Vizual data | Azərbaycandan Şengen vizasına müraciət və imtina statistikası

2015-ci ildə Azərbaycanın milli valyutası (AZN) il ərzində xarici valyutalara qarşı iki dəfəyə yaxın dəyər itirdi. Bu proseslər ölkə iqtisadiyyatının zəifləməsi və milli valyutanın alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə nəticələndi. 2014-2021-ci illərdə Azərbaycan vətəndaşları tərəfindən Şengen vizası alınması ilə bağlı müraciətlərin təhlili göstərir ki, devalivasiyadan sonrakı illərdə Avropaya səfər etmək iqtidarında olan azərbaycanlıların da sayında azalma qeydə alınıb.

 

Əgər 2015-ci ildə 73 mindən çox Azərbaycan vətəndaşı Şengen vizası əldə etmək üçün müracitə etmişdisə, növbəti iki il ərzində bu göstərici 15 min nəfərə yaxın və ya 20 faiz azalaraq 58 min 647 nəfərə enib. Pandemiyadan öncəki il 2019-cu ildə Şengen vizası üçün müraciət edənlərin sayında yenidən artım qeydə alınıb. Ancaq, sərt səyahət məhdudiyyətlərinin tətbiq edildiyi 2020-2021-ci illərdə Azərbaycandan Şengen vizası üçün müraciət edənlərin sayı əvvəlki illərə nəzərən təxminən 4-5  dəfə azalıb.

 

Mənbə: schengenvisainfo

Mənbə: schengenvisainfo

 

Devalivasiyadan öncəki və sonları rəqəmlərin təhlili göstərir ki, son illərdə Şengen vizası üçün müraciət edənlərin sayının artması ilə yanaşı, viza müraciətinə imtina cavabı verənlərin sayında artım qeydə alınıb. Əgər devalivasiyadan öncə, 2014-cü ildə Azərbaycandan edilən Şengen vizası müraciətlərinn cəmi 4.23 faizinə imtina cavabı verilirdisə, 2017-ci ildə bu rəqəm 13.76 faizə yüksəlib. Yəni, üç il ərzində imtina cavablarının payı üç dəfədən çox artıb.

 

Rəsmi rəqəmlərə görə, pandemiyadan öncə, 2019-cu ildə Azərbaycan vətəndaşları Şengen vizası üçün ən çox Bakıdakı Fransa səfirliyinə müraciət edib. Həmin il Azərbaycandan Şengen vizası üçün edilən müraciətlərin 28 faizi məhz Fransa səfirliyində qeydə alınıb. Onu da qeyd edək ki, Fransa səfirliyi Fransadan başqa digər bir neçə ölkə üçün də, viza müraciətlərini qəbul edir. 

 

Mənbə: schengenvisainfo

 

2019-cu ildə Azərbaycan vətəndaşlarına Şengen vizası üçün ən çox imtina edən səfirlik Yunanıstan səfirliyi olub. Azərbaycandan bu ölkənin Bakıdakı səfirliyinə daxil olan Şengen vizası müraciətlərinin 17.4 faizi imtina ilə nəticələnib. Litva (15.1%) və Almaniya (13.6%) səfirlikləri də, imtinaların payına görə ilk üçlükdədir.

 

Pandemiya dövründə – 2021-ci ildə Azərbaycandan ən çox viza müraciəti daxil olan Avropa ölkələri isə Almaniya (26%), Fransa (25%) və Macarıstandır. (14%). 2021-ci ildə imtinaların müraciətlər arasında ən çox yer tutduğu ilk üç ölkə isə müvafiq olaraq Almaniya (10.7%), Litva (8.8%) və Macarıstan (7.6%) olub.

Müəllif
Mərmər-Gülçin Cəfərli
Mərmər-Gülçin Cəfərli
İsveçrənin Qlion Ali Təhsil İnstitutunda Daşınmaz Əmlak Maliyyəsi və Gəlirlərin İdarə edilməsi üzrə bakalavr təhsili alıb. O, biznes mühiti, inkluziv iş yeri və sirkulyar biznes mövzularında araşdırma aparır.

Paylaş