Qarabağ münaqişəsində iqtisadi layihələrin sülhqurucu imkanları

30 ildən çox davam edən Ermənistan-Azərbaycan münaqişəsi Cənubi Qafqazda regional əməkdaşlığa əsas maneələrdən biri olaraq qalır. 2023-cü ilin sentyabrında Azərbaycan qüvvələri tərəfindən həyata keçirdiyi hərbi əməliyyat Qarabağın tam nəzarətə keçməsinə gətirib çıxarsa da, sülh müqaviləsinin imzalanmaması vəziyyətin hələ də qeyri-sabit olduğunu göstərir.

 

Hazırda Azərbaycan-Ermənistan sülh prosesi hökumətlərarası danışıqlarla məhdudlaşır. Bu danışıqlarda sərhədlərin delimitasiyası və hökumətlərin maraqlarına xidmət edəcək iqtisadi layihələrin təşviqi məsələlərinə xüsusi diqqət yetirilir. Bu cür layihələr, həqiqətən də, ümumi gərginliyin azaldılmasına töhfə verə bilər. Lakin daha geniş miqyasda bu cür layihələrin həyata keçirilməsi icmalar arasında əlaqə yaradıb, yerli insanların maraqlarına xidmət etməlidir. Araşdırmalar göstərir ki, qeyri-hökümət iqtisadi əlaqələr münaqişə içində yaşayan icmaların və xalqların arasında körpülər qurmaqla münaqişələrin qarşısını ala bilər. Dünyanın müxtəlif hissələrində, o cümlədən Şimali İrlandiyada, Kolumbiyada və Cənubi Afrikada iqtisadi əməkdaşlıq münaqişə gərginliyin tədricən azaldılmasına böyük təkan verib.

 

Regional infrastrukturun və iqtisadiyyatın inkişafına yönəldilmiş sərmayələr insanların yaşayış şəraitini yaxşılaşdırmaq, xalqlar arasında əməkdaşlığı təşviq etmək üçün imkanlar yarada bilər. İqtisadi layihələr regionda sülh quruculuğu prosesində müsbət dəyişikliklərə nail olmaq üçün yerli icmaların kənd təsərrüfatı, ticarət və biznesə cəlb edilməsini əhatə etməlidir. Sərhədlərin və ümumi nəqliyyat infrastrukturunun açılması ilə təşviq olunan ticari-iqtisadi əməkdaşlıq bunun üçün əsas şərtdir.

 

Bu baxımdan Azərbaycan və Ermənistan xalqlarının arasında əməkdaşlığa yol vermiş Gürcüstandakı Sadaxlı bazarının təcrübəsindən çox şey öyrənmək olar. Münaqişənin davam etməsinə və sərhəddəki müntəzəm gərginliyə baxmayaraq, Sadaxlı bazarı 1990-cı illərdə Gürcüstanda əsasən etnik azərbaycanlıların məskunlaşdığı və Ermənistanla sərhəddə yerşələn Sadaxlı kəndində açılıb. Bu bazar yüzlərlə azərbaycanlı və erməni kəndlinin işgüzar münasibətlərdə mübadilə edə bildiyi ticarət mərkəzinə çevrilmişdi. Bazar sərhədin hər iki tərəfindəki yerli icmalar üçün mühüm iqtisadi rol oynayırdı. Yerli fermerlər və tacirlər kənd təsərrüfatı məhsulları, mal və xidmət mübadiləsi apararaq, qeyri-rəsmi şəbəkələri və siyasi qarşıdurmanı aşan insanlararası münasibətləri inkişaf etdirmişdilər.

 

Bazarın iqtisadi əməkdaşlığı möhkəmləndirmək qabiliyyəti, eləcə də hər iki ölkənin əhalisinin ən yoxsul təbəqəsini təmsil edən kənd sakinlərinin arasında ticarətin qərəzsiz iqtisadi münasibətləri bazarın uğurlu fəaliyyətinə təsir etmişdi. Ermənistan və Azərbaycanın Gürcüstana qonşu kəndlərində yaşayan insanlar öz ölkələrində iqtisadi şəraitin pis olması səbəbindən münaqişəyə baxmayaraq öz aralarında ticarətlə məşğul olurdular. Sadaxlı bazarı Gürcüstan-Cənubi Osetiya iqtisadi əməkdaşlığına təkan verən Erqneti bazarı ilə yanaşı 1990-2000-ci illərdə fəaliyyət göstərməyə davam edirdi. 2006-ci ildə Saakaşvili hökumətinin yerli qaçaqmalçılıq və korrupsiya ilə mübarizə siyasətin əsasında hər iki bazar bağlanmışdı. Bazarların bağlanması isə yerli əhalinin yaşayış şəraitinə ciddi şəkildə təsir edərək, insanlar arasında təmasları məhdudlaşdırmış, hər iki münaqişədə yerli icmaların bir-birinə olan münasibətlərə tədricən təsir göstərmişdi.

