Xülasə | Məişət zorakılığına qarşı dövlət siyasətinin müzakirəsi

26 noyabr 2022-ci il tarixində “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq kampaniyası” çərçivəsində Azərbaycanda məişət zorakılığına dair dövlət siyasətinin effektivliyi ilə bağlı dəyirmi masa müzakirəsi keçirilib. Agora Analitik Kollektivin keçirdiyi müzakirədə gender tədqiqatçıları, ekspertlər və feminist vətəndaş cəmiyyəti fəalları Azərbaycanda müvafiq qanunvericiliyi və mövcud praktikaları qiymətləndiriblər. Qaldırılan əsas suallar “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”-nın effektivliyi ilə bağlı olub.

 

Bu xülasə həmin dəyirmi masa müzakirəsində toplanan məlumatlar əsasında hazırlanıb və məqsədi məişət zorakılığına qarşı mübarizə siyasətinin əsas problemlərinə diqqət çəkmək və həll yolları tövsiyyə etməkdir.

 

Giriş

 

Moderator, gender təqdiqatçısı və Agora Analitik Kollektivin üzvü Lala Mahmudova (bundan sonra LM) xatırladıb ki, dünyada hər üç qadından biri məişət zorakılığı ilə üzləşir. Qadınlar məlumatsızlıq səbəbindən əksər hallarda zorakılığa məruz qaldıqlarının fərqində olmurlar.

 

Zorakılıq nəticəsində həyatını itirən qadınların 50 faizi öz partnyorları tərəfindən qətlə yetirilir.  “Namus qətlləri” ifadəsi tez-tez eşidilsə də, bugün feminist icma tərəfindən bu ifadənin işlədilməsi doğru hesab edilmir. Çünki bu ifadə özündə qatilin səbəbinə haqq qazandırma ehtiva edir. Adətən qatillər özlərinə haqq qazandırmaq üçün namus anlayışından istifadə edirlər. Seksual oriyentasiyaya görə qətllər də əksər hallarda məişət zorakılığı kontekstində baş verir. Zorakılıqla qətl törədənlər əksər hallarda peşmançılıq hissi yaşamır, çünki onlar patriarxal cəmiyyət normalarının qoruyucusu rolunda çıxış edirlər.

 

Bütün bunlarla mübarizə aparmaq ilə bağlı dövlətin həm yerli, həm də beynəlxalq qanunvericilik çərçivəsində öhdəlikləri var. Azərbaycanda da bu istiqamətdə 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı qəbul edilib. Bəs bu proqram çərçivəsində hüquqi, infrastruktur, müdafiə mexanizmləri və mübarizə praktikaları ilə bağlı müsbət dəyişikliyə nail olunubmu?

 

Fəaliyyət planı və qanunvericilik

 

Feminist tədqiqatçı, Charles Universitetinin doktorantı Nisə Hacıyeva (bundan sonra NH) qeyd edir ki, 2020-2023 milli fəaliyyət planı çərçivəsində qarşıya ümumiləşmiş planlar qoyulub, amma atılacaq konretləşmiş addımlar qeyd olunmayıb. Bu səbəbdən, həmin illər ərzində hansı işlər yerinə yetirildiyini ölçmək mümkün deyil.

 

Qadın qətllərinin (femisid) monitorinqi ilə məşğul olan gender eksperti Nərgiz Muxtarova (bundan sonra NM) qeyd edir ki, milli fəaliyyət planında qarşıya qoyulan məqsədlərdən bəzilərinin icra müddəti 2021-ci ildə bitsə də, nəticələr ortada deyil.  Məsələn, məişət zorakılığından zərər çəkmiş şəxslər üçün 24 saat, 7 gün açıq olan ödənişsiz qaynar xətt xidmətinin təşkili üçün icra müddəti 2021-ci ildə göstərilir. Lakin, bugün hələ də qaynar xətt nə 24 saat işləmir, nə də tam ödənişsiz deyil. Qaynar xətt Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsinin rəsmi saytında qeyd olunub ki, xətt 09-18:00 arası işləyir. Bu, 7 gün 24 saat hissəsinə ziddir. Bundan əlavə xətt ödənişsiz olmalıdır, lakin biz praktikada görürük ki, mobil telefonlardan həmin xəttə zəng ediləndə ödəniş tutur.

