Bloq | Azərbaycanda son 10 ildə ali təhsil və ixtisas seçimi trendləri

Azərbaycanda universitetlərin hazırladığı kadrların əmək bazarının tələblərinə uyğun olmaması məsələsi tez-tez gündəmə gəlir. Hökümət rəsmiləri də, tez-tez universitetlərin kadr hazırlığının əmək bazarının tələblərinə cavab verməsi ilə bağlı problemlərin olduğunu təsdiqləyir. Bəs Azərbaycanda universitetlərdə ixtisas seçimləri son illərdə necə dəyişib? Ali təhsil alan tələbələr arasında son dövrlər hansı trendlər müşahidə edilir? Yazıda məhz bu suallara cavab axtarılacaq.

 

İlk növbədə onu qeyd etmək lazımdır ki, Azərbaycanda ali təhsilli insanların sayı bir o qədər də çox deyil. 2022-ci əvvəlinə olan rəsmi rəqəmlərə görə, ölkədə 15 yaşdan yuxarı əhalinin hər 1000 nəfərindən cəmi 140 nəfər ali təhsillidir. 10 il öncə bu göstərici 125 nəfərə bərabər idi. Yəni, son 10 ildə 15 yaşdan yuxarı əhali arasında ali təhsillilərin sayı 12% artıb. 

 

Cədvəl 1: Azərbaycanda əhalinin təhsil səviyyəsi 1979-2022-ci illərdə 

İllər Ali Orta  ixtisas Tam orta Ümumi orta
1979 10,0% 12,5% 42,6% 34,9%
1989 12,0% 16,4% 49,8% 21,9%
1999 11,2% 13,3% 59,5% 16,0%
2009 12,7% 8,8% 64,7% 13,8%
2019 13,5% 8,7% 64,7% 13,1%
2020 13,8% 8,7% 64,5% 12,9%
2021 14,1% 8,7% 64,4% 12,8%
2022 14,4% 8,8% 64,2% 12,6%

Mənbə: Dövlət Statistika Komitəsi

 

Ali təhsillilərlə yanaşı, hazırda ali təhsil müəssisələrində təhsil alanların sayına görə də, Azərbaycan nəinki inkişaf etmiş ölkələrdən, MDB ölkələrindən də geri qalır. Rəsmi rəqəmlərə görə, Azərbaycan MDB ölkələri arasında əhalinin hər 10 min nəfərinə düşən tələbə sayına görə sonuncudur.

 

Cədvəl 2: MDB-yә üzv olan ölkәlәr üzrә ali tәhsil müәssisәlәrindә tәhsil alan tәlәbәlәrin sayı (әhalinin hәr 10000 nәfәrinә)

Ölkələr Hər 10 min nəfərə düşən tələbə sayı
Qırğızıstan 355
Qazaxıstan 303
Rusiya 278
Belarus 276
Ermənistan 265
Ukrayna 254
Tacikistan 244
Özbəkistan 229
Moldova 229
Azərbaycan 211

Mənbə: Dövlət Statistika Komitəsi

 

Ölkədə ali təhsilli şəxslər isə iqtisadi fəal əhalinin cəmi 16.6% təşkil edir.

 

2022-ci əvvəlinə olan göstəriciyə görə, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 300 min nəfərə bərabərdir. Ölkədə ali təhsilli şəxslər isə iqtisadi fəal əhalinin cəmi 16.6% təşkil edir. Ali təhsil göstəriciləri bağlı fərqlər cinslər üzrə də müşahidə edilir. Əgər iqtisadi fəal qadınların cəmi 14%-i ali təhsillidirsə, kişilər üçün bu göstərici 19%-ə bərabərdir. 

