Agora Analitik Kollektiv Azərbaycan dörd televiziya kanalında yayımlanan ictimai-siyasi məzmunlu verilişlərdə qadınların ekspert qismində iştirak səviyyəsini öyrənmək üçün monitorinq edib. Toplanan məlumat çərçivəsində ictimai-siyasi (eləcə də sosial-iqtisadi) mövzuların müzakirə edildiyi proqramlarda qadın və kişi qonaqların sayı hesablanıb.
Monitorinq Azərbaycan Televiziyasının (AzTV) “Çıxışa doğru”, İctimai Televiziyanın (İTV) “Sabaha saxlamayaq”, ARB 24 televiziyasının “İşgüzar səhər” və CBC Televiziyasının “Экономика дня”, “Актуально сегодня”, “Aспекты иностранных дел” verilişlərinin 1-31 yanvar tarixlərində yayımlanan proqramlarını əhatə edib.
Nəticələrə görə Azərbaycan Televiziyasında (Aztv) yayımlanan “Çıxışa doğru” verilişinin efirində yanvar ayı ərzində iştirak edən ümumilikdə 87 qonağın cəmi 21 nəfərini (24%) qadınlar təşkil edib.
İctimai Televiziyada (İTV) yayımlanan “Sabaha saxlamayaq” proqramında isə ay ərzində toplam 71 qonaq iştirak edib ki, onlardan cəmi 16 nəfəri (23%) qadınlar olub.
CBC Televiziyasında yayımlanan “Экономика дня”, “Актуально сегодня”, “Aспекты иностранных дел” verilişlərində yanvar ayında toplam qonaq sayı 93 nəfərə bərabər olsa da, onlardan sadəcə 8 nəfəri (9%) qadınlardır.
ARB24 televiziyasında yayımlanan “İşgüzar səhər” verilişinin eyni dövrdə 10 proqramı monitorinqə cəlb edilib. Həmin 10 proqramda toplam 79 qonaq iştirak edib və onlardan cəmi 5 nəfəri (6%) qadınlar olub.
Nəticələrdən göründüyü kimi, Azərbaycanın efir məkanında ictima-siyasi, eləcə də sosial-iqtisadi mövzuların müzakirəsində əsasən kişilər qonaq kimi dəvət olunur və bu sahələrdə ixtisaslaşan qadın ekspertlərin sayı aşağıdır.