Xülasə | Azərbaycanda orta təhsil siyasətinin problemləri və mümkün çıxış yolları

8 oktyabr 2022-ci il tarixində Agora – Analitik Kollektiv ilk dəyirmi masa müzakirəsini keçirdi. “Orta məktəb təhsili bizə hansı bacarıqları qazandırmalıdır?” başlıqlı müzakirədə təhsil ekspertləri, təhsil sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti nümayəndələri və tədqiqatçılar iştirak etdi. İştirakçılar aşağıdakı suallar ətrafında fikir mübadiləsi apararaq əsas problemləri və çıxış yollarını müəyyən etməyə cəhd göstərdi. Dəyirmi masa müzakirəsində aşağıdakı suallar səsləndirildi:

  • Müasir nəzəriyyələrə görə orta təhsil məktəblilərə hansı bilik və bacarıqları qazandırmalıdır?
  • Azərbaycanda təhsil sistemi məktəblilərə həmin bilik və bacarıqları qazandıra bilirmi? 
  • Hökümətlər orta təhsil siyasətlərini formalaşdırarkən nələri nəzərə almalıdırlar?
  • Azərbaycanda keyfiyyətli orta təhsil hər kəs üçün əlçatandırmı?
  • Regionlarda keyfiyyətli orta təhsilə çıxış imkanları ilə bağlı hansı çağırışlar var?

 

Suallar moderator (Fərid Mehralızadə) tərəfindən ünvanlanıb və dəyirmi masanın altı iştirakçısı tərəfindən cavablandırıb. Bu xülasə müzakirədə toplanan məlumat əsasında hazırlanıb və əsas məsələlər ətrafında səsləndirilən fikirləri aşağıda təqdim edir.

 

Mövcud kurikulum və dövrün tələbləri

 

Azərbaycan məktəblərində tədrisinə üstünlük verilən ənənəvi bilik və bacarıqların müasir dövrdə tələb olunan bilik və bacarıqlarla üst-üstə düşməməsi müzakirədə ortaq səsləndirilən problemlərdən biri idi. Təhsilin idarəedilməsi üzrə ekspert Səbinə Ağayeva (bundan sonra SA) qeyd etdi ki, hazırda orta məktəbdə həyata keçirilən tədrislə bağlı ən böyük problemlərdən biri şagirdlərə müasir yanaşmalarla müqayisədə aktuallığını itirən biliklərin tədris edilməsi ilə bağlıdır. O hesab edir ki, müasir təhsil sistemi şagirdlərə tənqidi düşüncə və yaradıcılıqla yanaşı, həm də empatiya qurmaq kimi sosial-emosional biliklər qazandırmalıdır. SA hesab edir ki, şagirdlərə məhz bu cür bilik və bacarıqların qazandırılması həm onların gələcək akademik nəaliyyətləri, həm də, əmək bazarında uğurlu iştirakları üçün çox vacibdir. Spiker tədris prosesində, incəsənət alətlərindən, xüsusilə də musiqidən daha çox istifadə edilməsinin müsbət nəticələr göstərəcəyini düşünür.

 

SA orta məktəb təhsilinin şagirdlərə həmçinin koqnitiv bacarıqları aşılamalı olduğunu düşünür. Qeyd edək ki, koqnitiv bacarıqlar dedikdə İKT-dən istifadə etməklə səmərəli fəaliyyət göstərmək, müasir məlumat vasitələrinə, telekommunikasiya texnologiyalarından peşə fəaliyyətində məqsədəuyğun istifadə, zəruri məlumatların axtarışı, təhlili və seçimi, yeni informasiyanı yaradıcı şəkildə təhlil etmək, öz işində məlumatların qorunmasını təmin etmək, informasiyaların işlənməsi, ümumiləşdirilməsi, saxlanılması, ötürülməsi və yüksək səviyyədə nəticə əldə etmək bacarığı başa düşülür.

 

“Təhsil üçün əl-ələ” təşəbbüsünün həmtəsisçisi Nərmin Rəhimli (bundan sonra NR) də tədrisin keyfiyyətli olması baxımından kurikulumun daimi inkişaf etdirilməsini, əzbərçilik tələb edən aktual olmayan biliklərin yerinə tənqidi düşüncəni inkişaf etdirən biliklərə üstünlük verilməsini vacib hesab edir.

 

Agora – Analitik Kollektivindən tədqiqatçı Nəcmin Kamilsoy (bundan sonra NK) da qeyd etdi ki, Azərbaycanda ümumi orta məktəb təhsilinin ən böyük problemlərindən biri onun məqsədinin aydın olmaması, yəni məktəblərə sadəcə universitetə hazırlıq yeri kimi yanaşılması ilə bağlıdır. O, həmin yanaşmanın zərərli olduğunu bildirdi və əlavə etdi ki, bu yanaşmanın formalaşmasında həm də, valideynlərin şagirdlərlə bağlı mövcud gözləntiləri rol oynayır. NK qeyd etdi ki, orta məktəb fərdlərin dünyagörüşünun formalaşması baxımından əhəmiyyətli bir dövrü əhatə etdiyi üçün onlara məktəbdə təndiqi düşüncə bacarıqları və həyat bilgisi öyrədəcək dərslərin əlavə edilməsi və keyfiyyətli təşkili vacibdir. NK düşünür ki, bunun üçün dərsdənkənar fəaliyyətlərin təşkilinin də rolu böyükdür.