 

NH həm də hesab edir ki, məişət zorakılığı ilə bağlı qanunvericiliyin təkmilləşməsinə ehtiyac var. O qeyd edir ki, ən bəsit problemlərdən biri hazırki qanunların, zorakılıq halında belə, ailə üzvlərinin barışdırılması istiqamətində qurulmasıdır. Bu isə hüquq mühafizə orqanları üçün bir mesaj rolunu oynayır. Nəticədə hüquq mühafizə nümayəndələri zorakını məsuliyyətə cəlb etmək yerinə barışdırmağa cəhd göstərirlər. Qanunda barışdırma ilə bağlı açıq müddəa olduqca, barışdırmağa cəhd edən və sonda daha ağır nəticələrə səbəb olan hallar bitməyəcək və bu hallarda heç bir hüquq mühafizə orqanı nümayəndələri məsuliyyətə cəlb olunmayacaq. Çünki, həmin müddəa onlara-hüquq mühafizə orqanlarına bu şansı yaradır.

 

Sığınacaqlar

 

NH diqqəti Azəraycanda sığınacaqların məhdudluğu ilə bağlı məsələyə çəkib. Azərbaycanın cəmi iki şəhərində sığınacaqlar fəaliyyət göstərir. İnsan tutumu baxımından, mövcud sığınacaqlar on milyonluq əhali üçün həddindən artıq azdır. Azərbaycan bu baxımdan beynəlxalq səviyyədə təyin olunmuş minimum standartlardan səkkiz dəfə geridə qalır. NH vurğulayır ki, milli proqram əsasında hər bir inzibati ərazidə sığınacaq açılması məqsədi qarşıya qoyulmalı idi.

 

NM qeyd edir ki, Azərbaycanda dövlət və qeyri-dövlət olaraq təsnifləndirə biləcəyimiz iki qrup sığınacaq fəaliyyət göstərir. Ölkədəki 4 sığınacağın 3-ü qeyri-dövlət, 1-i isə dövlət sığınacağıdır. Eyni zamanda ölkədə akkreditasiyadan keçmiş 8 qeyri-dövlət yardım mərkəzi var ki, bunlar da məişət zorakılığından zərərçəkən şəxslərə müxtəlif növ yardım xidməti təşkil edir. Bu siyahıdakı bütün mərkəzlərlə əlaqə saxlayan NM. qeyd edir ki, mərkəzlərin yalnız 3-ü sığınacaq kimi fəaliyyət göstərir. Onların birlikdə maksimum tutumu isə 150 nəfərə yaxındır.

 

Mediasiyanın qəbuledilməzliyi

 

NH əsaslandırır ki, mediasiya institutu dövlət müdaxiləsi olmadan ailədaxili konfliktlərin həll olunması üçün effektiv vasitə olsa da, o həm də zorakılığa görə boşanma işlərinə baxmaq üçün nəzərdə tutulub və bu, qəbuledilməzdir. Zorakılıqdan sonrakı mediasiya zərərçəkən üçün travma olmaqla yanaşı, həm də təhlükəsizlik təhdididir.

 

NM da nümunə olaraq əlavə edib ki, hətta əri tərəfindən bıçaqlanan qadın belə boşanma cəhdi zamanı mediasiyaya cəlb edilib. Həm də, o qeyd edir ki, Mediasiya Şurasının elan etdiyi rəqəmlərə görə Azərbaycanda ailə münaqişəsi nəticəsində mediasiyaya yönələn halların sadəcə 2 faizi barışıqla nəticələnib. Bu rəqəm də əslində mediasiyanın məhz ailə münaqişələri zəmnində effektivliyini şübhə altına alır.

