Azərbaycanda apatiya: gənclərin siyasətə münasibətləri ilə bağlı yeni göstəricilər

Apatiya – ətrafa qarşı laqeydlik və duyğusuzluq vəziyyətidir. Siyasi elm müstəvisində isə bu, siyasi proseslərə, xüsusilə də seçkilərdə iştirakçılığa marağın olmaması kimi tərif olunur. Fərdi səviyyədə siyasi apatiyanın yaranmasında gücsüzlük və yadlaşdırılma hisləri, digərlərinə qarşı etimadsızlıq, əvvəlki təcrübələrdən narazılıq, sosial və gender normaları, eləcə də ailədə və təhsildə ötürülən etinasızlıq mühüm rol oynaya bilər. Kontekstual səbəblər fərqli olsa da, siyasi iştirakçılıq göstəriciləri global səviyyədə aşağı düşməkdədir və bu, bütün dünyada demokratik institutların işləkliyinə mənfi təsir göstərir. Demokratik dövlətlərdə vətəndaş iştirakçılığının azalması son illərdə çoxsaylı təhlillərə mövzu olsa da, digər ölkələrdə siyasətə marağın stabil olaraq az qalmasının sosial, emosional, iqtisadi və ideoloji səbəbləri barədə az bilik mövcuddur.

 

İndiyə qədərki elmi araşdırmalar Azərbaycanda siyasi apatiyanın olduqca güclü olduğuna işarə edir. Sovet kolonializminin burada cəmiyyəti apolitikləşdirməsi fonunda, bu tendensiyanın müstəqillikdən sonrakı nəsillərdə də davam etməsi maraq doğurur. Müstəqilliyin ilk dövrlərindəki siyasi-iqtisadi təlatümlər və müharibə səbəbindən, siyasi dəyişikliyin stabillik ilə daim ziddiyətdə olduğu hekayəsi ortaya çıxdı, istismar olunmağa başladı və bununla da cəmiyyətin apatiyasını möhkəmlətmək mümkün oldu. Məsələn, hətta siyasi gündəmin daha zəngin olduğu olduğu dövrlərdə, 1997-ci ildə keçirilmiş Dünya Dəyərlər Sorğusunda azərbaycanlıların 56 faizi siyasətlə maraqlanmadıqlarını qeyd etmişdi. Cəmiyyətdə apatiyanın davamlılığını isə müəlliflər əsasən üç səbəblə izah edirlər.

 

Birinci və ən məşhur izah siyasi təsisatlara inam(sızlıq) ilə bağlıdır. Azərbaycanda prezidentə ictimai etimad bütün dövrlər ərzində yüksək olsa da və bu post problemlərin həlli və stabilliklə asossasiya olunsa da, iştirakçılığın mühüm olduğu qurumlara, – siyasi partiyalara, parlamentə, yerli idarəçiliyə, eləcə də mediaya və məhkəmələrə, – inam çox aşağıdır. Həmçinin, Sovet dövründə olduğu kimi, elitaya çıxış imkanları siyasət vasitəsilə deyil, qohumluq və loyallıq əlaqələri vasitəsilə qurulur ki, bu da qan qohumluğu olmayan insanların inam əsasında və müəyyən amal uğrunda birgə faəliyyətini önəmsizləşdirir.

 

Digər izah siyasi və “ideoloji müzakirə mühitinin strukturu” ilə əlaqəlidir. Yəni, həm hakim, həm də müxalifət siyasi partiyaları bir-birini əks edən dominant millətçi yanaşmaları ilə alternativ mövzularda debat məkanını qapadıb və bu, xüsusilə də gənclərin yeni ideoloji cərəyanlar ilə siyasətə qoşulmasını çətinləşdirib. Əsas siyasi qüvvələr Qarabağın işğalı yarası ilə bağlı yaranmış kollektiv kimliyi öz siyasi legitimlikləri üçün istifadə edib. Əvəzində onlar ölkənin gələcəyi ilə bağlı cəmiyyəti narahat edən mövzularda ideoloji platforma qurmayıblar. Əsas ictimai və siyasi təşkilatlar ideyalar yox, fərdlər ətrafında formalaşıb və onlar demoktatik idarəçiliyi öz nümunələrində təşviq etməyiblər.

 

Sonuncu və ən vacib izah hegemonik idarəçiliklə bağlıdır ki, apatiyanın səbəbi fərdi səviyyədə faəllığın mümkün sərt nəticələri ilə bağlı qorxular və rəqabətsizlik şəraitidir. Burada həmçinin “güc və bilik iyerarxiyası” təsəvvürləri rol oynayır və siyasətin sadəcə elita işi olduğu qənaətini yaradır. Əlavə olaraq, təhsil sisteminin tənqidi düşüncə bacarıqlarını ötürə bilməməsi, vətəndaşlıq məsuliyyətlərini tədris etməməsi də səbəblər sırasında qeyd oluna bilər.

