Azərbaycan vətəndaşlarının ən çox miqrasiya etdiyi ölkələrdən biri Türkiyədir. Türkiyə son illər, xüsusilə, Yaxın Şərq və Mərkəzi Asiya regionu başda olmaqla bir çox regiondan miqrantların əsas miqrasiya istiqamətlərindən birinə çevrilib. Türkiyə Miqrasiya Qurumunun noyabrın əvvəlinə olan rəsmi məlumatına görə, hazırda Türkiyədə 1 milyon 336 min xarici ölkə vətəndaşı rəsmi yaşayış icazəsi ilə yaşamaqdadır. 10 il öncə, 2012-ci ildə bu göstərici cəmi 321 min nəfərə yaxın idi. Yəni, son 10 ildə 1 milyon xarici ölkə vətəndaşı Türkiyədə rəsmi yaşayış icazəsi alıb.
Qeyd edək ki, bu göstəriciyə müharibədən sonra Türkiyəyə gələn suriyalılar daxil deyil. Çünki onların böyük əksəriyyəti Türkiyədə qaçqın statusu ilə yaşamaqdadır. Hazırda Türkiyədə məskunlaşan suriyalı qaçqınların sayı 4 milyon nəfərə yaxındır. Onu da nəzərə almaq lazımdır ki, miqrantların bir qismi rəsmi yaşayış icazəsi olmadan – qeyri-rəsmi olaraq Türkiyədə yaşayır. Rəsmi açıqlamalara görə, Türkiyədəki əcnəbilərin sayı 5.5 milyon nəfərdən çoxdur.
Hazırda 65 min 315 nəfər Azərbaycan vətəndaşı rəsmi yaşayış icazəsi ilə Türkiyədə yaşamaqdadır. Bu göstərici ilə Azərbaycan 100-dən artıq ölkə içərisində altıncı yerdədir.
Cədvəl 1: Türkiyədə rəsmi yaşayış icazəsi olan miqrantların ölkələr üzrə sayı – ilk 10 ölkə.

Mənbə: Türkiyə Miqrasiya Qurumu
Türkiyədə rəsmi yaşayış icazəsi olan Azərbaycan vətəndaşlarının 42 faizi – 27.394 nəfər qısamüddəti (1 ilədək), 58 faizi – 37.921 nəfər isə uzunmüddətli rəsmi yaşayış icazəsinə malikdir.
Azərbaycanlılar Türkiyədə tələbələrə verilən yaşayış icazələrinin sayına görə birinci yerdədir (bax: Cədvəl 2). Hazırda 13 min 661 Azərbaycan vətəndaşı orada məhz tələbələr üçün nəzərdə tutulan rəsmi yaşayış icazəsi ilə yaşamaqdadır. Onu da nəzərə almaq lazımdır ki, Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşavirliyinin açıqlamasına görə, Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı 28 min 500 nəfərə bərabərdir. Bu baxımdan, aydın olur ki, tələbələr üçün nəzərdə tutulan deyil, digər növ yaşayış icazəsinə sahib olan Azərbaycan vətəndaşları arasında da, Türkiyədə təhsil alanlar var.
Cədvəl 2: Türkiyədə tələbələr üçün nəzərdə tutulmuş rəsmi yaşayış icazəsinə sahib olan şəxslərin vətəndaşlıqlarına görə sayı.

Mənbə: Türkiyə Miqrasiya Qurumu
Azərbaycan vətəndaşlarının ilk sırada olduğu digər bir rəsmi yaşayış icazəsi növü ailələr üçün nəzərdə tutulan rəsmi yaşayış icazələridir. Bu növ yaşayış icazəsi Türkiyə vətəndaşları ilə nikaha girən şəxslərə verilir. Hazırda 12 min 838 Azərbaycan vətəndaşı Türkiyədə məhz bu növ yaşayış icazəsi ilə qalmaqdadır.
Cədvəl 3: Ailələr üçün nəzərdə tutulmuş rəsmi yaşayış icazəsinə sahib olan şəxslərin vətəndaşlıqlarına görə sayı.

Mənbə: Türkiyə Miqrasiya Qurumu
Qeyd edək ki, Türkiyə Statistika Qurumunun məlumatına görə, 2021-ci ildə Türkiyə vətəndaşları 23 min 687 əcnəbi qadınla ailə qurub. Azərbaycanlı qadınlar Türkiyə vətəndaşı kişilərin ən çox ailə qurduğu ikinci ölkə vətəndaşlarıdır. Ötən il Türkiyə vətəndaşlarının ailə qurduğu əcnəbi ölkə vətəndaşı olan qadınların 14.6 faizi, yəni, təxminən 3 min 500 nəfəri Azərbaycan vətəndaşı olan qadınlar olub.
2021-ci ildə xarici ölkə vətəndaşı olan kişilərlə evlənən Türkiyə vətəndaşı qadınların sayı isə 4 min 976 nəfərə bərabər olub. Onlardan 4.2 faizi – yəni, 209 nəfərə Azərbaycan vətəndaşı olub. Azərbaycanlı kişilər Türkiyəvətəndaşı olan qadınların evləndikləri əcnəbilər arasında Almaniya, Suriya, Avstriya və Əfqanıstandan sonra beşinci yeri tutub.