Agora Sualı | Söyüdlü məsələsində nələr fərqli ola bilərdi?

Gədəbəy rayonunun Söyüdlü kəndinin çoxsaylı sakinləri 20 iyun tarixində bölgədə yerləşən qızıl mədəninin ikinci tullantı gölünün yaradılması planına qarşı etiraz üçün toplaşdı. Yerli sakinlər onların yaşayış məntəqələrinin yaxınlığında siyanid də daxil olmaqla zəhərli kimyəvi tullantıların buraxıldığı süni gölün onların sağlamlığına, ətraf mühitə və kənd təsərrüfatına zərərlərindən şikayətlənirdilər (həmin zərərlərlər haqqında saytımızda dərc olunan yazıda oxuya bilərsiniz). Etiraz aksiyasının qarşısı polis zorakılığı ilə alındı, bir neçə yaşlı sakin şiddətə məruz qaldı, 10 nəfər saxlanıldı və onlardan beşi inzibati qaydada həbs olundu. Digər tərəfdən, Baş Nazirin sərəncamı ilə Söyüdlü kəndində monitorinqin aparılması üçün Komissiya yaradılsa da, Ekologiya və Təbii Sərvətlər Nazirinin başçılıq etdiyi bu qrupun faəliyyəti və gəldiyi nəticələr ilə bağlı qeyri-müəyyənlik qalmaqdadır.

 

Hadisənin üstündən həftələr keçməsinə baxmayaraq, Söyüdlü kəndi polis blokadasında qalır, sakinlərin hərəkət azadlığı və kanər dünya ilə ünsiyyət imkanları məhdudlaşdırılıb. Eyni zamanda, ətraf mühit fəalları mümkün ekoloji fəlakətdən, hüquqşünaslar isə sakinlərə qarşı kütləvi hüquq pozuntularından bəhs edirlər. Söyüdlü hadisəsi dövlət-cəmiyyət münasibətlərində növbəti gərginlik nümunəsi idi və bu, konsensus əvəzinə probemin daha dərinləşməsi ilə nəticələndi. Belə vəziyyətlərdə müxtəlif maraq qruplarının – vətəndaş cəmiyyətinin iştirakı məsələnin ictimai maraqlara uyğun həllinə töfhə verə bilərdi.

 

Bəs Azərbaycanda vətəndaş cəmiyyəti qruplarının fəaliyyəti üçün şərait olsaydı, Söyüdlü məsələsində nə fərqli olardı? Bu sualı müxtəlif istiqamətlərdə fəaliyyət göstərən vətəndaş cəmiyyəti təmsilçilərinə ünvanladıq. Cavabları aşağıda təqdim edirik:

 

Ətraf mühitin qorunması üçün yaradılmış Ecofront hərəkatının nümayəndəsi Kənan Xəlilzadə:

 

Biz, Söyüdlünün ətrafındakı çaylardan su nümunələri götürmüşdük ki, onları laboratoriyada yoxladaq. Ancaq polis əməkdaşları onları məndən götürdülər. Əgər biz onları yoxlada bilsəydik, suların və ətraf mühitin çirklənməsi ilə bağlı bir nəticəyə gələ bilərdik. Bu da məsələnin həllinə müəyyən töfhələr verə bilərdi.

 

Ətraf mühitin qorunması üçün çalışan Ecobill təşəbbüsünün nümayəndasi Röya Məlikzadə:

 

Üzləşdiyimiz üç əsas məsələ var. Birincisi odur ki, araşdırmalarımızın keyfiyyətli və davamlı olması mümkün deyil. Mən hadisənin birinci günü Söyüdlüyə getdim, sonra isə obyektiv səbəbdən gedə bilmədim. Birinci gün insanlar öz fikirlərini bölüşməyə həvəsli idilər, növbəti günlərdə həm blokada, həm də təzyiqlərlə üzləşdilər. İndi icmanın iştirakı olmadığı üçün biz bu araşdırmaya daha çox subyektiv yanaşmalı oluruq və bu da onun keyfiyyətini azaldır. İkinci məsələ odur ki, ekoloji sahədə məlumatlar açıq deyil. Məsələn, qızıl mədəninin payçısı olan “Anqlo Asian Mayninq Kompani”-nin saytında heç bir açıq məlumat yoxdur. Həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi əraziyə getdiyini bildirsə də, bununla bağlı heç bir məlumat tapa bilmirik. Araşdırma nəticələri internetdə yoxdur ki, onlara istinad edək. Daha bir məsələ isə hüquqi yardımla bağlıdır. Biz bunun üçün işçi qrupu yaratmışıq. Lakin, təəssüf ki, biz əlaqə saxlasaq da, insanlar həm ekoloji məsələdə, həm də digər pozuntularla bağlı hüquqi yardımdan imtina edirlər. İnsanların gözünü qorxudublar və biz bu baxımdan fəaliyyətimizi həyata keçirə bilmirik.