 

Hazırki gənc nəslin siyasətə münasibəti: yeni sorğu datası bununla bağlı nə deyir?

 

Almaniyanın Fridrix Ebert Fondu üç Cənubi Qafqaz ölkəsində 14-29 yaşlı gənclər arasında keçirilmiş kəmiyyət əsaslı sorğuların nəticələrini dərc edib. Burada gənc nəsilin sosial-iqtisadi durumu, ali təhsilə, siyasətə və demokratiyaya münasibətləri, dəyərləri və inancları öyrənilib. Azərbaycanda 2022-ci ilin iyun-iyul aylarında, reprezentativ seçmə üsulu əsasında ölkə üzrə aparılmış sorğuda 1605 gənc iştirak edib. Sorğunun tapıntıları ölkədə mövcud apatiyanın xarakteristikası ilə bağlı mülahizələr yürütməyə imkan verir.

 

Siyasətə maraq, iştirak və məlumatlılıq

 

Cədvəl: “Siyasətlə nə qədər maraqlanırsınız?” sualına respondentlərin cavabları:

 

 

Cədvəldə göründüyü kimi, gənclərin 43 faizi siyasətlə heç maraqlanmadıqlarını bildiriblər. Çox maraqananlar isə 5 faizdir. 14-17 yaşlılar siyasətə daha az, 25-19 yaşlılar isə daha çox maraq göstərirlər. Gender rolları ilə bağlı təsəvvürləri əksinə olaraq, siyasətlə maraqlanan qadınlarla (40%) kişilərin (52%) faiz nisbətindəki fərq böyük deyil.

 

Həmçinin, nəticlərə əsasən, gənclərin 68 faizi öz üzərinə siyasi funksiya götürmək istəmir və 18 faiz isə özünü buna hazır hiss edir. Maraqlıdır ki, respondentlər arasında evli olanlar siyasətlə məşğul olmağa daha az maraq göstərirlər, onların 76 faizi siyasi funksiya götürməyə hazır olmadığını qeyd edib.

 

Sosial-siyasi fəaliyyətin müxtəlif formalarında iştirak səviyyəsi bir-birinə yaxın və aşağıdır. Məsələn, siyasi özünü-ifadə üçün nisbətdə daha açıq məkan olan sosial-şəbəkələrdə son 6 ayda siyasi iştirakla bağlı suala repondentlərin böyük əksəriyyəti, 71 faizi, mənfi cavab veriblər. Cəmi 6 faiz sosial şəbəkələrdə hər hansı formada siyasi iştirakçılıqla məşğul olub.

 

Siyasətə maraq və bunda iştiraka meyllilik ilə siyasi mövzularda məlumatlılıq arasında müəyyən əlaqə var. Sorğuda gənclərin 35 faizi nadir hallarda, 7 faizi ayda azı bir dəfə, 20 faizi həftədə azı bir dəfə, cəmi 5 faizi gündə azı bir dəfə siyasi hadisələr haqqında informasiya ilə tanış olub. 32 faiz isə cavab verə bilməyib.

 

Demokratiyaya münasibət və siyasi institutlara inam

 

Demokratiya – Azərbaycanın Konstitusiyasında təsbit olunmuş idarəçilik forması olsa da, sorğu nəticələri göstərir ki, gənc əhali arasında buna dəstək ilə bağlı narahatedici tendensiya mövcuddur. “Demokratiyanın Azərbaycan üçün ən yaxşı idarəetmə sistemi olduğu haqda nə düşünürsünüz?” sualına cavab olaraq, respondentlərin 28 faizi bunun əleyhinə olduqlarını qeyd ediblər. Gənclərin yarıdan biraz çoxu demokratiyanı dəstəkləyir.

 

 

Demokratiyaya müxtəlif sosial qrupların dəstək səviyyəsi fərqlənir. Məsələn, maraqlıdır ki, regionlara nisbətdə, Bakıda demokratiyaya mənfi münasibət daha böyükdür Cədvəldən göründüyü kimi, etnik qrupların və işsizlərin demokratiyaya münasibəti daha müsbətdir.

 

Öncəki elmi tədqiqatlar göstərir ki, Azərbaycanda demokratiyaya dəstək siyasi və iqtisadi faktorlara uyğun olaraq sürətlə dəyişkəndir. Məsələn, 2010 və 2016-cı illər arasında əhalinin demokratiyaya dəstəyində kəskin azalma qeydə alınıb ki, alimlər bunun həmin dövrdə artan siyasi təqiblər və iqtisadi tənəzzül ilə bağlı ola biləcəyini qeyd edirlər. Demokratiyaya dəstəyin zəif olması, həm mövcud idarəetmədən məmnunsuzluqla, həm də demokratiya əleyhinə təbliğatla bağlı ola bilər.

