Xülasə | Türkiyədə seçkilər ətrafındakı siyasi proseslər

20 may 2023-cü il tarixində Agora Analitik Kollektiv və Siyasi Bilik Mərkəzinin təşkilatçılığı ilə “Seçki sistemləri və prosesləri: Türkiyə nümunəsi” başlıqlı ictimai müzakirə keçirilib. “Agora söhbətləri” çərçivəsində keçirilən sayca yeddinci müzakirədə siyasət elmləri və Türkiyə üzrə ixtisaslaşan mütəxəssislər iştirak edib. Müzakirə zamanı aşağıdakı suallara cavablar axtarılıb:

 

  Son illərdə Türkiyədə avtoritar meyillərin artmasına baxmayaraq seçkiyə inam hələ də qalır. 14 mayda keçirilən prezident və parlament seçkilərində vətəndaşların 88 faizdən çoxu iştirak etdi. Demokratik idarəetmə ilə bağlı problemlərin artmasına baxmayaraq, Türkiyədəki seçki institutu necə hələ də ayaqda qalır?

  Türkiyə müxalifətinin əsas hissəsi bu seçkiyə vahid namizədlə qatıldı. “Millət” ittifaqı fərqli ideoloji yanaşmaları olan İyi və Deva kimi siyasi partiyaları birləşdirir. Bu şəraitdə müxalifərin seçki kampaniyasında hansı tezislər ön plana çıxdı? Müxalifətin strategiyası və yanaşmaları nə qədər uğurlu idi?

  Türkiyə müxalifətinin seçim boyunca performansını necə dəyərləndirmək olar? Xüsusilə seçki günü kommunakasiya və seçkilərə müdaxilə iddiaları ilə bağlı müxalifətin addımları yetərli idimi?

  İqtidar partiyasının dindar mühafizəkar siyasəti seçicilərə necə təsir edir? Hakim AKP-nin seçim seçki kampaniyasında hansı hansı narrativlər ön plana çıxırdı?

  Türkiyədə potensial hakimiyyət dəyişikliyi və ya mövcud iqtidarın qələbəsi Türkiyə-Azərbaycan münasibətlərinə necə təsir göstərə bilər?

 

Seçki institutu

 

Siyasi Təhsil Mərkəzinin təsisçisi Pünhani Əsgərli bildirdi ki, Türkiyədə seçkiyə etimadın qalmasının əsas səbəblərindən biri siyasi ənənənin mövcud olmasıdır. Uzun illər ölkədə rəqabətli şəraitdə seçkilərin keçirilməsi əhalinin seçki institutuna həssas yanaşmasına yol açır. Digər tərəfdən, ölkədə müxalifət partiyalarının mövcudluğunu qoruması, seçkiləri boykot ənənəsinin olmaması kimi amillər də əhalinin seçkiyə marağını yüksək saxlamağa kömək edir. Digər bir məsələ mövcud iqtidar partiyasının da böyük seçici kütləsinə malik olmasıdır. İqtidar partiyası indiyədək qatıldığı seçkilərin çoxunda qalib gəlməyi bacarıb. Öz seçici kütləsinin olması seçki institutunu iqtidara böyük təhdid olaraq göstərmir.

 

Ancaq Əsgərli onu da qeyd etdi ki, Türkiyədəki seçki mühitini heç də ideal saymaq olmaz. Çünki, səsvermə sadəcə seçki günündən və səslərin sayılmasından ibarət deyil, daha geniş prosesdir. Seçkidən öncə Türkiyənin bir çox aparıcı media kanallarında müxalifət əleyhinə kampaniyaların aparılması, manipulyativ çıxışların edilməsi halları var idi. Televiziyalarda müxalifətı məhdud yer verilirdi. İqtidarın inzibati resurslardan istifadə etməsi hallarına rast gəlinirdi. Əsgərli hesab edir ki, Türkiyə müxalifətinin seçki saxtakarlığı iddiaları ilə bağlı ictimaiyyəti çox xəbərdar etməməsinin əsas səbəbi ölkədəki demokratik təsisatlar adına sadəcə seçki institutunun qalmasıdır. Çünki müxalifət hesab edir ki, əgər vətəndaşların seçkiyə inamı sarsılsa növbəti dövrdə onlar seçki proseslərində iştirak etməyə bilər. Bu hal isə Türkiyədə seçki vasitəsi ilə dəyişiklik ehtimalını aradan qaldırar.

 

Müxalifətin seçki strategiyası

 

Siyasi elm tədrisçisi Nuran Məmmədliyə görə, Türkiyə müxalifətinin seçki dövründə müxalif və narazı elektroratı mobilizasiya etməklə bağlı fəaliyyəti uğurlu hesab edilə bilər. Müxalifət ittifaqında müxtəlif ideologiyalı partiyaların olmasına baxmayaraq narazı vətəndaşları birləşdirmək mümkün oldu. Prezident seçkisinin ilk turunda çoxluq hakim koalisiyanın opponentlərinə səs verdi. Lakin, müxalifətin əsas zəifliyi ənənəvi AKP seçicisi olan vətəndaşları cəlb edə bilməməsi idi. Artıq iqtidar partiyasına səs vermək istəməyən seçicilərin səsləri iqtidara yaxın digər mühafizəkar partiyalara yönəldi. Bu baxımdan, Məmmədli hesab edir ki, müxalifət əsasən dindar və millətçi mühafizəkarlığın güclü olduğu “İç Anadolu” bölgəsində daha aktiv fəaliyyət göstərməli, qapı-qapı gəzərək insanları inandırmağa çalışmalı idi. Müxalifətin gözləniləndən az səs yığmasının əsas səbəbi məhz ənənəvi AKP seçicisi ilə zəif təmaslarla bağlıdır.