 

Söyüdlü İşi üzrə İşçi Qrupu nümayəndəsi, hüquqşünas Səməd Rəhimli:

 

İmkan verilsəydi, biz çox iş görə bilərdik. İlk növbədə, orada polis zorakılığına məruz qalan şəxslərin məsələlərini biz prokurorluqda qaldıra bilərdik. Yəni, Cinayət Məcəlləsinin 293-cü maddəsinə uyğun olaraq, polisin pis rəftar hərəkətlərinə prokurorluq qiymət verməlidir. Bu maddə işgəncəni, qeyri-insani və ləyaqəti alçaldan rəftarı qadağan edir və belə rəftara görə dövlət orqanlarının əməkdaşlarına məsuliyyət nəzərdə tutur. Əgər prokurorluqda nəticə çıxmasaydı, biz bunu yerli məhkəmələrə, sonra isə Avropa İnsan Hüquqları Məhkəməsinə apara bilərdik. İkinci bir məsələ, orada inzibati qaydada 20 sutka həbs verilən şəxslər var. Artıq həmin şəxslərlə bağlı şikayət vermək müddəti ötdü. Çox təəssüf ki, biz onların özləri və yaxınları ilə əlaqə saxlaya bilədiyimiz üçün, şikayət verə bilmədik. Bununla yanaşı bir nəfər cərimələnən də var idi. Amma onlar hamısı polis tərəfindən qorxudulub. Ona görə biz inzibati həbs və cərimə ilə bağlı məsələni məhkəmədə mübahisələndirə bilmədik. Bundan əlavə, orada yaradılan süni göl ilə bağlı məsələdə lazımi araşdırmalar aparıb sübutlar toplasaydıq, bunu həm ölkədaxili məhkəmələrdə “sağlam ətraf mühitdə yaşamaq” hüququ və “sağlamlıq” hüququ adı altında müdafiə edə bilərdik, həm də ki, – əgər bir nəticə olmasa, – Avropa Məhkəməsində dövlətin “yaşamaq” hüququ öhdəlikləri çərçivəsində qaldıra bilərdik. Əgər yaşamaq üçün heç bir təhdid təşkil etmirdisə, gündəlik həyata təsirləri ilə bağlı “şəxsi həyat” hüququ çərçivəsində sağlam ətraf mühitdə yaşamaq ilə bağlı məsələni qaldıra bilərdik. Lakin, biz bunların heç birini edə bilmirik, çünki kəndin blokadası davam edir.

 

Qadınların səlahiyyətləndirilməsi sahəsində çalışan Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyəti təşkilatının nümayəndəsi Şəhla İsmayıl:

 

Mən deyə bilərəm ki, biz nə etməyə çalışdıq və edə bilmədik. İlk növbədə, bütün olanları eşitdikdə Söyüdlüyə səfər etmək istədik. Dərhal belə cavab aldıq ki, nə jurnalistlər, nə də vətəndaş cəmiyyəti nümayəndələri ora buraxılmır: sakin olmayanlara giriş qadağandır. Keçmişdə bu tipli, hətta daha kiçik insidentlər olanda, xüsusilə də qadınlarla bağlı olduqda, mütləq təşkilatımızın nümayəndələri, – biri hüquqşünas olmaqla, – bölgəyə səfər edərdi, orada insanlarla görüşər və müşahidələr aparardı. Monitorinqin nəticələri əsasında müvafiq orqanlara müraciət ünvanlanardı. Bu da vətəndaş cəmiyyətinin ictimai nəzarət funksiyasınən tamlıqla yerinə yetirilmə nümunəsi ola bilərdi. 2013-cü ilin dekabr ayından etibarən vətəndaş cəmiyyətinin fəaliyyətini məhdudlaşdıran bütün bu qanunvericiliyi nəzərə alaraq, faktiki olaraq, sadaladığım heç bir şeyi edə bilmirik. Daha uzunmüddətli müstəvidə bölgələrdə maarifləndirmə işi aparmaq olardı ki, yerlilərin öz dərdlərini dövlət qurumlarına effektiv formada çatdırması üçün ictimai vəkillik və kampaniya aparmaq bacarıqları artırılsın. Biz keçmişdə bunları edirdik.