 

Qeyd edildiyi kimi, son illər Azərbaycanda tələbələrin sayında artım müşahidə edilir. Əgər 2011-2012-ci təhsil ilində Azərbaycanda bakalavr təhsili alan 143 min tələbə var idisə, sonuncu dərs ilində bu rəqəm 212 min nəfərə yüksəlib. Yəni, 70 min nəfərə yaxın və ya 48% artıb. Artıma əsas səbəb qəbul yerlərinin sayının artırılması ilə bağlıdır. Çünki, son 10 ildə Azərbaycanda bir il ərzində tələbə adını qazananların sayı da 32 min nəfərdən 46 min nəfərə yüksəlib – yəni, 44% artıb. Rəsmi rəqəmlərdən həm də aydın olur ki, tələbə sayının artmasında dövlət ali təhsil müəssisələri daha çox oynayıb. Çünki, 10 il öncə ölkədəki bakalavr tələbələrin 86.3 faizi dövlət, 13.7 faizi isə qeyri-dövlət ali təhsil müəssisələrində təhsil almaqda idi. Hazırda dövlət ali təhsil müəssisələrinin payı 88.6 faizə yüksəlib. Yəni, 2.3 faiz bəndi artıb. Qeyri-dövlət təhsil müəssisələrinin toplam tələbə sayındakı payı isə 11.4 faizə enib.

 

Həmin müddət ərzində dövlət ali təhsil müəssisələri ilə bağlı diqqət çəkən daha bir trend təqaüd alan tələbələrin sayındakı artımla bağlıdır. Belə ki, 10 il öncə Azərbaycanda dövlət ali təhsil müəssisələrində təhsil alan tələbələrin 40%-i təqaüd əldə edirdi. Hazırda bu göstərici 50.5 faizə yüksəlib. Yəni, 10 faiz bəndindən çox artıb. Ancaq, hələ də, dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alanların sayı daha çoxdur. Belə ki, son təhsil ilində dövlət ali təhsil müəssisələrində təhsil alanların 53.5 faizi ödənişli əsaslarla, 46.5 faizi isə pulsuz təhsil alıb. Dövlət ali təhsil müəssisələrində pulsuz təhsil alanların xüsusi çəkəsi 10 il öncə 55.8%-ə bərabər idi.

 

Hazırda ölkə universitetlərində ali təhsil alan qadınların 37%-i sadəcə təhsil ixtisas qruplarında təhsil almaqdadır.

 

Tələbələrin sayının artması ilə yanaşı, ixtisas qrupları arasında da, fərqli trendlər müşahidə olunur. Doğrudur, 10 il öncə olduğu kimi, indi də, Azərbaycanda tələbələr ən çox təhsil ixtisas qruplarında təhsil almaqdadır. Hazırda Azərbaycanda ali təhsil alan hər dörd tələbədən biri təhsil ixtisasları ilə bağlı qruplarda oxuyur. Lakin, rəsmi rəqəmlərdən aydın olur ki, 10 il öncə ilə müqayisədə təhsil ixtisası qruplarında təhsil alanların payı 4 faiz azalıb. Eyni zamanda, son 10 ildə tələbə sayında ən az artım təhsil ixtisas qruplarında qeydə alınıb. Onu da qeyd edək ki, təhsil ixtisasları Azərbaycanda qadın tələbələrin təhsil aldığı əsas təhsil qrupudur. Hazırda ölkə universitetlərində ali təhsil alan qadınların 37%-i sadəcə təhsil ixtisas qruplarında təhsil almaqdadır. Maraqlıdır ki, 10 il əvvəl bu göstərici 31%-ə bərabər idi. Yəni, son 10 ildə təhsil ixtisasları üzrə təhsil alanların sayındakı artım digər ixtisaslara nəzərən daha az olsa da, qadın abituriyentlərin təhsil ixtisaslarına marağı daha da artıb.

