Bu baxımdan, xidməti müqavilə ilə çalışmaq da platforma işçiləri üçün əlavə çətinliklər yaradır.

 

Dəyirmi masanın digər iştirkaçısı, “İşçi masası” həmkarlar ittifaqları koalisiyasının təsisçisi Afiəddin Məmmədov isə qeyd etdi ki, platforma şirkətləri bəzi hallarda işçilərlə birbaşa deyil, “fleet şirkətlər” vasitəsi ilə əlaqə qururlar və bu tip şirkətlərin fəaliyyətinə nəzarətin daha məhdud olması işçilərin daha çox istismarına səbəb olur. Qeyd edək ki, bu tip şirkətlər işçilərə nəqliyyat vasitəsi təklif edir və bunun qarşılığında gəlirin bir hissəsini özünə götürür. Məsələn, sürücülər bu tip şirkətlərdın avtomobil götürərək taksi fəaliyyəti göstərə bilər. Və ya kuryerlər motosiklet əldə etmək üçün bu şirkətlərlə əməkdaşlıq edə bilər. Bunun qarşılığında həmin şirkətlər işçilərin günlük qazancının bir hissəsini tələb edir. Bəzi hallarda isə onlara standart maaş verir. 

 

Məmmədov hətta 18 yaşı tamam olmayan şəxsin günlük 5 manat müqabilində bu tip şirkətlər tərəfindən işlədildiyini nümunəsini qeyd etdi. O, hesab edir ki, Azərbaycan əmək hüquqları ilə bağlı vəziyyətin yaxşılaşması baxımından ən vacib amillərdən biri işçilərin təşkilatlanması ilə bağlıdır. Ancaq, nəzərə alınmalıdır ki, şirkətlər bunda maraqlı deyil. Digər tərəfdən də, işçilər öz işlərini itirmə qorxusu ilə bəzi hallarda işçi hüquqlarının qorunması ilə bağlı fəaliyyətlərdə iştirak edə bilmirlər.

 

Məmmədov qeyd etdi ki, onların hesablamalarına görə, WOLT şirkətinin kuryerləri tətil elan edərkən, şirkətin təxminən 3000 əməkdaşı var idi və onlarından 2000 nəfərə yaxını bu tətilə qoşulmuşdu. Ancaq, sonradan şirkət əməklıq etdiyi kuryerlərin sayını 5000 nəfərədək artırdı və bununla da, işçilərin tətilinin əhəmiyyətini azaltmağa çalışdı.

 

Nə etməli?

 

Məmmədov hesab edir ki, platforma işçilərinin əmək hüquqlarının qorunması ilə bağlı daha aktiv olması üçün, maarifləndirici aksiyaların həyata keçirilməsinə, müxtəlif sektorlarda fəaliyyət göstərən işçilərin təşkilatlanmasına ciddi ehtiyac var. Bu həyata keçirilsə ölkədə işçi hüquqları ilə bağlı vəziyyət yaxşılaşa bilər. Məmmədov işçi hüquqları ilə bağlı problemlərin olmasını həm də mövcud həmkarlar ittifaqlarının yetərsiz fəaliyyəti ilə əlaqələndirir. O düşünür ki, bir çox iş yerlərində bu qurumlar olsa da, onların fəaliyyəti müstəqil və effektiv deyil. Məmmədov həmçinin hüquqi mühafizə orqanları tərəfindən işçi haqları aktivistlərinin təqibə məruz qaldığını bildirdi.

 

“Muzdalan” təşəbbüsünün həmtəsisçisi Kənan Qayıbov öz çıxışında bildirdi ki, işçi hüquqları ilə bağlı problemlərin aradan qaldırılması baxımından “fleet şirkətlər”-in fəaliyyətinin daha yaxşı tənzimlənməsinə və onların fəaliyyətinin nəzarətdə saxlanmasına ehtiyac var. Çünki, bu tip şirkətlərə nəzarət aşağı olduğu üçün onlar işçi hüquqlarına daha az diqqətlə yanaşırlar. Eyni zamanda, Qayıbov hesab edir ki, platforma şirkətləri bəzi hallarda rəqabət şərtlərini də pozur. Bu baxımdan, həmin şirkətlərin fəaliyyətində haqsız rəqabət elementlərinin olmaması üçün, tənzimləyici orqanlar həmin şirkətlərin fəaliyyətinə daha diqqətlə yanaşmalıdırlar.

 

Vəliyev bildirdi ki, platforma işçiləri əsasən xidməti müqavilə ilə çalışdıqları üçün onların fəaliyyətinə minimum əmək haqqı ilə bağlı qərarlar təsir etmir. Lakin, iqtisadçı ABŞ-ın bəzi ştatlarında platforma işçilərinin saatlıq qazancları ilə bağlı minimum tələblərin olduğunu nümunə göstərdi. Bu təcrübə çox aşağı gəlirlə işləməyə məcbur olan platforma işçilərinin gəlirlərinə müsbət təsir edə bilər. Lakin, iqtisadçı əlavə etdi ki, bu mexanizmlərin effektiv olması üçün minimum əmək haqqı məbləği, həqiqətən də, minimum tələbləri ödəyəcək səviyyədə olmalıdır. Bu məbləğin müəyyən edilməsi ilə bağlı proses bağlı qapılar arxasında deyil, iştirakçılığın təmin edildiyi bir şəraitdə verilməlidir. 

 

Qayıbov həmçinin qeyd etdi ki, platforma işçilərinin əmək münasibətlərinin tənzimlənməsi baxımından əmək və xidməti müqavilələrdən fərqli olaraq ayrı yanaşmanın olması ilə bağlı bəzi ölkələrdə təcrübələr var və o da, platforma işçilərinin əmək münasibətlərinin tənzimlənməsi baxımından onların xidməti müqavilə ilə işləməsini yetərli saymır. Şirkətlərin də əmək müqaviləsi bağlamadığı üçün, platforma işçiləri və şirkətlər arasında münasibətləri daha yaxşı tənzimləməyə ehtiyac var.

 

Məlikova hesab edir ki, platforma işçilərinin əmək münasibətlərini tənzimləmək üçün əmək müqaviləsi və xidməti müqavilədən fərqli, ayrıca üçüncü bir forma yaradılmalıdır və həmin müqavilənin şərtləri platforma işçilərin öz fəaliyyətlərində qarşılaşdıqları problemlərin həllinə yönəldilməlidir. Fəal xüsusilə də, hindistanlı və pakistanlı işçilərin də platforma şirkətlərində işə cəlb edildiklərini bildirdi. Qeyd etdi ki, platforma şirlətləri həmin işçiləri daha ucuza işlətməklə, həm yerli işçiləri də daha az gəlirlə işləməyə məcbur edirlər, həm də xarici ölkə vətəndaşların əmək münasibətləri rəsmiləşmədiyi üçün onları istismara məruz qoyurlar. 

 

Müəllif
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv müxtəlif sahələrdə fəaliyyət göstərən tədqiqatçılar və ekspertlər tərəfindən 2022-ci ildə qurulmuş müstəqil beyin mərkəzidir.

Paylaş