 

İctimai iştirakçılığın təşviqi ilə məşğul olan Artikl 54 təşəbbüsünun nümayəndəsi Əbülfəz Qurbanlı:

 

Biz, əsasən, rayonda işləyən müstəqil vətəndaş cəmiyyəti təşkilatı olaraq, hazırkı çətinliklər və resurs qıtlığı ilə üz-üzə qalmasaydıq, daha çox rayonda işləyə və daha çox yerli problemlərdən xəbər tuta bilərdik. O cümlədən, Gədəbəy rayonunun Söyüdlü kəndində hazırda aktual olan problem haqqında da məlumatlı olardıq və digər rayonlarda olduğu kimi burada da ictimai vəkillik fəaliyyətini həyata keçirə bilərdik. İctimai vəkillik deyəndə, biz, həmin problemin özünün ətraflı araşdırılması, qiymətləndirilməsi, bununla bağlı maraqlı tərəflərlə əlaqələrin qurulması, imzatoplama və ictimai dinləmələr vasitəsilə vətəndaşların iştirakı ilə problemin həlli üçün çalışa bilərdik. Söyüdlünün blokadada olması və vətəndaş cəmiyyətinin ora buraxılmaması bizə imkan vermir ki, oradakı insanların vəziyyətini öyrənək. Biz istərdik ki, ora səfər edək, insaların hal-hazırkı durumunu və istəklərini öyrənək, onlara hüquqi yardım göstərək, müstəqil ekoloji ekspertiza tələb edək, qiymətləndirmə həyata keçirək və vətəndaşların yanında olaq.

 

Sosial hüquqların təminatı sahəsində çalışan Sosial Hüquqlar Mərkəzi nümayəndəsi Sübhan Həsənli:

 

Bu məsələnin iki tərəfi var: mövcud hüquqi durum və bu durumdan müstəqil olaraq vətəndaş cəmiyyətinin fəaliyyəti. Hüquqi durum yaxşı olsaydı daha güclü media və daha güclü vətəndaş cəmiyyəti olardı. Təşkilatlar 2014-cü ildən bəri çoxlu insan resurslarını itirdi. Daha çox insan olsaydı, daha çox ictimai nəzarət olardı. Bizim bölgələrlə bağlı fəaliyyətimizdə çox ciddi problemlər var. Konkret sosial hüquqlarla bağlı, əgər imkan olsaydı, biz sosial işçilərlə birgə ora gedib, insanların sosial təminatını araşdırardıq və ehtiyacı olanlara ünvanlı sosial yardım verilməsinə dəstək olardıq, ordakı mövcud sosial-iqtisadi vəziyyəti ölçərdik. Lakin, Söyüdlü kəndində hətta blokada aradan qaldırılsa belə, bizim yenə də belə imkanlarımız yoxdur, çünki bu, əvvəldən gələn bir problemdir. Həmçinin, vətəndaş cəmiyyəti, əsasən, şəhərdə (Bakı) fəaliyyət göstərir və bölgələrdə nə baş verdiyi ilə bağlı çox ibtidai biliyə malikdir. Digər tərəfdən, dövlət qurumları bizi tərəf kimi qəbul etmir. Hüquqi statusumuzun olmaması da buna təsir göstərir.

Müəllif
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv müxtəlif sahələrdə fəaliyyət göstərən tədqiqatçılar və ekspertlər tərəfindən 2022-ci ildə qurulmuş müstəqil beyin mərkəzidir.

Paylaş