 

Cədvəl 3: Son 10 ildə Azərbaycanda bakalavr pilləsinə daxil olan tələbələrin ixtisas qrupları üzrə bölgüsü

Ixtisaslar qrupları 2011/2012 Faizlə 2021/2022 Faizlə Artım
Təhsil ixtisasları qrupu          8.712    28%      10.985  24% 26%
Humanitar və sosial ixtisaslar qrupu          3.426    11%       6.480  14% 89%
Mədəniyyət və incəsənət ixtisasları qrupu             963    3%       1.645    4% 71%
İqtisadiyyat və idarəetmə ixtisasları qrupu          6.409    21%        8.367   18% 31%
Təbiət ixtisasları qrupu          1.542    5%        2.232    5% 45%
Texniki və texnoloji ixtisaslar qrupu          7.277    23%        9.747    21%  34%
Kənd təsərrüfatı ixtisasları qrupu             352    1%        1.438     3% 309%
Səhiyyə, rifah və xidmət ixtisasları qrupu          2.531    8%        5.092    11% 101%
Bakalavriata – cəmi, nəfər        31.212   100%        45.986  100%  47%

Mənbə: Dövlət Statistika Komitəsi

 

Cədvəl 3-dən göründüyü kimi, son 10 ildə təhsil (4%), iqtisadiyyat və idarəetmə (3%), texniki və texnoloji (2%) ixtisas qruplarında oxuyan tələbələrin toplam tələbələr arasında payı azalıb. Humanitar və sosial (3%), kənd təsərrüfatı (2%) və səhiyyə (3%), ixtisaslarında təhsil alanların toplamda payı isə artıb. Mədəniyyət və incəsənət və təbiət ixtisaslarında təhsil alanların payı isə, demək olar ki, dəyişməz qalıb. 

 

Son 10 ildə say olaraq tələbələrin ən çox artdığı ixtisas qrupu isə kənd təsərrüfatı ixtisaslarıdır. Bu dövr ərzində həmin ixtisas üzrə təhsil alan tələbələrin sayı üç dəfədən çox artıb. Səhiyyə, rifah və xidmət ixtisaslarında oxuyanların sayındakı artım isə iki dəfəyə bərabərdir. Humanitar və sosial elmlər (89%), mədəniyyət və incəsənət (74%) və təbiət ixtisasları (45%) üzrə təhsil alan tələbələrin də sayında nəzərərçarpacaq artım var. Təhsil (26%), iqtisadiyyat və idarəetmə (31%), eləcə də, texniki və texnoloji (34%) ixtisas qruplarında təhsil alan tələbələrin sayı isə, digərlərinə nəzərən daha az artıb.

 

Maraqlıdır ki, son 10 ildə Azərbaycanda universitetlərdə təhsil alan tələbələrin sayının 50 faizə yaxın artmasına baxmayaraq, həmin müddətdə universitetlərin professor-müəllim heyətinin sayı çox cüzi artıb.

 

Maraqlıdır ki, son 10 ildə Azərbaycanda universitetlərdə təhsil alan tələbələrin sayının 50 faizə yaxın artmasına baxmayaraq, həmin müddətdə universitetlərin professor-müəllim heyətinin sayı çox cüzi artıb. Əgər 10 il öncə Azərbaycan universitetlərində professor-müəllim heyətinin sayı 14 min 650 nəfərə bərabər idisə, hazırda bu rəqəm  14 min 939 nəfərə bərabər olub. Yəni, 10 ildə artım cəmi 289 nəfərdir. Son 10 ildə Azərbaycan universitetlərində professor-müəllim heyətinin sayı cəmi 2%-ə yaxın artıb. Onu da qeyd edək ki, son üç ildə ölkədə universitetlərdə professor-müəllim heyətinin sayı ardıcıl azalmaqdadır. Bu baxımdan, aydın olur ki, son 10 ildə ölkədə hər müəllimə düşən tələbə sayında ciddi artım qeydə alınıb və universitetlərin saat hesabı müəllim tələbi artıb. 

Müəllif
Fərid Mehralızadə
Fərid Mehralızadə
Agora - Analitik Kollektivin həmtəsisçisidir. Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə üzrə bakalavr, İstanbul Universitetində isə İqtisadi Siyasət üzrə magistr təhsili alıb. İqtisadi siyasət mexanizmləri, dayanıqlı inkişaf, sosial siyasət, regional və gəlir bərabərsizliyi onun əsas araşdırma istiqamətləridir.

Paylaş