Bloq | Söyüdlü kəndində narazılıq doğuran “qızıl sianidləşdirilməsi” nədir?

Bu yazının məqsədi son günlərdə Gədəbəyin Söyüdlü kəndində baş vermiş hadisələr haqqında məlumatlılığı artırmaq, sianidləşdirilmə prosesinin dünya miqyasında vəziyyətini analiz etmək, həmçinin ölkəmizdə yaranmış və yaranma potensialı yüksək olan problemlərə müxtəlif həll yolları təklif etməkdir. 

 

Söyüdlü hadisələri

 

Gədəbəyin Söyüdlü kəndində sianid gölünün dolması və ikinci gölün yaradılması xəbərləri yayılandan sonra kənd əhalisi narazılıqlarını bildirmək üçün aksiya keçirdi. Onların narahatlıqlarının səbəbi sianidin həm öz sağlamlıqlarına, həm torpaq sahələrinə, həm də mal-qaraya ziyanlı olması idi. 

 

Hakimiyyət rəsmiləri və Azərbaycan Beynəlxalq Mədən Şirkətinin rəsmiləri isə sianidin zərərsiz olduğunu deyir. İddianın doğruluğunu analiz etməzdən öncə sianidin nə olduğuna aydınlıq gətirək. 

 

Sianid nədir? 

 

Sianid karbon və azotdan ibarət kimyəvi qrupdur (–C≡N). Bədənə sürətlə təsir edən və oksigendən istifadə etmə qabiliyyətinə mane olan sianid potensial ölümcül kimyəvi maddə hesab olunur.[1]

 

Sianidin ən böyük istifadəçilərinə isə kimya, elektroötürmə, mədənçilik və polad sahələri daxildir.

 

Sianid gölü nədir və Gədəbəydə necə yaranıb?

 

2009-cu ildə Gədəbəydə “Azerbaijan Interneyşnl Mayninq Kompani Limited” şirkətinin yeni zavodu inşa edilmişdir. Bu müəssisədə filizin tərkibindən 85 faiz qızıl almaq mümkündür.[2]

 

Qızılın filizdən ayrılması isə sianidləşdirmə prosesi, yəni qızılın sianidlə yuyulması prosesi vasitəsilə həyata keçirilir. Müəssisənin fəaliyyəti nəticəsində həmin prosesdən qalan tullantıların oraya axıdılması üçün anbar tikilmişdir.[3]

 

Bununla da, sianid gölünü mədən şirkətinin süni şəkildə yaradılmış tullantıxanası adlandırmaq olar.

 

Sianidləşdirmə prosesi canlılara və ətraf mühitə necə təsir edir? 

 

Sianidin toksikliyi və ətraf mühitə ziyanı elm dünyasına çoxdan məlum olsa da, xüsusən dağ-mədən və kimya sənayesində hələ də aktiv şəkildə istifadə olunur.

 

Aşağı dərəcəli filizlərin yığılıb yuyulması yolu ilə qızılın sianidləşdirilməsi yüksək konsentrasiyada potensial zəhərli natrium sianid (NaCN), sərbəst sianid və metal-sianid kompleksləri olan milyonlarla litr qələvi suyun dövriyyəsini tələb edir. Yaranmış gölməçələrdə bəzən yüksək konsentrasiyalı NaCN müşahidə olunur. 

 

Tərkibində sianid olan bütün su hövzələri düzgün idarə edilmədikdə vəhşi təbiət, xüsusilə də, köçəri su quşları və yarasalar üçün təhlükəlidir. Sianid məhlullarının təsadüfən çaylara və dərələrə tökülməsi balıqların və digər su biotalarının kütləvi şəkildə məhvinə səbəb olur. Şirin su balıqları isə sınaqdan keçirilmiş su orqanizmləri arasında sianidə qarşı ən həssas qrup hesab olunur. [4]

 

Həmçinin, sianidin şirin su ilə qarışmasından sonra insanlar həmin suya toxunmaq və onu içməklə sianidə məruz qala bilərlər. Suyla qarışan sianid duzları həm də hidrogen sianidin – HCN yaranmasına səbəb ola bilər ki, bu qazın davamlı olaraq inhalyasiyası sağlamlıq üçün təhlükəlidir. 

