Analiz | Azərbaycanın əmək bazarında əlilliyi olan şəxslər üçün bərabər imkanların təmin edilməsi

2023-cü ilin əvvəlinə olan göstəriciyə görə, Azərbaycanda əlilliyi olan şəxslərin sayı 559 min nəfərdən çoxdur. Yəni, əlilliyi olan şəxslər ölkə əhalisinin təxminən beş faizini təşkil edir. Azərbaycanda əlilliyi olan şəxslər sosial qrup olaraq əhalinin əhəmiyyətli hissəsini təşkil etsə də, onların qarşılaşdıqları problemlər də çoxsaylıdır. Bunlar arasında ən çox vurğulananlardan biri isə əlilliyi olan şəxslərin məşğulluq problemidir.

 

Azərbaycanda əlilliyi olan insanların böyük bir hissəsinin işsiz olmasının səbəbləri onların iş üçün qoyulan tələblərə cavab verməməsi və iş yerlərində əlilliyi olan işçilər üçün lazımi şəraitin olmamasıdır. Nəticə olaraq, əlilliyi olan şəxslər digər həssas qruplara nisbətən daha çox yoxsulluq riski ilə üzləşirlər və yaşamaq üçün dövlətin ödədiyi müxtəlif sosial müavinətlərdən asılı qalırlar.  Bu mövzuda keçirdiyimiz sorğunun nəticələri göstərir ki, əlilliyi olan şəxslər ictimai yerlərdə müyəssərliyin olmaması, işəgötürənlərin tələblərini ödəyə bilməmələri və ümumilikdə iş görə biləcəklərinə inanmadıqları üçün iş tapmaqda çətinlik çəkirlər. Azərbaycan hökuməti ən çox tələb olunan iş bacarıqları üzrə inklüziv təlim və bacarıqların artırılması proqramlarını inkişaf etdirməklə və əlilliyi olan şəxslərin bu kurslara cəlb olunmasını hədəfləməklə, habelə, inklüziv məşğulluq haqqında mövcud qanunvericiliyi təkmilləşdirməklə həm əlilliyi olan şəxslərin iş bazarına daxil olmasını təmin edə, həm də sosial ödənişlər üçün ayırılan büdcəyə qənaət edə bilər.

 

Sorğu

 

Bu siyasət icmalı Azərbaycanda əlilliyi olan insanların gəlir və xərclərinin nə qədər olması ilə bağlı 2023-cü ilin yanvar ayında keçirdiyim sorğu əsasında hazırlanıb. Onlayn sorğuda müxtəlif növ və dərəcədə əlilliyi olan yüz nəfər iştirak edib. Onlardan 56 nəfəri 1-ci qrup, 21 nəfəri 2-ci qrup və 20 nəfəri 3-cü qrup əlilliyi olanlar idilər. Sorğu ilə bağlı məlumat sosial şəbəkələrdə, xüsusilə də, əlilliyi olan şəxslərin üzv olduğu qruplarda (məsələn, “Əngəlsiz Həyat Üçün”: 13 min üzv) paylaşılıb. Həmçinin, daha çox əlilliyi olan şəxsə çatması üçün sorğu barədə sosial şəbəkələrdə ödənişli reklamlar yerləşdirilib.

 

Sorğuda iştirak edən 100 nəfərin 55-i qadın, 45-i isə kişidir. Onların orta yaşı 33,2-dir. Sorğunun reprezentativ əsaslarla keçirilməsi mümkün olmasa da, nəticələr əlilliyi olan şəxslərin vəziyyətinə işıq salmaq üçün əhəmiyyət kəsb edir. İştirak edənlərin əksəriyyəti orta məktəbi bitirdiklərini bildirsələr də (67 faizi orta məktəbi bitirib), yalnız 20 faizi bakalavr dərəcəsində təhsil alıb. Bütün respondentlərin 80 faizi heç yerdə işləmirdi və bütün işləməyən respondentlərin 80 faizi sorğu dövründə iş axtarışında idi. Sorğunun nəticələrinə əsasən, əlilliyi olan hər on insandan yalnız birii heç vaxt işə müraciət etməyə cəhd etməmişdi.

 

Topladığım cavablar da əlilliyi olan şəxslərin sosial-iqtisadi vəziyyəti ilə bağlı ciddi çağırışların olduğunu təsdiqləyir. Sorğunun əsas suallarından ikisi “Əlilliyi olan şəxslərin günlük ehtiyaclarını qarşılamaq üçün nə qədər gəlirləri olmalıdır?” və “Mövcud gəlirləri nə qədərdir?” idi.

 

Sorğuda iştirak edən respondentlərin 90%-i dövlət büdcəsindən sosial ödənişlər aldığını bildirib. Onlar, orta hesabla, 298 AZN təqaüd, pensiya və ya müavinət alırlar. İşləyən bütün respondentlər üçün orta hesabla qazanılan əmək haqqı ortalama 467 AZN-dir (bu məbləğə hər hansı sosial ödənişlər daxil deyil, yalnız müqavilə əsasında xidmət göstərmək qarşılığında əldə edilən gəlirlər aiddir). Digər gəlir mənbələri arasında ailə üzvlərinin verdiyi xırda maddi yardımlar və yad adamların ianələri (nəzirlər) qeydə alınıb.