 

 

Cədvəlin göstərdiyi kimi, demokratiyanın önəmli sütunlarından olan məhkəməyə, mediaya, vətəndaş cəmiyyətinə və partiya sisteminə gənclərin inamları stabil olaraq zəifdir. Birbaşa siyasi aktorlara münasibətdə daha bir önəmli göstərici demoktatik dəyərlərlə ziddiyyət təşkil edir. Sorğuda iştirak edənlərin 93 faizi prezidentə etimad göstərsə də, siyasi partiyalara inam cəmi 26 faizdir. Prezidentin də partiya sədri olduğunu nəzərə alanda bu nəticə onu iddia etməyə əsas verir ki, ölkə başçısı siyasətüstü aktor hesab edilir. Bu fenomen isə demokratik dövlət-cəmiyyət münasibərlərinə xas deyil.

 

İdeologiyalar və dəyərlər

 

İdeologiyalar fərdi dəyərlərin formalaşması və bunun siyasi vizyona çevrilməsi üçün vacib başlanğıc nöqtəsidir. Bu baxımdan ideologiyalar həm də siyasi sosiallaşdırma funksiyası daşıyır. İdeoloji əsaslarla prinsiplərin müəyyən edilməsi gənclər üçün özünü müəyyən sosial-siyasi qrupa aid etməyi asanlaşdıra və iştirakı genişləndirə bilər. Bu səbəbdən də siyasi qruplar, – partiyalar və hərəkatlar, – müəyyən bir ideoloji platforma və ya tələblər əsasında yaranırlar. Lakin sorğu nəticələrinə görə, Azərbaycanda ideoloji fərqindəlik, regionun digər ölkələrində olduğu kimi, olduqca zəifdir.

 

Gənclərin 32 faizi öz ideoloji yanaşmaları ilə bağlı fikir bildirməyə çətinlik çəkiblər, 24 faiz isə özünü mərkəzdə görür. Respondetlərin 32 faizi sağa, 12 faizi sola meyilli olduqlarını qeyd ediblər. Lakin, sorğu nəticələri həm də onu göstərir ki, gənclər “səyiyyənin pulsuz olması” və “işəgötürənlərin əməkhaqqını sərbəst təyin etməsi” kimi fikirlərin hansı dəyərlər ilə səsləşdiyini ayırd etməkdə çətinlik çəkiblər.

 

O deməkdir ki, hökümətin iqtisadiyyat, rifah, təhsil, ətraf mühit və digər sahələrdəki siyasətləri ilə bağlı dəyərlərə əsaslanan müzakirə mühiti zaifdir. Bu baxımdan, öncəki tədqiqatların da qeyd etdiyi kimi, ideoloji yanaşmaların formalaşmaması da yayğın olan apatiyanın səbəblərindən hesab oluna bilər.

 

Yekun

 

Sonda iki məsələni qeyd etmək önəmlidir. İlk olaraq, Azərbaycanda keçirilən sorğuların nəticələrinə müəyyən qədər şübhə ilə yanaşmağa əsaslar var. Burada məlumatsızlıq və özünüsenzura güclü olduğu üçün, çox hallarda sorğu çərçivəsində müxtəlif suallara cavablar bir-birinə ziddiyət təşkil edir. Buna baxmayaraq, reprezentativ metodlar əsasında keçirilən peşəkar sorğular cəmiyyətdəki yanaşmalar və dinamikalar haqqında vacib məlumatlar verir. Digər tərəfdən, bu məqalə sadəcə toplanmış sorğu məlumatlarının deskriptiv təqdimatını verib. Əhəmiyyətli nəticələrə gəlmək üçün, bu dataların kəmiyyət metodları əsasında geniş elmi tədqiqatlarına ehtiyac var. Xüsusilə də, iqtisadi vəziyyət, təhsil səviyyəsi və siyasətə maraq, eləcə də xarici faktorlar, məsələn, Qərb institutlarına inam və ölkədə demokratik idarəçiliyə dəstək arasında səbəb-nəticə əlaqələrini müəyyənləşdirmək olar.

Müəllif
Nəcmin Kamilsoy
Nəcmin Kamilsoy
Agora - Analitik Kollektivin həmtəsisçisidir. O, vətəndaş cəmiyyəti sahəsində tədqiqatçı və konsultant kimi fəaliyyət göstərir. Hazırda Çarlz Universitetinin doktorantıdır. Daha öncə həmin universitetdə İctimai və Sosial Siyasət üzrə magistr təhsili alıb. O, təşkilati davranış, inkişafa yardım və siyasi sistemlər mövzularına fokuslanır.

Paylaş