 

VF qeyd etdi ki, uşaqlı ailələrin barışdırılma cəhdləri zamanı daha çox uşaq psixologiyasının qorunması əsas səbəb kimi göstərilir. Halbuki, zorakılıq halları baş verən ailələrdə böyüyən fərdlərin mental sağlamlıqları boşanmış ailələrin uşaqlarından daha çox zərər görür. Hökümətin ailə institutunun qorunmasının keşikçisi kimi çıxış etməsinin uşaq psixologiyasının qorunması məqsədilə edilməsi sual doğuran məsələdir. NH və VF düşünür ki, təbliğ edilən ailə institutu qadınlar üzərində təzyiq mexanizmi kimi istifadə edilir.

 

Hüquqi müdafiə mexanizmləri

 

Məişət zorakılığı ilə bağlı tədqiqatlarla məşğul olan və yardım mərkəzləri ilə əməkdaşlıq edən Vəfa Rüstəm (bundan sonra VR) diqqət çəkib ki, zorakılığa məruz qadınlar üçün mühafizə orderi almağın rüsumu 100 manatdır. Əksər hallarda, həmin qadınların bu xərci qarşılamaq imkanı olmur və bu, pulsuz olmalıdır.

 

Digər tərəfdən mühafizə orderlərinin verilməsi proseduru da problemlidir. Əksər hallarda icra nümayəndələri orderlə bağlı müraciətlərdə müsbət cavab vermirlər. Məsələn, qadın dəfələrlə zorakılığa qalır və hansısa bir zorakılıq aktında icra hakimiyyətinə müraciət edir. Lakin həmin anda qadının üzərində fiziki görünən zədə yoxdursa, bu halda orderi verməkdən imtina edə bilirlər. Hansı ki, heç də bütün zorakılıq növlərinin görünən izləri olmur.

 

Hüquq mühafizə orqanları          

       

Sosial işçi Sənubər Heydərova (bundan sonra SH), 2020-ci ildə bir müddət müharibə zonasında fəaliyyət göstərib. O qeyd edir ki, həmin dövrdə Covid-19 pandemiyası və müharibənin gərginliyi əhali arasında maddə istifadəsinin, eləcə də məişət zorakılığının artməasına səbəb oldu. Bununla mübarizədə hüquq mühafizə orqanları işçilərinin əhəmiyyətli rolu olmalıdır. Lakin, SH qeyd edir ki, hüquq mühafizə orqanlarına davamlı olaraq beynəlxalq təşkilatlar tərəfindən gender həssaslığı təlimləri keçilsə də, onlar yenidən həmin iş mühitinə qayıdıb, məişət zorakılığı kimi işlərdə necə davranmalı olduqlarını bilmirlər.

 

NM əlavə edir ki, polislər üçün məişət zorakılığı işləri ilə bağlı vəzifə təlimatları olmadığı üçün, bu baxımdan öhdəlikləri zəifdir. Onlar konkret çərçivələr əsasında yox, şəxsi keyfiyyətlər əsasında davranırlar. Bu da çox vaxt zorakılığa münasibətdə adekvat davranış forması olmur.

 

NH isə qeyd edir ki, əslində ölkə rəhbərliyinin iddia etdiyi kimi, İstanbul Konvensiyasında bəzi müddəaların maddi olaraq yüksək öhdəliklər qoyması doğru deyil. Çünki, məişət zorakılığı ilə bağlı keyslərlə məşğul olmaq, normal şəraitdə dövlətə daha baha başa gəlir. Çünki, bir nəfər zorakılığa məruz qaldıqda burada sığınacaq, psixoloji yardım, vəkil kimi xərclər yaranır. Halbuki, bunun effektiv mübarizə siyasəti daha ucuz başa gələ bilər. Məsələn, Polis Akademiyasında tələbələrə gender həssaslığı təlimləri keçmək daha az maliyyə tələb edən vasitədir.

 

Müzakirəçilərə görə, zorakılıqdan zərərçəkən qadınların ədalət mühakiməsinə çatımlılığı üçün əsas maneələrdən biri korrupsiyadır. Əksər hallarda tanışlıq və rüşvətlə bu tipli işlər qapadılır və belə hallarda social işçilər qadınlara kömək edə bilmir.