 

Azərbaycanın quru sərhədinin və Sadaxlı bazarının yenidən açılması və bunun kimi digər iqtisadi tədbirlər siyasi maneələri aşmaq potensialına malikdir. Bu, erməni və Azərbaycanlı icmaları arasında münasibətlərin normallaşmasına təkan verə bilər. Sadaxlı bazarı icmalar arasında mövcud olan etnik qarşıdurmaya baxmayaraq, ticari əməkdaşlığın barışıq imkanlarını göstərdi. İqtisadi əməkdaşlığın əhatə dairəsini genişləndirərək, ticari tərəfdaşlığının təşviqi müharibəsonrası münasibətləri və icmalar arasında anlaşma və etimadı stimullaşdıra bilər. Aparıcı sülhməramlı təşkilatlar Gürcüstan ərazisində erməni və Azərbaycan əhaləsinə xidmət göstərəcək xüsusi iqtisadi zonanın yaradılmasını 2020-ci ildən sonrakı dövrdə etimadın möhkəmləndirilməsi tədbirləri kimi təklif etmişdilər.

 

Onu da qeyd etmək lazımdır ki, iqtisadi layihələr sülh üçün əlverişli mühit yaratsa da, Ermənistan-Azərbaycan münaqişəsinin əsasını qoyan dərin siyasi və tarixi ziddiyyətləri həll edə bilməz. Bu gün cəmiyyətlər arasında etimadsızlıq səviyyəsi yüksək olaraq qaldığına görə, sülh quruculuğu prosesində iqtisadi layihələrdən ciddi irəliləyiş gözləmək çətindir. Ümumiyyətlə, münaqişənin tarixi sülh quruculuğu prosesində iqtisadi layihələrin məhdudiyyətini göstərir.

 

1988-ci ildə, münaqişənin əvvəlində, Sovet hökumətinin iqtisadi yardımla Qarabağin erməni əhalisinin dəstəyini qazanmaq səyi və yerli iqtisadiyyatın inkişafı üçün ayrılan 400 milyon rubl sərmayə proqramı regiondakı qeyri-sabit vəziyyətə heç bir dəyişiklik gətirmədi. Sonrakı illərdə münaqişənin həlli üçün iqtisadi layihələrdən istifadə etmək cəhdləri kütləvi ictimai dəstək qazana bilmədi. Bununla yanaşı, təkliflər arasında 1990-cı illərdə irəli sürülən Azərbaycandan Türkiyəyə keçəcək enerji marşrutunun Ermənistan ərazisində tikintisi və Dağlıq Qarabağda azad iqtisadi zonanın yaradılması kimi iddialı layihələr də var idi. Tərəflər arasında anlaşma və qarşılıqlı etimadın olmaması, eləcə də münaqişədə sosial maneələrin aradan qaldırılmaması səbəbindən bu təşəbbüslər uğur qazana bilməmişdi.

 

İqtisadi layihələr əməkdaşlığı gücləndirmək və iki xalq arasında “uyğunsuzluq” stereotiplərini qırmaq üçün müvəqqəti və dəstəkləyici tədbirlər kimi istifadə edilə bilər. Lakin münaqişənin səmərəli həlli üçün iqtisadi layihələrlə yanaşı daha əhatəli fəaliyyətlər keçirilməlidir. Bu cür fəaliyyətlərə hər iki cəmiyyətdə münaqişə tarixinin müzakirəsi, ictimaiyyətlər arasında etimadın yenidən qurulması üçün xalqlar arasında ardıcıl dialoq və bunun kimi tədbirlər daxildir. Münaqişənin uzunmüddətli həlli beynəlxalq ictimaiyyətin dəstəyi və vasitəçiliyi ilə yanaşı, hər iki dövlət tərəfindən siyasi iradə və səmimi səylər tələb edir. Bu baxımdan, insanlar arasında ünsiyyət və əməkdaşlıq üçün ümumi platformaların yaradılması da daxil olmaqla, daha geniş anlaşma çərçivəsində aparılan tədbirlər yerli cəmiyyətlərdə mövcud olan düşmən münasibətlərin transformasiyası prosesinə töhfə verə bilər.

Müəllif
Nəzrin Qədimova
Nəzrin Qədimova
Müstəqil tədqiqatçıdır. Kadir Has Universitetində beynəlxalq münasibətlər üzrə fəlsəfə doktoru (PhD) dərəcəsini alıb. Tədqiqat maraqları milliyyətçilik nəzəriyyəsi, Cənubi Qafqazda milli kimliklər və yaddaş siyasəti mövzularını əhatə edir.

Paylaş