 

Torpaqdakı bəzi sianid birləşmələri də hidrogen sianidi əmələ gətirə və buxarlana bilər. Bir çox sianid birləşmələri isə torpaqdakı mikroorqanizmlər tərəfindən digər kimyəvi formalara çevrilir. Yüksək konsentrasiyalarda sianid torpaq mikroorqanizmləri üçün zəhərli olur.[5]

 

Torpaq mikroorqanizmləri itirdikdə isə öz münbitliyini və qida maddələrini də itirəcək və beləliklə, parçalanma baş verməyəcək. Məhz bu səbəbdən, torpaq münbitləşmir və əkinçilik üçün yararsız vəziyyətə gəlir. 

 

Bəs qızılın sianidləşdirilməsinə alternativlər nələrdir?

 

Qeyd edildiyi kimi, qızılı çıxarmaq üçün aşağı dərəcəli filizləri sianidlə yuyurlar. 

 

Sianidin əvəzedicilərinin işlənib hazırlanmasında əsas məsələ qızılın çıxarılması üçün seçilmiş xüsusi metallurgiya proseslərinin filizin xüsusiyyətlərinə uyğunluğunun təmin edilməsidir. 

 

Sianidə alternativ olaraq aşağıdakı maddələrdən istifadə oluna bilər. Oksidləşdirici xlorid, sulfid və ammonyakla yuyulma prosesləri əsas metal sulfid konsentratlarından əlavə məhsul kimi qızılın çıxarılması üçün daha çox tətbiq edilir.[6]

 

Həmçinin tiosulfatla yuyulma da adi sianidləşmə prosesiylə müqayisədə bir sıra üstünlüklərə malikdir.[7]

 

Onu da vurğulamaq lazımdır ki, bu proseslərdə istifadə olunan bəzi kimyəvi maddələr sağlamlıq, təhlükəsizlik və ətraf mühitlə bağlı problemlər yaradır. Ona görə də proses dizaynı zamanı tullantıların düzgün atılması və davamlı inkişaf məsələli ciddi şəkildə nəzərə alınmalıdır.[8]

 

Məsələnin həll yolu nədir?

 

Söyüdlü kəndində yerləşən tullantı anbarı hazırda maksimum istifadə limitinə çatmağa çox az qalıb. Yeni anbarın indiyə qədər hazır olmalı olduğuna baxmayaraq, hələ də, gələcək tikintisiylə bağlı dəqiq məlumat yoxdur. Bu o deməkdir ki, müəssisənin istismar olunduğu hər saat ətraf mühit və insan sağlamlığı üçün təhlükə mənbəyidir. Mövcud vəziyyətdə edilməli olan isə yeni anbarın standartlara uyğun şəkildə inşa olunmasına qədər zavodun fəaliyyətinin dayandırılmasıdır. 

 

İstinadlar

 

[1] Centers for Disease Control and Prevention – “Cyanide: Exposure, Decontamination, Treatment”

[2], [3] Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi saytı – “İlham Əliyev Gədəbəydə “Azerbaijan International Mining Company Limited” şirkətinin yeni zavodunun açılışında iştirak etmişdir”

[4] Ronald Eisler, Stanley N Wiemeyer (2004). Cyanide hazards to plants and animals from gold mining and related water issues

[5] Agency for Toxic Substances and Disease Registry – Cyanide

[6] M.G Aylmore (2016). Alternative Lixiviants to Cyanide for Leaching Gold Ores

[7] M.G Aylmore, D.M Muir (2001). Thiosulfate leaching of gold—A review

[8] M.G Aylmore (2016). Alternative Lixiviants to Cyanide for Leaching Gold Ores

 

 

Müəllif
Röya Mehdiyeva
Röya Mehdiyeva
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya Mühəndisliyi ixtisasını bitirmişdir. Yaradıcı ideyaları ortaya qoymağı sevdiyi üçün hazırda kontent marketer, kontent menecer kimi fəaliyyət göstərir. Əsas fəaliyyət istiqamətləri sosial problemləri işıqlandırmaq, kimyafobiya ilə mübarizə aparmaq və dayanıqlı kimya sahəsində araşdırmalar aparmaqdır.

Paylaş