Bloq | Azərbaycanda məcburi köçkün qadınlara qarşı birbaşa diskriminasiya

Azərbaycanda Dağlıq Qarabağ münaqişəsinin nəticəsi olaraq 30 ilə yaxın müddətdir ki, 1 milyona yaxın şəxs məcburi köçkündür. 1 milyon məcburi köçkün əhalinin 52 faizini qadınlar təşkil edir. Azərbaycanda məcburi köçkünlər münaqişə nəticəsində əlverişsiz vəziyyətə düşdüklərinə görə dövlət tərəfindən bir sıra imtiyazlarla təmin olunublar. Dövri olaraq bu imtiyazların məzmunu dəyişib. Bu yazıda bugün də qüvvədə olan Nazirlər Kabinetinin 24 yanvar 2017-ci ildə qəbul edilmiş qərarındakı (“Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında) imtiyazların məcburi köçkün qadınlara münasibətdə birbaşa diskriminasiyaya yol verdiyi müzakirə olunacaq.

 

Belə ki, Azərbaycan Qadınlara qarşı Ayrıseçkiliyin Bütün Formalarının Ləğv Edilməsi Haqqında Konvensiyanı (CEDAW) 10 iyul 1995-ci ildə, Avropa İnsan Hüquqları Konvensiyasını isə 2001-ci ildə ratifikasiya edib və bu sənədlərlə müvafiq öhdəliklər götürüb. Həmin beynəlxalq və regional sənədlərin ikisi də tərəfdaş dövlətlər üçün ayrı-seçkiliyi qadağan edir. Xüsusilə, CEDAW konvensiyasına əsasən iştirakçı dövlətlər qadınlara qarşı istənilən növ ayrı-seçkiliyi aradan qaldırmağı təmin etdiklərini bəyan edirlər. Eyni zamanda ratifikasiya edilən beynəlxalq sənədlərə əsasən, daxili qanunvericilik və həyata keçirilən dövlət siyasətləri də bu sənədlərə uyğunlaşmanı nəzərdə tutur. Bu sənədlərdən əlavə daxili qanunvericilikdə də ayrı-seçkiliyin aradan qaldırılması və qadağan olması ilə bağlı müddəalar mövcuddur.

 

Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinə əsasən “dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir”. Vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin əvvəlki hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Gender bərabərliyin təminatları haqqında qanunda isə cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının qadağan olunması qeyd olunub.

 

Nazirlər Kabinetinin yuxarıda qeyd olunan qərarına gəldikdə isə, bu qərara əsasən məcburi köçkün statusu olan şəxslərə aylıq müavinət formasında imtiyaz nəzərdə tutulur və bu müavinətin verilmə qaydaları, eyni zamanda kimlərə şamil olunduğu göstərilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən bu müavinət məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınlara aid edilmir. Yəni, məcburi köçkün statusu olsa da, məcburi köçkün statusu olmayan şəxslə evləndikdə, hətta sonradan boşanma baş versə də, qadınlar bu imtiyazdan məhrum edilirlər.

 

Lakin məcburi köçkün statusu olan kişilərə münasibətdə belə bir məhdudiyyət yoxdur. Məcburi köçkün statusu olan kişi məcburi köçkün olmayan qadınla evlənsə də, bu imtiyazdan istifadə etməyə davam edir. 

 

Qadınlara qarşı açıq diskriminasiya olan bu müddəanın hansı əsaslarla yarandığı və tətbiq edildiyi isə məlum deyil. Ehtimal edilən, Azərbaycanda ailə başçısının kişi sayılması faktoru isə qanunvericilikdə öz əksini tapmadığı üçün əsas kimi göstərilməsi tamamilə mədəni faktorlardan və genderə həssas siyasətin mövcud olmamasından xəbər verir. Məcburi köçkün statusu olan qadınlar məhz bu müddəaya görə gender əsaslı ayrı-seçkiliyə məruz qalır və bu halın mövcudluğu qayıdış prosesindəki tətbiq oluna biləcək imtiyazlardan da qadınların məhrum olunması riskini yaradır.

 

Həmin riski də nəzərə alaraq, məcburi köçkün qadınların imtiyazlardan kənarda qalmasına diqqət çəkmək zərurəti yaranıb. Eyni zamanda, siyasəti formalaşdıranların tərəfdaş olduğumuz beynəlxalq konvensiyalarla və daxili qanunvericiliklə ziddiyyət təşkil edən müddəaları hansı əsaslarla nəzərə alınmamasını açıqlamasına və qayıdış prosesində məcburi köçkün qadın icmasının bu tip ayrı-seçkiliyə məruz qalmamaları üçün təminatlar verməsinə çağırışların olması olduqca vacibdir. 

 

Müəllif
Nərgiz Muxtarova
Nərgiz Muxtarova
Nərgiz Muxtarova Bakı Dövlət Universitetində politologiya üzrə bakalavr, Macarıstanda yerləşən Mərkəzi Avropa universitetində isə insan hüquqları üzrə magistr təhsili alıb. Hal-hazırda qadın hüquqları, femisid mövzularında tədqiqatlar aparır.

Paylaş