 

Direktorların, müəllimlərin və psixoloqların hazırlığı

 

“Qızlar oxusun”, “KitabGəzər”, “Bacardım” kimi təhsillə əlaqədar təşəbbüslərin təsisçisi  Fatma Qurbanovanın (bundan sonra FQ) diqqət çəkdiyi əsas istiqamətlərdən biri gələcəyin müəllimlərinin necə hazırlanması ilə bağlı oldu. O hesab edir ki, ümumi orta təhsilin keyfiyyətinin artırılması üçün yaxşı müəllimlərin yetişdirilməsi ən vacib addımlardna biridir. Bu baxımdan o, pedaqoji ixtisaslarda yeni metodların tədrisinin həyata keçirilməsini əhəmiyyətli hesab edir.

 

FQ ölkədə təhsilin idarəedilməsi üzrə də, peşəkar kadrların az olmasına diqqət çəkərək, bu istiqamətdə də, Azərbaycanda inkişafa gərək olduğunu bildirdi. Onun vacib hesab etdiyi digər bir məsələ də, direktor və müəllimlər arasında kommunikasiyadakı boşluqla bağlıdır.

 

SA-nın qeyd etdiyi daha bir amil müəllimlərlə yanaşı, həm də peşəkar direktor seçimləri ilə bağlıdır. Çünki, o hesab edir ki, məktəbdə tədris prosesinin effektiv təşkil edilməsi üçün peşəkar direktorların olması çox vacibdir. Bu baxımdan, SA direktorların bilik və bacarıqlarının artırılması istiqamətində layihələr həyata keçirilməsini vacib hesab edir.

 

NR-nin bu mövzu ilə bağlı vurğuladığı digər məqam məktəblərdə peşəkar psixoloqların fəaliyyət göstərməsi ilə bağlıdır. Çünki, peşəkar psixoloqların effektiv fəaliyyətini şagirdlərin formalaşmasına müsbət təsir edir. Bu baxımdan NR öz layihələrinin icrası zamanı müşahidələrinə əsaslanaraq bildirdi ki, öncəki illərə nəzərən hazırda məktəblərdə psixoloqların fəaliyyəti genişlənib. Lakin, bəzi hallarda psixoloq vəzifələrində çalışanlar bu istiqamətdə təhsil alanlar arasından deyil, ixtisasartırma kursları keçərək bu istiqamətə yönələn digər fənn müəllimləri arasından seçilir. Bu baxımdan, ixtisaslı psixoloq kadrlarının sayının artırılması da, orta məktəbdə təhsilin keyfiyyətinə müsbət təsir edə bilər.

 

Təhsildə gender və sosial bərabərsizlik

 

Dəyirmi masa müzakirəsinin digər iştirakçısı, Sosial Hüquqlar Mərkəzinin təsisçisi, hüquqşünas Sübhan Həsənlinin (bundan sonra SH) keyfiyyətli orta təhsilin təmini ilə bağlı diqqət çəkdiyi  məqam özəl və dövlət təhsil müəssisələri arasında təhsilin keyfiyyətində böyük fərq olmasıdır. SH hesab edir ki, təhsilin keyfiyyətinin yüksək olduğu özəl təhsil müəssisələrində təhsil almaq maliyyə vəziyyəti baxımından heç də əlçatan deyil. Bu baxımdan o, gəlir bərabərsizliyinin sosial qruplar arasındakı sosial-iqtisadi bərabərsizliyi xroniki hala gətirdiyini düşünür. Çünki, hazırda keyfiyyətli təhsil maliyyə vəziyyəti yaxşı olan əhali qrupu üçün çatımlı olduğu üçün, gələcəkdə də, bu sosial qruplar arasında sosial-iqtisadi fərqlər əsasən qorunub saxlanmış olur.

 

NR də keyfiyyətli orta təhsilin təminatı ilə bağlı diqqət çəkdiyi amillərdən biri təhsillə bağlı keyfiyyətli infrastrukturun qurulması və bu infrastruktura hər kəsin çatımlılığının təmin edilməsidir. O qeyd etdi ki, bu baxımdan dövlət və özəl orta təhsil müəssisələri arasında təhsil keyfiyyətinin fərqi minimallaşdırılmalıdır. NR-nin qeyd etdiyi digər bir məqam uğur hekayələrinin domino effekti yaratması ilə bağlıdır. Onun müşahidələrinə görə, hər hansı bir kənddə və ya digər bir icmada uğurlu təhsil və ya karyeraya sahib olan məzunların, xüsusilə qadın məzunların olması və ya həmin icmada idealist bir müəllimin fəaliyyət göstərməsi  icmada daha çox şəxsə motivasiya ola bilir.