 

Gender kimliyi

 

LGBTİQ+ fəalı Miray Dəniz (bundan sonra MD) məişət zorakılığı müzakirələri çərçivəsində trans fərdlərin problemlərinin diqqətdən kənarda qaldığını vurğulayıb. O deyir ki, trans qadınlar həm daha çox zorakılığa məruz qalır, həm də kirayə ev tutmaq, iş tapmaq kimi imkanlardan məhrum edilirlər. Qanuna əsasən, trans fərdlər rəsmi kimliklərini ancaq əməliyyatdan sonra dəyişə bilərlər. Bu əməliyyat isə Azərbaycanda edilmir və başqa ölkələrdə olduqca bahalıdır. Bu vəziyyətin özü zorakılığın bir forması kimi qiymətləndirilə bilər.  MD trans qadınlara qarşı diskriminasiyada cəmiyyətdə patriarxal düşüncə tərzinin hakim olmasının xüsusi roluna  da diqqət çəkib. Belə ki, trans qadınlar cəmiyyət tərəfindən “daha imtiyazlı” qəbul edilən kişi kimliyindən imtina etmiş kimi qəbul edildiklərindən onlara qarşı diskriminasiya digər qruplarla müqayisədə daha çox müşahidə edilir.

 

Eyni zamanda LGBTİQ+ icmasının Daxili İşlər Nazirliyi və digər rəsmi qurumlara şikayəti halında Azərbaycanda nifrət nitqinin yönəldiyi sosial qruplar arasında belə bir qrupun mövcud olmadığı cavabı alınıb. Bu, dövlətin açıq fobik münasibətini göstərir. Trans fərdlərin minimal təhlükəsizlik tələbatları ödənilmir və onlar daha ağır zorakılıq hallarında belə polisə müraciət etməkdən çəkinirlər. MD qeyd edir ki, onun tanışı əlindən bıçaqlandığı halda polisə getməməyi üstün tutub. Çünki, polisdə aşkar diskriminativ münasibətlə üzləşirlər.

 

O, həm də qeyd edir ki, LGBTİQ+ icması mövcud vətəndaş cəmiyyəti tərəfindən yetəri qədər dəstək almır və bu da  icmanın problemlərinin görünməz olmasına şərait yaradır.

 

VR keyslərə əsasən bildirir ki, trans qadınlara qarşı zorakılıq nəticəsində zərəçəkənin öldürülməsi halları daha çoxdur. Azərbaycanda qanun qarşısında hamı bərabər olmalı olsa da, trans qadınlar qətl olunanda ədalət mühakiməsi daha diskriminativ olur, baxmayaraq ki, həmin şəxslər nifrət cinayətinə qurban getmiş olurlar. Ona görə, cəmiyyətə yanlış mesajlar verilməməsi üçün, trans qadınlara qarşı nifrət cinayətlərində də digər ağır cinayət hallarında olduğu kimi, ağırlaşdırıcı hallar nəzərə alınmalıdır.

 

Nümunə olaraq NM qeyd edir ki, trans qadın Nuray xüsusi amansızlıqla dəfələrlə bıçaqlanıb, sonradan əlləri bağlı yandırılaraq öldürülsə də, cinayətkara qəsdən adam öldürmə üçün nəzərdə tutulan ən minimum cəza, yəni 9 il hökm verildi.

 

Müzakirəçilər həm də sığınacaqların trans fərdləri üçün inkluziv olmaması faktoruna da diqqət çəkib. NH qeyd edir ki, sığınacaqlar əksər hallarda trans fərdləri qəbul etmir və bunu həmin sığınacaqdakı şəxslərin etirazları ilə əsaslandırırlar. Belə olan halda isə trans qadınlar təhlükəsizlik üçün heç bir müdafiə mexanizmindən istifadə edə bilmir.

 

Müəllif
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv müxtəlif sahələrdə fəaliyyət göstərən tədqiqatçılar və ekspertlər tərəfindən 2022-ci ildə qurulmuş müstəqil beyin mərkəzidir.

Paylaş