 

Respondentlərin ümumi gəlirləri orta hesabla 415 AZN civarında olsa da, onların ümumi aylıq xərcləri 463 AZN təşkil edir. Yəni, soğrunun nəticələrindən məlum olur ki, əlilliyi olan şəxslərin orta aylıq aylıq xərcləri onların orta aylıq gəlirlərini üstələyir. Əlilliyi olan qadın və kişilərin az-çox eyni pul qazanmasına baxmayaraq, kişilər qadın həmyaşıdlarından ayda 200 AZN çox pul xərcləyirlər. Bunun səbəbinin Azərbaycan kimi patriarxal cəmiyyətlərdə əlilliyi olan kişilərin iqtisadi aktivliyinin, o cümlədən xərclərinin qadınlarıkindən daha yüksək olması ilə bağlı olduğunu ehtimal etmək olar.

 

Müzakirə və Tövsiyələr

 

Mövcud qanunvericiliyə görə, Azərbaycanda fəaliyyət göstərən şirkətlər üçün əlilliyi olan işçilərin işə götürülməsini öhdəliyə çevirən mövcud kvota sistemi mövcuddur və bu çox mütərəqqi siyasət hesab edilə bilər. Lakin, mövcud tələblərlə bağlı icra və nəzarət mexanizmlərinin olmamasısı bu mexanizmin effektivliyini aşağı salır.

 

Həmin tələblərə görə, şirkətlərin işə götürməli olduqları işçilərin sayı şirkətin ölçüsündən asılıdır, lakin 25-dən çox işçisi olan hər hansı bir təşkilatda ən azı 1 əlilliyi olan işçi olmalıdır.  Bununla belə, neçə şirkətin bu qaydalara əməl etdiyi, əlilliyi olan şəxslərin işə götürülməsi ilə bağlı qanuni tələblərə əməl olunmadığı aşkar edilərsə, onlardan hər hansı birinin cərimə olunub-olunmaması barədə məlumat yoxdur. Bu baxımdan, əlilliyi olan şəxslərin məşğulluq probleminin aradan qaldırılması üçün Azərbaycan hökuməti şirkətlərin əlilliyi olan şəxslərin məşğulluğu ilə bağlı xüsusi tələblərə əməl etməsinə nəzarət mexanizmi yaratmalı və bu mexanizmin işləkliyini təmin etməlidir.

 

Qeyd edək ki, artıq Nazirlər Kabinetinin infrastrukturun müyəssərliyi ilə bağlı oxşar qərarı var. Yerli idarəetmə orqanları şirkətlərin bu tələblərə cavab verib-vermədiyini yoxlamaq üçün monitorinqlər apara bilər. Bu monitorinq nəticəsində tələblərə əməl etməyən şirkətlər qanunda nəzərdə tutulmuş qaydada işə götürdükləri əlilliyi olan şəxslərin sayı barədə hesabat verməyə borcludurlar və əgər əməl etmirlərsə, buna görə məsuliyyət daşımalıdırlar. Əgər əlilliyi olan işçi qüvvəsi iş tələblərini yerinə yetirə bilmirsə, bu şirkətlər Azərbaycanda ortalama əlilliyi olan şəxsin edə biləcəyi iş yerləri yaratmağa məcbur edilməlidir. Məsələn, onlar yerli fast-food restoranında təhlükəsizlik kameralarına nəzarət edə və ya müştərilərin sifarişlərini kassaya vura bilər. Əmək haqqı aldığı müddətdə isə, bu yeni işçilər iş yerlərinə daha yaxşı töhfə verə bilmələri üçün daha yüksək ixtisaslı vəzifələr üçün öyrədilməlidirlər.

 

Peşə təhsili və inklüziv təhsilə cavabdeh olan dövlət orqanları iş bazarında mövcud tələbatı ödəmək üçün əlilliyi olan şəxslərin bacarıqlarını artırmaq məqsədi daşıyan genişmiqyaslı təlim və yenidən hazırlıq proqramları yaratmalıdırlar. Bu proqramların 4 illik akademik proqramlar olmasına ehtiyac yoxdur, əksinə, əlilliyi olan insanlara işə qəbul olunma şanslarını artırmaq üçün tələb olunan bacarıqlar qazandıran 6-9 aylıq intensiv kurslar formatında həyata keçirilməlidir.  Əlilliyi olan şəxslərin işə götürülməsi üçün real bacarıqlarının olması kifayətdir: onlar video montajı, proqramlaşdırmanı və ya rəqəmsal dizaynı tez zamanda öyrənə bilər və dünyanın hər yerindən rahat sifarişlər alaraq özlərinə iş qura bilərlər.

 

Təbii ki, bu proqramların icrası kifayət qədər xərc tələb edir. Əlilliyi olan şəxslərin məşğulluq probleminin aradan qaldırılması baxımından hökumətin bu tip layihələri maliyyələşdirmək üçün daha çox vəsait ayırmasını şərtləndirir. Sırf məşğulluqla bağlı proqramların maliyyələşməsi ilə yanaşı, hökumət qurumları ictimai nəqliyyat və ümumilikdə bütün məkanlarda əlilliyi olan şəxslər üçün uyğun infrastrukturun yaradılmasına nail olmalıdır. Bu tip infrastrukturun mövcud olmaması peşə vərdişlərini təkmilləşdirən əlilliyi olan şəxslərin də fəaliyyət imkanlarını aşağı salır.

Müəllif
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv müxtəlif sahələrdə fəaliyyət göstərən tədqiqatçılar və ekspertlər tərəfindən 2022-ci ildə qurulmuş müstəqil beyin mərkəzidir.

Paylaş