 

Qurumlar arasında koordinasiya

 

FQ düşünür ki, təhsil sisteminin daha effektiv qurulması baxımından müxtəlif dövlət qurumları arasında koordinasiyalı fəaliyyətin icra edilməsi çox vacibdir. O, nümunə olaraq bildirdi ki, Təhsil Nazirliyi Dövlət Məşğulluq Agentliyi ilə görüşərək ölkədə hansı sahələrdə kadr ehtiyacının olduğunu öyrənə və öz fəaliyyətində bu çağırışları nəzərə ala bilər.

 

FQ hesab edir ki, bu kommunikasiyanın düzgün qurulması çox vacibdir. İcra orqanlarının təlimatları müəllimlər tərəfindən əlavə iş yükü kimi qəbul edilməməli, təhsilin inkişafı ilə bağlı mərkəzi icra orqanının vizyonu müəllimlərə düzgün çatdırılmalıdır. FQ müəllimlərin tədris keyfiyyətinin artırılması baxımından onların əmək haqlarının yüksəldilməsinin vacibliyini vurğuladı və qeyd etdi ki, müəllimlərin sənədləşmə işlərinə ayırdığı vaxt çoxdur və müəllimlərin inzibati iş yükü azaldılmalıdır.

 

SH qeyd etdi ki, təhsilin inkişaf etdirilməsi ilə bağlı müxtəlif addımlar atılsa da, cəmiyyətdə bununla bağlı ümumi çağırış hiss edilmir. Ümumi çağırışın vacibliyini vurğulayarkən, SH həm də bunun cəmiyyətdə təhsillə bağlı mobilizasiyaya tövhə verə biləcək əsas amillərdən biri olduğunu qeyd etdi.

 

Data və qiymətləndirmə

 

SA-ın diqqət çəkdiyi daha bir məqam performans datalarının toplanması ilə bağlıdır. Çünki, effektiv qərarların qəbul edilməsi üçün datalara əsaslanmaq çox vacibdir. Bu baxımdan, təhsillə bağlı atılan yeni addımların effektivliyinin ölçülməsi, şagirdlərin performansları ilə bağlı dataların toplanması və müqayisəli təhlili yeni qəbul ediləcək qərarların əsasını təşkil etməlidir.

 

NK-un diqqət çəkdiyi məqam isə, Azərbaycanın təhsillə bağlı xarici qiymətləndirmələrdə iştirakı ilə bağlıdır. Tədqiqatçı hesab edir ki, PİSA kimi qiymətləndirmələrdə iştirak Azərbaycanda təhsilin vəziyyətinin qiymətləndirilməsi və mövcud problemlərin üzə çıxması baxımından çox önəmlidir. O qeyd etdi ki, əksinə, Azərbaycan həmin qiymətləndirməni Bakı şəhəri üçün məhdudlaşdırıb və bu, ölkə üzrə ümumi göstəricilərin müəyyənləşdirilməsini çətinləşdirir. Onun xüsusi diqqət çəkdiyi daha bir məqam odur ki, həmin qiymətləndirmələr həm regional, həm də, sosial bərabərsizliklərin şagirdlərin əldə etdiyi təhsilin keyfiyyətinə təsir etdiyini də göstərir.

 

Sosial təşəbbüslər

 

SH hesab edir ki, vətəndaş cəmiyyəti təşəbbüsləri də Azərbaycan təhsil sistemində zəif məqamların aradan qaldırılmasına kömək edə bilər. Lakin o, mövcud qanunvericilik başda olmaq vətəndaş cəmiyyətinin fəaliyyətinin çətin olduğuna diqqət çəkərək bildirdi ki, hazırda Azərbaycanda vətəndaş cəmiyyəti təhsil ekosisteminin tərkib hissəsi deyil. Bu baxımdan, ölkədə vətəndaş cəmiyyətinin fəaliyyəti üçün daha münbit şəraitin yaradılması, onların təhsil sistemi ilə bağlı çağırışlara da cavab verilməsində fəaliyyətini artıra bilər. NK da, xüsusilə gənc müəllimlərin bölgələrdəki məktəblərdə dərs deməsini həvəsləndirmək üçün Təhsil Nazirliyinin sosial təşəbbülərlə daha çox əməkdaşlıqlar qurmalı olduğunu vurğuladı.

 

 

Müəllif
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv müxtəlif sahələrdə fəaliyyət göstərən tədqiqatçılar və ekspertlər tərəfindən 2022-ci ildə qurulmuş müstəqil beyin mərkəzidir.

Paylaş