 

Böyük şəhərlərin seçkiyə təsiri

 

Türkiyə üzrə regionşunaslıq təhsili alan ictimai fəal Rüstəm İsmayılbəyli bildirir ki, mühafizəkar Türkiyə seçicilərinin mühafizəkar partiyalara səs verməsi artıq ənənə halını alıb və onların rəyini dəyişmək çox çətindir. İsmayılbəyli hesab edir ki, müxalifət öz resurslarını Anadolu bölgəsinə deyil, İstanbul və Ankara kimi böyük şəhərlərə daha çox yönəltməklə uğur qazana bilər. Bəzi böyük şəhərlərdə müxalifətin populyarlığına baxmayaraq iqtidar partiyası 40 faizdən çox səs toplayıb. Yəni, iqtidar partiyasının qalibiyyətinə nisbətən kiçik şəhərlərində qazandıqları böyük səs faizləri deyil, məhz böyük şəhərlərdə də kifayət qədər yüksək səs almaları səbəb oldu.

 

Müxalifətin vahid namizəd seçimi məsələsinə toxunan İsmayılbəyli qeyd etdi ki, hazırkı situasiyada namizəd olacaq şəxs daha çox keçid dövrünü idarə etməklə məsuliyyətli olacaq. Növbəti mərhələdə həmin şəxsin siyasi olaraq önplanda olması gözlənilən deyil. Bu səbəndən hələ daha gənc olan və qarşıda siyasi hədəflərini gerçəkləşdirmək üçün kifayət qədər şansı olacaq Ekrem İmamoğlunun öz gələcək siyasi karyerasını riskə atmasını gözləmək olmaz. Bu səbəbdən, hazırki situasiyada Kemal Kılıçdaroğlunun namizədliyi daha ağlabatan idi.

 

İqtidarın mühafizəkar siyasətinin cəmiyyətə təsiri

 

Agora Analitik Kollektivin üzvü, AKP dövründəki Türkiyə üzrə araşdırmalar edən Namiq Kərimov bildirdi ki, Türkiyənin özünəməxsus cəhətlərindən biri ölkədə dördüncü hakimiyyət rolunu camaatların (dini icmalar) oynamasıdır. İqtidar partiyasının seçki uğurunun əsas səbəblərindən biri də məhz budur. Həmin dini icmaların rəhbərləri ilə uzlaşma nəticəsində iqtidar partiyası rahatlıqla çox sayda seçiciləri öz dəstəyində saxlaya bilir. Kərimov ona da diqqət çəkdi ki, Ədalət və İnkişaf Partiyasının (AKP) siyasi xəttində iqtidarda olduğu müddət ərzində bir neçə dəfə dəyişiklikər müşahidə olunub. Məsələn, 2010-cu ilədək partiya daha çox “ılımlı islamçı” xəttinə yaxın idi. 2010-ci ildən etibarən kürd probleminin həlli ilə bağlı kürdlərlə yaxınlaşma nəticəsində Türkiyədə millətçilər və AKP arasında məsafə yaranmağa başladı. Nəhayət, 15 iyul 2015-ci il hadisələrindən sonrakı dövrdə iqtidar partiyası yenidən dindar millətçi xəttə yaxınlaşdı və Milliyətçi Hərəhat Partiyası (MHP) ilə ittifaq qurdu. Bu baxımdan, artıq AKP-nin ideoloji böhran yaşaması müşahidə edilir. Əsas müxalifət partiyası CHP də ənənvi ideoloji xəttindən uzaqlaşıb. Bu partiya bir vaxtlar ənənəvi sol partiya idisə, daha sonra sosial demokrat xəttə yaxınlaşdı. Kərimova görə, hazırda CHP tipik sağ partiyaya çevrilib.

 

Seçkinin Azərbaycanla münasibətlərə təsiri

 

Siyasi Təhsil Mərkəzinin təmsilçisi Aytac Hüseynli qeyd etdi ki, seçkinin nəticəsinin necə olmasından asılı olmayaraq, Türkiyə-Azərbaycan münasibətlərində kəskin dəyişikliklərin baş verməsi gözlənilən deyil. Bu iki ölkənin bu qədər yaxınlaşması həm də strateji hədəf və ortaq maraqlarla bağlıdır. Ola bilər ki, Azərbaycanın hazırki iqtidarı Türkiyənin hazırki müxalifəti iqtidara gələcəyi təqdirdə onlarla Erdoğan kimi şəxsi münasibətlər yarada bilməsin. Lakin, dövlətlərin bir-birinə siyasi dəstəyi davam edəcək. Eyni zamanda, müxalifət koalisiyası “Altılı masa”-da təmsil olunan bəzi siyasi qüvvələr üçün Azərbaycan məsələsi daha prioritetdir və bu, münasibətlərin yüksək səviyyədə qalmasına kömək edə bilər. Hüseynli əlavə etdi ki, Türkiyə Azərbaycan üçün Avropaya iqtisadi çıxış qapısı olduğu kimi, Azərbaycan da Türkiyə üçün Mərkəzi Asiyaya açılan yoldur. Eyni zamanda, iqtidarda kimlərin olmasından asılı olmayaraq, iki ölkənin xalqları arasında həmrəylik mövcuddur ki, bu da siyasətçilərin yaxınlaşmasını şərtləndirir. Lakin, Azərbaycan tərəfindən Türkiyədəki seçki prosesinə müdaxilə təcrübəsi bu dinamikanı poza bilər. 

 

 

Müəllif
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv müxtəlif sahələrdə fəaliyyət göstərən tədqiqatçılar və ekspertlər tərəfindən 2022-ci ildə qurulmuş müstəqil beyin mərkəzidir.

Paylaş