Vizual data | Azərbaycanda Avropa İttifaqına inam

EU Neighbours East platforması Azərbaycan əhalisi arasında Avropa İttifaqı (Aİ) və digər beynəlxalq qurumlara inamla bağlı keçirilən ictimai rəy sorğunsunun nəticələrini elan edib. Sorğu Avropa İttifaqının 2009-cu ildə yaradılan Şərq Tərəfdaşlığı Təşəbbüsünə qoşulmuş 6 ölkədə (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna) paralel olaraq 2022-ci ildə keçirilib. Agora Analitik Kollektiv həmin sorğunun önəm kəsb edən tapıntılarını təqdim edir.

 

Nəticələrə əsasən, Avropa İttifaqı Azərbaycanlı respondentlər arasında ən çox etimad edilən beynəlxalq qurum olsa da, bu göstəricilər yenə də aşağıdır (bax: Cədvəl 1). Azərbaycanlıların 43%-i Aİ-yə inandığını, 24%-i inanmadığını, qalan 32%-isə ya fikrinin olmadığını, ya da bu haqda eşitmədiyini bildirib. Sıradakı iki beynəlxalq təşkilat, BMT və NATO-ya Azərbaycanda ictimai inam, müvafiq olaraq 21% və 20%, inamsızlıq isə 35% və 34% təşkil edib. Ən az etimad olunan və haqqında məlumatlılığın ən cüzi olduğu beynəlxalq qurumlar isə Avrasiya İqtisadi İttifaqı və Gömrük İttifaqıdır. Bunlar haqqında fikri olmayanların nisbəti, müvafiq olaraq respondentlərin 66% və 68%-idir.

 

Cədvəl 1

 

Şərq Tərəfdaşlığı ölkələri arasında Belarusdan sonra əhali arasında Aİ-yə ən az inamın olduğu ölkə Azərbaycandır. Onu da qeyd etmək lazımdır ki, 2020-ci ildə saxtakarlıq şəraitində keçirilən prezident seçkiləri və davam edən xalq etirazında qarşı repressiyadan sonra, Belarus hakimiyyəti Aİ tərəfindən sanksiyalarla üzləşdi və cavab olaraq, Belarus rəhbərliyi Şərq Tərəfaşlığı proqramında iştirakını dayandırdı. Bu baxımdan, Şərq Tərəfdaşlığının hazırki iştirakçıları arasında Azərbaycan Aİ-yə inam və onun haqqında məlumatlılıq göstəricisinə görə ən geridədir.

 

Qonşu Gürcüstan, respondentlərin 83%-i ilə Aİ-yə ən çox inamın olduğu ölkədir. Ermənistanda isə bu 55% olsa da, inamsızlıq da olduqca böyük nisbət təşkil edir: 37% (bax: Cədvəl 2).

 

Cədvəl 2

 

Sorğunun nəticələri illər üzrə müqayisə olunduqda görünür ki, Azərbaycanda Aİ-yə ictimai etimad faizləri dəyişkən olsa da, son 5 ildə geriləyib (bax: Cədvəl 3). Əgər ilk belə sorğunun keçirildiyi 2017-ci ildə respondentlərin yarıdan çoxu – 51%-i Avropaya inam ifadə edirdisə, bu il həmin rəqəm 8% azdır.

 

Azərbaycanda Aİ ilə bağlı təsəvvürlərin zəifləməsinə səbəb olaraq, ölkədə bir zamanlar rəsmi səviyyədə də yayğın olan avrointeqrasiya gündəminin tamamilə aradan qaldırılmasını, Qarabağ münaqişəsində Aİ-nin mövqeyini, ölkə daxilində avrointeqrasiya tərəfdarı olan vətəndaş cəmiyyəti aktorlarının marginallaşdırılmasını və ölkə rəhbərliyinin yaratdığı ictimai diskursda Aİ-nin mövqeyinin zəiflədilməsini qeyd etmək olar. Nəticədə, Azərbaycan cəmiyyətində Aİ ilə bağlı məlumatsızlıq daha da artaraq 32%-ə çatıb.

 

Cədvəl 3

 

Azərbaycanlı respondentlər Aİ-nin ölkələrinə maliyyə yardımlarını yüksək qiymətləndirmir. Respondentlərin 18%-i həmin yardımları yüksək, 28%-i aşağı qiymətləndirir, 46%-in isə məlumatı və ya fikri yoxdur. Ən çox qiymətləndirilən maliyyə yardımı 80% ilə Türkiyəninki, ən az qiymətləndirilənlər isə, 7%-lə ABŞ və Çininkidir (bax: Cədvəl 4).

 

Buna baxmayaraq, Agoranın daha öncə dərc etdiyi təhlilə əsasən, Azərbaycanın inkişafı üçün edilən maliyyə yardımları arasında ən böyük pay sahibi Avropa İttifaqıdır ki, bu vəsaitin də indiyə qədərki həcmi 1 milyard avronu ötüb.

 

Cədvəl 4

 

Sorğunun nəticələrinə əsasən görünür ki, Aİ, Şərq Tərəfdaşlığı ölkəsi olmasına baxmayaraq, Azərbaycanda görünmə imkanlarından təsirli şəkildə istifadə edə bilmir və burada yerli əhali arasında əhəmiyyətli inam problemi ilə üz-üzədir.

Müəllif

Paylaş